Mənim idealım...

Mənim idealım... Özümü sanki əlimə ilk dəfə qələm alırmışam, ilk dəfə yazı yazırmışam kimi hiss edirəm. Bəlkə də, bu ilk qələm təcrübəm olduğu üçün belə düşünürəm... Bəlkə, haqqında yazacağım insan o qədər böyük biridir ki, belə hiss etməyimə səbəb olur.

Sizə danışacağım çox dəyərli, çox gözəl insan
Qabil Abbasoğludur.

Düşünürəm ki, onu az adam tanımır, əksər insanların bu böyük şəxsiyyətin gördüyü işlər haqqında məlumatı var. Ancaq yenə də qısa da olsa, onun gördüyü işlər haqqında danışmağı özümə borc bilirəm.

Qabil Abbasoğlu Azərbaycan mətbuatının ən öndə gedən xəbər portalı olan “Lent.az” saytının baş direktorudur. Saytın uzun müddətdir fəaliyyətə başaladığını demək olmaz. Lakin Qabil Abbasoğlunun və onun rəhbərliyi altında fəaliyyət göstərən heyətin sayəsində bu sayt çox böyük uğurlara imza atmışdır. Qabil müəllim bu sahədəki fəaliyyətinə keçən əsrin 90-cı illərində başlamışdır.

1990-cı illər “Yeni Müsavat” qəzetinin qeyri-leqal nəşr edildiyi dövrdə ümumi işlərə kömək edərək, müstəqillik uğrunda hərəkatın fəal üzvlərindən birinə çevrilmişdir. Qəzetdə ilk statusu da baş redaktorun müavini olmuşdur. 1993-cü ildə yaradılan "Azərtac"ın Gəncəbasar informasiya mərkəzində bir il çalışdıqdan sonra Bakıya gəlir. Bakıda yenidən fəaliyyətinə davam edir. İlk olaraq Bakıda “Cümhuriyyət” əzetində baş redaktor müavini, 1996-1998-cı illərdə “Müxalifət” qəzetində şöbə redaktoru, 1998-2005-ci illərdə “Yeni Müsavat“da baş redaktorun birinci müavini, 2005-2008-ci illərdə “Gün səhəri” qəzetinin baş redaktoru kimi çalışmışdır. 2008-ci il təqvimdə 25 iyul tarixi göstərildiyində Azərbaycan mətbuatı tarixində ən əlamətdar hadisələrdən biri baş verdi – ’’Lent.az’’ yarandı.

20 iyul 2015 – сi il tarixində isə Azərbaycan elminin və peşəkarlarının himəyadarı İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan mətbuatında göstərdiyi xidmətlərə görə ona ’’Əməkdar jurnalist’’ fəxri adı verildi .Həmin gündən bu günümüzə qədər layiq görüldüyü bu adı şərəflə daşıyır .

Verdiyi bütün müsahibələrini yorulmadan, diqqətlə dinlər, yazdığı məqalələri həvəslə oxuyaram.Çünki dediyi qızıldan qiymətli sözlər mənə hər zaman yeni nəsə öyrədir, həqiqəti başa salır. Müsahibələri zamanı ona ünvanlanan suallara verdiyi mükəmməl, düşündürücü cavablar mənim o insanın zəkasına heyranlığımı daha da artırır.

Qabil müəllim təhsilə çox önəm verir, təhsilin cəmiyyət üçün necə əhəmiyyətli olduğunu, maarifi, savadı demək olar ki, bütün məqalələrində təbliğ edir, hər müsahibəsində bu haqqda danışır.Onun “Oxu, balam …Oxu…Oxu’’ məqaləsi bunun ən bariz nümunəsidir. Bir Abbasoğlu peşəkarlığı ilə məktəbin necə müqəddəs, əziz ocaq olduğunu, müəllimin necə müqəddəs varlıq olduğunu ifadə etmişdir.

’’Bu gün sən sinif otağındasan, universitet auditoriyasındasan. Hardasansa, məbəd ordadı .Zamanı itirmə. Sonra tapa bilməyəcəksən ’’.

Deyərdim ki , məqalədə ən qızıl cümlələrindən biri...Elə cümlə ki , aforizm kimi işlənə biləcək ...

Bütün bunlarla yanaşı,qeyd etməsəm olmaz dediyim ən vacib məsələlərdən biridə onun vətən sevgisi,vətənpərvərliyi haqqındadır.Verdiyi müsahibələrinə nəzər saldıqda bunu açıq şəkildə görə birik. Aysel Əlizadəyə verdiyi müsahibədə ona belə bir sual ünvanlanmışdır ’’Şəhidlər Xiyabanına’’ gedirsiniz?

Və o suala verilə biləcək möhtəşəm cavab. O cavab ki, onu yalnız Qabil Abbasoğlu verə bilərdi, o cavab ki, özündə dərin məna ifdə edir.

- Yox...Getməmişəm. Çox ağırdı…adiləşdirə bilmirəm. Şəhidlər Xiyabanına elə hər il yığışıb getmək formal şəkil almalı deyil, ata-anamın qəbrinin üstünə getdiyim rahatlıqla şəhid polkovnik Şirin Mirzəyevin məzarı üstünə gedə bilmərəm. Gedim, nə deyim?Deyim ki, sən döyüşəndə mən hardaydım?

Bəli, Qabil Abbasoğlunun daha gözəl bir cavabı. Məncə, oxuyan hər kəs o insanın qəlbinin vətən eşqi ilə necə yanıb tutuşduğunu görə bilər, bu misralardan, bu sətirlərə tökülmüş kəlimələrdən.

İşində öz peşəkarlığı ilə seçilən bu jurnalistin peşəsinə, gördüyü işə sonsuz sevgisi var. Bu sevgini gördüyü mükəmməl işlərlə yanaşı müsahibələrində də görürük.Müsahibələrinin birində peşəsilə əlaqəli ona belə bir sual verilmişdir.‘’Neçə ildir jurnalistikaya külüng döyürsünüz. Yorulmursunuz?’’Verdiyi cavabda peşəsini nə qədər sevməsi açıq şəkildə özünü göstərir.

-Məndə bu peşəyə olan maraq səngimir. Əksinə, artır. Bu peşəni bu qədər sevməsəydim, bu qədər çətinliyin içindən salamat çıxa bilməzdim. Əz azı çıxıb bu sahədə qala bilməzdim.

Və nəhayət, bizim onunla tanışlığımız. Mən Qabil müəllimi sonsuz məhəbbətlə sevdiyim, mənim üçün həyatda ən dəyərli bir insan olan atamın sayəsində tanımışam. Hələ o zamanlar uşaq yaşlarımda idim, bu geniş elmi düşüncəyə malik peşəkarla yaxından tanışlığım yox idi. Amma atam daima ondan danışardı. Aralarında çox möhkəm dostluq, qardaşlıq bağı vardır.

Bir-birilərini 1985-ci ildən - hələ tələbəlik illərinə qədəm qoyduqları ilk vaxtdan tanıyırlar. Və o gün bu gün bu dostluq hər gün möhkəmlənərək qardaşlığa çevrilmişdir. Atamın həmişə onun haqqında xoş, gözəl sözlər söyləməsi məndə görmədiyim, tanımadığım bu insana qarşı dərin heyranlıq hissinin yaranmasına səbəb olmuşdur.

Atam hər dəfə Bakıya gələndə Qabil müəllimlə görüşürdülər.Bəlkə də,bu görüşlər zamanı mən bu böyük şəxsiyyəti görmüşəm…Lakin o zamanlar uşaq yaşlarımda olduğum üçün xatırlaya bilmirəm. Böyüdükcə haqqında eşitdiyim gözəl sözlər onu görmək istəyimi gündən- günə artırırdı. Və bir gün istəyim gerçəkləşdi. Qabil müəllimin bizə gələcəyi xəbərini eşidəndə sevincimin həddi-hüdudu yox idi. Sözlərlə ifadə edilə bilinməyəcək bir duyğudur bu .

Ən əsası isə, Qabil müəllim getdikdən sonra məndə çox gözəl təəssüratlar qoymuşdu. Bu günə qədər haqqında eşitdiyim bütün xoş sözlər belə bu insanın necə böyük ürək sahibi olduğunu ifadə etmək üçün yetərsiz imiş. Bundan sonra yenə onu görməyi arzulayırdım.O zamanlar orta məktəbdə oxuyurdum və Qabil müəllim hər zaman mənimlə maraqlanır və dəyərli məsləhətlərini əsirgəmirdi.

Bu gün ölkəmizin flaqman universiteti sayılan Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxumağımda onun rolu böyükdür. Mənə həmişə mənəvi dəstək olurdu. Mənim ona olan vuğunluğum, onun isə mənə olan inamı məni ali məktəb arzuma doğru inamla irəliləməyə ruhlandırırdı.Və nəhayət, 15.09.2017 tarixində mən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində tələbəlik həyatıma başladım. Qədəm qoyduğum yeni həyatda o mənim ən böyük dəstəkçilərimdən biri oldu. Heç vaxt ailəsindən xüsusəndə ,atasından ayrı qalmayan bir qız, böyük şəhər, yeni həyat, fərqli mühüt və fərqli insanlarla qarşılaşır. Yeniyetməliyin sonunu, gəncliyin ilkin dönəmini yaşayan bir qız üçün yeni və tanımadığı bir mühitə düşmək, bu mühitin çətinliklərinə, qaydalarına ’’ yeni şəhər həyatına’’ uyğunlaşmaq çox çətin idi. Çətin dövrümdə mənə kömək edən o oldu. Qabil müəllim bu çətin anlarımda bir günəş kimi doğdu, qaranlıq dünyama sanki bir işıq saldı.

Onunla bir qan bağımız olmamasına baxmayaraq, aramızda çox möhkəm, qırılmaz bir mənəvi bağ var. İşləri çox olsa da, hər zaman mənə vaxt ayırar, çətinliklərimlə maraqlanar.

Sətirlərə tökmək istədiyim kəlimələrim, fikirlərim çoxdur, ancaq onların hamısını bu kiçik yazıda qeyd etməyim mümkün deyil. Ona görə də artıq Qabil müəllim haqqında fikirlərimi yekunlaşdırmaq istərdim.

Şərif Ağayar onun haqqında yazdığı məqaləsində belə bir fikir qeyd etmişdir

’’O ki qaldı uğura … Qabil Abbasoğlu onu əldə edəcək. Bu onun işidir’’.

Bəli, Şərif müəllim çox düzgün vurğulamışdır. Uğur əldə etmək Qabil Abbasoğlunun ən yaxşı bacardığı işlərdən biridir.

Ona duyduğum sonsuz sevgi, böyük hörmət hissini ifadə etmək üçün kəlimələr acizdir.

’’Həyatda ideal insan yoxdur’’ deyirlər amma Qabil Abbasoğlu şəxsiyyəti məni bu fikir barədə bir daha düşünməyə vadar edir .

Mənim idealım!… 16 dekabr… Bu gün mənim üçün çox özəl, çox dəyərli günlərdən biridir. Çünki, bu gün sizin dünyaya gözlərinizi açdığınız gündür. Bu gün Azərbaycan mətbuatına Qabil Abbasoğlu kimi bir incinin bəxş olunduğu gündür. Həyatında Qabil Abbasoğlu olan və ondan öyrənən, onunla ünsiyyətdə olan hər kəs çox şanslıdır.

Aidə Musazadə,
BDU-nun filologiya fakültəsinin I kurs tələbəsi

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: