Esse məktəbdə...

Esse məktəbdə... Ədəbiyyat fənn kurikulumunda şagirdlərin yazılı nitqinin inkişaf etdirilməsi məqsədilə fərqli məzmunda işlərin (inşa, esse, məruzə, məqalə) yerinə yetirilməsi tövsiyə edilmişdir. Bu, əslində, tələb kimi irəli sürülmüşdür. Təbiidir ki, şagirdlərin yazı işləri ədəbiyyat təlimində bu göstərilənlərlə məhdudlaşmır; onlar, demək olar, hər dərsdə yazılı təqdimatlar hazılayır, referat üzərində işləyir və s. Müəllimlərlə görüşlərimizdə, dərsliklərin müzakirəsinə həsr olunmuş yığıncaqlarda nədən danışlırsa-danışılsın, söhbət əvvəl-axır essenin üzərinə gəlib çıxır. Müəllimlər bu yazı növünün məzmunu, forması, inşa ilə oxşar və fərqli cəhətləri barədə daha çox danışılmasını arzulayır, suallar verir, deyilənlərlə razılaşmadıqları məqamlar da olur.

Esse yeni proqrama (kurikuluma) necə düşdü? Lap təsadüfən! Biz – ədəbiyyat fənn kurikulumu üzrə milli məsləhətçilər – əməkdar müəllim, dosent Bilal Həsənli və mən iş prosesində zəruri ədəbiyyatla təmin edilmədiyimizdən xarici dildən lazımi materialın müəyyən qismini özümüz tərcümə edir, böyük bir hissəsini isə tərcümə etdirir, sistemli məlumat əldə etməyə çalışırdıq.

Xarici ədəbiyyatla, daha dəqiq desək, kurikulum sənədləri ilə tanış olduqca qəribə mənzərə ilə qarşılaşırdıq. Məsələn, kurikulum sənədlərində “XVIII əsr ingilis ədəbiyyatından dörd nümayəndənin olması”, öyrənilmiş, yaxud müstəqil oxunmuş “əsərin davamının yazılmasını əks etdirən işin icra edilməsi” tövsiyə edilsə də, esse, məruzə, referat və s. adı çəkilmirdi. Görünür, bu istiqamətdəki konkretləşdirmələr onlarda region, yaxud məktəb kurikulumlarının öhdəsinə buraxılır...

Maraqlıdır ki, hazırladığımız proqramın (kurikulumun) ilk variantı ekspertizadan keçirilərkən beynəlxalq məsləhətçilərdən bir nəfər (onu bizə hörmətli Ənvər Abbasov təqdim etdi, deyəsən, milliyyətcə polyak idi, adını unutmuşam) proqrama esseni daxil etməyimizin əleyhinə çıxdı. Mən lap əvvəldən bu anlayışın sənədə daxil olunmasının əleyhdarı idim. B. Həsənli isə bunun lehinə idi. O, mənə etirazını belə əsaslandırdı ki, Azərbaycan dili fənn kurikulumunda bu anıayış əks etdirilib, bizim imtina etməyimiz yeniliyin əleyhinə çıxmaq kimi qiymətləndirilə bilər. Bu məntiq məni də razı saldı. (Bu, necə deyərlər, problemin yaranma tarixi kimi qəbul edilə bilər). İndi müəllimlərdən tez-tez eşidilən suallara baxaq: Essenin özəl xüsusiyyətləri hansılardır? Esse inşadan hansı cəhətləri ilə fərqlənir? Esse necə yazılmalıdır? və s. Bu sualların cavablarını “Ədəbiyyat” dərsliklərində, əsasən, tapmaq mümkündür. Məsələn, VII sinfin “Ədəbiyyat” dərsliyindəki (Bakınəşr, 2014) “İnşa və esseni necə yazmalı?” başlıqlı yazıda deyilir: “ Yeddinci sinifdə... mühakimə xarakterli inşa, esse üzrə tapşırıqları yerinə yetirəcəksiniz. Mühakimə xarakterli inşa və essedə mövzu, problemlə bağlı şəxsi düşüncələriniz və mühakimələriniz önəmli yer tutmalıdır. Essenin quruluşunda sərbəstliyə, şəxsi münasibətinizin ifadəsinə daha geniş yer verə bilərsiniz.” Dərslikdə daha sonra yazılır: “Bilirsiniz ki, inşa və essenin hazırlanması bir-biri ilə əlaqəli olan üç mərhələdə işin aparılmasını tələb edir: yazıya hazırlıq, yazının yerinə yetirilməsi, yazının müzakirəsi və qiymətləndirilməsi.”

Bu üç mərhələnin hər birinin mahiyyəti dərslikdə (səh. 163-165) nümunələrlə şərh edilmişdir. Bu üç mərhələnin ikincisinin (yazının yerinə yetirilməsi) şərhində oxuyuruq : ”Planı hazırlayarkən yazının giriş, əsas hissə, və nəticədən ibarət olduğunu diqqət mərkəzində saxlayın.” Bu fikrin esse üçün şərti olduğunu qəbul etmək lazımdır. Çünki yuxarıda deyildiyi kimi, essenin quruluşunda sərbəstliyə geniş yer verilməsi məqbul hesab olunur. Məsələ bundadır ki, essedəki sərbəstliyin nədən ibarət olduğunu nəinki V və VI siniflərdə, heç VII sinifdə də şagirdlərin çoxu aydın təsəvvür etmir. Bunun mahiyyətinin dərk edilməsi və əməli olaraq yerinə yetirilməsi, artıq təcrübə göstərdi ki, tədricən, yuxarı siniflərə qalxdıqca baş verir. ( Bu şərtlə ki, həmin yazı müntəzəm tətbiq edilsin). Plan tərtib edilməsi, planın üç hissədən ibarət olması və s. esseyə (şərti olaraq ) ona görə aid edilmişdir ki, bu qəbildən yazıda müəyyən ölçü-biçinin, belə demək olarsa, əndazənin olduğu başa düşülsün. Məhz buna görə də, IX sinfin “Ədəbiyyat” dərsliyində ( səh. 183), şagirdlərin yaş səviyyəsi və təcrübəsi nəzərə alınaraq, esse haqqında, ondakı sərbəstliyin mahiyyəti barədə məzmunca mürəkkəb, həm də geniş məlumatın verilməsi məqsədəuyğun sayılmışdır. Dərslikdə deyilir: ”Essenin məzmunca inşadan fərqləndiyini bilirsiniz. Sizə məlumdur ki, esse şəxsi düşüncələrinizi, hislərinizi dilə gətirməyinizə, bəyan etməyinizə imkan yaradan yazı növüdür. Bu, seçdiyiniz sözlərdə, ifadələrdə, qurduğunuz cümlələrdə də əksini tapmalıdır. Sadə cümlələrdən, adlıq cümlələrdən daha çox istifadə etməyiniz faydalıdır. Sizə məlum olan bədii təsvir və ifadə vasitələrindən gen-bol yararlanmalı, yazınızın obrazlı olmasına çalışmalısınız. Bütün bunlar yazınıza yeni məzmun və forma verəcək...

Essedə, inşadan fərqli olaraq, sitatlara, faktların, rəqəmlərin sadalanmasına yer vermək məqsədəuyğun sayılmır.

Essenin kompozisiyasında sərbəstliyin olması məqbul hesab edilir, başqa sözlə, onun quruluşuna, inşadan fərqli olaraq, dəqiq meyarlarla yanaşılmır. Məsələn, essedə birbaşa mətləbə keçmək, yazıya əsas məsələyə münasibətin bildirilməsilə başlamaq mümkündür. Essedə (müqayisə xarakterli çıxılmaqla) bir fikirdən gözlənilmədən digərinə keçilməsi, başqalarına ziddiyyətli görünən nəticələrin çxarılması (əlbəttə, bu, məntiqli olmalıdır) nöqsan hesab edilmir....

Əgər esse ədəbi əsərlə əlaqədardırsa, onun mövzusu, ideyası, obrazları, müəllifin qaldırdığı problem barədə şəxsi mövqeyinizi ifadə etməyə səy göstərməlisiniz.”

Müxtəlif siniflərin ədəbiyyat dərsliklərində inşa və esse barədə deyilənlər (əlbəttə, ədəbiyyat müəllimləri yalnız bu məlumatlarla kifayətlənmirlər) bu yazıların özəlliyi və tətbiqi barədə şagirdlərdə müəyyən təsəvvür yaradır.

Dərslikdəki mülahizələrin müəyyən əlavə və izahlarla şagirdlərə mənimsədilməsi esse üzrə yazı işinin səmərəliliyinə əhəmiyyətli təsir göstərir.

Dərsliklərdə verilmiş yığcam məlumatların hazırlanması üçün esse ilə bağlı fərqli mənbələrin (ədəbi-tənqidi, fəlsəfi və s.) araşdırılması, ensiklopediya və lüğətlərin mütaliə edilməsi, təhlil olunması lazım gəlmişdir. Elmi-nəzəri materiallarda bir janr kimi esse barədə fərqli, ziddiyyətli fikirlər çoxdur, həm də əhəmiyyətli dərəcədə çoxdur. Esse ilə bağlı həmin mənbələrin əksəriyyətində təkrar olunan, üst-üstə düşən fikirlər, əsasən, bunlardır:

– həcmcə yığcam olur;

– kompozisiya sərbəstlyi var;

– müəllifin fərdi təəssüratını əks etdirir;

– mövzuca konkret olur.

Mənbələrin bir qismində müşahidə edilən ümumilik, əsasən, bunlardır:

– üslubunda obrazlılıq güclü olur;

– dili danışıq dilinə yaxın olur;

– təsvir, təhkiyə, təhlil və s. səciyyəli ola bilər;

– giriş, əsas hissə, nəticədən ibarət olur.

Mənbələrin çox az qismində özünü göstərən ümumilik də var:

– yığcam giriş olmalıdır;

– ardıcıl olaraq tezis irəli sürülməli və o, dəlillərlə əsaslandırılmalıdır;

– esse ədəbi növ kimi qəbul edilməlidir;

– mövzusuna və məzmununa görə fəlsəfi, ədəbi-tənqidi, tarixi, bədii-publisistik və s. ola bilər.

Anlaşılır ki, bir janr kimi esse barədə mövcud ədəbiyyatda zəngin, həm də mübahisəyə yol açan kifayət qədər məlumat vardır. Bunu məktəb essesi barədə ( özəlliyi diqqətə çatdırmaq üçün bu ifadəni işlətmək məqsədəuyğundur) demək mümkün deyildir. Məktəb essesinin məqsədi, məzmunu, strukturu və s. barədə çoz az yazıya rast gəlinir. Deyilənlərin əksəriyyəti də bir-birini təkrar edir. Xatırladaq ki, esse barədə fəlsəfi, filoloji və s. ədəbiyyatdakı fikirlər məktəb essesinin mahiyyətini, məqsədini, məzmun və strukturunu aydınlaşdırmaq və əsaslandırmaq üçün əhəmiyyətlidir. Başqa sözlə, məktəb essesi sənət nümunəsi olan esse janrından bəhrələnməklə yaranmış və bu zəmində də formalaşmışdır. Onları eyniləşdirmək, yaxud aralarına “çin səddi” çəkmək doğru deyildir. Onların arasındakı nisbət “bədii oxu” ilə “ifadəli oxu” anlayışlarının arasındakı nisbət kimidir. Birincilər sənətdir, onları yaşadanlar peşəkarlardır, ikincilər təhsilalanların bədii, estetik inkişafına, müstəqil düşüncə və yaradıcılıq qabiliyyətlərinin formalaşmasına yönəlik təlimi fəaliyyətdir. Bir janr kimi esse barədə nəzəri məlumat bizim üçün nə qədər əhəmiyyətli olsa da, məktəb essesisinin mahiyyətinin aydınlaşdırılmasında, tətbiqi yollarının müəyyənləşdirilməsində

təcrübə, pedaqoji tədqiqat, xüsusən eksperiment daha vacibdir. Ümumiyyətlə, xarici ədəbiyyatdan bir-iki fikir əxz etməklə bu və ya digər problemin əsaslı həlli mümkün deyildir. Bu mövqeyi bəziləri anlamaq istəmir ki, fərqli metodologiya, fərqli ənənə, təhsilin məzmunundakı müxtəliflik və s. xaricdə əldə olunmuş uğurlu təcrübənin bizdə sistemli tətbiqi hələ bir yana, heç müəyyən ardıcıllıqla tətbiqinə də imkan vermir. Bu istiqamətdəki cəhdlər ( dərslik sahəsində bunu daha aydın gördük) bizdə iflasa uğrayacaqdır. Xaricin uğurlu təcrübəsinin mükəmməl öyrənilməsi, eksperimentlə yoxlanılması, elmi-metodik baxımdan əsaslandırılması, bizdə müvafiq olanlarla uzlaşdırılması, sınaqdan keçirilməsi belə bir imkanı yarada bilər. Diqqət edin: ABŞ-da və Böyük Britaniyada essedən tələbələrin bilik və bacarığını qiymətləndirmək üçün etibarlı vasitə kimi istifadə olunur. İndi təsəvvür edin ki, yuxarıda sadaladıqlarımız reallaşdırılmadan biz də bu yolu seçmişik, nəticə necə olacaq? (Tələbələrimizin hazırda yerinə yetirdikləri müstəqil işin – səhvən “sərbəst iş” adlandırırlar – gününə düşməyəcəkmi?..)

Məktəb essesindən danışılan bəzi yazılarda belə bir ifadəyə rast gəlirik: esse (sərbəst inşa). Bunu işlədən müəlliflərin fikrincə, esse elə sərbəst inşa deməkdir. Əlbəttə, yanlış fikirdir. Hələlik onu qeyd edək ki, əgər esse sərbəst inşa olsaydı, heç onun adını çəkməyə ehtiyac qalmazdı, elə birdəfəlik sərbəst inşa yazılardı. Bu qəbildən yazılarda essenin kompozisiyasındakı sərbəstlikdən gen-bol danışılır, amma onun qarşısında belə bir ciddi tələb qoyulur: essedə giriş, əsas hissə və nəticə olmalıdır (!?).

Həmin yazılarda essedə müəllifin fərdi fikrinin, şəxsi təəssüratının önəmli olması vurğulanır, verdikləri nümunə isə oçerkdən fərqlənmir (!?).

Bu tip yazılarda essenin dil-üslubu haqqında deyilənlər ( “Essedə hədsiz mürəkkəb cümlələrə, dolaşıq fikirlərə, eyni sözlərin tez-tez təkrarlanmasına, təmtəraqlı, pafoslu ifadələrə, qeyri-etik deyimlərə yol vermək olmaz”) onun özəlliyini əks etdirmir və bu fikir istənilən janrda yazıya aid edilə bilər.

Doğrudanmı, esse ilə inşa arasında heç bir fərq yoxdur? Axı nə səbəbə inşa ilə esseni eyniləşdirməyə cəhd edirlər? İnsanların bu fikrə düşməsinin həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəblərdən biri odur ki, hər iki yazıda müstəqil fikrin, yaradıcılığın olması vacib sayılır. (“ Madam, belədir, bu iki yazı növünə nə ehtiyac var, birini atmaq da olar!?”). İkinci obyektiv səbəb budur ki, inşa barədə elmi-metodik ədəbiyyatda uzun illər ətraflı danışılıb, xüsusi tədqiqatlar aparılsa da, məktəb essesi ilə bağlı nə araşdırma aparılıb, nə də əməlli-başlı bir yazı çap olunub...

Subyektiv səbəb də var; bir janr kimi esse haqqında, yuxarıda deyildiyi kimi, zəngin ədəbiyyat olsa da, mütaliə edən, oxuduqlarının üzərində düşünən (məhz düşünən!) isanlarımız çox azdır. Əvəzində başqasının ağzından bir-iki kəlmə alıb fəhminən (mütaliəsiz fəhmin nə qüdrəti olacaq ki!?..) çoxluca danışmağa meyilli olanlarımız kifayət qədərdir.

İnşanın, yaxud essenin üzərindən xətt çəkməklə nə qazanacığıq!? Bunun fəsadlarını təsəvvür edəndə, qəribə görünməsin, adamı vahimə basır. (“İndiyə kimi esse yox idi, dünya qara geyinmişdi?”). Axı dünya əvvəlki deyil! İndiki dünya ilə ayaqlaşmaq lazımdır. Esse ilə bağlı xüsusi tədqiqat aparılmalı, onun mahiyyəti, məqsədi, vəzifələri aydınlaşdırılmalı, təsnifatı verilməli, tətbiqi metodikası işlənilməlidir. (Bu, dissertasiya üçün çox maraqlı mövzudur).

İnşanın üstündən xətt çəkmək (“İnşa nəyə lazımdır, yenilik kimi esseni saxlamaq kifayətdir!”) daha eybəcər vəziyyətin yaranmasına səbəb ola bilər. Təsəvvür edin: İnşa ləğv edilib, esse qalıb. Etiraf etsək də, etməsək də məktəb esse ilə bağlı bu gün dumanlı təsəvvürdədir. Bu təsəvvürün durulaşması, dolğunlaşması üçün zaman və böyük zəhmət tələb olunur. Bir az da dəqiq deyilsə, esse barədə metodikanın müəllimlərə faydalı tövsiyə verməsi, bu yazı növünün mahiyyəti, tətbiqi ilə bağlı texnologiyanın mənimsənilməsi, şagirdlərdə zəruri bacarıqların formalaşması zaman tələb edir. (Buna təbii baxmaq lazımdır). Neçə nəslin faydasız təlim fəaliyyətinə təhrik edilməsi (esse “yazdırılması”) “Əli aşından da, Vəli aşından da” olmağa aparmazmı? Onu da unutmayaq ki, inşa ilə bağlı məktəbimizdə zəngin təcrübə toplanmışdır. İnşanın bitkin kompozisiyaya malik olması (yazının müəllifi buna çalışır), onun hissələri (giriş, əsas hissə, nəticə) arasında qarşılıqlı əlaqə (bu əlaqəni yaratmaq bacarığı olmalıdır), bu qəbildən yazının ərsəyə gəlməsi üçün mənbələrlə tanışlığın zəruriliyi, ədəbi və sərbəst mövzuda yazılması və s. şagird üçün əhəmiyyətli fəaliyyət olduğunu təsdiq edir.

Şagirdlərimizi bundan məhrum etməkmi olar? (Uçurmağa, ləğv etməyə yaman meyilliyik. Yenini yaratmaq üçün “çırmanırıq”, amma sonra “asta qaçıb xəlvətə dürtülürük”. İndi əcnəbidən idxal etməyə – prinsip etibarı ilə dünyadan öyrənməyin qətiyyən əleyhinə deyiləm – aludəyik, gətirdiklərimizin üzərində düşünmək, onları cilalamaq, faydalı olanlarımızla uzlaşdırmaq babətindən mağmınıq.)

Rusiyada son illərdə çap olunan bir ədəbiyyat dərsliyində ( digər dərsliklərində rast gəlmədim) inşa-esse qoşalığı işlənir, bununla da bu iki yazı növünün arasında bərabərlik işarəsi qoyurlar. Nəzərə alınmır ki, inşanın özü də fərqli məzmunda olub, müxtəlif məqsəd güdür. Esseni hər növ inşaya oxşatmaq olmaz. Onu şəxsi təəssürat (elmi-metodik ədəbiyyatda bu növ inşadan xeyli danışılmışdır) əsasında yazılmış inşaya bənzətmək mümkündür. Onları yazı tərzinə, fikrin ifadə formasına, struktura görə yox, məzmunca bir-birinə oxşatmaq olar. Yəni hər iki yazıda fərdi-şəxsi təəssüratın ifadəsi aparıcı olur. Struktur baxımından isə onlar ciddi şəkildə fərqlənir. Belə ki, şəxsi təəssürat səciyyəli inşada, digər inşalar kimi, möhkəm kompozisiyanın olması vacibdir. Məlumdur ki, rəy xarakterli inşada da şəxsi təəssüratın olması vacib sayılır. Belə olan halda onu da esseyə bənzətmək doğru olmazmı? Yox, doğru olmaz. Çünki bu inşada başqalarının fikirlərinə əsaslanma, sitat və iqtibaslar güclü olur. İkinci tərəfdən də, rəy inşalarda da kompozisiya bitkinliyi vacib şərtdir.

Bəs “Essedə fərdi təəssürat, şəxsi təəssürat aparıcıdır” fikrini necə izah etmək olar? Essenin ən mühüm özəl cəhəti kimi bir bunu, bir də kompozisiya sərbəst-liyini göstərirlər. Bu məsələnin izahında məktəb essesinin özəlliyindən çıxış edilməsə, qüsurlara və dolaşıqlığa yol veriləcəkdir. Lirikada tərənnüm nədirsə, məktəb essesində şəxsi təəssüratın ifadə edilməsi də, təxminən (təxminən!) odur. Müqayisə sizə qəribə görünməsin. Belə bənzətmə məktəb essesinin mahiyyətinin, özəlliyinin, inşadan fərqinin qavranılmasına imkan yaradır. Məktəb essesində obyektin özünün təsvirindən çox, (bu, təsvirdən imtina deyil!) onun yaratdığı təəssüratın ifadəsindən söz açılır. Həm də başqasının bu obyekt barədə nə dedikləri, nə düşündükləri diqqəti ya çəkmir, ya da çox az çəkir. (İnşada isə istinad həmişə olur; bunun sitat şəklində olması vacib deyil, bu, inşa müəllifinin fikrində əksini tapır). Məhz buna görə də essedə müəllifin “fikir dağınıqlığı,” bir fikirdən, mətləbsiz-filansız, başqa fikrə keçməsi təbii sayılır. Bu “fikir dağınıqlığı”, “düşücədə pərakəndəlik” (əlbəttə, hər ikisi “sərbəstlik” anlamənda başa düşülməlidir) kompozisiyadakı sərbəstliyin səbəblərindən biri kimi özünü göstərir. Elə bu “fikir dağınıqlığının”sayəsindədir ki, əsas fikir essenin başlanğıcında, lap elə ilk cümlələrində ifadə oluna bilər. Nəticənin çıxarılmasında da sərbəstliyə geniş meydan verilir, nəticənin çıxarılması bir çox hallarda oxucunun öhdəsinə buraxılır. Müəllif nəticənin çıxarılmasında tərəddüd edə bilər və bunu sual cümləsi şəklində ifadə etməklə yazısını tamamlayar... Yaxud bu yolu qəsdən seçə bilər. Təsadüfi deyildir ki, essenin bir mühüm cəhəti də oxucunu təəccüblədirməyə köklənməsidir. Gözlənilməz fikir, şərhdə qəfil dönüm, mətləbdən yayınma, fakt və hadisəyə qeyri-standart yanaşma və s. essedə yol verilməsi məqbul sayılan, onu maraqlı və oxunaqlı edən cəhətlərdəndir. Göründüyü kimi, esse yazmaq inşa yazmaqdan xeyli çətin olub, daha ciddi yaradıcılıq, müstəqil düşüncə, özəl mövqe tələb edir. Hələ mən ehtiyatlanmadan deyərdim ki, istedad tələb edir. (Onun məktəbə sənətdən gəldiyini xatırlayaq). Və bu bacarığın şagirdlərdə formalaşdırılması üçün, qeyd edildiyi kimi, böyük zəhmət çəkilməli, vaxt sərf edilməli, sistemli iş aparılmalıdır. Metodika elminin üzərinə ciddi vəzifə düşür. Müəllimə, məktəbə metodik kömək göstərilməsi məqsədilə, təkrar da olsa, qeyd edirik ki, ciddi tədqiqat aparılmalıdır.

Deyilənlərdən aydınlaşır ki, məktəb essesinin qarşısında iki əsas məqsəd dayanır: a) Şagirdlərə şəxsi-fərdi fikirlərini ifadə etmək bacarığı aşılamaq; b) Onlarda yaradıcı təfəkkürün inkişafına nail olmaq. Şəxsi-fərdi fikrin yaranması, (qəribə səslənməsin: istehsalı), əlbəttə, yalnız fəhmin işi deyil və ola da bilməz. Burada mənəvi zənginlik və təxəyyül genişliyi, mədəni səviyyə əhəmiyyətli rol oynayır. Digər mühüm şərt, ümumiyyətlə mütaliə mədəniyyətinin olması, təsəvvür və məlumatın dolğunluğudur.

Məktəb essesini ancaq bədii yazı, elmi yazı, publisistik yazı və s. adlandırıl-masının məntiqi və elmi əsası yoxdur. Bu yazı, ilk növbədə üslub əlvanlığı ilə seçilir. Onda fərqli üslubların qovuşması özünü göstərir. Bu məsələdə esse üçün təklif edilmiş mövzudan çox şey asılıdır. Məsələn, “Yurdumuza bahar gəlir”, “Kəndimizi (şəhərimizin...) qışı və baharı”, “Təbiət haqqında düşüncələrim” qəbildən mövzularda bədii üslubun üstün olacağı (üstün olacağı!) şəksizdir. Ədəbi mövzularda təklif edilmiş mövzularda (“Qurbanəli bəyin gülüş obyektinə çevrilməsinin səbəbini nədə görürəm?”, “Kərbəlayi Zala acımaq lazımdırmı?” “Hekayədəki obrazlara münasibətim”) elmi üslub aparıcı olur. Yaxud “Qarabağın sənət adamları”, “İnsanla təbiət bu dünyanın vahid parçasıdır” kimi mövzulara həsr edilən essedə publisistik üslubun önəm qazanacağına şübhə etməmək olar.

Yuxarıda deyilənlərin hamısını da olmasa, bir qismini aşağıdakı şəkildə ümumiləşdirməyə ehtiyac duyuram.


1. İnşa və esseni eyniləşdirmək mümkün olmadığı kimi, onların arasına “çin səddi” çəkmək də doğru deyildir. Onların hər birində şagirddən müstəqil düşüncə və yaradıcılıq tələb olunur. Onların hər ikisi şagirdlərin yazılı nitqinin inkişaf etdirilməsi üçün faydalı vasitədir.

2. Essedən fərqli olaraq, inşada bitkin kompozisiya, daxili bağlılıq, birxətli dinamika olur. Bu daxili bağlılığı yalnız giriş, əsas hissə və nəticənin mövcudluğu ilə izah etmək doğru olmaz; bu, həm də sözlərin, cümlələrin əlaqələndirilməsində, fikrin inkişaf etdirilməsindəki ardıcıllıqda və məntiqdə özünü göstərir.

Bütün bunlar essedə müşahidə olunmur, (essedə “sözlərin, cümlələrin əlaqələndirilməsində” də özəl sərbəstliyə yol verilir), əvəzində kompozisiya sərbəstliyi, fikrin sərbəst, “azad sözlərlə” ifadəsi aparıcı olur.

3. İnşada mövzu ilə bağlı başqalarının fikirlərindən bəhrələnmək, mənbələrdən geniş istifadə etmək, sitat və iqtibaslar gətirmək məqsədəuyğun sayılır. Bu, məktəb essesi üçün məqbul deyildir. Şəxsi fikir və təəssüratın nəticələrinin bolluğu esse üçün mühüm keyfiyyət hesab olunur.

4. Essenin yazılmasında və dəyərləndirilməsində inşa üçün seçilmiş meyarların tərtbiqi yanlış nəticənin çıxarılmasına səbəb olar və s.

Bu yazı növlərinin arasındakı digər fərqləri sadalamdan fikrimi tamamlayıram. Esse janrı ilə bağlı müxtəlif mənbələrdəki fikirləri bu yazıda xatırlatmaq, onları geniş təhlil etmək, hər birinə münasibət bildirməklə oxucuları yormaq istəmədim. ( Təfəkkürlü, zəhmətkeş magistrimi, inşallah, bu mövzuya istiqmətləndirəcək, məktəb üçün əhatəli, faydalı metodik tövsiyələrin hazırlan-masına çalışacağam). Burada ifadə olunan fikirlərə səmimi münasibət bildirəcək hər kəsə indidən təşəkkür edirəm, belə oxucularla açıq polemikaya girməkdən zövq alıram.

Soltan Hüseynoğlu,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dərslik əzbərlənmək üçün deyil...

Dərslik əzbərlənmək üçün deyil...

ADPU
Soltan Hüseynoğlu:

Soltan Hüseynoğlu: "Təlimdə yeni texnologiyaların tətbiqi"

Elmi Məqalələr, ADPU
Yenilik ciddi tədqiqat tələb edir...

Yenilik ciddi tədqiqat tələb edir...

Elmi Məqalələr, ADPU
Soltan Hüseynoğlu:

Soltan Hüseynoğlu: "Ənənə ilə yenilik qovuşanda"

Elmi Məqalələr, ADPU
Böyük ədəbiyyatın təmsilçisi

Böyük ədəbiyyatın təmsilçisi

Ədəbi tənqid, Bədii Tərcümə
TƏQDİRƏLAYİQ DƏRSLİK KOMPLEKTİ

TƏQDİRƏLAYİQ DƏRSLİK KOMPLEKTİ

Məktəblər, Qaraçöp
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti"

Elmi Məqalələr, Digər ali məktəblər
Məktəb direktorlarının işə qəbulu başlayıb

Məktəb direktorlarının işə qəbulu başlayıb

Nazirlik
TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

Regionlar, Elmi Məqalələr
PİSA nəyi dəyişir?

PİSA nəyi dəyişir?

Təhsil, Nazirlik, Köşə yazılar
Cinayət prosesində dindirmə

Cinayət prosesində dindirmə

Elmi Məqalələr, Digər ali məktəblər, Hüquq
Orta məktəb təhsili haqqında bəzi  qeydlər...

Orta məktəb təhsili haqqında bəzi qeydlər...

Bakı, Məktəblər
Cinayət prosesində dindirmə

Cinayət prosesində dindirmə

Elmi Məqalələr, Hüquq
Mətbuat Şurasının sədri: Jurnalistika fakültələrinə qəbulda qabiliyyət test ...

Mətbuat Şurasının sədri: Jurnalistika fakültələrinə qəbulda qabiliyyət test ...

Milli Məclis, MEDİA
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Təhsil, Sosial, Köşə yazılar
Gülşən Sadıxova:

Gülşən Sadıxova: "Bir daha estetik tərbiyənin rolu haqqında"

Gəncə, "Elm və Təhsil"
İnteraktiv mühazirə peşə  hazırlığının səmərəliliyinin artırılmasında  mühü ...

İnteraktiv mühazirə peşə hazırlığının səmərəliliyinin artırılmasında mühü ...

ADPU
Uğurlu elmi məqalə necə yazılmalıdı?-Aydəm ismayılov təcrübəsindən danışır. ...

Uğurlu elmi məqalə necə yazılmalıdı?-Aydəm ismayılov təcrübəsindən danışır. ...

"Şərqin səsi"
Ədəbiyyat dərslərində şagirdlərdə vətəndaşlıq keyfiyyətlərinin formalaşdırı ...

Ədəbiyyat dərslərində şagirdlərdə vətəndaşlıq keyfiyyətlərinin formalaşdırı ...

ADPU
Rəy yazın: