Nizami Gəncəvi: "Heç bir hünər ədalətdən gözəl deyildir" - Təhminə Bədəlova

Nizami Gəncəvi: "Heç bir hünər ədalətdən gözəl deyildir" - Təhminə Bədəlova Dünya ədəbiyyatının korifeyləri sırasında şərəfli yer tutan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin hikmət, fəlsəfi fikirlər və elmi biliklərlə zəngin xəzinəsi - bəşər ədəbiyyatı tarixinin ilk "Xəmsə"si Yaxın və Orta Şərq xalqları ilə yanaşı, Avropa xalqları ədəbiyyatlarının da ideya, mövzu, süjet və motiv istiqamətlərinin müəyyənləşməsində, sənətkarlıq xüsusiyyətlərinin zənginləşməsində, bədii-estetik və fəlsəfi fikrinin inkişafında mühüm rol oynamışdır. Şairin insan dühası və zəkasının fövqündə dayanan ölməz əsərlərinə yüzlərlə nəzirə və cavablar yazılmış, fars, türk, ərəb, urdu, kürd, pəncab, gürcü, erməni və puştu dillərində Nizami mövzularında orijinal sənət nümunələri yaranmışdır. Ölməz yaradıcılığı ilə bütün bəşəriyyətə məxsus olan Azərbaycan şairinin ədəbi əsərləri təkcə misilsiz sənətkarlıqla qələmə alınmış bədii örnəklər deyil, həmçinin zəngin elmi, tarixi biliklərin bir araya toplandığı qiymətli mənbələrdir.

Nizami Gəncəvinin dünya ədəbiyyatındakı yeri yalnız onun əsərlərinin yayıldığı coğrafi arealın genişliyi ilə ölçülmür. Şairin əsərlərindəki qəhrəmanlara nəzər saldıqda orada ən müxtəlif xalqların və millətlərin, ən müxtəlif inancların nümayəndələrini görürük. Ümumiyyətlə, şairin yaradıcılığında bütün inanclara, bütün millət və xalqlara böyük hörmət və ehtiram vardır. Təsadüfi deyildir ki, tədqiqatçılar yazırlar ki, Nizaminin vətəni dünya, milləti insanlıqdır. Nizami heç bir dinə, heç bir millətə yuxarıdan baxmır. Şair dilindən, dinindən və millətindən asılı olmayaraq ədalətsizliyi, zorakılıq və zülmkarlığı, qəddarlığı, kələkbazlığı, yalançılığı, kibri, hiyləgərliyi və insanın uca əxlaqına yaraşmayan başqa xasiyyətləri rədd edir.


Nizami Gəncəvi yaradıcılığının bəşəriliyini, onun bütövlükdə dünya və insanlar üçün çalışdığını, qayğılandığını göstərmək üçün şairin ən məşhur beytlərindən birinə müraciət edək:

Çalış xəlqin (xilqətin, xəlq olunmuşların, yaradılmışların, insanların) işinə yarayasan, / Ta ki, yaradıcılığınla (işinlə) dünyanı bəzəyəsən.

Nizamiyə görə, insan öz insanlıq borcunu bəşəriyyətə, insanlığa xidmət etməkdə görməlidir. Alman şairi Höte də Nizami yaradıcılığının məhz bu keyfiyyətini - "heç bir dini-etnik fərq qoymadan bütün bəşəriyyət üçün ağrıyıb-acıması, narahatlıq keçirməsi"ni (Abdulla Kamal. Həpimiz bir günəşin zərrəsiyik. // Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları. I kitab. Bakı, Mütərcim, 2016, səh.3.) yüksək qiymətləndirmişdir.

Dövrünün ədəbi-bədii hadisələri kimi, ictimai-siyasi durumuna da biganə qalmayan sənətkarı düşündürən problemlərdən biri də dövlətin, cəmiyyətin, adi insani əlaqələrdən tutmuş, yüksək ali məqamlaradək qarşılıqlı münasibətlərin bütün məqamlarında ədalət prinsipinin gözlənilməsi, bunun bir əxlaqi normaya çevrilməsi və bu istiqamətdə təsiredici vasitələrin - ilk növbədə eşqin, sevginin, hikmətli sözün gücündən istifadənin vacibliyi idi. Nizaminin bütün yaradıcılığının əsas xəttini təşkil edən bu problemlə bağlı lirik ricətlərdə nəzəri baxımdan irəli sürülən fikirlər şairin illüstrativ hekayələrində əyani əksini taparaq həyati misallarla əsaslandırılır.

Nizamiyə görə, insanlığın ümumi məskəni olan yer üzü ancaq ədalətin ətəyində çiçək aça bilər. Şair "İskəndərnamə" poemasında Bərdənin keçmiş cah-calalını təsvir edərkən deyir:

O cür ki, o gözəl bitkilər

Ki, toxumdan yox, bəlkə ədalətin ətəyində bitərdi.

Şairin əsərlərinin bu prizmadan öyrənilməsi göstərir ki, Nizaminin hələ XII əsrdə utopik şəkildə də olsa, təsvir etdiyi azad cəmiyyət, onun idarəetmə prinsipləri, sosial ədalət, hökmdar-rəiyyət münasibətləri müasir baxışlar və görüşlərlə bir çox məqamlarda üst-üstə düşür. Şairə görə, müstəqil, güclü və uzunömürlü dövlətin möhkəmliyinin başlıca şərti onu idarə edənlərin uzaqgörənliyindən və ədalətindən asılıdır. Akademik Teymur Kərimlinin də qeyd etdiyi kimi, "Nizami, bir siyasi-ictimai institut kimi dövlətin rolunu çox yüksək qiymətləndirirdi və xüsusən onun başçısının şəxsi kefiyyətlərinə böyük əhəmiyyət verirdi" (Kərimli Teymur. Nizami və tarix. Bakı, Elm, 2002, səh. 24.).

Bir məqamı xüsusi olaraq vurğulamaq istərdik ki, Nizami Gəncəvi üçün ədalət və humanizm prinsiplərinə uyğun idarə edilən dövlət məhz Türklərin dövlət quruluşu idi. Şair Səlcuq sultanlığını nəzərdə tutaraq yazdığı aşağıdakı beytdə bunu açıq şəkildə ifadə edir:

Türklərin dövləti ucalanda,

Məmləkətdə ədalət hakim oldu.

Ancaq Nizami dünyanı geniş anlamda götürdüyü üçün, "vətənim dünya, millətim insanlıq" dünyagörüşünə sahib bir mütəfəkkir olduğu üçün ədalətin bərqərar olduğu məkan coğrafi mövqeyindən, kimlərə məxsusluğundan, dini-irqi mənsubiyyətindən asılı olmayaraq şairin mədh obyekti ola bilirdi. Məsələn, Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında "Xosrovun ova çıxması və oradan kəndlinin evinə getməsi" hissəsində atəşpərəst Hörmüzün dünyaya səs salan ədaləti şairin qələmində əbədiləşdirilir: Ov zamanı sərxoş olan və hökmdar atasının qoyduğu qaydaları pozan şahzadə cəzalandırılır: Xosrov - şah oğlu olmasına rəğmən, adi bir rəiyyət kimi etdiyi hərəkətin bədəlini ödəyir. Nizami Hörmüzün ədalətini alqışlayarkən açıq-aşkar onun bir atəşpərəst olduğunu yazır və keçmiş zamanların ədalətinin müasiri olduğu dövrdə yoxa çıxmasından kədərlənir:

Bax gör (şahlar) bundan əvvəl yadları deyil,

Öz dürdanələrini (də) necə tənbeh edirdilər.

O ədalət və insaf harada qaldı?

Övladla belə rəftar indi hanı?

İndi yüz məzlum qanı axıdılsa,

Heç bir damcı su da bənddən kənara axıdılmaz.

Əsəri üçün bədii obraz kimi seçdiyi şəxsiyyətlərin tarixdə daha çox hansı keyfiyyət və özəllikləri ilə qaldıqlarından yaradıcı şəkildə istifadə edən şair bu sahədə də təxəyyülünün sonsuz imkanlarını sərgiləmişdir. Məsələn, Adil Nuşirəvan haqqında hər kəsə məlum olan Nuşirəvan və bayquşların söhbəti əhvalatını xatırlayaq. Nizami bayquşların söhbətindən təsirlənib nəticə çıxaran və ölkədaxili siyasətini kökündən dəyişən, bütün fəaliyyətini xalqın rifahı istiqamətinə yönəldən hökmdarın adının tarixdə "ədalətli" padşah kimi qalmasını özünəməxsus şəkildə izah edir:

Pak qəlblər ölkəsində onun adı

Sikkədə "ədalətli" yazıldı.

Onun aqibəti yaxşılıqla qurtardı,

Ədalət qapısını döyənlərin

hamısına bu ad nəsib oldu.

Nə üçün cəmiyyətə ədalət lazımdır? Nizamidə bu sualın çoxsaylı cavabları vardır: hər şeydən əvvəl, hansı cəmiyyətdə ədalət bərqərar olarsa, fitnə-fəsad o yeri tərk edər, bəla, kədər oradan uzaq olar. "Xosrov və Şirin"də Qızıl Arslanın mədhi hissəsində oxuyuruq:

O zülmü dövrandan kəsənin qorxusundan,

Fitnə doğulsa da, ildırım kimi ölər.

...Bu tuş gəlmənin zərərindən

biz nə üçün qorxaq ki,

Allah adil, padşah rəhmlidir.

O tuş gəlmədə ki, belə bir ədalət var,

Fal yeldən vurulub, demək ki, yeldir.

Nizami Gəncəvi özünəməxsus bir dahiyanəliklə oxucusuna çatdırmaq istədiyi fikirləri ümumiləşdirə və fərdiləşdirə bilir. Yəni şairin ideyaları eyni zamanda həm qlobal, həm də lokal olaraq dərk və izah edilə bilir.

"Sirlər xəzinəsi" məsnəvisində "Ədaləti qorumaq və insafa riayət etməyə dair" ikinci məqalatı şair "əqli, idrakı ilə bütün canlıların şahı olan insan"a müraciətlə başlayır. Elə ilk misralarda Nizami bütün yaradıcılığı boyu inadla davam və inkişaf etdirdiyi, əsərlərinin əsas ideya leytmotivini təşkil edən ən mühüm tezisini ortaya qoyur: ədalət və insanpərvərlik. Şairə görə, "heç bir hünər ədalətdən gözəl deyildir!". AMEA-nın müxbir üzvü R.Azadə də "Sirlər xəzinəsi" məsnəvisindən danışarkən əsərdə qoyulan əsas problemin dövlətin və xalqın ədalətlə idarəsi olduğunu xüsusi qeyd etmişdir (R.Azadə. Nizami Gəncəvi (həyatı və sənəti). Bakı, "Elm" nəşriyyatı, 1979, səh.48). Nizami Gəncəvi hökmdarın ilk vəzifələri sırasında ölkənin, məmləkətin abadlaşdırılmasını qeyd edir. Şairin fikrincə, hökmdarın ədaləti, yürütdüyü düzgün daxili və xarici siyasət xarabalığa çevrilmiş dünyanı yenidən abadlığa döndərər.

Əgər sən şahsansa, şahlıq mülkünü abad et,

Əgər gövhərsənsə, ilahi tacını abad et.

Göründüyü kimi, şair ümumiyyətlə, insana, "Yer üzünün şahına" müraciət edir. Ancaq bu misraları eyni zamanda həm də konkret bir məmləkətin hökmdarına aid etmək mümkündür. Şair üzünü sosial durumundan, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, "Tanrı nurunun feyzindən daha çox pay alan" bütün bəşər övladına tutur: sinəni gər, iftixar et ki, bütün dünyada nə varsa, sinəsini gərib sənə xidmət etməkdədir.

Dövləti ədalətlə idarə etmək, eyni zamanda, xalqın qayğısına qalmaq deməkdir. Yalnız bu yolla xalqın dəstəyini qazanmaq, onun tənəsindən xilas olmaq mümkündür:

Adillik xeyirxahlıq güdməkdir,

Bu, xalqdan xilas olmaq üçün böyük sənətdir.

Ədaləti "padşahlığın əsas şərti" hesab edən Nizami -

Bu evdə hər kim bir gecə xeyirxahlıq etsə,

O, öz sabahkı evini abad etmiş olur,

- deyir.

"Padşahın əsl düşməni zülm edən ədalətsiz məmurlardır. Xalq zülm edəndən üz çevirər", - deyən Nizami Gəncəvi dövlətin möhkəmliyi və sabitliyi üçün hökmdarla, iqtidarla xalqın birliyinə çox böyük əhəmiyyət verirdi. Şairə görə, əbədi dövlətə nail olmaq üçün ölkədən, məmləkətdən zülmün, sitəmin ayağını kəsmək, xalqı incitməmək lazımdır. Məhəmməd Əmin Rəsulzadə də qeyd edir ki, "Nizamiyə görə, dövlət anlayışı ilə zülm anlayışı bir araya sığa bilməz" (Rəsulzadə Məhəmməd Əmin. Azərbaycan şairi Nizami. Bakı, "Çıraq" nəşriyyatı, 2008, səh. 250). Yalnız bu zaman dövlətin gələcəyi haqqında düşünmək olar.

Şair dönə-dönə vurğulayır ki, zülm və sitəmlə xalqın rəğbətini qazanmaq, hörmət və ehtiram əldə etmək mümkün deyildir, bütün qapıların açarı yalnız ədalət və xeyirxahlıqdır! "Ölkə (məmləkət) yalnız ədalətlə qüdrətli (əbədi) ola bilər" - deyən şairin ədalətə necə böyük önəm verdiyi bu mövzu ilə bağlı işlətdiyi təşbihlərdən də məlum olur. O, ədaləti - "dünyanı şadlandıran böyük əmirə", "məmləkəti abad eləyən bir zəhmətkeşə" bənzədir.

Zülm etmək bəyənilən əməl deyil, (çünki bu)

Öz üzünün suyunu (abrını)

və xalqın qanını tökmək (deməkdir).

Nizami çox incə şəkildə dövrünün hakimlərinə çatdırır ki, zülm edilən xalqdan qorxmaq lazımdır! Şair Sultan Mahmudun aqibətini nümunə gətirir:

Bir-iki kişinin incimiş himməti

Gör Mahmudun bədənini (nə günə) saldı.

Məlumdur ki, Sultan Mahmud Qəznəvi (999-1030) Hindistanı fəth edəndən sonra hind kahin və yoqları öz maqnetizmi (himməti) vasitəsilə Mahmudu dəhşətli xəstəliyə mübtəla edirlər. Təbiblər onu müalicə etməkdə aciz qalırlar. Bu zaman Mahmuda xəbər çatır ki, onun xəstəliyinin səbəbi kahin və yoqların dua və ibadətidir. Mahmud onları məcbur edir ki, ona şəfa duası oxusunlar və bundan sonra o sağalır.

Prof. Rüstəm Əliyev yazır ki, yuxarıdakı "beytdə əsas məqsəd zülmkar şah və hakimləri məzlumların ah-naləsi, bəddua və qarğışları ilə qorxudub, zülmkarlıqdan saqındırmaqdır..." (Nizami Gəncəvi. Sirlər xəzinəsi. Filoloji tərcümə prof. Rüstəm Əliyevindir. Bakı, Qanun Nəşriyyatı, 2014, səh.280).

Akademik Həmid Araslının da qeyd etdiyi kimi, dahi şair, ümumiyyətlə "ədalət problemi ilə bağlı dövlətin idarəsinə ağıllı, təcrübəli adamların cəlb edilməsi, nəhayət, zülmə dözməməyə çağırış, zalımın ədalətsizliklərini üzünə qorxmadan demək, haqsızlıqlarla mübarizə kimi öz aktuallığını əbədi saxlayan ictimai-siyasi əhəmiyyətli mülahizələr söyləmişdir" (Araslı Həmid. Şairin dünya şöhrəti. // H.Araslı. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, "Gənclik", 1998, səh. 236).

Nizaminin əsərlərində hökmdarın ədaləti şəxsiyyətin və türk cəmiyyətində, ailəsində xüsusi dəyərə malik olan qadının şərəf və ləyaqəti ilə müqayisə olunur. Şahın ədaləti qadınlıq, müqəddəslik və ən əsası toxunulmazlıq rəmzi olan örpəklə qarşılaşdırılır.

Bu zülmə həvəslə baxanlar

Mənim örtüyümü, sənin isə

ədalətini biabır edirlər.

Nizami Gəncəvi zülmə qarşı mübarizədə sözün tərbiyəedici gücünə, bu nəsihətlərin zalımlara dərin təsir bağışlayacağına, onları zülm, istibdaddan əl çəkməyə vadar edəcəyinə inanır və özünəməxsus bir müdrikliklə bütün insanlara, ilk növbədə isə dövlət başında dayananlara, ixtiyar, güc sahibi olanlara müraciət edir:

Şair "Ədalətli Nuşirəvan və vəzirin hekayəsi"ndə də bir daha vurğulayır ki, "zülmün hasili göz yaşından başqa bir şey ola bilməz!".

Öz zəmanəsində ədalətdən əsər-əlamət qalmadığından, onun "dağlara qaçıb əfsanəvi Simurq quşunun qanadları altında özünə sığınacaq tapdığından" şikayətlənən şair ədaləti bərpa etməyin yollarını da özünəməxsus şəkildə tövsiyə edir:

Sən ondan ötrü şahsan ki, zülmü azaldasan,

Başqaları xəstə olarsa,

sən onlara dərman verəsən.

Zəiflərin adəti sənə naz eləmək (ərk etmək) olar,

Sən isə gərək onlara nəvaziş göstərəsən.

Zavallı nəfəslərin hörmətini saxla,

Küncə qısılmış iki-üç zəifi qoru!

Nizami Gəncəvinin ictimai görüşlərindən bəhs edən professor Cəfər Xəndan şairin insan hüquqları haqqındakı fikirlərinə toxunarkən yazır: "Nizamiyə görə, yaranmışların ən şərəflisi insandır. O, öz hüququnu almalı, insan kimi yaşamalıdır" (Cəfər Xəndan. Nizami Gəncəvi. // Cəfər Xəndan. Seçilmiş əsərləri. 3 cilddə. 1-ci cild. Şeirlər, poemalar, ədəbi-tənqidi məqalələr. Bakı, "Çaşıoğlu", 2010, səh. 142).

Beləliklə, Nizami Gəncəvi arzu etdiyi ictimai quruluşun necə və hansı vasitələrlə bərqərar olmasını dəqiq müəyyənləşdirmişdir. "Onun fikrincə, xoşbəxt cəmiyyətdə rəiyyətlə hökmdar bir vəhdət təşkil etməli, şah - hakim böyük bir ailədən ibarət olan bütün elin başçısı, onun qəyyumu və rəhbəri olmalıdır. Belə bir quruluşda bütün ölkə hökmdara tabe olur. Lakin hökmdar hakimi-mütləq olmur. O, hər bir addımını onun ətrafında olan alimlərin, filosofların, vəzirlərin və dünya görmüş qocaların məsləhəti ilə atır. Belə hökmdarların ümdə qayğısı rəiyyətin rifahı olmalıdır" (M.Mübariz. Böyük demokrat. // Nizami. Üçüncü kitab. Bakı, Azərnəşr, 1941, səh.14).

Nizami Gəncəvinin ədalətli cəmiyyət necə olmalıdır probleminə dair görüşlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

- hökmdar (dövlət başçısı) ilk növbədə məmləkəti abad etməlidir ("Əgər sən şahsansa, şahlıq mülkünü abad et");

- məmləkətin hər bir vətəndaşı dövlətin sabitliyi və möhkəmliyi üçün birləşməli və hökmdar da məmləkətin (dövlətin) hər bir vətəndaşının taleyi üçün cavabdehlik daşımalıdır ("Sinəni gər, bunlar hamısı sinələrini səninçün gəriblər");

- hökmdar-xalq münasibətlərinin möhkəmliyi üçün yerlərdə ixtiyar sahibi olan məmurlar öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər;

- qoşunun (ordunun) qayğısına qalmaq (Ölkənin və qoşunun xeyirxahı olsan, / bütün ölkə və qoşun da sənə yaxşılıq diləyəcəkdir);

- zülmün kökünü kəsmək (Məmləkətin evini yıxan sitəmkarlıqdır / Əbədi dövlət xalqı az incitməkdən hasil olur);

- xalq malına göz dikməmək (Elə bil zəiflərin malını ələ keçirdin, ...Onda qiyamət günündə mühakimə başlayanda / Utanmayacaqsanmı?..);

- ədalətli olmaq (Ölkəni yalnız ədalətlə almaq olar. Ədalət məmləkəti abad edən bir zəhmətkeşdir. Məmləkət yalnız ədalətlə əbədi qüdrətli ola bilər) və sair.

Sonda bir məqamı da qeyd edək ki, Avropa ədəbiyyatında Nizami Gəncəvinin hələ uzun əsrlər əvvəl ədəbiyyata gətirdiyi və bədii həllini verdiyi ictimai, siyasi və sosial məsələlərin - dövlətin idarə olunması, hökmdar və xalq münasibətləri, ədalətin bərpası, insanın mənəvi kamilliyə can atması, şəxsiyyətin fiziki və düşüncə azadlığı, insan əməyinin qiymətləndirilməsi, sevmək və sevilmək hüququ və s. - sanki davam və inkişafını açıq-aydın görmək olur. Bunun dəqiq ifadəsini görkəmli tədqiqatçı Əkbər Ağayev aşağıdakı mülahizələrində aydın şərh edir: "Nizaminin yaradıcılığı XII əsrdə Azərbaycanı humanizmin vətəninə çevirmişdir, halbuki həmin dövrdə Qərbi Avropa ölkələrində intibah dövrünün fikir və ideyaları hələ rüşeym halında idi. Buna görə də qətiyyətlə demək olar ki, Nizami ümumdünya tarixində intibah dövrünün yetişdirmiş olduğu görkəmli sənətkarların ən qüdrətli sələflərindən biridir" (Ağayev Ə. Nizami və dünya ədəbiyyatı. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1964, səh.64).

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞ ...

NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞ ...

Yeni nəşrlər, Humanitar elmlər
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr
Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Diaspora
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Humanitar elmlər
Nuranə İBADOVA:

Nuranə İBADOVA: "Nizami Gəncəvinin əsərlərində demokratik ideyaların tərən ...

Elmi Məqalələr, Müsabiqə
Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Humanitar elmlər
“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dü ...

“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dü ...

Yeni nəşrlər, Humanitar elmlər, Mədəniyyət
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində rolu

Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində rolu

Elmi Məqalələr, "Elm və Təhsil"

"Azərbaycan poeziyasının Nizami Gəncəvi zirvəsi" adlı kitab nəşr olunacaq

"Elm və Təhsil", "Şərqin səsi", Elanlar
Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzu ...

Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzu ...

Humanitar elmlər
Hüsniyyə Çobanova:

Hüsniyyə Çobanova: "NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA TARİXİ ONOMASTİKA"

Elmi Məqalələr, Darvaz
“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

Gəncə, Humanitar elmlər
Ərəb Liqasının Baş katibi Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İda ...

Ərəb Liqasının Baş katibi Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İda ...

Diaspora

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəb ...

Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəb ...

Diaspora
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
Rəy yazın: