ƏLİXAН DÜŞGÜN (1941-1998)

ƏLİXAН DÜŞGÜN  (1941-1998) REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Qədim Borçalı elinin tarixi kimi, onun saz-söz dünyası da qədimdir. Bu qədim ənənə indi də davam edir. Borçalının sazı-sözü tükənməz bir çeşmə kimi çağlayır, çağlayır...
Borçalının hər guşəsi, demək olar ki, hər il bir yazıçı, şair, aşıq və alimlə şöhrətlənir.
Onların sorağı yalnız Borçalı hüdudlarında məhdudlaşıb qalmır, çox-çox uzaqlara yayılır...
Belə dəyərli soydaşlarımızdan biri də Gürcüstanda yaşayıb-yaradan qələm sahibləri arasında öz sözü və öz nəfəsi ilə fərqlənən istedadlı şair Əlixan Düşgündür.


Əlixan Düşgün (Əlixan Bayram oğlu Abbasov) 1941-ci ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Lök-Candar kəndində anadan olmuş, 1958-ci ildə Hamamlı kənd orta məktəbini, 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakultəsini bitirmişdir. İlk jurnalistlik fəaliyyətində Tbilisidə nəşr olunan "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") qəzetində ədəbi işçi kimi başlamış, 1975-ci ildən sonra isə Gürcüstan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin Azərbaycan dilində radio verilişləri redaksiyasında redaktor vəzifəsində çalımışdır.

Poeziyaya ХХ əsrin 60-cı illərində gələn Ə.Düşgünün həmyaşıdları arasında şeir yazanlar, poezya qapılarına ayaq basanlar çox olmuş, lakin onların hamısı şair kimi püxtələşə bilməmiş, əksəriyyəti poezya meydanından geri çəkilmiş, öz qələmlərini başqa üslüblarda işlətmişlər.
Xoşbəxtlikdən Əlixan Düşgün özünün ilk addımlarını saxlamаmış, bəzən büdrəsə də, daşlı-kəsəkli yolları keçmək üçün asta-asta, aram-aram poeziya yollarında dağ yamacı ilə irəliyə addımlamışdır. Bu heç də təsadüfi deyil. Çünki Əlixan Düşgün hələ orta məktəb partası arxasında oturandan poeziya ilə, şeirlə dərindən maraqlanmış, onun sirlərinə yiyələnməyə çalışmışdır. Onun bu əməyi bəhrəsiz qalmamışdır... Əvvəllər öz ilkin şerlərini, bəlkə də, utana-utana yoldaşlarına, müəllimlərinə oxuyar, müxtəlif qəzetlərin redaksiyalarına göndərərdi. Hətta, qəzetləri müntəzəm izləyərdi ki, görsün onun şeirləri haqqında da nəsə yazılıblarmı?
Nəhayət, mətbuatda onun ilk şeirləri görünüb. İlk tərəddüdlər, ilk həyəcanlar get-gedə Əlixan Düşgündən uzaqlaşmağa başlayıb.

Əlixan Düşgünün imzasının mətbuatda tez-tez görünməsi də onda yeni həvəs oyadır, yeni iradə və yeni güc toplayır, onu daim poeziya axtarışlarına sürükləyib aparırdı. Gənc şair şeirdən-şeirə keçdikcə hər misranın bədii boyası, bədii zövqü, poetik mənası və məzmun tutumu dolğunlaşırdı. Poeziya yollarında heç bir çətinlikdən qorxmayan şair "Dədə Qorqud dilində" silsilə şeirlərindən baş alıb, fikir, düşüncə bahadırı "Səbuhi"yə qədər şərəfli bir yol keçmişdir. Onun əsərləri "Çeşmə" (Tbilisi, 1980), "Dan ulduzu" (Tbilisi, 1987; 1989, 1990), "Ağır elli Borçalı" (Bakı, 1990; Ərzurum, 1994), "Addımlar" (Bakı, 1995, 1996) ədəbi məcmuələrində, eləcə də özünün "Düşüncələr" (Tbilisi, "Merani", 1984) və "Səbuhi" (Tbilisi, "Merani", 1987) adlı kitablarında oxucuların ixtiyarına verilmişdir.

Sevimli şairimiz Bəxtiyar Vahabzadə hələ 1982-ci ildə Bakıdakı "Gənclik" nəşriyyatında çap olunmuş "Vətən ocağının istisi" adlı kitabındakı "Borçalı-Başkeçid dağlarında qaynayan ÇEŞMƏ" sərlövhəli məqaləsində 1980-cı ildə Tiflisdə işıq üzü görmüş "Çeşmə" ədəbi məcmuəsində dərc olunmuş "seçmə şeirlərdən" söhbət açarkən Əlixan Düşgünün "Dədəm Qorqud dilində" silsilə şerlərinə ("Dil nəğməsi", "Su nəğməsi", "Vətən nəğməsi") xüsusi yer vermişdir:

"Alp anamla ulu dədəm
Danışıqlı!
Hər kəlməsi ərdəm-ərdəm,
Yaraşıqlı!
Çığnam-çığnam əsrlərin
Dolambaclı yollarını
Aşan dilim!
"Oğuznamə" əsərinin
Boylarını, qollarını
Qoşan dilim!"

- deyən Əlixan, dilimizin tarixinə baş vurur, onun ulu qaynaqlarından, еlə ilk qaynağın öz dili ilə söhbət açır. Şair qəsdən Dədə Qorqud dili ilə yazmağa çalışmır, hiss olunur ki, bu onun öz ruhundan belə süzülür, çünki bu şeir çeşməsinin qaynağı qədim və ulu Qorqud dağıдır... Şeir başdan-başa Qorqud deyim tərzi ilə йаçыlmaqla dilimizin əlvanlıq və gözəlliyini, hardasa unutduğumuz bakirəliyini, nəğməyə bənzər ahəngdarlığını, qulaqlarımızda səsləndirir, bizi quru və süni dildən canlı xalq dilinin obrazlığına çağırır... "Sarısaç sünbüllərin", "bitməz-ikən bitər oldu", "İki öpüb bir dişlərsən", "düzülübsən", "Mərə suçu" kimi deyimlər, şeirə Dədə Qorqud havası gətirir, bizi kökümüzə bağlayır..." (Bax: B.Vahabzadə. "Vətən ocağının istisi". B., 1982, səh.75.)

Ə.Düşgünün 1984-cü ildə Tbilisinin "Merani" nəşriyyatı tərəfindən buraxılmış "Düşüncələr" şeirlər toplusu mövzu uyğarlığına və motiv yaxınlığına görə doqquz bölmədə tərtib edilmiş və hər biri tematik mövzu-üsulu ilə əlaqədar onun bədii əksi olan iki sətirdə qafiyəli başlıqlara ayrılmışdır:

1. Həyat həqiqəti,
El sədaqəti.
2. Dədəm Qorqud dilində
Oğuz yurdu elində.
3. Əməkdən yaranan sətirlər,
Zəhmət soraqlı sətirlər.
4. Təbiət lövhələri
Ata-baba töhfələri.
5. Sənət eşqi-
Pərvanə məşqi.
6. Uşaqlar aləmi-
Şair qələmi,
7. Əsrin alaq otları
Вə antipodları.
8. Ömrün pərişan anları
Könül həyəcanları.
9. Musiqi selləri,
Ürək telləri.

Yəqin ki, bu bölmələrdə hansı şeirlərin cəmləşdiyini artıq izah etməyə ehtiyac yoxdur. Başlıqlardan aydın hiss etmək mümkündür ki, şair təbiətə, hadisələrə, məişətimizə, ümumiyyətlə, real həyat hadisələrinə müraciət edir, bunlara öz münasibətini bildirir və bədii ümumiləşdirmələr yolu ilə maraqlı lövhələr yaradır, müasir insanın düşüncələri ilə nəfəs alır. Vətən, sülh, dostluq, ailə müqədəsliyi, əmək, sənət, məhəbbət, uşaq kamilliyi, insanın mənəvi keyfiyyətləri şairin yaradıcılığının əsas mövzularıdır.

Əməkdar elm xadimi, akademik Kamal Talıbzadənin həmin kitaba yazdığı “Uğurlu addımlar” sərlövhəli ön sözdə oxuyuruq:
“Düşüncələr” kitabındakı şeirlər poetik axtarışlar aparan, müasir insanın düşüncələrini duya bilən, Vətən sevgisilə yaşayan gənc şairin qələmindən çıxmışdır”.

Kitabda müəllifin hər dörd misrası cinaslar üstə qafiyələnmiş "Dördgül yarpaqlar" adlandırdığı "Kərəmi deyimlər"i və ruhən Azərbaycan bayatılarına bənzəyən, sadəcə 7 yox, 11 hecadan ibarət olan və bir-birindən maraqlı "Rübailər"i də toplanıb:

Ətir-ətir bu yan çiçək, o yan gül,
Nəyə lazım bəbəyimi oyan gül.
Dünyamızın dərdi-səri az deyil,
Bu qəflətdən bir anlığa, oyan gül.

Qarşımızda yüz gərdik var, yüz yal var,
Yüz şərbət var, yüz zəhər var, yüz yal var.
İgid deyil, basdığını kəsəcək,
Müxənnətdi, müxənnətə yüz yalvar.

Bir kotana qayış oldun, çək indi,
İstəyindən kim döndü, kim çəkindi?!
Cavanlığın qədirini bilmədin,
Günahındı azarını çək indi!

Dağlar istər dağ başına çən gələ,
Dərd azalmaz ha yığışdır, çəngələ.
Dəryalarda itkin düşən eşqimi,
Necə salım ya topa, ya çəngələ?!.. və s..

“Gürcüstan” qəzetinin 20 iyun 1985-ci il tarixli nömrəsində istedadlı alim Şurəddin Məmmədlinin həmin kitab haqqında “Uğurlu yolun başlanğıcı” sərlövhəli rəyi dərc olunmuşdur.
Rəydə şairin lirik və oynaq şeirlərlə yanaşı, poema janrına da cəsarətlə girişmiş və onun öhdəsindən bacarıqla gələ bilməsi qeyd olunmuşdur. “Zəminə”, “Sürəyya”, “Həyat dərsi” və s. poemaları bu qəbildəndir.

Şairin böyük sujetli, mövzulu əsərlər yazması heç də təsadüfi yox, onun ədəbiyyatımızın inkişaf tarixinə dərindən bələd olması, həyati müşahidə qabiliyyətinin güclü olması ilə bağlıdır. Bu da onun lirik əsərlərinin rəngarəngliyinə səbəb olmuşdur. Onun yaradıcılığı üçün həyat həqiqəti, el sənəti, sənət eşqi, el bayramı, el ənənəsi, əmək və zəhmət ətirləri, təbiət və vətən lövhələri, musiqi selləri, ürək telləri, könül həyəcanları və s. səciyyəvi olduğu kimi, tarixi həyat həqiqətləri və tarixi mövzu da səciyyəvidir.
Bunu şairin Tbilisinin “Merani” nəşriyyatı tərəfindən çapdan buraxılmış ikinci kitabı - “Səbuhi” (1987) poeması açıq-aydın sübut edir.
Kitaba ədəbiyyatşünas alim Həmid Vəliyev “Öz dəst-xətti ilə” sərlövhəli ön söz yazmışdır.
Mirzə Fətəli Axundovun yaşadığı və fəaliyyət göstərdiyi dövrün ictimai-siyasi hadisələrini və həmin hadisələr fonunda onun yorulmaq bilmədən xalqın gələcək yolunu işıqlandırmaq üçün çalışdığı və mübarizə apardığını bədii dillə qələmə almışdır.
Qeyd edək ki, dahi haqqında söz demək, onun fikrinə, ideyasına və mülahizəsinə bədii dillə müdaxilə etmək heç də asan deyil. Çünki ona layiq qiymət vermək üçün yaşadığı dövrün ictimai-siyasi hadisələrini, onun həyat tərzini, fəaliyyət dairəsini dərindən öyrənmək tələb olunur. Bu baxımdan Əlixan Düşgünün on dörd hissəli “Səbuhi” poeması təqdirəlayiqdir. Dramatik poemada ayrı-ayrı hissələr (əhvalatlar) bir-birinə ərş-ağac kimi elə bağlanmışdır ki, onlar həm bədii ifadə formalarının işlənməsi, həm də məzmun baxımından biri digərini tamamlayır. Müəllif M.F.Axundov dühasının ölməzliyini əks etdirən “Səbuhi” dramatik poemasını özünəməxsus dəst-xətti ilə, orijinal forma və üslubla qələmə almışdır.
“Səbuhi” əslində qəhrəmannamədir, nadir dühaya malik şəxsiyyətin-M.F.Axundovun həyat və fəaliyyətini, onun dövrünün mühüm hadisələrini yüksək pafosla tərənnüm edən tarixi əsərdir.
Şair birinci qissədə M.F.Axundovun qəbri yanında fikrə dalır, onun qəbir daşını, heykəlini ziyarət edir, xalqımızın tərəqqisi naminə onun atdığı ilk addımları xatırlayır:

Bir xəzinəsən-təmiz, saf,
Məğzi-aydın, dili şəffaf.
Yandın, çıraq kimi yandın,
El xidmətində dayandın...
Dedin: xalqımız uludur,
Yolu-aydınlıq yoludur...

Poemanın ikinci hissəsi tarixilik və müasirlik baxımından daha poetik səslənir. Tiflisin azərbaycanlıların da tarixən mədəni mərkəzlərindən biri olduğu hamıya məlumdur. Lakin əsrimizin ortalarından etibarən, nədənsə, Tiflis öz tarixi kökündən uzaqlaşmışdır. Bu uzaqlıq poemada da öz bədii ifadəsini tapmışdır. Belə ki, пoemada tarixi keçmişimizlə bağlı bizi düşünməyə sövq edən maraqlı lövhələr çoxdur. Fikrimizi aydınlaşdırmaq üçün aşağıdakı bəndlərə diqqət yetirmək kifayətdir:

Desəm, ağzımda dil yanar,
Deməsəm, qəlb alovlanar...
Aman nadanlar əlindən,
Buqələmunlar dilindən...

Əmrlər veririk nədən
Özümüzü dərk etmədən?!
İncəsənəti ağlatdıq,
Teatrımızı bağlatdıq.

Adamlar bilmədi həddin,
Necoldu “Molla Nəsrəddin”?
Aləmə səs salan jurnal,
Tiflisdə doğulan jurnal

Elə bil yox imiş əvvəl,
Ruhunşad, ey Mirzə Cəlil!
Sən yaratdın, biz dağıtdıq,
Addımı geriyə atdıq.

Hanı “Qeyrət” mətbəəsi,
Kəsilibdi “çap-çup” səsi...
Düz demişlər ki, qafillər
Zərin qədrini nə bilər?..

Poemada M.F.Axundov tərəfindən ətalətin, savadsızlığın, möhtəkirliyin tənqid edilməsi, arzu etdiyi ziyalı nəslinin yetişməsi, əsl əməyin insanı ucaltması mülahizəsi ön plana çəkilir. Poemanın əhəmiyyəti bir də ondadır ki, M.F.Axundovun dövrü və ideyası, onun əsərlərinin personajlarının gah səhnəyə gətirilməsi, gah da başqa bir personajın nitqində xatırlanması əhvalatı müasirlik baxımından poetik dillə təsvir olunur:

Düzgün seçilməyir nə zaman peşə,
Vətən zərbələnir ondan həmişə...
Hər kəsin işindən hər kəs halıdı,
Hərə öz yerini tanımalıdı!..

Dramatik poemada istər bədiiliyi, istərsə də məzmun ardıcıllığı və əhatəliyi baxımından altıncı əhvalat (qissə) xüsusilə diqqəti cəlb edir. Burada Azərbaycan qadınının ağlı, kamalı, düşüncəsi, hökmdarı ədalətli islahatlar verməyə çağırışı da müasir həyatla səsləşir:

Gözəl bir islahat, bir şey yaratsan,
İnan ki, ömrünü uzadacaqdır.

Əsərin əsas məziyyətlərindən biri də üç qonşu xalqın dramaturgiya banilərinin tanışlığını, dostluğunu və həmfikir olmalarını əks etdirməsidir. G.Eristavi Səbuhiyə deyir:

Söhbətin yağ kimi yayılır cana,
Şöhrət gətirənsən Azərbaycana.

Poemanın əsas qayələrindən birini xalqlar dostluğu təşkil edir. Bu isə imperiyanın hakim dairələrinin xoşuna gəlmir. Odur ki, Qafqaz xalqları arasındakı birliyi və yaxınlığı görən çarizm onu dağıtmağı, araya nifaq və ədavət salmağı, onları bir-birinin üzərinə qaldırmağı (bu proses indi də davam etməkdədir), “parçala, hökm sür” ideyasını ön plana çəkir. Müəllif bu fikri məmurun dili ilə belə təsvir edir:

Hər şeyin canıdır milli məsələ,
Dünya belə azar tanımır hələ-

misralarındakı narahatlıq isə hamımıza tanışdır. Görün, poemada müasir dövrümüzün problemi necə də incəliklə öz əksini tapmışdır...
Poemada Cənubi Qafqazda xalqların tarixi dostluğu da geniş tərənnüm edilmişdir.

Tək əldən səs çıxmaz, tək eldən hünər,
Hünərdə dostluğun gücü görünər.
Dostluğun qüvvəti təmizliyində,
Ellərin qüdrəti dostluğundadır-

- deyən şair xalqlar arasında dostluğun hər şeyə qalib gəldiyinə inanır.
Bu gün hər yerdə milli zəmində münaqişələr törənir və dövrün şairi belə vəziyyətə biganə qala bilməz:

Bu Qafqaz elləri min ildən bəri
Çıxıb əsrlərin sınağından.
Birlikdə qovmuşlar yadelliləri,
Ruhlanıb qardaşlıq etibarından.

Bu bənd və bu qəbildən olan digər misralar hazırki narahat dünyamızda daha müasir səslənir və bizi ulu babalarımızdan miras qalmış xalqlar dostluğunu qoruyub gələcək nəsillərə ötürməyə çağırır.
Əsərdə böyük rus şovinizmini başqa xalqların ana dilinə və mədəniyyətinə xor baxması, onun inkişafını və gələcəyini məhv etməsi ideyası da, xalqlararası ünsiyyət vasitəsi kimi rus dilinin rolunun həddindən artıq şişirdilməsi də (bu proses indi də öz gücünü itirməmişdir)

Təkcə rus dilində keçsin dərsləri
Şəhər məktəbləri, kənd məktəbləri

-deyən irticaçı müəllimin simasında tənqid atəşinə tutulur...

Əlixan Düşgünün zəngin hadisələr qaleriyasına bənzəyən, hər qissəsi bir dastan təsiri bağışlayan “Səbuhi” dramatik poeması gərgin zəhmətin bəhrəsi olub, öz orijinallığı, forma və üslub yeniliyi ilə səciyyələnən, böyük mütəfəkkir M.F.Axundov dühasının ölməzliyini əks etdirən realist əsərdir. Poemanın dilinin sadə, xalq danışıq dilinə söykənməsi surətlərin təbiiliyini daha da artırır, poemada işlədilmiş “qırxında öyrənən gorunda çalar”, “atı palan saxlar, şahı da yalan”, “aranda olmuşuq tutdan, səfalı dağda qurutdan”, “deyirik Allahdan buyruq, ağzımıza yağlı quyruq”, “min bir fəlakəti bir hiylə udar”, “ilanı başından tutarlar ancaq”, “dostluğun qədrini dost olan bilər” və s. kimi atalar sözləri və məsəlləri söylənilən fikir və ifadələrin təsir qüvvəsinin gücləndirilməsinə xidmət edir.

Tanınmış tədqiqatçı-jurnalist Musa Nəbioğlu “Bolnisi” qəzetinin 15 may 1990-cı il tarixli sayında dərc olunmuş "İstəklərin işığında" sərlövhəli məqaləsində Ə.Düşgünün “Səbuhi” “dramatik poema”sını orijinal forma və üslubda qələmə aldığını xüsusi olaraq vurğulamışdır. O, qeyd etmişdir ki, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundovun fəaliyyətinin əbədiliyinə həsr olunmuş poemada M.F.Axundovun çoxsahəli ədəbi, ictimai-siyasi, elmi-fəlsəfi görüşləri geniş əksini tapmışdır.
Əsərdə diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, müəllif təkcə Axundov dövrünü təsvir etməklə kifayətlənməmiş, Mirzə Fətəli dövrü ilə müasir dövr arasında bir növ körpü yarada bilmişdir.
Əsərdə hadisələr həm müasir, həm də tarixilik anlamında cərəyan edir.
Kitaba geniş ön söz yazmış filologiya elmləri namizədi Həmid Vəliyevin sözləri ilə desək “keçmişi bizə, bizi keçmişə bağlayır”.

Əlixan Düşgünün “Səbuhi” poeması M.F.Axundov dühasının böyüklüyünü, onun tərəqqipərvər ideyalarının ölməzliyini, realist dramaturgiyanın banisi kimi klassik nümunələr yaratmasını bir daha sübut edir. Əsərin müsbət xüsusiyyətlərindən biri də bizcə onun canlı xalq dilinə, folkloruna bağlı olmasıdır. Bu aşağıdakı misallarda aydın görünür:

Aranda olmuşuq tutdan,
Səfalı dağda qurutdan.
***
Deyirik, Allahdan buyruq,
Ağzımıza yağlı quyruq.
***
Qaraltıdan sürü hürkmüş,
Axsaqlar irəli düşmüş.
***
Kim halal zəhmətdən kölgətək qaçar,
Özü öz başına fəlakət açar.

Poema bədii ifadə vasitələrindən istifadəsinə və məzmun əhatəliyinə görə də müasir poeziyamızın nailiyyətlərindən biri sayıla bilər.

Kitabı oxuyub qurtarandan sonra da uzun müddət onun təsirindən çıxmaq olmur.
Və qəlbimizdə təzə bir istək baş qaldırır: şairin yeni-yeni kitablarını görmək, yeni-yeni əsərlərini oxumaq istəyi.
Biz də Şair Əlixan Düşgünə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

1994

Bax: Mədəd Çobanov, Müşfiq Çobanlı. Əlixaн Düşgünün poeziya yaradıcılığı.
“Sərbəst düşüncə” qəzeti, №6 (23), 5-10.03.1993.
Müşfiq Mədədoğlu (Çobanlı). «Çağdaş Borçalı ədəbi məktəbi».
Bakı, «Azərbaycan» nəşriyyatı, 1994. səh.117-122.

P.S.:
ƏLİXAН DÜŞGÜN  (1941-1998) Əlixan Düşgün SSRİ dağıldıqdan sonra 1996-cı ildə Gürcüstanda ilk müstəqil anadilli mətbuatımız olan “İnam” adlı qəzet təsis etmiş və ömrünün sonunadək həmin qəzetin baş redaktoru olmuşdur. O, eyni zamanda
“Dayaq”
assosiasiyasının yaradıcılarından biri olmuş, sonra isə həmin təşkilatın sədri seçilmiş və bir müddət həmin ictimai vəzifədə də şərəflə çalışmışdır...
Əlixan Düşgün 1998-ci ildə ömrünün və yaradıcılığının müdrik çağında qəflətən vəfat etmişdir.
Neçə-neçə arzuları, neçə-neçə əsərləri yarımçıq qalmışdır...
Allah rəhmət eləsin...
Ruhu şad olsun...

1998.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əlixan DÜŞGÜN (1941-1998): RÜBAİLƏR...

Əlixan DÜŞGÜN (1941-1998): RÜBAİLƏR...

RÜBAİLƏR, Başkeçid
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
Professor MƏDƏD ÇOBANOV:

Professor MƏDƏD ÇOBANOV: "Dahi şairin bə­dii por­­­­­­­­­tireti"

Elmi Məqalələr, Mədəd Çobanov
TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

ADPU, Darvaz, Müşfiq Borçalı
Professor MƏDƏD ÇOBANOV:

Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR"

Elmi Məqalələr, Mədəd Çobanov
AŞIQ ƏLİXAN QARAYAZILI (1909-1998)

AŞIQ ƏLİXAN QARAYAZILI (1909-1998)

Folklor, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Qiymətli tədqiqat əsəri

Qiymətli tədqiqat əsəri

Ədəbiyyatşunaslıq, Ədəbi tənqid, Darvaz, Arxiv
ƏDALƏT  MƏDƏDOĞLU (1968)

ƏDALƏT MƏDƏDOĞLU (1968)

Başkeçid
Bu tədqiqatın yaşı az...

Bu tədqiqatın yaşı az...

Ədəbiyyatşunaslıq, Gürcüstan, Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Arxiv, Haqqımızda, Müşfiq Borçalı
FƏRMAN ƏLİYEV (1962)

FƏRMAN ƏLİYEV (1962)

Qabal, Müşfiq Borçalı
EYVAZ ƏLLƏZOĞLU (1956-2011)

EYVAZ ƏLLƏZOĞLU (1956-2011)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Bədirxan Əhmədli:  BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Bədirxan Əhmədli: BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
Professor Abbas Hacıyev: ÜMUMİMARAQ SƏVİYYƏSİNDƏ

Professor Abbas Hacıyev: ÜMUMİMARAQ SƏVİYYƏSİNDƏ

TDPİ-nin Azərbaycan bölməsi, ADPU, Darvaz, Arxiv, Müşfiq Borçalı
Tanış olun: SƏRDAR QABALLI

Tanış olun: SƏRDAR QABALLI

Qabal
GÜLNAR SƏMANIN “SÖZÜMÜZ SÖZDÜR” KİTABINDA  SÖZ RƏNGİ

GÜLNAR SƏMANIN “SÖZÜMÜZ SÖZDÜR” KİTABINDA SÖZ RƏNGİ

Yeni nəşrlər, Humanitar elmlər
Hacı Ağabala Azəri (Mahmudov) (1931)

Hacı Ağabala Azəri (Mahmudov) (1931)

Qaraçöp, Müşfiq Borçalı
Rəy yazın: