RESPUBLİKAMIZIN TORPAQ GERBLƏRİ

         RESPUBLİKAMIZIN  TORPAQ  GERBLƏRİ Sosial şəbəkədə respublikamızın şəhər və rayonlarının gerbləri ilə tanış olduqdan sonra torpaq gerbləri haqqında yazmaq qərarına gəldim.
Qeyd edim ki, gerb irslə ötürülən və ölkəni, şəhəri, nəsli, fərdi xarakterizə edən elementlərlə bəzədilmiş emblemdir. Gerblər aşağıdakı əsas qruplara bölünür: dövlət gerbləri, torpaq gerbləri, korporativ gerbləri (orta əsr sexləri), nəsil gerbləri (zadəgan nəsilləri). Dövlət gerbləri bayraq və himnlə birlikdə dövlət rəmzləri hesab olunur və bu hər bir ölkənin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 23) da öz əksini tapmışdır.Dövlət gerbi ilə yanaşı, eyni zamanda şəhər və rayonların özlərinin də gerbləri vardır ki, bu gerblər də torpaq gerbləri sırasına daxildir. Gerb embelem, simvol olduğu üçün o, mütləq xarakterik elementləri özündə cəmləşdirməlidir. Lakin respublikamızın bütün torpaq gerblərində bu amil heç də gözlənilməmişdir.Gerblərlə tanış olarkən bunu aydın hiss etmək olur.
Bakı (dəniz, alov),Mingəçevir (SES,çay, balıq) şəhərləri, Astara (dağ, dəniz, kələm, pomidor və s.), Ağdam (at), Beyləqan (pambıq, üzüm), Qazax (Göyəzən dağı, at, Sınıq körpü), Gədəbəy (arı, mis-üzərində formulu “Cu”), Xızı (dağ), Xaçmaz (dəniz, balıq, 1825-salındığı il), İmişli (elektrik cərəyanı), Lənkəran (qala, dəniz, limon, yaşıl çay yarpağı, lövbər), Lerik (dağ, uzunömürlü adam şəkili), Neftçala (dəniz, balıq, pambıq, kimya-yod zavodu), Salyan (ceyran, pambıq), Siyəzən (neft buruğu), Saatlı (pambıq, taxıl, çay, balıq, bidon), Samux (üzüm), Şəki (qala, Xan sarayına dair şəbəkə) və Yardımlı (dağ, qaramal) rayonlarının gerblərində həmin ərazilər üçün xarakterik elementlər təsvir edilsə də, digər şəhər-rayon gerblərində isə xarakterik elementlər qismən öz əksini tapmışdır. Xüsusi ilə respublikamızda narın vətəni kimi tanınan, hər il nar bayramının keçirildiyi Göyçay, alma və xalçası ilə məşhur olan Quba, qarpızı ilə tanınan Sabirabad, adı səslənərkən ilk olaraq tovuzquşunun göz önünə gəldiyi Tovuz və ölkə əhalisinin yarısını elektrik enerjisi ilə təmin edən Şirvanın (şəhər) gerbində müvafiq olaraq nar, alma-xalça, qarpız, tovuz quşu və elektrikk stansiyası-cərəyan şəklinin təsvir edilməməsi təəccüb doğurur. Gəncə şəhər, Masallı, Qobustan və Yevlax rayonlarının gerblərindəki təsvirlər isə ümumiyyətlə reallıqdan çox uzaqdır.

Sual olunur, görəsən dövlət gerbi ilə yanaşı yaşadığımız şəhər və ya rayonun da gerbini tanıyırıqmı? Tam əminliklə deyə bilərəm ki, əhalinin mütləq əksəriyyəti, xüsusi ilə ziyalı təbəqə bundan xəbərsizdir. Səbəb isə torpaq gerblərinin kağız üzərində qalmasıdır. Bir neçə il öncə Rusiyanın Orsk şəhərində olarkən orada şəhər meriyasının çox mərtəbəli binasının üzərində RF-nin dövlət gerbi olan ikibaşlı qartalın deyil, təkbaşlı qartalın təsvir edildiyi löhvənin asıldığını gördükdə çox təəccübləndim. Bunun səbəbini soruşduqda yoldaşlar təkbaşlı qartalın Orsk şəhərinin gerbi olduğunu bildirdilər.
Yaxşı olardı ki, bizdə də şəhərlərdə, rayon mərkəzlərində mərkəzi meydanlarda, istirahət parklarında, insanların sıx olduqları yerlərdə şəhər-rayon gerbinin təsvir edildiyi lövhələr vurulsun, torpaq gerbləri ilə bağlı plakatlar çap edilsin, idarə, müəssisə və təşkilatların giriş qapısında şəhər-rayon gerbi də asılsın.
Bu torpaq gerblərimizin tanınmasında mühüm rol oynayacaqdır.
Torpaq gerbini tanımaqla həmin ərazinin tarixi, təbiəti, təbii sərvətləri və iqtisadiyyatı haqqında ümumi məlumat əldə etmiş olarıq.

İldırım ŞÜKÜRZADƏ



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: