Əziz Abbasov (1951) Qaracalar, Müşfiq Borçalı 27 декабря 2018 Əziz Abbasov - 1951-ci il noyabrın 2-də Gürcüstanın Telavi rayonundakı Qaracalar kəndində anadan olub. 1958-1968-ci illərdə Qaracalar kənd orta məktəbində oxuyub. 1969-cu ildə Y.Qoqebaşvili adına Telavi Dövlət Pedaqoji İnstitutunun tarix fakultəsinə daxil olub və 1973-cü ildə həmin fakultəni uğurla bitirib. 1973-1974-cü dərs ilindən pedaqoji fəaliyyətə başlayıb. Telavi şəhərindəki 52 saylı texniki-peşə məktəbində ictimaiyyətdən dərs deyib. 1974-cü il noyabrın 1-dən 1975-ci il oktyabrın15-ə kimi Qaracalar kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışıb. 1975-ci il oktyabrın 15-dən 1985-ci ilin 25 sentyabrına kimi Qaracalar kənd orta məktəbində müəllim işləyib. 1985-ci ildən hal-hazıra qədər dərs hissə müdiridir.Ə.Abbasov doğma kəndinin tarixini, gürcü və Azərbaycan xalqlarının keçmiş və müasir dostluq münasibətlərini araşdırmaqla məşğul olur. Ailəlidir, 3 övladı və 8 nəvəsi var.2008-ci ildə Əziz Abbasovun «QARACALAR KƏND MƏKTƏBİNİN TARİXİ. (1886-2006-CI İLLƏR)» adlı kitabı işıqüzü görüb. "Borçalı" NPM-də nəfis şəkildə çap olunmuş kitabın naşiri, spinsoru və redaktoru Müşfiq Borçalıdır.Müəllifin «Sevimli müəllimim Kəliymət Aşırovanın və unudulmaz şagirdim Raul Usubovun əziz xatirəsinə ithaf edirəm» epiqrafı ilə açılan kitaba Y.Qoqevaşvili adına Telavi Dövlət Universitetinin Politologiya kafedrasının müdiri, tarix elmləri doktoru, professor Elquca Mamukelaşvili belə bir «ÖN SÖZ» yazmışdır:«Əlimizdə Əziz Abbasovun kitabının - «Qaracalar kənd məktəbinin tarixi (1886-2006-cı illər)» əlyazması vardı. Əlyazmanın diqqətlə oxunması mənə göstərdi ki, Kaxeti bölgəsinin Telavi rayonuna daxil olan Qaracalar kəndi əhalisinin timsalında ən qədim xalqların nümayəndələri Gürcüstanda olduqca maraqlı həyat yolu keçmişlər.Qaracalar Alazan çayının sağ sahilində yerləşir və böyük kənddir. Kəndin ilkin sakinləri Gürcüstanda çox erkən əsrlərdə məskunlaşıbdır. Kaxetiyada məskunlaşan qaraçalarlılar özlərinin milli xüsusiyyətlərini, dilini, dinini və mədəniyyətini bu günə kimi qoruyub saxlamışlar. Onlar Gürcüstan torpağında məskunlaşdılar və bu diyarın həyat tərzinə uyğunlaşdılar. Onlar yerli əhali ilə qaynayıb qarışmadılar, assimiliyasiya edilmədilər. Assimiliyasiya qaracalarlıların gələcək nəsillərinə də toxunmadı. Bu böyük işdə kənd məktəbi və gürcü xalqının təmənnasız yardımı və dostluğu həlledici rol oynadı. Qaracalar məktəbinin tarixi - nəsillərin təlim-tərbiyəsi, savadlı cəmiyyətin təşkili, kənd sakinlərinin yüksək mənəviyyatının formalaşması tarixidir. Əlimizdəki kitab müəllifin - Əziz Abbasovun böyük yaradıcılıq istedadının bəhrəsidir. Kitabda əks etdirilən bir kənd məktəbinin həyatının təhlili ilə Gürcü və Azərbaycan xalqlarının dostluq münasibətləri, onlarla maarif fədaisinin xidmətləri öz əksini tapmışdır.2006-cı il fevralın 8 - də məktəbin 120 yaşı tamam oldu.Kitabda məktəbin 120 illik tarixi ilə bağlı sənədli və maraqlı materiallar da oxucuya çatdırılır. Kitab maraqla oxunur. Diqqətlə oxüyün! Müəllifə - Əziz Abbasova davamlı yaradıcılıq uğurları arzulayırıq!..»Biz də professor Elquca Mamukelaşvilinin bu səmimi arzularına qoşulur, Əziz müəllimə uzun ömür, möşkəm cansağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!..Müşfiq BORÇALI,«Şərqin səsi» qəzeti, dekabr, 2008-ci il.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.