Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ NECƏ YARANMIŞDIR?... Borçalı, Bolus, Darvaz, Digər, Arxiv, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti, Köşə yazılar 27 октября 2015 Müşfiq BORÇALI[email protected]Toponimik mülahizələrdən məlumdur ki, bu və ya digər toponimin yaranmasına və tarixən yaşamasına, ilk növbədə, həmin regionda yaşayan qəbilə, tayfa və xalqın varlığı, həmçinin, həmin yerin təbii görünüşü və relyefi təsir edir. Borçalı toponiminin yaranmasına da məhz bu amillər öz təsirini müəyyən dərəcədə göstərmişdir.Bəs, «Borçalı» toponimi necə yaranmışdır? Bu sualın cavabını, əlbəttə, sözün özündə, ifadə etdiyi mənada axtarmaq lazımdır. Bəri başdan onu da qeyd edək ki, hələ qədim zamanlardan Borçalıda türkdilli tayfaların yaşaması haqqında istənilən qədər tarixi faktlar var və «Borçalı» toponiminin türk köklü olması şübhəsizdir. Toponimik ədəbiyyatda ya bilavasitə, ya da ötəri şəkildə Borçalı sözünün etimologiyası ilə bağlı bir-birinə zidd bir neçə fikir mövcuddur. Bəzi müəlliflər Borçalı toponimini «Boşçala» (boş çala, çökəklik), «Borcalı» (borcalan və yaxud borcverən Alı), «Boşqalı» (boş, kimsəsiz, sahibsiz qalmış çöl, yer), «Borçalı» (cavan üzüm çalası, şərab çalası), «Bozçala» (boz yer) və s. kimi şərh etmişlər. O cümlədən, A.Bakıxanov «Gülüstani-İrəm» əsərində Borçalı toponimini Boz çala, M.Kaşqarlı isə Bor çala kimi açıqlamışdır. Bizcə, bu şərhlərlə razılaşmaq olmaz.F.Kırzıoğlu «Dədə Qorqud oğuznamələri» adlı əsərində isə A.Zəki, B.Toqan və başqalarının istinad etdiyi mənbələrə əsaslanaraq, borçalıları Sabirlər tayfasına qonşu olan «boruskların» - bulqarların digər bir qolu olan Boroç-Boroçoğlu tayfası ilə əlaqədar olduğunu və onların Kür çayının orta axarının sağ sahilində əski Qoqaren ölkəsinin doğu (şərq) hissəsində «borçalılar» adı ilə yaşadıqlarını qeyd edir. Bu mülahizə də inandırıcı görünmür. Çünki dil səviyyəsi baxımından Boroçoğlu və Borçalı sözləri arasında tam yaxınlıq yoxdur. Doğrudurr, həmin sözlərin ilk üç səsi (b, o, r) eynidir. Lakin həmin səslərin eyniliyi Borçalı toponiminin Boroçoğlu etnonimindən (və ya sözündən) törəməsini söyləməyə əsas vermir. Ona görə ki, Azərbaycan dilinin fonetik qanun və ya hadisələri arasında «o» və «ç», «a» və «ç» səslərinin yerdəyişməsi, həmçinin, «oğlu» sözündəki ilk «oğ» ünsürünün düşməsi hadisəsi yoxdur. Deməli, Borçalı toponiminin Boroçoğlu etnonimi əsasında düzəlməsi haqqında olan mülahizəni də dil faktları təsdiq etmir. Ümumiyyətlə, yüzlərlə, minlərlə türk köklü toponimlərdə olduğu kimi, Borçalı toponiminin etimologiyası da qədim türkdilli tayfanın adı və yerin relyefi ilə bağlıdır. Borçalı toponimi «bor» (bori) və «çalı» (çal, çöl) sözlərinin birləşməsindən əmələ gəlməsi fikrini söyləyənlər də vardır. Bu fikir də tamamilə ağlabatan deyil. Çünki bu toponimin birinci komponenti qədim türk dillərində «qurd» mənasında işlənən «bori» tayfasının adından götürülmüşdür. Bu da təsadüfi deyil. Birincisi, qurd qədim zamanlarda türkdilli xalqların totemi olmuşdur. İkincisi, qədim türklər hələ köçəri həyat keçirdiyi zaman çox döyüşkən və cəsur tayfalar olmuşlar (bu onların adlarında da əks olunmuşdur). Heç təsadüfi deyil ki, hələ «Kitabi-Dədə Qorqud» dastanında «Qurd üzü mübarəkdir» kimi ifadələrə rast gəlirik. İndi də xalqımız arasında «Qurd oğlu qurd olar», «Qurddan olan kəsəyən olar» kimi yığcam və dərin məzmunlu atalar sözləri vardır. Güman ki, elə həmin atalar sözləri də öz başlanğıcını və özülünü qurdlar tayfasının adından almışdır. Beləliklə aydın olur ki, Borçalı toponiminin birinci komponenti «bori» (qurd) sözü əsasında formalaşmışdır.Tarixi sənədlər qurd sözü əsasında düzəldilmiş kənd adlarının olduğunu da təsdiq edir. 1728-ci ildə tərtib olunmuş «Dəftəri-müfəssəli-əyaləti-Tiflis» dəftərində Təkəli oymağının Qurdlar kəndinin adı da qeyd edilmişdir. Həmin kəndin adı hazırda təhrif olunmuş şəkildə - Kürdlər kimi işlənilir. Bundan başqa, Bolnisi rayonunda Bolulus-Kəpənəkçi yaxınlığında Qurdlar, Darvaz kəndinin yaxınlığında isə Qurdoğlunun qoruğu adlı böyük oronimlər (toponimlər) indi də vardır.Borçalı toponiminin ikinci komponenti isə «çalı» (çal) qədim türk dilində təpə mənasında işlənən «çal» sözü ilə bağlıdır. İndi də Bolnisi rayonundakı Aşağı Qoşakilsə kəndi yaxınlığında «Uzun çal» (uzun təpə), Başkeçid - Dmanisi rayonundakı Yırğançay kəndi yaxınlığında «Yumru çal» (yumru təpə) adlı yerlər də vardır. Bu isə, hər şeydən əvvəl dini panteonumuzda dağa, təpəyə, yüksəkliyə olan inamla bağlı olmuşdur. (Qədimdə qalaların dağ başında, sıldırımlıqlarda tikilməsi fikrimizi sübut edir. Dəvəçi rayonundakı Çıraq-Qalanı, Marneuli rayonundakı Ağcaqalanı, Bolulus-Bolnisi rayonundakı Qoçulu qalasını, Koroğlu qalalarını və s. xatırlayın.)Deməli, «Borçalı» toponiminin ümumi mənası «borilərin təpəsi», yəni «qurdlar təpəsi» deməkdir. Borçalı ərazisinin üçdən iki hissəsinin dağlıq olduğunu yada salsaq, fikrimiz daha aydın şəkildə təsdiq olunur.Digər bir tədqiqata və mülahizəyə görə, «Borçalı» toponimi bu ərazilərdə lap qədim zamanlardan - eramızdan əvvəlki I minillikdə yaşamış Türk tayfalarından birinin adı ilə - qarapapaqlar tayfasının ən böyük qolu olan «Borçalı»ların adı əsasında təşəkkül tapmışdır. Bu mülahizəni gürcü tarixçiləri etiraf etsələr də, onun qədim tarixə malik olmasını qəbul etmirlər. Halbuki, «Bu adın tarixi miladdan əvvəl (yəni, eramızdan əvvəl - M.Ç.) birinci minilliyə, Türklərin Şimali Azərbaycanda məskunlaşdığı dövrə aiddir». Yuxarıda qeyd olunan mülahizələrə tarixi, etnoqrafik, onomastik, coğrafi və linqvistik baxımdan yanaşdıqda sonuncu, yəni «Borçalı» toponiminin «Borçalı» tayfasının adı ilə bağlılığı daha ağılabatandır. Deməli, Borçalılar özlərinin etnonimik adlarını özlərinin Dədə-baba yurduna verib, tarixboyu onu yaşatmışlar. (M.Çobanlı, «Borçalı» toponimi necə yaranmışdır?.. «Sərbəst düşüncə» qəzeti, Bakı, №2 (9) yanvar, 1993-cü il; «Yeni Turan» qəzeti, №8, 1993; "Borçalı toponimləri", Bakı, 2012, səh.15-17.).* * *HƏYƏCAN TƏBİLİ: HAQQ SƏSİMİZİ VAXTINDA UCALTMALIYIQ!Onomastik vahidlər ictimai-tarixi inkişafın məhsulu olub, keçmişin izlərini bu günə qədər özündə qoruyub saxlayan, xalqın keçimişindən xəbər verən ən mötəbər, ən dəqiq və ən real faktlardır. Onomastik vahidlər tariximizin qan yaddaşı, canlı şahidləridir. Bir sözlə, tariximizdir! Özündə Dünənimizi, Bu günümüzü və Sabahımızı cəmləşdirən TARİXİMİZ! Alimlərimiz çox haqlı olaraq, onomastik vahidləri tarixi abidələr də adlandırırlar. Bəs, tarixin qan yaddaşı olan tarixi abidələrə laqeyd münasibət bəsləmək olarmı?.. Əsla!..Bu bir həqiqətdir ki, AZƏRBAYCAN adlanan Ana Vətənimiz Odlar Yurdunun torpaqları yalnız Azərbaycan Respublikasının indiki sərhədləri hüdudunda olmamışdır. Şair Səməd Qaraçöpün dili ilə desək, «Vətənin qıraqda qalan yerləri» - Borçalı, Göyçə-Zəngəzur və Dəmirqapı Dərbənd mahalları da, hələ Güney Azərbaycanını demirəm, tarixən Azərbaycan - türk torpaqları olmuş, burada dədə-babadan Azərbaycan türkləri yaşayıb-yaratmışlar. Bunu heç kəs inkar edə bilməz! Bu, elə bir teoremdir ki, isbatını min illərdən bəri yaşayan onomastik vahidlər, xüsusi ilə toponimlər parlaq şəkildə sübut edir. Amma, təəssüflər olsun ki, həmin mahallarda yaşayan soydaşlarımız XIX-XX yüzilliklərdə sıxışdırılmış və güclü təqiblərə məruz qalmışlar. Və əfsuslar olsun ki, unutqanlıq və laqeyidlik ucbatından Göycə-Zəngəzur və Dəmirqapı Dərbənd mahalları kimi Borçalı mahalı da yaddan çıxmış, orada yaşayan qan qardaşlarımız gözdən, könüldən uzaq olmuşlar. Hamıya yaxşı məlumdur ki, vaxtında səsimizi ucaltmadığımızdan Qərbi Azərbaycan ərazisindən (indiki Ermənistandan), daha doğrusu öz doğma yurd-yuvalarından Azərbaycan türkləri qovulmamışdan neçə-neçə illər öncə, türkköklü toponimlər dəyişdirilmiş - erməniləşdirilmiş, xəritələrdən silinmiş və beləcə də, «özününküləşdirilmişdir». «Addəyişmə» əməliyyatı, yəni yer adlarının məqsədli surətdə dəyişdirilməsi «əməliyyatı» son vaxtlar, daha dəqiq desək, XX əsrdə Gürcüstanda da sürətlə aparılmışdır. Belə ki, Azərbaycan-türk köklü yer adları - Borçalı - Kvemo Kartli, Başkeçid - Dmanisi, Bolulus - Bolnisi, Qarayazı - Qardabani, Qaraçöp - Saqareco, Ağbulaq - Tetritskaro, Sarvan - Marneuli, Dəllər - Muşevani, Babakişilər - Musopriani, Armudlu - Pantiani, Kəpənəkçi - Kvemo - Bolnisi (Aşağı Bolnisi) və s. kimi dəyişdirilmişdir. Təəssüflər olsun ki, bu «addəyişmə əməliyyatı» elə bu gün də - Gürcüstan müstəqillik qazandıqdan sonra da davam edir. Dədə-babadan qədim Borçalıda yaşayan və bu mahalın ən qədim sakinləri - əsl vətəndaşları olan, «dəli haraylı, xoş avazlı, Misri qılınclı, tavar sazlı» (M.Coşğun) Azərbaycan türkləri «qərib», «gəlmə» və yaxud «qonaq» adlandırılır. Elə bir neçə il əvvəl Zviad Qamsaxurdiyanın dövründə Bolnisi rayonunun Azərbaycan türkləri yaşayan kəndlərinin adları dəyişdirilmiş, tarixi türk adları yerli sakinlərin ruhuna yad olan «quraşdırma» gürcü toponimləri ilə əvəz olunmuşdur; Aşağı Qoşakilsə, Qoçulu, Daşlıqullar, İmirhəsən, Əsmələr, Kolagir, Mığırlı, Muğanlı, Həsənxocalı, Saraclı, Faxralı, Arıxlı, Cəfərli, Şahbuzlu və s. milli toponimlərimizi -- Kvemo Beaviani, Xdisqari, Equti, Savaneti, Tabuti, Monastr, Talaveri, Tsurtari, Kailiani, Samtredo, Muxiani və s. kimi əvəz olunması nə dərəcədə doğrudur???Bu da həqiqətdir ki, Gürcüstan prezidentləri Eduard Şevardnadze və Mixail Saakaşvili bu “Addəyişmə” əməliyyatını Zviad Qamsaxurdiyanın səhvi adlandırmış, bu qərarın Respublika Milli Məclisində təsdiq olunmadığını və bu səhvin tezliklə düzələcəyini bilddirmişlər. Amma verilmiş həmin vədin üstündən neçə illər keçməsinə baxmayaraq, hələ də heç nə dəyişməmişdir. Necə deyərlər, köhnə hamam, köhnə tas...Tarixi həqiqətləri isə, heç bir vəshlə ört-basdır olmaz. «Yalan ayaq tutar, amma yeriməz», - deyib ata-babalarımız. Bəli, həqiqət naminə, ədalət naminə, tariximiz naminə bu saxtakarlığa - «addəyişmə əməliyyatı»na qarşı haqq səsimizi gəlin birlikdə ucaldaq! Yoxsa, sonra gec olacaq və Tarix bizi bağışlamayacaq!..1990-2011.[email protected]Bax: "BORÇALI TOPONİMLƏRİ", Bakı, 2012. SON SÖZ ƏVƏZİ. Səh.315-317 Ağbulaq → Tetriskaro (1940) Barmaqsız → Tsalka (1932) Başkeçid → Dmanisi (1947) Çörük Qəmərli → Katarinenfeld (1817) → Lüksemburq (1921) → Bolnisi (1943) Qaratəpə → Qarayazı → Qardabani (1947) Sarvan → Borçalı (1929) → Marneuli (1947)"BORÇALI TOPONİMLƏRİ" kitabı haqqında RƏYLƏRDƏN SƏTİRLƏR:.... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.