Həkim ŞAMİL ƏLİYEV (1936)

Həkim ŞAMİL ƏLİYEV  (1936) ELİMİN-OBAMIN DƏYƏRLİ ZİYALISI,
TANINMIŞ HƏKİM ŞAMİL ƏLİYEV
ÖMRÜNÜN 80-ci ilini ŞƏRƏFLƏ YAŞAYIR...
GÜN O GÜN OLSUN Kİ, ONU 100 İLLLİK YUBİLEYİNDƏ TƏBRİK EDƏK...
Müşfiq BORÇALI.

ŞAMİL ƏLİYEV

(1936)


Yay fəsli yenicə başlamışdır. Səhər həyətə çıxıb
təbiətə nə­zər saldıqda, istər-istəməz ilk növbədə, insanın gözü kəndin Güneyindəki - öndəki qalın me­­şələrlə örtülü olan Koxa Alının qoruğu, Qoşa armudlar, Tək pa­lıd, Ətəkli al­ma, Qatar zo­ğallar, Yumuru qaya; kəndin şərqində dü­zən­liklər, əkin sahələri, Qayıtmazlı, Qaraağacın düzü; Qərb tərəfdən isə, başı göylərə ucalan Şindi dağı, Böyük qa­ya, Boyalı kil­sənin şişi (qədim Alban kilsəsi), onun Qu­ze­yində Karxana və Gədələr qırılan qaya; kəndin arxa tərəfində - Quze­yin­də isə Ağbaba dağı, Gilli bulaq, Yəhər yal göz önün­də canlanır...

5 iyun 1936-cı il... Elə təbiətin bu gözəl çağında, hər yerdə olduğu kimi, Ulu Borçalımızın qədim tarixə malik olan adlı-sanlı ağır elli Darvaz kəndində də həyatın qay­na­yıb-daşdığı günlərin birində, Günəşin parlaq şəfəqi ətrafa yayıldığı sübh çağı el-obaya şad bir xəbər yayıldı... De­di­lər ki, kəndin ən böyük nəsillərindən biri olan Meh­diöyğn­də dünyaya bir körpə oğlan uşağı gəlib... Bu xəbər hamı­nın - bütün nəslin sevincinə səbəb oldu. Lakin hamı­dan çox körpənin anası Simi xanım da, atası Həsən kişi də (on­­­ların hər ikisi xalam uşaqlarıdır), nənə-babaları da, qo­hum-qonşular da, el-oba da, bütün kənd əhli də sevin­di... Sanki xalq ovsunlamış kimi körpə uşağın gələcəyini qa­baqcadan görürlərmiş...


Körpə uşağın qığıltı səsi, sanki, ailədə bir musiqi səsini andırırdı. Aradan bir neçə gün keçmişdi. Qohum-qonşuya sevindirici yeni bir xəbər yayıldı ki, Mehdiöyünün körpə uşağına "Şamil" adı qoyublar. Uşağa bu adın qoyulmasını kim təklif edibsə, onu bilmirəm. Amma həmin adam da, ailə də bu körpə uşağa "Şamil" adının qoyulmasında yanıl­mayıblar... Elə buradaca, xalqımızın yaratdığı bir kəlam yadıma düşdü: "Elin gözü tərəzidir"... Bu "tərəzi" isə hər şeyi düz çəkir... Bəlkə, körpəyə ad qoyulması zamanı ailə­də "Yüz ölçüb, bir biçmişlər" - buna görə də körpə uşağa "Şamil" adını qoymuşlar...

Yeri gəlmişkən, elə buradaca, "Şamil" adının mənasını qeyd etmək də maraqlı olardı. "Şamil" sözü ərəb dilində "çatan, yetişən; əhatə edən, aid olan, ümumi" mənalarını bil­dirir. Başqa sözlə desək, "Şamil" sözünün ümumilikdə mənası “məqsədinə və arzusuna çatan; həyatın enişli-yo­xuşlu yolları ilə asta-asta addımlayaraq qarşısına qoy­duğu mənzil başına yetişən: insanın həyatda yaşaması üçün zə­ruri olan hər şeyə-insanlıq etikasına, əxlaqına və cəmiy­yətdə davranış qaydalarına tam mənası ilə nail olan; insan həyatının ən başlıca sahəsi olan əməksevərlik və işgüzar­lığa qürurla yanaşan; həmçinin, insanlıq əhatəsində sadə­lik, səmimilik, mehribanlıq, təvazökarlıq anlayışlarına sa­diq olan; hamı ilə - özündən böyüklə də, kiçiklə də sə­mi­mi davranan; insanlıq müqəddəs sayılan həqiqət, düzlük, ob­yektivlik, ədalətlilik devizi ilə yaşayan" mənalarını ifadə edir...

Şamil Həsən oğlu Əliyev 5 iyun 1936-cı ildə qədim Borçalının Bağ bölgəsinin Bolulus nahiyəsinin (indiki Bolnisi rayonu­nun) Darvaz kəndində dünyaya göz açmışdır. Günlər, həf­tələr, aylar, illər bir-birini əvəz etmiş... Nəhayət, Şamil bö­yümüş, yeddi yaşına çatmış, 1943-ü ilin 1 sentyabrında bütün məktəblilər kimi çantasını götürüb məktəbə yollan­mışdır... İlk dərslər başlanmış... Şamil, artıq, birinci sinif şagirdi olmuş... Günlər, həftələr bir-birini əvəz etmiş... Şamil sinifdə sakit təbiəti, müəllimini diqqətlə dinləməsi, müəlliminin hər bir tapşırığına "Bəli", "Xeyr" sözləri ilə cavab verməsi, hər gün dərslərə hazır gəlməsi diqqətdən yayınmır. Müəlliminin jurnalda hər gün "Əla" qiymət yaz­ması Şamili daha da ruhlandırır... O, hər şeyi öyrən­məyə çalışır... Beləcə də, Şamil məktəbdə həm müəllim­lərinin, həm də sinif yoldaşlarının sevimli dostu oldu...

İllər ötüb keçdi, Şamil Həsən oğlu 1954-cü ildə doğma Darvaz kənd orta məktəbini "Əla" qiymətlərlə bitirdi...
O, ilk dəfə Azərbaycana-Bakıya gəlib, ali təhsil almaq üçün sənədlərini Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna verdi...
Bütün abituriyentlər kimi Şamilin də intizarlı və sevincli günləri başlandı... Nəhayət, isti av­qust günləri...
Şamil hər iki gündən bir qəbul imtahanı verir - "Əla" qiymətlər, sanki, bir-birinin arxasınca növ­bə­yə düzülür...
Şamil Azərbaycan Tibb İnstitutunun müa­licə işi fakültəsinə qəbul olunur...
Ali məktəb tələbəsi olur...

1954-cü ilin ilk sentyabr gününü Şamil də sevinclə, həm də intizarla gözləyir.
Nəhayət, 1 sentyabr günü bütün tələbələr kimi, Şamil də tələbə kimi dərsə gedir...
İlk zəng çalınır, tələbə yoldaşları kimi, o, da sinifə daxil olub, birinci partada özünə yer tutur...
Şamilin həyatında yeni həyat, yeni sevincli günlər başlanır, onun qəlbində yeni məqsəd və yeni arzular baş qaldırır...
İlk məqsədi ali məktəbi "əla" qiymətlərlə bitirmək, tibb elminin sirlərinə dərindən bələd olmaq, əsl mənada, həkim olmaq olur...
Semestrlər - imtahanlar, ilbəil, dalbadal elə sürətlə gəlib-keçir ki, Şamil bir də gözünü açıb həyata boylanır ki, o, artıq, həkimdir.
Onu da qeyd edək ki, Şamil kəndimizdən olan ilk həkim idi...

1960-cı ilin isti yay günlərinin birində Şamil həkim kimi, doğma Darvaz kəndinə qayıtdı. Bu xəbər yalnız Şamilin özünü və ya qohumlarını yox, bütün kənd əhlini, hətta, qonşu kəndlərin (o vaxtlar Darvaz kənd sovetliyində 5 kənd birləşdirilmişdir) əhalisinin də sevincinə səbəb ol­du...
Beləcə də, Şamil həkimlik peşəsinə öz doğma kəndlərində başladı. Bu başlanğıc həm Şamil həkim üçün, həm də xalq üçün böyük bir sevincə çevrildi...

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Şamil həkim elə ilk gündən xəstələri qəbul edir, onları müayinə edərək, ali məktəbdə öyrəndiyi nəzəri biliklərini təcrü­bə­də tətbiq etməyi, tibbi metodikanı, mənəvi-psixoloji müa­licəni, xəstələrə həkim kimi yanaşma münasibətləri barədə müəllimlərindən öyrəndiklərini göz önünə gətirir və öz həkimlik təcrübəsində tətbiq edir... Bu da, Şamil hə­kimin həm həkim kimi, həm də vətəndaş - layiqli, incə qəlbli in­san kimi nüfuzunun el arasında gündən-günə art­masına sə­bəb oldu... Az bir müddət ərzində Şamilin həkim kimi, səsi-sorağı doğma kənddən qonşu kəndlərə, sonra isə ra­yonun və Borçalı bölgəsinin kəndlərinə, hətta, qonşu Qər­bi Azərbaycanın (indiki Ermənistanın) yaxın rayon­larına da yayıldı...
Şamil həkim ixtisasını daha da artırmaq və tək­milləşmək məqsədilə Tiflis şəhərində Tibbi İnter­naturanı bi­tirdi...
1965-ci ildə Şamil həkimi Borçalının Dağ böl­gə­sinin ən gözəl güşəsi olan Başkeçid (indiki Dmanisi) ra­yonunun Xəstəxanasına Terapiya şöbəsinə müdir-həkim təyin etdilər...
Şamil həkim indi də Başkeçid (Dmanisi) ra­yonunun Xəstəxanasında şərəflə işləmək­də­dir...

Şamil həkim peşəkar, təcrübəli həkim kimi də Gür­cüstanın tanınmış həkim-alimləri arasında da böyük nüfuz qazanmışdır. Onun xalq qarşısındakı tibbi xidmətləri Gür­cüstan dövləti tərəfindən də layiqli qiymətləndiril­mişdir. O, "Səhiyyə əlaçısı"dır. Onlarla "Fəxri Fərman"lara layiq görülüb, fəal ictimaiyyətçidir...
Eyni zamanda Dma­nisi Bələdiyyəsinin səhiyyə komissiyasının sədridir...
Şa­mil həkim həm də gözəl ailə başçısı, qayğıkeş ata və sevimli babadır.
3 oğlu var. Oğlanları FuadFarmiz hə­kimdirlər, atalarının sənət yolunu şərəflə davam etdirirlər.

Nəhayət, Şamil həkimi anadan olmasının 75 illik Yu­bileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..

“Şərqin səsi” qəzeti, iyun, 2011.

Müşfiq BORÇALI. “Borçalı Ensiklopediyası”, IV cild, B., 2002, səh.70.

(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", III cild, Bakı, 2015, səh.334-337).


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: