Nəcibə İlkin nuru Yeni nəşrlər 19 марта 2017 Novruz Bayramı ərəfəsində, ilaxır çərşəmbədə dəyərli yazar, publisist və şairəmiz Nəcibə xanım İlkin Azərbaycan oxucularına bayram töhvələrini - "SÖZÜN ÖLÇÜSÜ VƏ ÇƏKİSİ" və "KÖNLÜM NAĞIL İSTƏYİR" adlı kitablarını təqdim edib. ZiM.Az xəbər verir ki, kitabların təqdimatı Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilib. Nəcibə xanımın işığının və qəlbinin nuruna, ocağının və ürəyinin istisinə, ruhunun və sözünün cazibəsinə, kitablarının təqdimatına onun qələm dostları, sevənləri və media nümayəndələri toplaşmışıblar. Kitabların təqdimatı hamı üçün ikiqat bayrama çevrilib. Mərasimi açılış sözü ilə Azərbaycanın tanınmış yazıçısı Elçin Hüseynbəyli açıb. İlk növbədə o, Nəcibə xanımın timsalında bütün toplantı iştirakçılarını ilaxır çərşəmbəsi və qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik edib. O, Nəcibə xanımın Azərbaycan ədəbiyyatında önəmli şəxslərdən biri olduğunu xüsusi vurğulayıb. Elçin Hüseynbəyli Nəcibə xanımın fəaliyyətinin bütün dövrlərinin ədəbiyyatımız üçün səmərəli olduğunu söyləyib. Onun fikrincə, Nəcibə xanım müasir Azərbaycanın gənc yazarları üçün əvəzolunmaz bir örnəkdir. "Məhəbbəti yüksək zirvələrdə tutan Nəcibə xanımın əsərlərini oxuduqca, onların cazibəsinə düşməmək qeyri mümkündür." - Bu sözləri təqdimat zamanı şair Musa Ələkbərli deyib. O da öz növbəsində, Nəcibə xanımı bu xoş gün münasibəti ilə səmimi qəlbdən təbrik edib. Daha sonra ədəbi mühitimizin tanınmış simalarından Balayar Sadiq , Vaqif Hicran, Narıngül Nadir, Kamil Nehrəmli, Fərqanə Mehdiyeva, Bəsti Bərdəli, Sadiq Qarayev, Şəfəq Sahibli, İlqar Türkoğlu və müəllifin digər qələm dostları Nəcibə xanımın bir ana, vəfalı həyat yoldaşı və ictimai xadim kimi müsbət cəhətlərini qeyd ediblər. Çıxış edənlər Nəcibə xanımın gənc istedadların araşdırılıb üzə çıxmasında, onların inkişafı yolunda atdığı müsbət addımları, etdiyi səyləri təqdirəlayiq və vətənimiz üçün çox vacib bir amil kimi dəyərləndiriblər. Ümumiyyətlə, Nəcibə xanım elə xarakterə malik bir insandır ki, onunla ilk tanışlıqdan insanda belə təəssürat yaranır ki, sanki onunla uzun illərdir dostsan. Yəni bu insanın daxili paklığı və alicənablığı, eyni zamanda insanlara istiqanlı münasibəti, onun haqqında müsbət fikirlər formalaşdırır. Nəcibə xanım bilik və bacarığını yorulmadan və əsirgəmədən cələcək nəsillərə ötürməyi özünün mənəvi borcu və Tanrı qarşısında əlahiddə xidməti sayır desəm yanılmaram. Nəcibə xanımın Vətəninə, Millətinə və Dövlətinə hədsiz bağlılığı onun sözün əsl mənasında Vətənpərvər olmasından qaynaqlanır. Elə məhz bu səbəbdəndir ki, əsərlərinin əsas qayəsi yurdumuzun, xalqımızın və dövlətimizin firavan olması üstündə köklənmişdir. Nəcibə xanımın Vətənpərvərlik ruhunda yazılmış əsərləri gənc nəslin düzgün istiqamətləndirilməsində və maariflənməsində bir mənalı olaraq çox gərəkli mənbədir. Bir sözlə, onun yazdığı əsərlər, müxtəlif oxucu təbəqələrinin təlabatını ödəyəcək dərəcədə aktual və qəbulediləndir. Təqdimetmə mərasimin sonunda söz müəllifə verilib. O, ilk öncə kitablarının təqdimatına toplaşanlara etdikləri diqqətə görə öz minnətdatlığını bildirib və hamını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Nəcibə xanım yaradıcılığını izləyənlərə və dəyər verənlərə bir daha hədsiz təşəkkürünü bildirib. Eyni zamanda o, deyilən sözlərə, fikirlərə və rəylərə görə məmnunluğunu da gizlətməyib. Sonda xatirə üçün foto-şəkillər çəkilib.Əziz və dəyərli oxucular, Nəcibə İlkinin timsalında sizlər bayram öncəsi iki töhvə, iki dəyərli kitab əldə etmək imkanına sahib olursunuz. Bu Novruz bayramı ərəfəsində dəyərli yazarımız Nəcibə İlkin "SÖZÜN ÖLÇÜSÜ VƏ ÇƏKİSİ" və "KÖNLÜM NAĞIL İSTƏYİR" adlı kitabları ilə sizlərin görüşünə gəlir. Zənnimcə bu kitabların şəxsi kitabxananızda xüsusi yeri və çəkisi olacaq. Çünki kitab rəfinizdən dünyanıza Nəcibə İlkin nuru saçacaq... Biz də, ZiM.Az olaraq, öz növbəmizdə çox hörmətli Nəcibə xanımı yeni kitablarının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.