ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV Azərbaycan elminin tanınmış simalarından olan görkəmlii dilçi-alim, məşhur türkoloq, istedadlı ədəbiyyatşünas, bacarıqlı tədqiqatçı, dəyərli ziyalı, əsl müəllim, təcrübəli pedaqoq, vətənpərvər, yursevər, zəhmətkeş və xeyirxah insan,
gözəl ailə başçısı, sevimli el ağsaqqalı, fəal ictimai xadim,
Nyu-York Elmlər Akademiyasının akademiki,
Türk dili Kurumunun üzvü,
filologiya elmləri doktoru, professor
Mədəd Namaz oğlu Çobanovun
2023-cü il iyunun 3-də vəfat etməsi
Azərbaycan elmi, təhsili və ictimaiyyəti üçün sözün əsl mənasında böyük itki oldu.


1937-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində dünyaya gəlmiş Mədəd Namaz oğlu, ilk təhsilini də, elə doğma kəndindəki orta məktəbdə almışdır.
A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitunun filologiya fakültəsini bitirdikdən sonra da doğma kəndindəki məktəbdə pedaqoji fəaliyyətə başlamış və bir il müəllim işlədikdən sonra əsgəri xidmətə yollanmışdır.
Əsgəri xidmət borcunu şərəflə yerinə yetirən Mədəd Çobanov 6 ay sonra təhsilini davam etdirmək üçün Zabitlər məktəbinə göndərilmişdir. O, burada da təhsilini uğurla başa vurmuş, leytenant rütbəsinə layiq görülmüşdür.
Hərbi xidmətini ləyaqətlə başa vuraraq, zabit kimi ehtiyata buraxıldıqdan və bir il Bolnisi rayon komsomol komitəsində çalışdıqdan sonra, Mədəd Çobanov irəli vəzifəyə çəkilmiş, Bolnisi rayon partiya komitəsinə təlimatçı təyin olunmuşdur. O, burada əmək fəaliyyətini davam etdirməklə bərabər, həm də Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil almışdır.

Gənc yaşlarından Azərbaycan dilinə, ədəbiyyatına və mədəniyyətinə olan sonsuz sevgi və məhəbbəti Mədəd müəllimin elmi mövzusunda da öz əksini tapmışdır. Namizədlik dissertasiyası mövzusunun adı - “Bolnisi rayon şivələrinin leksikası” olması bunun bariz nümunəsidir.
Mədəd müəllim yaxşı bilirdi ki, onun yaşadığı, boya-başa çatdığı torpaq müqəddəs Azərbaycanımızın ayrı düşmüş bir parçasıdır. Elə buna görə də, Borçalı şivələrini, Borçalı onomastikasını, Borçalı toponimlərini – yer yurd adlarını, antroponimlərini – şəxs adlarını və s. elmi tədqiqatının daima ana xətti hesab etmişdir.

1973-cü ildə Daşkənddə Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat İnstititinda 36 yaşlı bir gəncin namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etməsi sevindirici hadisə idi. Elə həmin ildən Mədəd Çobanov vaxtilə ali təhsil aldığı A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində əmək fəaliyyətinə başlamış və 1994-cü ilə kimi orada çalışmışdır. Əsl ziyalı və türkçü hörməti qazanan Mədəd müəllim insanların ürəyinə təkcə elmi fəaliyyəti ilə deyil, insani keyfiyyətləri ilə də nüfuz etməyi bacarmışdır. O mehriban, humanist, sadə, təvazökar xasiyyəti ilə hörmət qazanaraq, həmişə hamıya bacardığı qədər yaxşılıq etməyə, kömək göstərməyə çalışmışdır.
Çalışdığı institutda müəllim, dosent kimi fəaliyyət gostərən ziyalımız, pedaqoji fəaliyyəti ilə yanaşı daim elmi fəaliyyətini də davam etdirmiş, 1992-ci ildə Bakı Dövlət Universitetində “Azərbaycan antroponimiyasının əsasları” mövzusunda doktorluq dissertasiyasını müvəfəqiyyətlə müdafiə etmiş və 1993-cü ildə professor seçilmişdir.

1990-cı illərdə Gürcüstanda mövcud olmuş ictimai-siyasi hadisələrdən, soydaşlarımıza qarşı məlum təqib və təzyiqlərdən sonra, professor Mədəd Çobanov 1994-cü ildə Bakıya köçməyə məcbur olmuş, qalan ömrünü doğma Azərbaycanımızda elmi-pedaqoji fəaliyyəti ilə davam etdirmişdir.
Əvvəlcə Azərbaycan Elitar Universitetində rektor, sonra Azərbaycan Baş Pedaqoji Kadrlarının İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda ali məktəb müəllimləri fakültəsinin dekanı, daha sonralar isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert şurasının üzvü olmuş, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü - akademiki və Türk Dil Kurumunun üzvü seçilmişdir.
O, həm də Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru, bir çox qəzet və jurnalların redaksiya heyətlərinin, eləcə də, müxtəlif mükafat komissiyalarının rəyasət heyətlərinin üzvü olmuşdur.

Görkəmli ziyalı Mədəd Çobanovun onlarla alim və yüzlərlə müəllimin yetişməsində əməyi danılmazdır. Hətta onlardan bir çoxunun elmi rəhbəri, opponenti, rəyçi və məsləhətçisi də olmuşdur.

Altmışdan çox elmi əsərlərin müəllifi olan Mədəd müəllimin “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan onomastikası”, “Borçalı toponimləri”, Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”. “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Ədəbi düşüncələr”,” Dilçilik məsələləri” və digər əsərlərini misal göstərə bilərik. On beş monoqrafiyanın və səksəndən çox kitabın, dərslik və dərs vəsaitlərinin müəllifi olan Mədəd müəllim Çobanov yorulmadan çalışaraq, gələcək irsimiz üçün bir-birindən dəyərli əsərlərini yadigar qoymuşdur.

Onlarla Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, elmi-praktik seminarlarda və simpoziumlarda maraqlı məruzələrlə çıxış edən Mədəd müəllimin çoxlu sayda məqalələri və kitabları Azərbaycan başda olmaqla Türkiyədə, Rusiyada, Gürcüstanda və eləcə də Orta Asiya ölkələrində çap olunmuş, elmi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Mədəd Çobanovun 60, 70, 75, 80 illik yubileyləri Bakıda, Tiflisdə, Marneulidə və doğma Darvaz kəndində böyük təntənə ili qeyd olunmuş, onun haqqında filmlər çəkilmiş, verilişlər hazırlanmış və kitablar çap olunmuşdur.

Bir neçə orden, medal və müxtəlif mükafatlara layiq görülmüş görkəmli alim, çox hörmətli professor Mədəd Çobanov Prezident təqaüdünə də layiq görülmüşdür.

Mədəd müəllim gözəl alim olduğu qədər də, gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, əməkdar tibb işçisi Rima xanımla birlikdə özü kimi də beş layiqli övlad – beş ziyalı böyüdüb boya-başa çatdırmışdır. Beşi də ali təhsilli və ailəlidir. Oğlu və iki qızı alimdir.
Mədəd müəllim həm də sevimli baba idi: doqquz nəvəsi və on beş nəticəsi var. Nəvələrindən 8-i ali təhsilli, biri isə məktəblidir.

Əsl ziyalı, insani keyfiyyətlərə malik olan görkəmli alim haqqında keçmiş zamanda danışmaq o qədər də asan olmasa da, qeyd etməyə məcburuq ki, eldən və elmdən gedən ziyalımız – El və Elm ağsaqqalı, professor Mədəd Çobanov bundan sonra cismən aramızda olmasa da, mənən həmişə bizimlə olacaq, onun müqəddəs xatirəsi hər zaman əziz tutulacaq.
Əminik ki, əxlaqi və milli dəyərlərə, soyumuza-kökümüzə daima hörmətlə yanaşmış əbədiyaşar alimin – unudulmaz Mədəd müəllimin əbədi uyuduğu “Dədə-Qorqud” qəbristanlığındakı məzarı müqəddəs bir məkana çevriləcək, onun yetişdirdiyi çoxsalı alimlər, müəllimlər, ziyalılar hələ uzun illər onun haqqında xoş sözlər söyləyərək, onu böyük hörmət və sonsuz ehtiramla yad edəcəklər.
Azərbaycanın elm, təhsil, ədəbiyyat və mədəniyyət tarixində özünəməxsus yolu, dəstixətti olan görkəmli alim, professor el ağsaqqalı olan Mədəd Namaz oğlu Çobanov dəyərli əsərləri ilə bizlərdən sonra da uzun illər seviləcək və onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!


ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV
PƏRİXANİM MİKAYILQIZI,
“Şərqin Səsi”, “Elm və Təhsil”
qəzetlərinin baş redaktoru,
Dövlət qulluğunun baş müşaviri,
AJB-nin üzvü, şair, nasir, publisit,
F.b.Köçərlinin tədqiqatçısı,
“Professor Mədəd Çobanov adına
Xeyriyyə Fondunun Fəxri Diplomçusu,
“Abdulla Şaiq”, “Xurşudbanu Natəvan”,
“Xarı Bülbül”, “Zirvə” və bir çox
media mükafatları laureatı


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: