Səadət BUTAnın ithaf şeirləri

Səadət BUTAnın ithaf şeirləriMÜŞFİQ

Əziz qardaşım Müşfiq Borçalıya
Başkeçiddən namə


Yurdun divanəsi Dağlar qızından,
Apar badi-səba salam Müşfiqə.
Ürəyində Vətən boyda sevgisi,
Qardaşım Müşfiqə, balam Müşfiqə.

Alimdən dərs alıb qiyməti beşdir,
El deyib yaxşılar həmişə başdır.
Tarixə yazılıb dillərə düşdü,
Oxşadı ürəkdə qalan Müşfiqə.

Əla bağban oldu sevgi bağına,
Səpdi diləyini yurd torpağına,
Adaşı Müşfiq tək, sənət dağına,
Qələm külüngünü çalan Müşfiqə.

Aqilin, nadanın dilini bildi,
Böyüyün, kiçiyin yerini bildi,
Ay Buta, obasını, elini bildi,
Alqış qüdrətinə, varam Müşfiqə.


VƏTƏNOĞLU

Borçalının balası
Sahil Vətənoğluna


Yurd möhnəti sinən üstə od oldu,
Alovlanıb dil açdı, Vətənoğlu.
Sənin qəlbin param-parça yurd oldu,
Yaradana əl açdı, Vətənoğlu.

Nə vəzifə, nə də şöhrət, mal dedin,
Haqqa qurban, nahaq qana qan dedin.
“Ellərin yolunda can qurban!”,-dedin,
Duyğuların gül açdı, Vətənoğlu.

Bu gənc yaşda ürəyində ağrı nə?
Buta qurban Vətən adlı ağrına,
İz salmışdır Təbriz, Dərbənd bağrına,
Ol Qarabağ yol açdı Vətənoğlu.


Bütövük - ulu silahım, Türk oğlu, türk Seyfullahım!

İstanbulda görüşüydü,
Bu birliyə yürüşüydü.
Türklüyə dönüşüydü.
Sənə yar olsun Allahım.
Türk oğlu, türk Seyfullahım.

Babam qərib, anam qərib.
Həp boylandım qərib- qərib.
Qovlamaqdan oldum həlik.
Ayrılıq oldu günahım.
Türk oğlu, türk Seyfullahım.

Din içində din bəslədim,
Dil içində dil bəslədim.
Oba dedim, el səslədim.
Dağı- daşı yardı ahım.
Türk oğlu, türk Seyfullahım.

Yurdumda yurdsuz dedilər,
Qovruldum odsuz dedilər,
Qolsuz- qanadsız dedilər.
Uzaq yolu etdin yaxın.
Türk oğlu, türk Seyfullahım.

Köküm- soyum Qarapapaq,
Aç tarixi varaq- varaq.
Türk qızıyam, şərəfə bax.
Əzəl, axır türk pənahım.
Türk oğlu, türk Seyfullahım.

Bu birliyin amalı nur,
Yolu aydın, təməli nur,
Özü günəş, camalı nur.
Vətən mənim qibləgahım.
Türk oğlu, türk Seyfullahım.

Can Türkiyəm, Azərbaycan.
İkisi də oldu bir can,
Qoşa bayrağıma qurban.
Altaylardan gələn şahım.
Türk oğlu, türk Seyfullahım.

İstanbulda qurultayım,
Bursadakı bayram payım.
Borçalıda hay- harayım.
Çox şükür çin oldu yuxum.
Türk oğlu, türk Seyfullahım.

Haqq göndərən zaman oğlu,
Atam oğlu, anam oğlu.
Ey Mustafa Kamal oğlu.
Dolan azadlıq səyyahım.
Türk oğlu, türk Seyfullahım.

Buta qurban amalına,
Dərin dərya kamalına,
Fateh kimi Cəlalına.
Açılan nurlu sabahım.
Türk oğlu, türk Seyfullahım.


Səadət BUTA,
“Şərəf” ordenli şairə,
“Abdulla Şaiq” və “Qızıl Qələm”
mükafatları laureatı.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: