QURBAN İSGƏNDƏROV (1959)

Qurban İsgəndərov - 1959-cu il iyunun 20-də Gürcüstanın Laqadexi rayonundakı qədim Qabal kən­dində anadan olub.
Həmin kənddəki orta məktəbi bitirib, əsgəri xidmətə yollanıb. Əsgəri xidmət borcunu yerinə yetirdikdən sonra 1980-ci ildə ADPU-nun coğrafiya-biologiya fakultəsinə qəbul olub. 1985-ci ildə ali təhsilini əla qiymətlə başa vuraraq, təyinatla İsmayıllı rayonuna coğrafiya-biologiya müəl­limi göndərilib.
1988-ci ildə təyinat müddəti qur­tardıqdan sonra doğma Qabal kəndinə qayıdıb, müxtəlif məktəblərdə müəl­lim işləyib.
Qurban İsgəndərov həm də poeziya həvəskarıdır. Tələbəlik illərindən bu günə qədər qəzet sə­hifələrində ara-sıra şeirləri, müxtəlif yazıları dərc olunur.
Ailə­lidir, bir oğlu, bir qızı var.
Biz də Qurban İsgəndərova yeni-yeni yaradıcılıq uğurları arzulayır və bir neçə şeirini aşağıda oxucularımıza təqdim edirik.

«Şərqin səsi» qəzeti, N: 08 (204), Dekabr, 2007-ci il.


ANA


Dilimdə, qəlbimdə "ana" kəlməsi
Min yol ana dedim, heç bezəmmədim.
Sıxdı məni evdə, soyuq divarlar
Əl açıb, oynayıb bir süzəmmədim.

Hanı nazlı yarım, gözəl sevgilim,
Qız balam, o körpəm, ətirli gülüm
Doyunja əlinə dəymədi əlim,
Bu gözəl aləmdə mən gəzəmmədim.

Duysun dərdlərimi günahsız atam,
Namərd kəlməsiylə quruldu xatam
Özüm öz ömrümə etdirdim xitam,
Qırılmış "ürəyi" tək düzəmmədim.

Özümə dost sandım, zülmət gejəni,
Çox götür-qoy etdim olub keçəni.
Qurbanam, siz zəif bilməyin məni
Ayrılıq-həsrətə heç dözəmmədim.


QABALIM

Hər el-obanın öz gözəlliyi var,
Cənnət bir diyardır ana Qabalım.
İlin dörd fəslində çiçəklər açar,
Bülbül tək oxuyar sona Qabalım.

Üst yanı Gənjəli, Uzuntala var,
Sağdan qujaqlayıb gül Qaracalar.
Gözəllərə görüş yeri Bağçalar,
Qızların əlində xına, Qabalım.

Xalqına bəllidir əhd ilə vəfan,
Səni sevənlərdən azalmaz şəfan.
Dərdlərə məlhəmdir su ilə havan,
Hərarətin qopur qana, Qabalım.

Söylə, Günəşmisən, qızıl tacmısan?
Hər tərəfə parlaq nurun saçmısan.
Yeni bir eraya qədəm açmısan,
Mübarək ad günün! Oyna Qabalım.

Aləmə sirlidir tarixi-yaşın,
Heç zaman bəlalar çəkməsin başın.
Namərd əli ilə titrəsə daşın,
Ağlar qurban deyər - Can, a Qabalım,
Mənim ana yurdum, ana Qabalım.


GÖZLƏRİN

Niyə elə baxdın , ay nazlı sonam,
Etdi ürəyini para gözlərin.
Düzü bilməmişdim, hardan biləydim,
Sevəni salarmış tora gözlərin.

Yanağın gül açır bilirəm nədən,
Mən səni ürəkdən, candan sevəndən.
Qoyma aşiqini dolansın gendən,
Arzu-diləyidi qara gözlərin.

Həmişə səndədi şair xəyalım,
Ümid işığımsan qoyma qaralım.
Dönmərəm yolumdan mənim maralım.
Etsin dərdlərimə çarə gözlərin.

Qurbanın könlünün sən sarmaşığı,
O sənin ömrünün son yaraşığı.
Əsirgəmə ondan gözün işığı,
Boyasın ömrünü nura gözlərin.


ÖPÜM

Bir az yana elə tər köynəyini,
İcazə ver məxmər sinəndən öpüm.
Məxmər sinən üstə gözəl görünən,
Şamamaya bənzər məməndən öpüm.

Ömrümə məlhəmdir zərif gülüşün,
Ayrı ləzzəti var, hər bir görüşün.
De, öpməmişəmsə sənin nə işin,
Gecikmişəmsə, qoy bu gündən öpüm.

Elə gözəlsən ki, maralsan, maral,
Səni sevən kimsə edərmi xəyal?
Gözəllər söyləsə: məndən öpüş al,
İncimə hamsını qoy, səndən öpüm.

Hey baxmaq istərəm, xumar gözünə,
Totuq qollarına, qəşəng dizinə.
Günəş də vurulub, günəş üzünə,
Rüxsarna nur olan o gündən öpüm.

Dişlərin mirvari, sədəf düzümü,
İstərəm üzünə qoyam üzümü.
Qurban İsgəndərəm, eşit sözümü,
Üzündən dişləyib, çənəndən öpüm.


BARIŞIQ

Qəlbimi əridir, yar dönüklüyü,
Üzü dönük olma, gülək barışaq.
Mənə dərdin vermə, yer ilə göyün.
Gülüm buna dözməz ürək, barışaq.

Qəlbimin aynası səni bilmişəm,
Gözlərin sonası səni bilmişəm,
Şerimin mənası səni bilmişəm,
Gəl, gülüm, sevilək, sevək, barışaq.

Qoyma talan edə hicran qəlbimi,
Mən səndən de, necə üzüm əlimi?
Baxmayaq sevgiyə, əyləncə kimi.
Biz onun qədrini bilək, barışaq.

Qurban həsrətindən olubdə xəstə,
Həmişə fikirli , qulağı səsdə,
Eşit sözlərimi, ay boyu bəstə,
Bircə çarəmiz var, gərək barışaq.

«Şərqin səsi» qəzeti, N: 08 (204), Dekabr, 2007-ci il.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: