İsa Həbibbəyli məktəbi

İsa Həbibbəyli məktəbi Akademikin 65 yaşını professor Qəzənfər Paşayevin məktubundan öyrənib, qutlamağı borc bildim.

Akademik İsa Həbibbəylinin Ədəbiyyat İnstitutuna rəhbər gəlişi qəfil, qəfil olduğu qədər də qanunauyğun, zərurətdən oldu. Nə zamandır başı naşı ya peşəkar, birbaşa ya dolayısı “postmodern oyunlar”a qarışan İnstitut ən nəhayət, durumun dərkinə varmalıydı, vardı da...


Diskurs necədirsə, mənzərəni də o müəyyən edir. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda həmişə Rəhbər sözü həm də rəhbər Sözdür. Tarix ötüb-keçmişdir üstündən və bu mənada Ədəbiyyyat İnstitutu həm də günün ədəbiyyatşünaslıq (Ədəbiyyat haqqında Söz) lüğətidir demək olar. İnstitutda binayi-qədimdən akademik Məmməd Arif zəmanəsinin sözü qalmada (F.Vəlixanlı, N.Araslı, S.Quliyeva...), akademik Məmməd Cəfər zamanlarının izləri görünmədə (Ş.Alışanlı, S.Osmanlı, R.Əliyev, Q.Bayramov...), müxbir üzvlər: Əziz Mirəhmədov dəst-xətti bariz (Z.Əsgərli, İ.Qəribli, A.Bayramoğlu, A.Salmanov...), Yaşar Qarayev məktəbinin tələbləri hökmfərma (T.Məmməd, C.Yusifli, B.Əhmədov, R.Ulusel, T.Əlişanoğlu...), akademik Bəkir Nəbiyev əyyamının nəfəsi hələ də duyulmada (Q.Paşayev, Nikpur Cabbarlı, E.Mehrəliyev...). Gəl ki, indi Söz – təzə, naşı, cavan, cavanlarındır. İsa Həbibbəyli meydanı qeyd-şərtsiz cavanlara verdi...

İsa Həbibbəyli özü də elmdə təzə, cavandır, – desəm, qəbahət olmaz; bugünlərdə 65 yaşının tamam olduğunu bildim, 65 yaş qocaman elm üçün nədir ki?! Daim təzəlik-tərlik, olmayan yerdən Söz ehtirası-eşqi-ovu da elə cavanlıq iksirindən doğmurmu?! İsa Həbibbəylinin səs-səda doğurmuş “Cəlil Məmmədquluzadə. Mühiti və müasirləri” monoqrafiyasının nəşrindən (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1997) nə keçibdi ki?! Filoloji elmlər doktoru, professor, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir və daha sonra həqiqi üzvü, millət vəkili, AMEA vitse-prezidenti və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru! – cəmisi həmin bu monoqrafiyanın intəhasız kölgəsinə sığmırmı?!.

Yazısından belə görünür ki: akademik özünü ədəbiyyatda Məmməd Cəfər məktəbinin yetirməsi sayır, müəlliminə hörmət dolu “Böyük ədəbiyyatşünaslıq uğrunda” məqaləsində yazır ki: “XX əsrin altmış-səksəninci illərinin ədəbiyyatşünaslıq elmi üzrə görkəmli sayıla biləcək elm xadimləri sırasında bir neçə böyük şəxsiyyəti ayrıca qeyd etmək lazımdır. Fikrimcə, ədəbiyyatşünas-şəxsiyyətlər epoxası olan bu tarixi mərhələnin elmi-nəzəri dərinlik və əhatəlilik baxımından ən uca zirvəsi Məmməd Cəfər Cəfərovdur...” (“525-ci qəzet”, 2 iyun 2014) Amma mənimcə, İsa Həbibbəyli ədəbiyyatşünaslıqda daha da çox Əziz Mirəhmədov xətti-istiqamətinin davamı kimi göründü: ədəbiyyatda fakt-faktura həqiqəti və bir də ideoloji faktor... Həm də birbaşa polemik, təzə söz kimi; monoqrafiyasında nə vaxtdan bəri mübahisəsi gedən problemi, bəs ki: Cəlil Məmmədquluzadənin doğum tarixi 1966-dır, yainki 1969? – birdəfəlik, dəlil-isbatlarla çözə bildi və Azərbaycan realizminin daha üç il cavanlaşmasına imza atdı...

Odur-budur, İsa Həbibbəylini yazdıqlarında həmişə təzəlik axtarışlarına təşnə görürük. Mən onun iri formatda 696 səhifəlik “Ədəbi-tarixi yaddaş və müasirlik” adlı məqalələr toplusuna (Bakı, “Nurlan”, 2007) dərindən baxmışam; hər səhifəsi açıq problemlərin açılmamış düyünlərinə aşina... “Kitabi-Dədəm Qorqud”un “yeni tədqiq mərhələsi”ndən “Ələsgər sorağı”na (Folklorşünaslıq), “Azərbaycandan dünyaya”: Nizami Gəncəvidən Ustad M.Şəhriyara (Klassik ədəbiyyat), “Ədəbiyyatımızda Anar zirvəsi”ndən Vaqif Yusifliyə (Çağdaş ədəbiyyat), “Ədəbiyyatın tərifi”ndən “Dialoq haqqında monoloq”acan... (Ədəbiyyat nəzəriyyəsi); “Ustad Mirzə Cəlil Məmmədquluzadə”, “Mirzə Ələkbər Sabirimiz”, “Böyük ədib və mütəfəkkir Əlibəy Hüseynzadə”, “Hüseyn Cavid və sənəti”... – hər yerdə bir vurğu və rakurs aşkar-barizdir: təzə fakt axtarıcılığı və ideoloji təzəlik!

Amma ki bir baxın, bəxtimizə düşən post-modern epoxa məhz onunla xarakterizə olunur ki: hər hansı sahədə faktik deyilməmiş nəsə qalmamış, qalmışsa da marağı-dadı-hacəti qalmamış. O sıradan ədəbi müstəvidə; çarə – min dəfə deyilmişin min birinci yozumuna sevinə bilməkdədir...

Misallar üçün heç də uzaq getməyəcəm. Ədəbiyyat İnstitutunda fəaliyyətə başlayalı, hər kəsdən hərəkət tələb edən akademikin özünün son ildə, son aylarda neçə məqaləsi dərc olunmuş...

Belə ki: “Böyük ustadım akademik Məmməd Cəfər Cəfərovun xatirəsinə” ünvanladığı “Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi, görüşləri və “nazimi-ustad” məsələsinə yenidən baxış” adlı məqaləsində (“525-ci qəzet”, 18 və 25 oktyabr 2014) İsa Həbibbəyli Mirzə Fətəlinin ədəbiyyat islahatlarından bütün bəlli nöqtələri bircə-bircə keçib, gəlib israr edir o məqamın üstündə ki, ədəbiyyat tariximizin hər əyyamı hər dəfə məhz həmin nöqtədən-başlanğıcdan təkan alır: Mirzə Fətəli Axundzadənin Məhəmməd Füzuliyə asi çıxmaqlığı məsələsi... Və: 1, 2, 3, 4 ... düz 10 arqument göstərərək, nəticəyə gəlir ki, burda heç bir “asilik” yoxdur (“asilik” – mənim ifadəmdir- T.Ə.), “obyektiv reallıq” var: “10. Nəticə: Mirzə Fətəli Axundzadənin fikrincə, Məhəmməd Füzuli klassik romantik şeirin ustadı, yeni realist ədəbiyyatın nazimidir. Bu isə təkcə səhv, yanlışlıq, realizmin müdafiə olunması, nəzirəçiliyin qarşısının alınması demək olmayıb, həm də obyektiv reallıqdır”.

Əlavə edək, həm o da “obyektiv reallıqdır” ki: post-moderndə Tarix yoxdur, yalnız bugün var; Fukuyamanın yüngül əliylə post-tarix əyyamları Tarixin şaqulunu çevirib qorizontal qoymuş, hər nöqtəsini bugünmüş kimi müasirliyə müncər etmişdir...

O cümlədən İsa Həbibbəylinin qosqocaman Mirzə Fətəlidən ədəbiyyatımızın ən cavan yetirməsi Rəşad Məcid yaradıcılığına transfer edən növbəti, “Roman” və poetikası” məqaləsi də (“Kredo” qəzeti, 6 dekabr 2014) məhz müasirliyi aktualizə etmədə. Bugünə müncər olanda “klassik romantik şeir” ənənəsi (eşq, sevgi fəlsəfəsi) necə “realist ədəbiyyat”da həzm və “nəzm” olunur... – akademik burda mahiranə ustadlıqla isbat eləyir: “Ümumiyyətlə, “Roman” liro-epik poeması insanın mənəvi bütövlüyünə inam haqqında dəyərli bir epitafiyadır. “Roman” – şeirlə yazılmış macəravari serialdır. Poema janrında yazılmış “Roman” mövzu və mahiyyət etibarilə insanın mənəvi bütövlüyünün və ucalığının romanıdır...”

Göründüyü kimi, söhbət heç də prozaik romandan yox, eyni adlı kitabdan gedirmiş, təzəlik də məhz bundadır: “Roman” – Rəşad Məcidin liro-epik şeirlərinin bütöv bir silsiləsidir. Nəhayət, “Roman” Rəşad Məcidin ədəbiyyatda, şeirdə bədii möhürüdür və özünütəsdiqidir. Ümumiyyətlə, Rəşad Məcidi “Roman”dan doğulan şair kimi də, bədii obraz kimi də təsəvvür etmək olur...” Akademikin qəti və rəhbər sözü şairin romantik-realist sırada yerini təyin edir: “Rəşad Məcidin romantik-realist üslubu da “Roman”la oturuşmuş bir sistem kimi möhkəmlənir...” Və bir növ Rəşad Məcidi ədəbiyyatımız üçün kəşf etmiş olur: “Daxili monoloqlardan yaranmış orijinal bədii əsər kimi “Roman” Rəşad Məcidi Azərbaycan ədəbi mühitinin ön mövqeyinə çıxarır. Rəşad Məcid müstəqillik dövrü Azərbaycan romantik-realist şeirinin tanınmış nümayəndəsi səviyyəsində qəbul olunur”...

Daha bir misal və daha bir addım. “Yazıçı Hüseynbala Mirələmova tənqidçi-yazıçı cəmiyyətinin münasibəti”nin “nədənsə birmənalı olmadığı”nı önə çəkərək, akademik Nizami Cəfərovun kitabına yazdığı Ön Sözdə akademik İsa Həbibbəyli məqama “de-fakto” aydınlıq gətirir: “Artıq de-fakto Hüseynbala Mirələmov adlı bir yazıçı Azərbaycan cəmiyyətinin gözü qarşısında böyük ədəbiyyata sədaqətini ifadə edən cəlbedici, oxunaqlı, düşündürücü əsərlər yazmaqda, pyesləri tamaşaya qoyulmaqda davam edir...” (Ön söz, yaxud mənəvi-ictimai mühitin bədii dərki// N.Cəfərov, Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı. Bakı, AzAtaM, 2014, s. 3). Və 480 səhifəlik, həm də “Nizami Cəfərovun ədəbiyyatşünaslıq üzrə birinci geniş həcmli monoqrafiyası”nın ardınca Hüseynbala Mirələmovu ədəbiyyatımızda “sistemli bir yazıçı” olaraq rəsmən tanıyır və təsdiqləyir: “O, artıq hansı mövzuda yazırsa-yazsın, cəmiyyət miqyasında düşünən, həyat materialını cəlbedici ədəbiyyat mətninə çevirməyi bacaran, son nəticədə vətəndaş-publisist sözünü ən müxtəlif tərzdə deməyi ilə fərdiləşən sistemli bir yazıçıdır”...

Ədəbiyyat İnstitutunun ədəbi prosesdə sorağını çıxaran ən çox professor Qəzənfər Paşayevdir, – desəm, yanılmaram məncə. “Ədəbiyyat qəzeti”nin az qala hər sayında bu və ya digər qutlamaları, xeyir-duaları, təqdimatları ilə (“Akademik İsa Həbibbəyliyə məktub”, 17 oktyabr 2014; “Hörmətli redaksiya!” , 7 noyabr, 2014; “Koroğlu” operasının tamaşası haqqında düşüncələrim”, 5 dekabr 2014; “AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərova məktub”, 12 dekabr 2014) sanki atılan hər addımlara ikiqat dəstək verməyə çalışır. Yeri gəlmişkən, hər növ ədəbi siyasətlərə həssaslığı, çevikliyi, adekvat reaksiyası ilə mən Qəzənfər müəllimi Bəkir Nəbiyev məktəbindən bilirəm (haqqında yazdığı “Ədəbiyyatşünaslıq elmimizin patriarxı”, Bakı, “Ozan”, 2010 – kitabı da az söz demir!); amma bu qədər intensiv, ardıcıl, nəfəs dərmədən, məhz “hərəkət”də (və hərəkatda!) təmsilçiliyini, doğrusu, təsəvvür eləməzdim. Qocaman ədəbiyyat adamına alqışlar! Görünür, hər aşığın dövranından ziyadə, meydanı da gərəkmiş...

Amma məsələn, tənqidçi Vaqif Yusiflini elmdə, həqiqətən də, İsa Həbibbəyli məktəbinin favoriti saymaq olar, mənimcə. Nə olsun ki, Vaqif Yusifli imzası ədəbi tənqiddə 1970-ci illərdən məşhurdur; nə olsun ki, uzun illər AYB himayəsində, “Azərbaycan” jurnalının redaktor müavini kimi fəaliyyəti kölgədə davam tapmış, tənqidçi ədəbiyyatda əsl gənclik çağlarını məhz İsa Həbibbəylinin İnstitutda təsis etdiyi “Ədəbi tənqid” şöbəsinə rəhbər təyinat alandan sonra yaşayır. Heç lap son zamanlaracan Vaqif Yusifli imzası ətrafında bugünkü qədər tərif ardınca tərif, tənqid üstündən tənqid gördünüzmü? Az qala tənqidçinin ədəbi prosesdə hər addımı izlənir, səs-küyə rəvac verir (Məxsusən də “Böyük kitab” yazmaq haqqına tapınandan sonra!)

Təbii ki, bu sözləri mən dərin qısqanclıqla deyirəm. Yenə də bizdə ədəbi-tənqidi prosesin özü də, gözü də Vaqif Yusifli! Akademik Tofiq Hacıyevdən sitat: “Vaqif bu günümüzün Yaşar Qarayevidir, Aydın Məmmədovudur. Bu gün Vaqif kimi istedad sahibi bir neçə tənqidçimiz olsa, bu günündən gileyləndiyimiz, sorağında olduğumuz ədəbi prosesi var görərdik...” (“Ədəbiyyat qəzeti”, 28 noyabr 2014). Doğrudan da, rəhbər sözü, rəhbər söz mövqeyi ayrı şeymiş...

Əgər desəm ki: “Ədəbiyyat qəzeti”nin son, Azər Turan mərhələsi AYB ilə bahəm, Akademiyanın Ədəbiyyat İnstitutu ilə nəfəs alır, – çox da mübaliğə etmiş olmaram.

Qəzet (sonuncu dəfə 1993-1996-da Sabir Əhmədlidən sonra) Elçin Hüseynbəylinin qısa zamanında (2014) bir daha “solçuluğ”a meyl etmişkən, yenidən “sağ”a reveransında Azər Turanın köməyinə yetən ən çox məhz Ədəbiyyat İnstitutu oldu... Q.Paşayevdən sitat: “Məni sevindirən bir də o oldu ki, ədəbiyyat elmimizin flaqmanı Nizami adına Ədəbiyyat İnstitutu ilə əlaqələri möhkəmləndirirsiniz. İnstitutun dörd aliminin maraqlı elmi məqalələrinin qəzetin bir sayında getməsi böyük mətləblərdən xəbər verir...” (7 noyabr 2014)

Akademik Isa Həbibbəyli ədəbi prosesin genişliyinə açıq və maraqlıdır. Deyilənə görə, onunla hardan istəsən, necə istəsən, ədəbiyyatın müşkülləri barədə təklif vermək, fikir yürütmək olur. Sağ olsun, elmi tədbirlərin birində: habelə mənim Tənqid.net jurnalımı da bəyəndiyini bəyan etmiş. Akademikin “Böyük ədəbiyyatşünaslıq uğrunda” məqaləsindən sitat verirəm: “Hələlik isə diqqəti bu istiqamətə yönəltmək üçün qeyd etməyi lazım bilirəm ki, təkpartiyalı Sovet sistemindən fərqli olaraq, müstəqillik və demokratik Azərbaycan cəmiyyətinin ədəbiyyatında vahid yaradıcılıq metodu yox, ədəbi prosesdə baş verən bir neçə əsas istiqaməti əks etdirən yaradıcılıq metodları olmalıdır. Artıq ədəbi prosesdə realizmin davamlı ənənələri ilə yanaşı tənqidi realizm, sürrealizm, neorealizm kimi yeni təzahürləri də müşahidə olunur. Postmodernist baxış bir qədər də ədəbi prosesdə müvazinətini saxlayaraq, yaradıcılıq metoduna çevrilmək imkanı qazana bilər. Romantizm və sentimentalizm də Azərbaycanın yeni dövr ədəbiyyatında görünməkdədir. Eksperimental izmlərə də rast gəlmək mümkündür. Bu yaradıcılıq metodlarından, hətta görünüb çəkilən ulduzlar kimi nəzərə çarpan digər izmlərdən Azərbaycan ədəbiyyatında hansının yaradıcılıq metodu səviyyəsində yaşayıb davam edəcəyini, ədəbi prosesdə oturaqlıq qazanacağını ədəbiyyatşünaslığın rəsədxanasından diqqətlə müşahidə etmək lazımdır...” (“525-ci qəzet”, 2 iyun 2014)

Və sanki akademikin xeyir-duasından sonra, “Ədəbiyyat qəzeti”ndə ardıcıl dərc olunan “Müqayisəli ədəbiyyat konqresi Azərbaycan postmodernist ədəbiyyatının ən böyük fərqini üzə çıxardı” (31 oktyabr 2014), “Var olanı deyil, görmək istədiyini görmək” (7 noyabr 2014), “Şeirimizin poetik ifadə sistemində ənənənin rolu” (14 noyabr 2014), “Şeirimizdə dekadens ovqat” (5 dekabr 2014) yazılarında cavan tədqiqatçı Nərgiz Cabbarlı sübut etdi ki: doğrudan da, bu haqda geniş danışmağın vaxtı çatmış... Doğrudur, çöküş ovqatının hakim olduğu duruma bizim ədəbi təcrübədə indiyəcən “dekadens” yox, “dekadans” demişlər və mənimcə, dekadans bizdə heç də “1990-cı illərin əvvəllərindən başlayaraq” deyil, daha əvvəllərdən gəlir, 1990-cı illəri də özü ilə birgə gətirir... Amma nə bilim, bəlkə belə də olar; “dekadens” ya “dekadans”, “çöküş” ya “düşkünlük”, 1990-cı illər ya daha da əvvəl...

Ən nəhayət, düz 30 illik fasilədən sonra akademik İsa Həbibbəylinin yüngül əliylə Ədəbiyyat İnstitutunun Ədəbi prosesə qayıtmasının daha bir düsturu – “Ədəbi proses-2013”-ün nəşri (Bakı, Hədəf nəşrləri, 2014)! Doğrudur, hələ buna qədər də 1993-də Sovet dövrü pozitiv ənənələrinin bərpası niyyətilə İnstitutun direktoru Yaşar Qarayev Akif Hüseynlinin başçılığı altında “Müasir ədəbi proses” şöbəsinə rəvac vermişdi və 2001-ci ilin 2 fevral tarixində “Ədəbiyyat qəzeti”ndə şöbənin “Poeziyanın gəncliyi və gəncliyin poeziyası ” adlı tədbirini şəxsən işıqlandırmağımı da bugünkü kimi xatırlayıram... Və o da düzdür ki: daha sonra, Bəkir Nəbiyevin zamanında missiyanı Elçin Mehrəliyevin başçılığı altında “Müasir Azərbaycan ədəbiyyatı” şöbəsi boynuna aldı və son bir neçə il (2009-2011) ard-arda keçirilən illik yekunlar hətta populyarlaşdı və orda-burda (“Azərbaycan” jurnalında, internet saytlarında) qırıq-parça reaksiyalar da doğurdu. Amma bir şeyi ki, yaratdın, axıracan arxasında durmaq lazım, durmadın, elə bir nəticəsi də olamaz...

Yazdığı “Ədəbi proses-2013: ənənənin bərpası və yeni mərhələ” adlı ön sözündə akademik İsa Həbibbəyli də təzəlik adına 1, 2, 3, 4... müddəalar sadaladıqdan sonra məhz bunu vurğulayır: “Nizami adına Ədəbiyyat İnstitutunda 2 aprel 2014-cü ildə keçirilmiş “Ədəbi proses-2013” yaradıcılıq müşavirəsinin materialları həmin ildə oxuculara təqdim olunur. Hər il nəşr edilməsi qərara alınan toplu əslində “Ədəbi tənqid” jurnalı funksiyasını da həyata keçirir. Bütövlükdə isə “Ədəbi proses” topluları ədəbi tənqidimizin külliyyatı ola biləcəkdir...” (“Ədəbi proses-2013”, s. 12)

Topluda bir sıra ənənəvi imzaları (Vaqif Yusifli, Rahid Ulusel, Aydın Dadaşov, Elçin Mehrəliyev) çıxmaqla, ədəbi prosesi təqdim edən yalnız və yalnız gənc tədqiqatçılardır: Nərgiz Cabbarlı (Abdullayeva), Elnarə Akimova, Salidə Şərifova, Fidan Abdurəhmanova, Esmira Fuad (Şükürova)... Lakin akademik İsa Həbibbəyli hər cür gəncliyə yandırdığı yaşıl işıqlar yolunda bununla da qalmayıb, daha da böyük perspektivlər vəd edir: “Ədəbi proses-2014-cü il”in məruzəçilərinin demək olar ki, hamısının gənclərdən ibarət olması nəzərdə tutulur. Bu, gənc müstəqil ölkənin ədəbiyyatına özünün yetirdiyi yeni nəslin elmi-nəzəri baxışlarının təqdimatı formatında düşünülür” (“Ədəbi proses-2013”, s. 12).

“Hərəkət hər şeydir...” – proqram devizi bütövlükdə İnstituta sirayət etməkdədir...

Tehran ƏLİŞANOĞLU,
"525-ci qəzet",
22.12.2014


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

"Zirvə"
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

"Zirvə"
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

"Zirvə"
Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Elm
Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və t ...

Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və t ...

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

"Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

"Zirvə"
Rəy yazın: