ƏMİRTÜRBƏ TORPAQ QƏBİRLƏRİ

         ƏMİRTÜRBƏ  TORPAQ  QƏBİRLƏRİ Əmirtürbə torpaq qəbirləri Masallı rayonunun qərbində, eyni adlı kəndin ərazisində yerləşir.

Abidə 1989-cu ilin yayında tarix elmləri namizədi, arxeoloq Abuzər Ələkbərovun rəhbərliyi altında AMEA-nın Tarix İnistitutunun “Talış-Muğan” arxeoloji ekspedisiyasının “Masallı” dəstəsi tərəfindən aşkar olunmuşdur. Bu qəbirlərdən biri arxeoloqların diqqətini cəlb etmiş, onu nadir tapıntı hesab etmişlər. Uzunluğu 2,25 metr olan qəfəsin ətrafında tapılmış çoxlu miqdarda bəzək əşyaları (müxtəlif formal muncuqlar, tunc bilərziklər və s.), eyni zamanda, astioloji qalıqların tədqiqi onun cavan qız olduğunu söyləməyə əsas verir. Burada ən maraqlı cəhət dəfn mərasiminin özüdür. Abuzər Ələkbərova istinad edən Novruz Novruzov yazır: “Belə dəfn mərasiminə Azərbaycan ərazisində birinci dəfədir ki, təsadüf olunur. Kvadrat şəkildə qazılmış, uzunluğu 4, eni 1,8 metr olan qəbrin döşəməsində əvvəlcə ağ rəngli maddədən suvaq çəkilmişdir. Sonra isə onun üzərində güclü od yandırılmışdır. Bu mərasim icra olunduqdan sonar meyid hələ tam sönməmiş odun üstünə qoyulmuşdur. Bundan əlavə qəfəsin ayaq tərəfindən 2 ədəd saxsı qab aşkar olunmuşdur ki, onlardan biri bütöv, digəri isə mərasim icra olunarkən qəsdən sındırılmışdır. Sümüklərin bəzi hissələrinin yanması, qəbirin içinin kömür təbəqə ilə örtülü olması sübut edir ki, meyid dəfn olunmazdan əvvəl müqəddəs hesab olunan oda verilmişdir” (Masallı. B.,1990, səh.13). Tədqiq edilən bu torpaq qəbirin tarixi alimlərin fikrincə, bizim eradan əvvəl III-II minilliyə aiddir. Əmirtürbə torpaq qəbirlərindən aşkar olunmuş maddi-mədəniyyət nümunələri hələ qədim zamanlardan Masallı ərazisinin Azərbaycanın yüksək əkinçilik və maldarlıq mədəniyyətinə malik olduğunu sübut edir.

Masallı rayonunun qədim yaşayış məntəqələrindən hesab olunan Əmirtürbə kəndində torpaq qəbirlərlə yanaşı antik dövrə aid nekropol da aşkar olunmuşdur.
Eramızın I-III əsrlərinə aid edilən bu nekropolda 1990-cı ildə arxeoloji qazıntılar zamanı 4 nüsxə dəmir balta tapılmışdır. Buradan tapılan baltaların albanlara məxsus döyüş silahı olması qeyd olunur.


İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: