“Hüquq və rəqəmsallaşma” - “Law and Digitalization” mövzusunda seminar keçirilib "Elm və Təhsil", Hüquq 7 сентября 2019 ADA Universitetində “Hüquq və rəqəmsallaşma” - “Law and Digitalization” mövzusunda seminar təşkil edilib.Tədbirdə Martin Lüter Halle-Vittenberq Universiteti, Tallin Texniki Universiteti, ADA Universitetinin professor və tələbələri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri məruzə ilə çıxış ediblər.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov çıxışında bildirib ki, bu gün rəqəmsallaşma prosesləri həyatımızın bütün sahələrini əhatə edir. Ölkəmizdə rəqəmli iqtisadiyyatın formalaşdırılması, rəqəmli hökumətin qurulması, informasiya cəmiyyətinin inkişafı istiqamətində işlər aparılır. Biz innovasiyaların və yüksək texnologiyaların tətbiqi ilə ölkə iqtisadiyyatının diversifikasiyasını sürətləndirə bilərik. Məhz buna görə də bu, cənab Prezidentin hökumət qarşısında qoyduğu vacib tapşırıq və dövlət siyasətinin əsas prioritetlərindən biridir.Nazirlik rəsmisi qeyd edib ki, bu proses öz növbəsində hüquqi tənzimlənmə tələb edir. Söhbət təkcə müvafiq normativ aktların qəbulundan getmir. Əsas məsələ kadrların hazırlanmasıdır.“Bugünkü tədbirdə dövlət və elm sahəsində çalışan hüquqşünaslar toplanıb. Bu, dialoq qurmaq, Azərbaycanda rəqəmsallaşdırma prosesinin intensivləşməsi, elm və təcrübəni bir-birinə yaxınlaşdıraraq dəyər qazandıracaq platforma yaratmaq üçün bir fürsətdir. Məhz bu hədəflər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin prioritetlərini təşkil edir”, - deyə Rəşad Əzizov vurğulayıb.Tədbirdə yerli və beynəlxalq ekspertlər, habelə Avropanın tanınmış ali məktəblərinin professor və müəllimlərinin rəqəmsal erada informasiya hüququ, rəqəmli bazarların harmonizasiyası, süni intellekt və əşyaların interneti kimi yüksək texnologiyaların hüquqi tənzimlənməsi və qeyd olunan sahədə kibertəhlükəsizliyin müstəsna əhəmiyyəti üzrə Avropa təcrübəsinə əsaslanan informativ təqdimatları dinlənilib. Bununla yanaşı, seminar çərçivəsində ölkəmizdə “Rəqəmsal Hüquq Laboratoriyası”nın - “Digital Law Lab” yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.Aytac MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.