Pulsuz təhsil – şəhid xanımından nümunəvi addım – VİDEO / FOTO Qarabağ, Təhsil, Başkeçid 1 сентября 2016 “4 aydır hər gün eyni yuxunu görürəm. Öz maşınıyla gəlir. Deyir ki “Pərişan, hələ hazır deyilsən? Maşında gözləyirəm, tez gəl”.Mənsə gecikirəm, hazırlaşa bilmirəm”. Bu sözlər aprel döyüşlərində şəhid olan pilot Təbriz Musazadənin xanımı Pərişan Musazadəyə məxsusdur. Onunla görüş həyat yoldaşı, şəhid pilotumuz Təbriz Musazadə nin adını daşıyan təhsil mərkəzində olub. “Qafqazinfo”nun əməkdaşları Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 20-də yerləşən həmin təhsil mərkəzinə baş çəkiblər. Sözügedən təhsil mərkəzini Pərişan xanım şəhid yoldaşının adını yaşatmaq üçün açdığını deyir: “Təbrizin doğum günündə, yəni avqustun 12-də açılışımızı etdik. Əvvəllər Təbrizlə öz soyadımızla bağlı bir kurs açmaq planımız var idi. O, təhsilə çox önəm verirdi. Həmişə də tələbələrindən savadlı, dünyagörüşlü olmalarını istəyirdi. Zamanında qismət olmadı. Aprel döyüşlərində şəhid olandan sonra biz onun adının həmişəlik yaşaması üçün belə bir kurs açmaq qərarına gəldik. Bu mərkəzi tam öz gücümə açmışam. Burada şəhid övladlarına tam pulsuz təhsil veriləcək. Çünki onlar artıq öz borclarını yerinə yetiriblər. Müharibədə iştirak edən hərbçi ailələrinin, qazilərin övladlarına isə güzəştlər edilir. Mərkəzdən yığılan pulları da xeyriyyə məqsədilə şəhid ailələrinə vermək niyyətimiz var”. Şəhid xanımı mərkəzin genişləndirilməsi və əlavə avadanlıqların alınması üçün vətəndaşlarımızın da ona dəstək olmasını arzulayır: “Mən bütün bunları 4 aylıq pensiyanı bir araya yığaraq etmişəm. İndi çatışmayan avadanlıqlarımız var. İki övladım da var. Onları da təmin etməliyəm”. Qeyd edək ki, mərkəzdə 4 yaşından başlayaraq məktəqədər hazırlıqdan tutmuş magistraturaya qədər bütün hazırlıq dərsləri keçirilir. Həmçinin burada ingilis, rus dili, rəqs, rəsm, şahmat, loqoped, psixoloq dərsləri də keçiriləcək. Mərkəzdə olduğumuz gün şəhidimizin kiçik oğlu Onur Musazadənin doğum gününə təsadüf etdi. Onur atasının dəfn mərasiminin keçirildiyi gün tabutuna əsgər salamı verməsi ilə yaddaşlarımıza hopub. İlk doğum günüdür ki atasız keçirir. Anasından isə bir istəyi var, tort kəsəndə atasının şəklini stolun üstünə qoyulsun. Atasız övladlar tez böyüyür deyirlər. Evin böyük oğlu Tayfun da sanki böyüyüb də kiçilib. O artıq böyüdüyünü atasının ölümündən 12 gün sonra hiss etdirməyə başlayır. Aprelin 14-də Tayfunun 10 yaşı tamam olacaqdı. Ailəlikcə ona yubiley ad günü keçirməyə hazırlıq gedirmiş. Ad gününə çoxlu qonaqlar, atasının hərbçi dostları, onların uşaqları dəvət olunacaqdı. Amma onun ad günü atasının böyük cüməsinə təsadüf edir. Tayfunu böyüdən ilk cümlə isə bu olur: “Ana üzülmə, bax, görürsən ki, bütün Azərbaycan mənim ad günümə gəlib”. İndi isə Tayfun Musazadə atasının adını daşıyan bu mərkəzi həmişə yaşadacağının sözünü verir.Təbriz Musazadə haqqında ətraflı məlumat üçün:My Webpage. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.