MÜDRİK İNSAN, GÖRKƏMLİ ALİM VƏ PEDAQOQ = = = = Professor Şamil Səmədzadə - 80

MÜDRİK İNSAN, GÖRKƏMLİ ALİM VƏ PEDAQOQ = = = = Professor Şamil Səmədzadə - 80 Ümumilli liderimiz Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək demişdi:
“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.

Müəllim adının müqəddəsliyini qoruyub saxlaya bilən, şərəfini həmişə uca tutan, xalq qarşısında öz borcunu ləyaqətlə yerinə yetirən şəxsiyyətlərdən biri də Azərbaycan Texniki Universitetinin
“Sənaye iqtisadiyyatı və menecment” kafedrasının sabiq müdiri,
Azərbaycan Dövlət mükafatı laureatı, iqtisad elmləri doktoru,
professor Şamil Əliabbas oğlu Səmədzadə
idi.

Sözün həqiqi mənasında dahi bir şəxsiyyət kimi formalaşmış
və özünü təsdiq etmiş Şamil müəllim öz xeyirxahlığı,
müdrikliyi, kamilliyi, səmimiliyi, təmənnasızlığı və uzaqgörənliyi ilə
əvəzsiz bir insan idi. Ş.Ə.Səmədzadəni tanıyanlar,
məhz bu keyfiyyətlərinə görə onu özlərinin doğmalarından
fərqləndirmirlər.
İxtisası üzrə mükəmməl biliklərə yiyələnmiş Şamil müəllim müxtəlif kollektivlərdə çalışarkən məqsədyönlü və səmərəli fəaliyyət göstərmiş, işgüzar və mənəvi keyfiyyətləri ilə hamının hörmət və etimadını qazanmışdır. Bu illər ərzində onun yetişdirdiyi minlərlə mütəxəssis respublikanın müxtəlif sahələrində uğurla çalışmaqdadır. Onun yetirmələrinin xoş sədası dünyanın müxtəlif ölkələrindən gəlir.
Mən həyatımda bir çox insanlara borcluyam və onların hər birinin qarşısında böyük ehtiramla baş əyərək bildirirəm ki, mənə müəllimlik peşəsini sevdirən, onu müqəddəsləşdirən və həyatımın mənasına çevirən məhz Şamil müəllim olmuşdur.
Onun mənə dərs dediyi vaxtdan 50 il ötür. O, bizə “Elektron hesablama maşınları” fənnini öyrətməklə yanaşı kimliyimizin bilmədiyimiz, mahiyyətinə varmadığımız sirlərini də bizə aşılayırdı. Şamil müəllim bizə dərs deməklə yanaşı ürəyimizdə gələcəyimizin xoşbəxtlik qığılcımlarını da alovlandırırdı. O, bizə həyatın çətinliklərinə necə sinə gərməyi, mübariz və cəsur olmağı, Vətəni sevməyi, haqsızlığa qarşı barışmaz olmağı, istedada və zəhmətə əsaslanaraq yaşamağı tövsiyə edirdi.

MÜDRİK İNSAN, GÖRKƏMLİ ALİM VƏ PEDAQOQ = = = = Professor Şamil Səmədzadə - 80 Ş.Ə.Səmədzadə 27 yanvar 1936-cı ildə Bakı şəhərinin Buzovna qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. Buzovnanın 206 və 125 saylı məktəblərində oxumuş, 1954-cü ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) maşınqayırma fakültəsinin avtomatika, telemexanika və elektron ölçü cihazları və qurğuları ixtisasına daxil olmuş və 1959-cu ildə institutu mühəndis-elektrik diplomu ilə bitirmiş, Azərbaycan SSR Elmlər Akademiyasının Energetika İnstitutunda mühəndis və kiçik elmi işçi vəzifələrində çalışmışdır.

1960-1963-cü illərdə Şamil Səmədzadə Moskvada SSRİ Elmlər Akademiyasının Avtomatika və Telemexanika İnstitutunun aspiranturasında təhsil almışdır. 1964-cü ildə texnika elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya işini müdafiə etdikdən sonra, Azərbaycan SSR Elmlər Akademiyasının Energetika İnstitutunda kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1965-ci ildə Azərbaycan Dövlət Plan Komitəsinin (DPK) Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu (ETİİ) təşkil edildikdə Şamil Səmədzadə respublikada ilk dəfə yaradılmış iqtisadi-riyazi metodlar və elektron hesablama maşınlarının (EHM) planlaşdırmada tətbiqi şöbəsinə rəhbərlik etmək üçün dəvət almış və 1980-ci ilə qədər burada şöbə müdiri, baş mühəndis və direktor müavini vəızifələrində çalışmışdır. 1980-ci ildə isə planlaşdırma praktikasında iqtisadi-riyazi metodların və elektron hesablama maşınlarının tətbiqi əsasında respublikanın xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi və Azərbaycan SSR Dövlət Plan Komitəsində avtomatlaşdırılmış plan hesablamaları sisteminin yaradılması üzrə baş təşkilat olan Respublika DPK-nın İnformasiya hesablama mərkəzinin (İHM) direktoru vəzifəsinə təyin olunmuşdu. Azərbaycan DPK ETİİ-də və İHM-də işlədiyi müddətdə Ş.Səmədzadənin elmi fəaliyyətinin əsas istiqaməti xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsi problemlərinin iqtisadi-riyazi metodlar və EHM-in tətbiqi əsasında kompleks tədqiqi və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması olmuşdur. Onun rəhbərlik etdiyi elmi kollektiv uzun illər bu sahədə ciddi tədqiqatlar aparmış, sanballı nəticələr əldə etmişdir.
Ş.Səmədzadə 1973-cü ildə “Azərbaycan SSR xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1978-ci ildə isə professor elmi adını almışdır.

1965-1980-ci illərdə Ş.Səmədzadənin elmi fəaliyyəti Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu ilə bağlı olmuş və bu institutun xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsinin avtomatlaşdırılması sahəsində aparıcı elmi mərkəzə çevrilməsində mühüm rol oynamışdır. Professor Ş.Səmədzadə sənaye tətbiqli avtomatlaşdırılmış planlaşdırma və idarəetmə sistemlərinin yaradılmasında hesablama və rabitə texnikasından geniş istifadə edilməsi ideyasının pionerlərindəndir. Bu sahədə onun elmi rəhbərliyi ilə xalq təsərrüfatı sahələrinin və regionların optimal planlaşdırılması və onların praktiki tətbiqi respublikaya böyük səmərə vermişdir. Professor Ş.Səmədzadənin elmi fəaliyyətində iqtisadiyyatda idarəetmə və informasiya texnologiyalarının nəzəri və tətbiqi problemləri də mühüm yer tuturdu.
Professor Ş.Səmədzadə 1965-ci ildən 1980-cı ilə qədər özünün əsas işi ilə yanaşı ali məktəblərdə “İqtisadi kibernetika”, “İqtisadi-riyazi modellər və metodlar”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri” və başqa fənləri tədris etmişdir.
İqtisadi-riyazi modellər və hesablama texnikası vasitələrinin yaradılması və onların xalq təsərrüfatında planlaşdırma və idarəetmə məsələlərinin həllində geniş tətbiqi üzrə işlərinə görə alim 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

1980-cı ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) “Sənaye iqtisadiyyatı və menecment” kafedrasına müdir seçilmiş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Ş.Səmədzadə yüzlərlə yüksək ixtisaslı mühəndisin, iqtisadçının və menecerin yetişməsində iştirak etmiş, ali iqtisadi təhsilin inkişafına öz töhfələrini vermişdir. O, Təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür.
Ş.Səmədzadə Azərbaycan Texniki Universitetində(AzTU) “Mühəndis biznesi və menecment” fakültəsinin əsas yaradıcısı və onun ilk dekanı olmuşdur.
Bu gün həmin fakültə müstəqillik əldə etmiş və bazar iqtisadiyyatına keçmiş ölkəmiz üçün hər il mühəndis biznesinin və menecmentin əsaslarına və metodlarına dərindən yiyələnmiş 200 nəfərə qədər yüksək səviyyəli bakalavr və magistr hazırlayır.

İqtisadiyyatın idarə edilməsi və onun avtomatlaşdırılması sahəsindəki elmi tədqiqatların nəticələri alimin “Azərbaycan SSR xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinin metodoloği və metodiki məsələləri” (Bakı, 1972), “Avtomatlaşdırılmış idarəetmə sistemləri” (Bakı, 1977), “Sahələrarası komplekslərin idarə edilməsi” (Bakı, 1986), “Cəmiyyət və kompüterləşdirmə” (Bakı, 1992) və s. monoqrafiyalarında ümumiləşdirilmişdir.

O, “Planlaşdırmanın riyazi üsulları və modelləri” (Maarif, 1973), “İqtisadi-riyazi metodlar və avtomatlaşdırılmış idarəetmə sistemləri” (Maarif, 1981), “İstehsalın təşkili və idarə edilməsi” (AzTU, 2003), “İnvestisiya layihələndirilməsi” (Təhsil, 2003), “İstehsal menecmenti” (Təhsil, 2006), “İqtisadi subyektlərin iqtisadi təhlükəsizliyi” (Təhsil,2009) kimi dərsliklərin və dərs vəsaitlərinin, 100-dən çox elmi məqalənin müəllifidir.
Onun rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi bir çox dərslik və dərs vəsaitindən tələbələr geniş istifadə edirlər.

O, ölkəmizdə və xarici ölkələrdə keçirilən ən yüksək səviyyəli elmi məclislərdə məruzələrlə çıxış etmişdir.
Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 30 nəfərdən çox elmlər namizədi və 10-a yaxın elmlər doktoru hazırlanmışdır.
Şamil müəllimin zəngin şəxsi kitabxanası var idi və mütaliəni çox sevirdi.
Kitablardan oxuduğu müdrik kəlamları dərs vaxtı böyük həvəslə tələbələrə çatdırır və onlarda bədii ədəbiyyata böyük həvəs yaradırdı.

Ş.Ə.Səmədzadə uzun illər ixtisaslaşdırılmış Elmi Şuraların, eləcə də Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert şurasının üzvü olmuşdur.
Görkəmli alim və pedaqoq Ş.Səmədzadənin qayğıkeşliyi və xeyirxahlığı ilə yanaşı tələbkarlığı da diqqəti cəlb edirdi. Bu keyfiyyətlər onun rəhbərlik etdiyi kafedra kollektivinin formalaşmasında, kadrların seçilməsində və onlardan istifadə edilməsində özünü büruzə verirdi. Şamil müəllimdə uzaqgörənliyi, çox uzaq perspektivi duyması bir Allah vergisi idi. Kimliyindən asılı olmayaraq hamıya təmənnasız xeyirxahlıq və yaxşılıq edən, insanları sevən Şamil Səmədzadə kimi şəxsiyyətdən Allah da heç nəyi əsirgəməmişdi. Allahın professor Ş.Səmədzadəyə verdiyi bütün istedad və bacarığını o, sanki insanlara qaytarmaq əzmi ilə bütün ömrü boyu əməli fəaliyyət göstərmiş, müdriklik səlahiyyəti daşıyan insanlardan olmuşdur. Dərin biliyə, yüksək erudisiyaya və zəngin iş təcrübəsinə malik olan Ş.Səmədzadə həmişə həm institutu yenicə bitirmiş gənc müəllimlərə arxa durur, onlara kömək edir, həm də əvvəlki illərin məzunları ilə səmimi görüşür, onların problem və qayğıları ilə maraqlanır, öz dəyərli məsləhətlərini verirdi.

Ş.Səmədzadə müəllimlik və vətəndaşlıq borcunu həyatı boyu şərəflə yerinə yetirmiş, peşənin adını ləyaqətlə daşımış, öz ixtisası sahəsində ölkəmizin inkişafı və tərəqqisi naminə əlindən gələni əsirgəməmişdir.

Şamil müəllim həyatda qarşısına çıxan bütün çətinlikləri yalnız öz biliyi və dərin məntiqi mühakiməsi hesabına aradan qaldırmışdır.

Bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə sərf etmiş, nəcib, mərd, xeyirxah və alicənab insan olan Şamil müəllim şərəfli bir ömür sürərək 25 dekabr 2010-cu ildə vəfat etmişdir.

Atalar “dünya yaxşı insanların çiynində bərqərar olmasaydı, şər qüvvələrin təsiri ilə öz məhvərindən çıxa bilərdi” deyəndə yəqin ki, məhz Şamil müəllim kimi dahi şəxsiyyətləri nəzərdə tutmuşlar.

Ş.Ə.Səmədzadə görkəmli alim və pedaqoq olmaqla yanaşı gözəl və həssas insan, yaxşı həmsöhbət və sədaqətli dost idi. O, ünsiyyətdə olduğu insanların yaddaşına əbədi həkk olunurdu. Bütün bu keyfiyyətlər onu tələbələrin, dostlarının və onu tanıyanların sevimlisinə çevirmişdi.

Ş.Ə.Səmədzadə xoşbəxt ailə başçısı, müdrik baba idi. Sevindirici haldır ki, oğlu Elçinnəvəsi Cavid hazırda onun yolunu uğurla davam etdirirlər.
Ölkəmizin işıqlı sabahlara, xoşbəxt gələcəyə doğru inamla addımladığı müasir dövrdə Şamil müəllimin vaxtıilə dərs dediyi məzunlar respublikanın sosial-iqtisadi həyatının müxtəlif sahələrində fəal və əzmlə çalışır və onun adını daha da ucaldırlar.
Əziz müəllimimiz Şamil Səmədzadə artıq bir neçə ildir ki, aramızda yoxdur, lakin onun unudulmaz xatirəsi daim qəlbimizdə yaşayır və yaşayacaqdır. Kafedranın kollektivi və onun yetirmələri hər ilin 27 yanvar tarixində - onun doğum günündə - qəbrini ziyarət edir, Şamil müəllimi xatırlayır, onunla bağlı xoş xatirələr danışır,
məzarı önünə gələrək gül-çiçək dəstələri qoyurlar.

Xalıq YAHUDOV,
AzTU-nun tədris işləri üzrə
prorektoru, dosent

"Azərbaycan müəllimi" qəzeti, 5 mart, 2016-cı il.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: