ŞUŞA HƏSRƏTİ (Poema)

ŞUŞA HƏSRƏTİ (Poema) ŞUŞA HƏSRƏTİ (Poema) Qarabağ uğrunda, eləcə də
Şuşa uğrunda döyüşlərdə
qəhrəmancasına vuruşmuş
Zahid Vəliyev və
Fərahim Hüseynliyə
ithaf olunur.


I


Burda səhər günəşlə
Isinirdi bu torpaq.
Orda güllə səsindən
Diksinirdi bu torpaq...

Gözləri dolan bulud, -
Kövrəldi Çiçək bacı.
Təsəllisi nə olsun? –
Susdu qoca Gülbacı.

Yığışdı qohum, qonşu
Xeyir-dua verməyə,
Atanınsa sevinci
Sığmırdı Yerə, Göyə.

Yola xalıtək sərdi
Baxışını bir sona, -
Bu gün oğul gedirdi
Vətənin harayına.

Ana oğluna baxdı,
Bir də uzanan yola:
- Bilin, gözünü dikib
Sizə bu Vətən, bala!

Bu yazılan yazıdı, -
Qış ötməsə, gəlməz yaz.
Bu elin qeyrətindən
Uzaqdı ağlıdayaz.

Ömür yolu qayalıq, -
Onu igidlər keçər.
El uğrunda əzab – su,
Bu suyu mərdlər içər.
– Deyib bağrına basdı
Yola çıxan mərdini,
Amma gizli saxladı
Ürəyində boylanan
Bir ayrılıq dərdini.

II

Insan öz bəxtini yazan olarmış,
«Dost» da öz yolunu azan olarmış.
Tələsəndə yollar uzun olarmış,
- Oğlan yol gedirdi üzü Şuşaya.

Hamı gözü yolda, yurd intizarda...
Analar, atalar qalmışdı darda.
Ürəyi çatmışdı o doğma yurda
Hələ yol gedərkən özü Şuşaya.

Günaha gözünü yuman olsa da,
Arzular, murazlar güman olsa da,
Şuşanın yolları duman olsa da,
Qeyrət səsləyirdi bizi Şuşaya.

Yerə sığmayan dərd Göyə ucaldı,
- Bizə elə gəldi dünya qocaldı.
Allah, bu nə işdi, namərd bac aldı,
Baxsa da, dünyanın gözü Şuşaya.
Qeyrət səsləyirdi bizi Şuşaya,
Oğlan yol gedirdi üzü Şuşaya.

III

Gəlib mənzilə çatdılar,
Gördülər yoxdu atlılar.
Doğmalar yurdda yaddılar,
Bu şəhər qürbət yeridi.

Üstündə göyün buludu,
Yerdə gül-çiçək qurudu.
Bu nə sirrdi, nə qurğudu? –
Bu şəhər həsrət yeridi.

Gördüyün çox azdı, oğlan,
Bu nə soyuq yazdı, oğlan,
Tale nələr yazdı, oğlan,
Bu şəhər möhnət yeridi.

Bu şəhərin adı Şuşa,
Yurd olub qara, yağışa.
Ay dərd bilən, indi yaşa,
Bu şəhər xiffət yeridi.

IV

Nə tez uçdu bu «dostluğun sarayı»,
Bitən oldu bu ömürün harayı.
Bundan sonra yaxşı, pisi gəl ayır,
Namərd qonşu, sənə yaman inandıq.

Yurd yerini tikan basar, nə bilək,
Bu «sevgi»nin ömrü qısa, nə bilək.
Toy-düyünlər dönər yasa, nə bilək, -
Namərd qonşu, sənə yaman inandıq.

Nə biləydik, yad imişik gözündə,
Saxta kədər, dərd var imiş üzündə.
Yalan imiş, hiylə imiş sözün də, -
Namərd qonşu, sənə yaman inandıq.

Barmağımın qurtarmamış şəkəri,
Yola, izə səpdin qara zəhəri.
Bundan sonra necə açaq səhəri, -
Namərd qonşu, sənə yaman inandıq.

Doğma deyib gözüm üstə yer verdim...
Sən duymamış mən dərdini çəkərdim.
Namərd, sənə birdən-birə nə gəldi, -
Namərd qonşu, sənə yaman inandıq.

V

«Namus»a, «qefrət»ə bax,
Çörəyimdən yeyən kəs
Yurdumu istəyirdi, -
Laçınımı, Şuşamı...
Ağdamı istəyirdi.

Şərəfimi, şanımı –
Adımı istəyirdi.
Od aldığım torpağı –
Odumu istəyirdi.

...Ölüm bir addımlıqda, -
Gözlə qaş arasında.
Arzu, muraz qalmışdı
Dərdlə yaş arasında.

Neçə gəncin gözündə
Vüsal şamı sönürdü,
Toy-düyün əvəzinə
Güllələr səslənirdi...

Sarıldılar silaha
Zahid, Fərahim... hamı
Ömürdən uca tutdu
Laçınımı, Şuşamı...
Düşmənin gümanını
Dara çəkdi igidlər.
Bəd niyyətin, arzunun
Neçə dəfə üstündən
Qara çəkdi igidlər.
Namərdinsə diləyi
Çıxmırdı öz canından.
Qeyrət qılınc yerinə
Sıyrılmışdı qınından, -
Qayalara, daşlara
Adlarını yazdılar
Igidlər öz qanından.
Düşmən başa düşürdü, -
Arzu dəyirdi daşa.
Qəlblərində qalmışdı
Ümid «böyük qardaş»a.

VI

«Qardaş» sandığımız bir tələ qurdu, -
Çağrıldı «Xilaskar» o «Şanlı Ordu».
Al qana boyadı bu doğma yurdu, -
Bu doğma şəhəri, kəndi... xəbərsiz.

Tanrı dönmüşdüsə aman yerinə,
Bəndə yer qoymadı güman yerinə.
Şuşanın üstündə duman yerinə
Güllələr ələndi, endi xəbərsiz.

Nahaqq «haqq»a dönüb yolunu azdı, -
Insafın, mürvətin qəbrini qazdı.
Namərdlər Şuşanı adına yazdı;
Sel yuyub apardı bəndi xəbərsiz.

Nə bilək, qalalar uça, bölünə,
Yollar bağlı qala gedib-gələnə.
Üz tutub gedirdik «işıqgələnə»,
Görünən işıqlar söndü xəbərsiz.

Ulduzlar üzünə tutdu buludu,
Çöllər, biçənəklər soldu, qurudu.
Bu zülüm də varmış bəxtində yurdun, -
Dağlar da, daşlar da dindi xəbərsiz.

Tanrı dönmüşdüsə aman yerinə,
Namərd üz qoymadı güman yerinə.
Şuşanın üstünə duman yerinə
Güllələr ələndi, endi xəbərsiz.

VII

«Durnalar qanad saxladı»,
Dərdmiş qismətin bir adı.
«Xan qızı» deyib ağladı
Xansız qalan Xan sarayı.

Dağ-daşın da gözü dollar,
Cıdır düzü saçın yolar.
Doğma yurdda qərib olar,
Nə bilsin quran sarayı.

Taleyin fərmanı varmış, -
Arzunun boş camı varmış.
Həsrətin yüz canı varmış, -
Elədi viran sarayı.

Kölgəmizdə gəzən namərd,
"Mərd" göründün bizə, namərd?
Mərd səsindən əsən namərd,
Qəbir olar son sarayın!

VIII

Dağların, düzlərin nəfəsində ah,
Günəşdən soraq yox, açılmır sabah.
Bir yandan dərd baxır, bir yandan günah,
Yuyulmaz, yuyulmaz yağan yağışla.

Çöl-çəmən axtarır sarı bülbülü, -
Hanı çiçəklərin yarı – bülbülü.
Göyərməz bu yurdun xarı bülbülü?!
Üz-üzə qalmışıq şaxtalı qışla.

Günah ha göyərdi biçmədik, Vətən,
Kədər suya döndü içmədik, Vətən.
Xoş gündən, ömürdən keçmədik, Vətən,
Üz də yox deməyə bizi bağışla.

IX

Fərahim:
- Bu dağlarda gəzmək olmur,
Gülün saça düzmək olmur,
Sularında üzmək olmur,
Sonam, döz görüm, döz görüm.

Dəyişibdi Yerin üstü, -
Bir yan duman, bir yan tüstü.
Göy üzünü bulud kəsdi,
Durnam, döz görüm, döz görüm.

Bir anam bölünən torpaq,
Biri Vətən – sinəsi dağ.
Bir anamsa saçları ağ...
Anam, döz görüm, döz görüm.

X

Zahid:
- Uçun, gedin, bulud sizi azdırar, -
Tale düzü yenə tərsə yazdırar...
Ürəyimdə bir həsrətli Vaqif var,
Üzüm yoxdu görəm sizi, durnalar.

Yerdə duman qatar-qatar süründü,
Göy üzü də buludlara büründü?
Nə Ay çıxdı, nə də ulduz göründü,
Bəxt sınağa çəkdi bizi, durnalar.

Bu dağların həsrəti var, bölünməz, -
Elə bildik namərd bura gələmməz...
Daşlarının yaddaşı var, silinməz
Xan qızının şeiri-sözü, durnalar.

Uçun, gedin, bulud sizi azdırar,
Tale düzü yenə tərsə yazdırar.
Ürəyimdə bir həsrətli Vaqif var,
Üzüm yoxdu görəm sizi, durnalar!

XI

Gün keçdi, ay ötdü... Ağdamlı Zahid
Dəstəyi götürüb yığdı nömrəni, -
- Alo... - Fərahimdir, Cəlilabaddan,
Zahid, niyə susdun?.. tanıdım səni.
Igidlər susdular, danışmadılar,
Sıxdı ürəkləri tanış qəm, qübar...
Tapmaq çətin idi itən sevinci.
Xalqın ürəyindən keçən arzular.
Keçdi ürəyindən
bu iki gəncin: -
«Dağ-daş da düşmənə qorxu olacaq,
Ahımız düşmənin ahı olacaq.
Olanlar bir zaman yuxu olacaq, -
Olanlar yalandı, yalandı, Şuşa!

Doğma yurd yerini oğulsan unut, -
Dağların gözünün yaşını qurut.
Bizə dərd gətirən o qara bulud
Dərd olub düşmənə qalandı, Şuşa!

Əlim harayıma çatmadı, küsdüm,
Arzudan, murazdan əlimi üzdüm.
Göz yumduq namərdin nazına, bəsdi!
Başını uca tut amandı, Şuşa!

ŞUŞA HƏSRƏTİ (Poema) Ürək söyləsə də, həsrət yerisən, -
Dərd-kədər yerisən, xiffət yerisən,
Bizə miras qalan qeyrət yerisən,
Demə, istək yolu dumandı, Şuşa!

Qoynunda güllərdən dərsəm, ölmərəm,
Vaqifdən bir şeir desəm, ölmərəm.
Xan qızı qəbrini görsəm, ölmərəm...
Fikrim o yerləri dolandı, Şuşa!

Qayalı yolları keçənlər gəlsin,
Namərdin əkdiyin biçənlər gəlsin,
Yaxşını yamandan seçənlər gəlsin,
Vaxt çatıb biz deyən zamandı, Şuşa!
Başını uca tut, amandı, Şuşa!
Olanlar yalandı, yalandı, Şuşa!»

Əfrahim Hüseynli.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: