RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı 27 марта 2014 2014-cü il martın 21-də Gürcüstan Yazıçılar Evində əslən qədim Borçalı mahalından olan, vaxtilə Gürüstanın Bolnisi rayonundakı Faxralı kəndində doğulub boya-başa çatan, hazırda isə Bakı şəhərində yaşayıb-yaradan istedadlı qələm dostumuz, tanınmış şair-jurnalist Rəşid Faxralının bu günlərdə Tiflisdə gürcü dilində nəşr olunmuş “Şexvedra” (“Görüş”) kitabının təqdimatı olub. Tbilisidən ZiM.Az-a bildiriblər ki, Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan Bölməsi və Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin təşkilatçılığı ilə keçirilən tədbiri məşhur gürcü şairi əslən Abxaziyadan olan Geno Kalandiya açıb. O, Rəşid Faxralı barəsində, onun gürcü dilindən tərcümələri barəsində, eləcə də Azərbaycan-gürcü ədəbi əlaqələrinin tarixi, indiki durumu, tərcümə sahəsində əməkdaşlıq barəsində ətraflı danışıb. Geno Kalandiya R.Faxralının qaçqınların çadırlar şəhərciyi barəsində yazdığı şeirini kövrələ-kövrələ oxuyaraq sanki öz taleyindən yazıldığını qeyd edib. Sonra məşhur tərcüməçi Zezva Medulaşvili, ünlü türkoloq Elizbar Cavelidze klassik Azərbaycan şairlərindəndən məhəbbətlə danışaraq, arada Nəsiminin, Füzulinin yaradıcılığından parçaları azərbaycanca söyləyiblər, yazıçı-araşdırmaçı Mirzə Məmmədoğlu, mətbuatda ermənilərin cəfəngiyyatlı çıxışlarına həmişə layiqli cavablar verən akademik Bondo Arveladze, şairlərdən Quri Otobaya, Dato Şemokmedebeli, gənc tərcüməçi Oktay Kazımov, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət, Bakıdan təşrif buyuran qonaqlardan şair Dəyanət Osmanlı, Əkbər Qoşalı və başqaları çıxış edərək Rəşid Faxralı barəsində, onun şeirləri barəsində öz ürək sözlərini ifadə etdilər və ədəbi əlaqələrin dərinləşdirilməsinin vacibliyini ön plana çəkiblər.Qərbi Gürcüstanın Xobi rayonundan gələn bir qrup qələm əhlinin və rayon rəhbərliyinin nümayəndələri çıxış edərək Sovetlər dövründə bu tərəflərdə hərbi xidmətdə olan azərbaycanlı igid Rahib Məmmədovun Çaladidi kəndində daşqın zamanı 30-ya yaxın kənd sakinini öz həyatı bahasına xilas etməsini və axırda qəhrəmancasına həlak olmasını və indi həmin kənddə bu igid Azərbaycan oğlunun abidəsinin ucaldığını, Azərbaycan xalqına, onun mədəniyyətinə və ədəbiyyatına da xüsusi hörmət bəslədiklərini xüsusilə qeyd ediblər. Daha sonra Rəşid Faxralının təhsil aldığı və adını adına yaraşdırdığı Faxralı kənd məktəbinin müəllimləri çıxış ediblər, şagirdlər isə onun şeirlərini əzbər söyləyiblər.Tədbirin sonunda Rəşid Faxralı tədbirin iştirakçılarına, özəlliklə, gürcü ictimaiyyətinə yaradıcılığına xüsusi diqqət yetirildiyinə görə öz dərin minnətdarlığını bildirib.Biz də, fürsətdən istifadə edərək, ZiM.Az-ın bütün yaradıcı heyəti adındandəyərli eloğlumuz, istedadlı qələm dostumuz, tanınmış şair-jurnalist Rəşid Faxralını Tiflisdə gürcü dilində “Şexvedra” (“Görüş”) adlı yeni kitabının işıqüzü görməsimünasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!.. Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.