ADPU-da “Türk epos düşüncəsi yazılı mənbələrdə” mövzusunda Respublika elmi konfransı keçirilib ADPU, "Elm və Təhsil" 20 ноября 2015 Noyabr ayının 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Kitabi-Dədə Qorqud”-un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illik yubileyinə həsr olunmuş “Türk epos düşüncəsi yazılı mənbələrdə” mövzusunda Respublika elmi konfransı keçirilib. Qeyd edək ki, konfransdan öncə universitetdə “Kitabi-Dədə Qorqud” dastanının tarixini, dastanın xüsusiyyətlərini, bu mövzuda aparılan tədqiqatları və görülmüş işləri əks etdirən əsərlərdən ibarət sərgi nümayiş etdirilib. Konfransı giriş sözü ilə ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev açıb. Professor Vilayət Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev bu il fevral ayının 20-də milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Dədə Qorqud” dastanlarının böyük əhəmiyyətini nəzərə alaraq, qorqudşünaslığın sistemli fəaliyyətinin təmin edilməsi məqsədi ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında 1059 nömrəli Sərəncam imzalamışdır. Həmin Sərəncamda qeyd edilir ki, 2015-ci ildə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. Böyük mənəvi və siyasi əhəmiyyət daşıyan Sərəncamda o da vurğulanır ki, ötən müddət ərzində “Dədə Qorqud” dastanları ilə bağlı çox sayda araşdırmalar aparılmış və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli şəkildə qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinin Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, “Kitabi-Dədə Qorqud”un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramını hazırlayaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim etmələri və Nazirlər Kabinetinin bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi öz əksini tapmışdır. Təhsil naziri hörmətli cənab Mikayıl Cabbarov da bu il aprel ayının 1-də bu barədə 346 nömrəli əmr imzalamışdır. Bizim bu gün keçirdiyimiz respublika elmi konfransı da yuxarıda qeyd etdiyim Sərəncama və əmrə uyğun olaraq keçirilən bir elmi tədbirdir. Onu da qeyd etmək istəyirəm ki, həmin Sərəncam və əmrin icrasını təmin etmək məqsədilə bu il oktyabr ayının 10-da universitetdaxili əmr imzalanmış və hazırlanmış tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlərin hazırlanması və keçirilməsi üçün universitetdə mənim sədrliyimlə 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılmışdır. Qeyd etdiklərimdən əlavə, ADPU-nun filoloq və tarixçi alimlərinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illik yubileyi ilə bağlı ölkə mətbuatında çoxsaylı yazıları dərc edilmişdir. Xalqımızın dahi oğlu, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın qədim və böyük tarixinə, zəngin mədəni irsinə, adət-ənənələrinə, yüksək milli-mənəvi dəyərlərinə, söz hikməti xəzinəsinə yüksək qiymət vermiş, bu dəyərlərin qorunması, yaşadılması və gənc nəslə çatdırılması üçün məqsədyönlü fəaliyyət həyata keçirmişdir. Bu baxımdan, ulu öndər Heydər Əliyevin bütün Türk dünyasının həmişəyaşar abidəsi sayılan “Kitabi - Dədə Qorqud” eposuna göstərdiyi qayğı və diqqəti xüsusi qeyd etmək istəyirəm. Dahi milli liderimiz Heydər Əliyev 1997-ci il aprel ayının 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında” Fərman, 1999-cu il fevral ayının 21-də isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” Sərəncam imzalamışdır. Ulu Öndərimizin bu Fərman və Sərəncamı tarixi irsin qorunub saxlanmasında və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında əvəzsiz rol oynamışdır. Bu Fərman və Sərəncamın verilməsi nəticəsində respublikamızda və bir çox xarici ölkələrdə çoxsaylı tədbirlər keçirildi, yeni nəşrlər meydana gəldi. “Kitabi-Dədə Qorqud” ensiklopediyası, məqalələr çap olundu, oxucular üçün sadələşdirilmiş variantı işıq üzü gördü. Rəsm əsərləri çəkildi, şeirlər yazıldı. 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi Türk dünyasının bu möhtəşəm abidəsinin tədqiqatı tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Dövlət başçımız cənab İlham Əliyev də “Kitabi-Dədə Qorqud” dastanına xüsusi qayğı və diqqət göstərir. Son illər Bakıda Dədə Qorqud parkı salınıb, Dədə Qorqud abidəsi ucaldılıb, eyni zamanda dastanın motivləri əsasında çoxseriyalı filmin çəkilişi nəzərdə tutulur. Ölkə Prezidentinin böyük alman şərqşunası Fridrix fon Dits tərəfindən “Kitabi-Dədə Qorqud”un elm aləminə tanıdılmasının 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncam da milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin milli ruhda tərbiyə olunmasına yönələn qayğının əyani ifadəsidir. Bu Sərəncam həm də Azərbaycanda, eləcə də bütün Türk dünyasında milli düşüncənin, soy-kökə bağlılığın güclənməsinə göstərilən qayğının bariz nümunəsidir. Sərəncam eyni zamanda azərbaycançılığın və türkçülüyün beynəlxalq aləmdə daha geniş miqyasda tanıdılmasına, təbliğ olunmasına xidmət edir. “Kitabi-Dədə Qorqud” Türk dünyasının çox qiymətli abidəsidir. Qərb dastanlarında salnaməçiliyə, Şərq dastanlarında isə poetikaya, şeirə meyil güclüdür. “Kitabi-Dədə Qorqud” mükəmməl nəzm və nəsrin vəhdətindən yaranan abidədir, burada mənsub oldugu xalqın böyük idealları əks olunmuşdur. Türk dünyasının böyük qorqudşünas alimləri Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Həmid Araslı, Fuad Körpülü, Məhərrəm Ergin, Şamil Cəmşidov, Səfərəli Babayev və digərləri “Kitabi-Dədə Qorqud” la bağlı mükəmməl tədqiqatlar aparmış, mühüm elmi nəticələrə nail olmuşlar. Qeyd etmək istəyirəm ki, bu günlərdə AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə birlikdə “Kitabi-Dədə Qorqud” un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illik yubileyinə həsr olunmuş “Epos və etnos” adlı beynəlxalq simpozium keçirib. Eyni zamanda Bakı Beynəlxalq Multikultralizm Mərkəzi Bilik Fondu ilə birlikdə “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı respublikamızın müxtəlif rayon və şəhərlərində bir çox tədbirlər keçirib və bütövlükdə bu mövzu ilə əlaqədar Azərbaycan alimlərinin 50-dək mühazirəsi dinlənilib, 100-dək orta ümumtəhsil məktəbində “Kitabi-Dədə Qorqud” mövzusunda inşa müsabiqələri keçirilib. Həmçinin “Kitabi- Dədə Qorqud” bir neçə dilə çevrilərək nəşr olunub və yaxın vaxtlarda bu istiqamətdə görüləcək işlərin miqyası daha da genişləndiriləcəkdir. Bunlarla yanaşı, bu yaxınlarda Türkiyədə və Naxçıvanda bu mövzuda beynəlxalq simpoziumlar keçirilib, yerli və xarici alimlərin silsilə mühazirələri təşkil edilib. Belə tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulur. Konfransın plenar iclasında ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov “Kitabi-Dədə Qorqud: yaddaş tariximizin dünəni və bu günü” , “Dədə Qorqud” Elmi-tədqiqat laboratoriyasının müdiri, professor Ramazan Qafarlı “Türk epos ənənəsi və Kitabi-Dədə Qorqud”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyev “Dədə Qorqud Kitabı azərbaycan dilindədir” mövzularında məruzə ilə çıxış ediblər.İki gün davam edən konfransda Türkiyə Respublikasının Qazi Universitetinin, Ukrayna Respublikasının Taras Şevçenko adına Kiyev Milli Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Gəncə Dövlət Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Nizami adına Ədəbiyyat İnstitutunun, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, Füzuli adına Əlyazmalar İnstitutunun, Folklor İnstitutunun, AMEA-nın Müasir İnnovasiyalar Liseyinin, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun, Odlar Yurdu Universitetinin, Qərb Universitetinin alim və mütəxəssisləri, həmçinin AMEA-nın Hüseyn Cavid Ev-Muzeyinin, Texniki–Humanitar Liseyin, Ağdam Rayon İcra Hakimiyyətinin və Bakı şəhər 35 nömrəli tam orta məktəbin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, konfransın plenar iclasında 1 giriş nitqi, 3 məruzə dinlənilib. Konfransın 5 bölmə üzrə keçirilən iclaslarında isə 96 məruzə dinlənilib. Konfransada fərqlənənlərə sertifikatlar təqdim edilib.Mensur İbrahimli Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.