RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..ANAR HACIYEV,
tibb xidməti polkovniki
(1974-2016)


Anar Eldar oğlu Hacıyev 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Əslən qədim Borçalının Bolus (indiki Bolnisi) rayonunun Darvaz kəndindəndir.
Şair Eldar Hacıyevin (Eldar Eloğlunun) oğludur.

O, 1990-cı ildə Bakıdakı 115 saylı orta məktəbi Qızıl medalla bitirmiş və elə həmin il bir “əla” qiymətlə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuşdur.
1997-ci ildə həmin institutu Fərqlənmə diplomu ilə bitirib, pediatr-cərrah ixtisasına yiyələnmişdir.

Anar Hacıyev bir il Qarayev adına uşaq xəstəxanasının cərrahiyyə şöbəsində internatura keçmişdir.

O, hələ tələbə ikən əmək fəaliyyətinə başlamış, Bakıdakı Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibb qardaşı işləmişdir.

1998-ci ildən isə əmək fəaliyyətini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Binə qəsəbindəki 3 saylı İslah Əmək Müəssisəsində davam etdirmişdir.

Anar Hacıyev tibb xidmət leytenantı rütbəsində həkim-cərrah vəzifəsində çalışmaqla qısa bir müddətdə öz biliyi, savadı və nizam-intizamı ilə kollektivin böyük hörmətini qazanmışdır.
Elə buna görə də, onun hərbi rütbələri həmişə vaxtından əvvəl yüksəldilmişdir: Baş leytenant, kapitan, mayor, polkovnik-leytenant.
Nəhayət, Anar Hacıyev Cərrahiyyə şöbəsinin rəisi təyin olunmuş və ona tibb xidməti polkovniki rütbəsi verilmişdir.

O, dəfələrlə xarici ölkələrdə ezamiyyətlərdə olmuş, Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmiş və hər dəfə də respublikamızı şərəflə təmsil etmişdir.
Elə buna görə də o, bir neçə dəfə Fəxri fərman və Təşəkkürnamələrlə təltif olunmuşdur.

Anar Hacıyev həm də gözəl ailə başçısı idi: Bir oğlu və bir qızı var.
Onun hələ qarşıda nə qədər arzuları, planları var idi...

Amma təəssüflər olsun ki...
2015-ci ilin sentyabrında amansız xəstəlik onu vaxtsız olaraq yaxalamış və elə həmin xəstəliklə də əlaqədar olaraq, məcburi qaydada təqaüdə çıxmışdır.
Anar Eldar oğlu Haciyev düz bir il fasiləsiz olaraq müalicə almasına baxmayaraq, 2016-cı il sentyabrın 15-də vəfat etmişdir.
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..

Müşfiq BORÇALI.
"ŞƏRQİN SƏSİ",
1 Oktyabr, 2016


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: