Lənkəran rayonunun ŞAĞLASER kəndi

Lənkəran rayonunun ŞAĞLASER kəndiLənkəran rayonunun ŞAĞLASER kəndi Lənkəran rayonunun ŞAĞLASER kəndi Şağlaser kəndi Lənkəran rayonunun qədim və iri yaşayış məntəqələrindən biridir. Kənd Lənkəran şəhərindən 22 km şimalda, Lənkəran-Boradigah şose yolunun üstündə yerləşir. Cənubdan Xarxatan, şimaldan Boladi, qərbdən Separadi, şərqdən isə Cil kəndləri ilə həmsərhəddir. Kəndin ərazisi 665 hektar, əhalisi 5126 nəfərdir (1 yanvar 2019). Şağlaser Lənkəran rayonunun yaşayış məntəqələri arasında əraziyə görə 16-cı, əhaliyə görə isə 7-cidir. Bakı quberniyasının Lənkəran qəzsı üzrə əhalinin 1859-1864-cü illər üzrə kameral siyahıyaalınmasına görə kənddə 27 ev olmuş və burada 180 nəfər (kişi-98, qadın-82) yaşamışdır.

Şağlaser toponiminin (toponim yunan sözü olub, “yer adı” deməkdir) izahı ilə bağlı müxtəlif mülahizələr vardır. Toponim “şah qalasının yuxarısı”, “çaqqal əzgili”, “çaqqal olan istil, nohur” mənalarında izah olunur.
Bəzi mülahizələrə görə, toponim talış dilində “şah”, “ğələ” və “sə” sözlərinin birləşməsindən yaranaraq, Azərbaycan dilinə tərcümədə “şah qalasının başı” mənasını verir.
Əslində bu elmi yox, xalq etimologiyasıdır. Çünki, talış dilində nə “şah”, nə də “ğələ” sözləri yoxdur. Talış dilində “şah” rütbəsi daha çox “podşoh” kimi işlənir. “Ğələ” bu gün talış dilində işlənsə də, əslində o türkizm olub, türk (Azərbaycan) dilində “qala” sözündən alınmadır.
Əgər Şəğləse/Şağlaser adının təqribən 400-500 il bundan əvvəl yarandığını düşünsək həmin dövrdə burada yaşayan əhalinin Azərbaycan dilini bilməsi heç də inandırıcı görsənmir. Digər tərəfdən də kənd ərazisində hansısa qalanın və şahın olması özünün elmi təsdiqini tapmamışdır.

“Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitabında Şağlaser toponimi haqqında yazılır: “Şağlasər kəndi. Lənkəran rayonu. Şəğol talış dilində “çaqqal” və ser “əzgil” bitkisinin adıdır. Kəndin düzgün adı Şağlaser olmalıdır” (Budaq Budaqov, Nadir Məmmədov. B., 2008, səh. 111-112). Müəlliflər burada toponimin adındakı birinci komponenti (şəğol-çaqqal) doğru qeyd etsələr də, ikinci komponentdə bir qədər yanlışlığa yol vermişlər. Fars dilində baş mənasını verən “ser” sözü talış dilində “əzgil” mənasında işləndiyindən müəlliflər onu “baş” yox, “əzgil” (?) mənasında izah etmişlər.

Yerli sakinlər kəndi Şəğləse adlandırır. Şağlaser Şəğləsenin Azərbaycan dilində təhrifə uğramış adıdır. Şəğləse/Şağlaser talış dilində şəffaf zootoponimdir. Toponimin ilkin variantı Şəğoləse olmuşdur. Talış dilində “şəğol”- çaqqal, -ə- birləşdirici səs, “se” – istil, nohur deməkdir. Beləliklə, Şəğləse/Şağlaser Azərbaycan dilinə tərcümədə “çaqqal olan istil” mənasını verir. Bu qəbildən olan toponimlərə misal olaraq Şağlakücə (Lənkəran), Şağlazüzə (Astara), Şağolakan (Lerik,

Lənkəran) və digərlərini göstərmək olar. Bu mülahizə “Azərbaycan toponimlərinin izahlı lüğəti” (II cild. B., 2007, səh. 206), “Talış toponimlərinin qısa izahlı lüğəti” (Musarza Mirzəyev. B., 1993, səh. 24) və “Lənkəran toponimləri” (İldırım Şükürzadə. B., 2012, səh. 41) kitablarında da öz əksini tapmışdır. Qeyd edim ki, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə kəndin adı əvvəllər səhvən Şağlasər yazılsa da sonralar Şağlaser kimi qeyd olunmnuşdur.

Kəndin iqtisadiyyatının əsasını əkinçilik və maldarlıq təşkil etmişdir. Əkinçilikdə ilk əvvəl çəltikçilik xüsusilə mühüm yer tutmuşdur. Sovet dönəmində burada əvvəl kolxoz (1930-1964), daha sonra isə sovxoz (1964-1997) fəaliyyət göstərmişdir. Şağlaser və Cil kəndlərini əhatə edən Lenin adına sovxoz tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşmışdır. Lenin adına sovxoz Lənkəran rayonunun ən iri tərəvəzçilik təsərrüfatlarından biri hesab olunurdu. 1987-ci ildə sovxozun çay üzrə illik planı 304 ton, tərəvəz üzrə isə illik planı 11.660 ton olmuşdur. Müstəqilliyimizin ilk illərində Lenin adına sovxozun adı dəyişdirilərək “Şağlaser” adlandırılmış və eyni zamanda Cil kəndi də bu təsərrüfatdan ayrılaraq “Cil” sovxozu adı altında müstəqil təsərrüfat kimi fəaliyyətə başlamışdır. Torpaq islahatına əsasən 1997-ci ildə bütün kolxoz və sovxozlar, o cümlədən “Şağlaser” sovxozu da öz fəaliyyətini dayandırmış, sovxozun mülkiyyətində olan torpaqlar payı bəlli torpaq kimi dövlət tərəfindən pulsuz olaraq kəndlilərə paylanmışdır. Hal-hazırda kənd sakinlərinin əsas məşğuliyyəti tərəvəzçilik və heyvandarlıqdır.

Şağlaser kəndində sosial obyektlərdən 2 məktəb (tam və ümumi), 2 kitabxana, mədəniyyət evi, uşaq bağçası, xəstəxana,aptek, poçt şöbəsi, ATS, məişət evi, məscid, Mərasim evi, stadion, bərbərxana, çayxanalar, mağazalar, dükanlar və digərləri fəaliyyət göstərir. Kənddə dünyəvi məktəb ilk dəfə 1928-ci ildə təşkil edilmişdir. Hal-hazırda burada biri tam və digəri ümumi olmaqla iki orta məktəb vardır. 2014-cü ildə Şağlaser kənd ümumi orta məktəb üçün müasir tələblərə cavab verən üç mərtəbəli bina inşa edilmişdir. 1964-cü ildə yaradılan poçt şöbəsi Şağlaser kəndindən başqa Cil və Xarxatan kəndlərinə də xidmət edir. Şağlaserdə hər zaman milli-mənəvi dəyərlərimizə yüksək qiymət verilmişdir. Hələ 1859-cu ilə dair siyahıyaalınmada burada məscidin olduğu qeyd olunmuşdur. 2006-cı ildə köhnə məscid sökülərək yerində kənd sakinlərinin vəsaiti hesabına 20 x 22 metr ölçüdə qoşa minarəli məscid tikilmişdir. 2014-cü ildə kəndin imkanlı-xeyriyyəçi şəxslərinin vəsaiti hesabına kənddə, məscidin həyətində Mərasim evi inşa edilmişdir. Kənddəki məscid (inv: 4829) və hamam (inv: 4830) XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür. Şağlaser həmçinin muğam sənətinə böyük dəyər verən bir

kənddir. Kənddəki el şənliklərində, toylarda muğam oxuyan müğənnilərin ən xırda səhvləri belə sakinlərin diqqətindən yayınmır.

Şağlaser kəndində icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir.1951-ci ildə Şağlaser kənd sovetliyi yaradılmışdır. 1992-ci ildən kənd sovetliyi inzibati ərazi vahidi, daha sonra isə inzibati ərazi dairəsi adlandırılmışdır. Şağlaser kənd inzibati ərazi dairəsi özündə Şağlaser, Cil və Xarxatan kəndlərini birləşdirir. 2000-ci ilin yanvar ayında Şağlaser bələdiyyəsi yaradılmışdır. Şağlaser bələdiyyəsi 2010-cu ildən etibarən Cil və Xarxatan kəndlərini də əhatə edir.

Şağlaser həmçinin özünün ziyalıları, xeyirxah və əməksevər insanları ilə də tanınır. Mirsadıq Axund (Mirsadıq Qənbər oğlu Qənbərov 1820-1933), pedaqoji elmlər doktoru, professor Ağahüseyn Həsənov, kimya elmləri doktoru, professor Güləhməd Talıbov, kənd təsərrüfatı elmləri namizədi Sultanağa Əhədov,tibb elmləri doktoru Mirbaba Hüseynzadə, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Əliyev, texnika üzrə fəlsəfə doktoru Vəli Nurullayev, general-mayor Şərif Əsədullayev, müstəqillik uğrunda mübarizəmizin ilk şəhidlərindən biri 20 Yanvar Şəhidi Asif Əsədullayev, əməkdar məşqçi, güləş üzrə beynəlxalq dərəcəli hakim Fəraqat Calalov, şairlər Vəlişah Əliyev, Rza Musayev, Xilqət, tanınmış jurnalistlər “Yaşıl çay” jurnalının redaktoru Sərraf Talıbov, APA-nın Cənub bürosunun rəhbəri, “Qızıl qələm” mükafatı laureatı Ağaddin Babayev, xeyriyyəçi-sahibkar, Rusiyanın Nijni Novqorod şəhərindəki Azərbaycan cəmiyyətinin sədri Tərlan Əliyev, Rusiyanın Volqoqrad şəhərindəki Azərbaycan diasporası sədrinin müavini Şıxsadıq Nəhmətov, Lerik rayon polis şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinin rəisi, mayor Hüseynağa Dadaşov, Lənkəran telekomunikasiya qovşağının rəisi Şahlar Əliyev, xeyriyyəçilər Hacı Əjdər İbrahimov, Hacı Rauf Sərdarov, Hacı Əfrəddin Əliyev, Hacı Zabil Hacıyev, Hacı Təbriz Dadaşov, Hacı Arif Əsədullayev, Kərbəlayı Vüsal Hacıyev, Ruhulla Ruhullayev, Məşədi Şaiq Qurbanov, Azər Qurbanov, Məhərrəm Əhədov, tanınmış pedaqoq, ictimai fəal Əşrəfi Sərxan (Sərxan Əsgərov), müğənnilər Miryəhya Hətəmov, Elvar Ağayev, Rəhim Hüseynov və digərləri ilə şağlaserlilər haqlı olaraq fəxr edirlər.

Şağlaser kəndi gündən-günə böyüyür, inkişaf edir.
Məhz bu inkişafın nəticəsi olaraq o sanki kiçik bir şəhərə bənzəyir.


İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: