Əflatun AMAŞOV: "Mən, sən və balaca quşcuğaz..." Poeziya, Bolus, UNUTSAQ, UNUDULARIQ!.... 16 февраля 2024 1416 100 1 2 3 4 5 Həyat vəfasızdır, hər şey ötüb keçir, sözdən başqa heç nə qalmır. Sən də, mən də bir ömürlük qonağıq. Biləndə ki, bizi əhatə edən doğmalarımız da əbədi deyillər, elə gözümüzü açdığımız bu dünya da, elə sənin indi yaşadığın Faxralı da... Bunları düşünəndə adam dəli olmaq dərəcəsinə gəlir. Belə qara fikirləri dərhal düşüncələrimdən uzaqlaşdırmağa çalışıram. Bircə onu bilirəm ki, sənin ömrünə yazılan talesizlik yox olmayacaq, bayaq dediyim söz kimi əbədi qalacaq.Kim nə bilir, Allahın işidir, kim haqq dünyasına əvvəl qovuşacaq. Sənmi, mənmi? Əgər sən məni qabaqlasan qohumun, dostun qarşısında ölümünə bəlkə də gözümdən bir damcı yaş da cıxarmayacam. Amma sənin talesizliyindən doğan dərd məni əbədi yandıracaq.Yadındamı, biz balaca olanda, özü də çox balaca olanda, böyüyəndə yazdığın "Aynabənd" şeirindəki həmin o göy rəngə boyanmış şüşəbəndimizdə nə qədər xoşbəxt yaşayırdıq. Elə bilirdik ki, səhərlər bizim üçün açılır, gün bizim üçün çıxır, axşamlar ona görə olur ki, nənəmizin nağillarını dinləyə-dinləyə yuxuya gedək. Elə bilirdik ki, külək də bizim üçün əsir, ulduzlar da bizim üçün sayrışır, sanki quşlar bizim üçün oxuyurlar. Bir sözlə, hər şey yalnız bizim üçündür. Ciyərlərimizə çəkdiyimiz hava da...O da yadındamı, həyətimizdə hələ də qalan o nəhəng tut ağacı, onun başındakı sərçə yuvası? Ana sərçə balalarını yemləmək üçün dimdiyində nələri gətirmirdi? Necə də həvəslə tamaşa edərdik o səhnəyə. Səbrsizliklə gözləyirdik sərcə balalarının böyüməsini, onların ilk uçuşlarını. Birdən nə olsa yaxşıdı? Ana sərcə yox oldu, axşama kimi onu gözlədik, yenə də gəlmədi. Gecəni birtəhər keçirib, səhər olunca tələm-tələsik yenə tut ağacına tərəf qaçdıq. Heç nə dəyişməmişdi. Yuva da öz yerində idi, içindəki qanadları yeni-yeni tüklənən üç sərçə balası da. Bir-birlərinə sığınmışdılar, dünənki kimi cikkildəşmirdilər.Yəqin ki, ac idilər. Onlara necə yazığın gəlmişdi, nə qədər ağlamışdın onda.Elə ürəkdən, özü də elə ucadan hay-həşir salmışdın ki, səsinə hardansa əmimiz qızıSalatın gəldi. Səndən düz 3 yaş böyük idi, məndən də 6. Ana nənəsi namaz qıldığından dini ayinlərdən xəbəri vardı, bəlkə də başı heç çıxmırdı, amma özünü elə göstərirdi.Sənsə dayanmadan ağlayırdın. Salatın səni sakitləşdirməyə, ovutmağa çalışırdı. Sənə təkrar-təkrar təskinlik verirdi:- Niyə ağlayırsan? - deyirdi. - Allah babaya yalvararıq, onları ölməyə qoymaz.Bir anlığa sakitləşdin. Elə bilirdin ki, balaca sərçələr yalnız cəyirtkə yeyir, çünki biz yuvalarına gələn analarının dimdiyində dəfələrlə çəyirtkə görmüşdük. Ona görə də zəif səsinlə soruşdun:- Bəs Allah baba onlara çəyirtkə tutacaqmı?Sənə izah edə-edə əllərini yuxarı qaldırıb Allaha yalvarırdı ki, balaca balaları öldürməsin.Sən də ona baxıb əllərini yuxarı qaldırdın, ağlaya-ağlaya nə isə söylədin.- Onlar ölməyəcək, eləmi? - deyə daha çox təsdiqedici cavab umdun. Salatın səni inandırmağa çalışırdı ki, Allah baba onları mütləq ölməyə qoymayacaq.Və sən işindəki tərəddüdü qova-qova mənə tərəf çevrilib gözləri yaşlı, incik-incik:- Sən niyə yalvarmırsan, istəyirsən onlar ölsün? - söyləmişdin.Uşaq ağlımla söruşmuşdum:- Kimə yalvarım ey?- Allah babaya.- O hardadır ki?Əlinlə uzaq göyləri göstərmişdin:- Baax, Salatın deyir orda.Başımı qaldırıb heyrətlə və maraqla diqqətimi ucsuz-bucaqsız ənginliklərə yönəltmişdim.Amma heç kimi görməmişdim.İndi də bilmirəm hardan gəlmişdi uşaq ağlıma bu fikirlər:- Sabah Orta Siviyə Allah babanın yanına gedək, ona orda yalvararıq.Onda mənim uşaq dünyam lapbalaca idi. Elə bilirdim ki, kəndimizi əhatə edən dağlarla göylərin təmas xətindən o yana dünya yoxdur. Yəni göylər dagların başında qurtarır, evimizin arxasındakı Orta Siviyə çıxsam, göyün divarlarına əl vurmaq, ona toxunmaq olar. Bəlkə mən küsməyim, sənin də elə fikirləşdiyini demişdin onda. Təklifim, deyəsən, beyninə batmışdı. Orta Siviyə çıxmağa səni inandıra bilmişdim.Həmin gecəni nənəmin qucağında niğaran yatmışdım. Bəlkə də ilk dəfə idi ki, yuxu görürdüm. Elə indi də yaddaşımda ilk qalan həmin yuxudur. Sərçə balalarının danışdığı yuxu. Sən onları çəyirtkələrlə yemləyirsən, onlar da səninlə danışırdılar, nə deyirdilər, nə söyləyidilər, düzü, orasını unutmuşam.Səhəri səbrsizliklə açmışdıq. Gözləmişdik ki, evdə baş qarışsın, atamız, anamız işlərinin dalınca getsinlər. Nənəmizi evdə qoyub yollanaq Orta Siviyə.İndi təsəvvürünə gətirirsənmi, iki kiçik uşaq özündən dəfələrlə hündür, qollu-budaqlı kolların arasından sivişib Orta Siviyə çıxacaq, fəqət göylərin dağa birləşdiyi yeri orada tapmayacaqlar, həmin yeri daha irəlidə Böyük Güneydə görəcəklər. Balaca quşcuğazların taleyi ilə bağlı balaca ürəklərə dolan narahatçılıq onları Böyük Güneyə də qaldıracaq.Burada da göylərlə qovuşmayacaqlar. Çünki sonsuz ənginliklərin yerə toxunan ətəkləri bu dəfə onlara Göy Qayada, Səngər dağının zirvəsində görünəcək...Həmin gün axşamacan biz tək-tənha göylərin dağlara dəyən yerlərini axtardıq.Tapmadıq. Allahı da tapıb yalvara bilmədik. Amma həmin gün dünya bizim üçün başqalanacaqdı, böyüyəcəydi, sonsuza çevriləcəydi. O tapıntıların təsiri altına o qədər düşmüşdük ki, hətta narahat olub arxamızca Böyük Cüneyə gələn atamız bizi tapıb danlayanda belə əməlimizdən peşimançılıq çəkməmişdik.Yadındamı, sərçə balalarından biri ölmüşdü. Qalan ikisini qoymadın ölməyə. Hər gün neçə dəfə cəyirtkələrini verdin. Qoymurdun kimsə onları əlinə götürsün. Qanadlarına tük gələ-gələ, dimdiklərinin kənarındakı sarı hissə azala-azala böyüdülər, günlərin birində uçub getdilər. Onlar üçün yığdığın cəyirtkələr qarışqalara yem olanda usandın gözləməkdən, onda da ağlamışdın.İndi bildinmi niyə kitabına yazacağım ön sözü bu xatirələrlə başladım? Sərçələrin uçub getməsi xiffətinə dözmədin, uzun müddət unuda bilmədin onları. Birinci sinifə gedirdin onda. Hərfləri öyrənib qurtarmamışdın. Yadındamı, şəkilli kitabların vardı, oxuyanda mənə də verirdin şəkillərinə baxmağa. Bir gün məktəbdən evə pərişan gəlmişdin.Müəllim danlamışdı. O şəkilli kitablarının birinə quş şəkili çəkmişdin, altına da aşağıdakı şeiri yazmışdın:A sərçə, sərçə, sərçə,Niyə bura gəlmirsən.Axı sənin üşün mənDarıxıram, bilmirsən? Müəllim bilməmişdi bu şeiri sən yazmısan, sənin ilk yaradıcılıq nümunəndir. Bəlkə də bilsəydi xətrinə dəyməzdi heç.Şeir yazdığını bilirdim, mən əsgərlikdə olanda da, tələbəlik illərimdə də, sonralar da mənə həsr etdiyiklərin yadımdadır. Nədənsə sairliyinə həmişə adi baxmışam.Yadındamı, ötən il mən kəndə gələndə təsadüfən gözüm stolun üstündəki məktəbli dəftərinə sataşmışdı. Üstünə də Gülabatın yazılmışdı. Necə oldusa vərəqlədim. Gözümə ilk dəyən "Çinar" şeiri oldu. Oxuduqca heyrət məni bürüdü, həm də kövrəldim. Çünki o çinarın kölgəsində tay-tuşlarımla nə qədər oturmuşdum, kimlərdən, nələrdən danışmamışdıq. Dəftəri qapadım və səndən bir neçə günlük istədim. Etiraz etmədin.Qərara qəldim ki, şeirlərin bir qismini toplayıb kitab halında çap etdirim. Və sənə sürprizim olsun. Elə də olacaq. Bimirəm sevinəcəksənmi kitabı əlinə alıb vərəqləyəndə. Yoxsa o balaca sərçə balalarının xiffəti səni yenə ağladacaq, hər seir, hər sətir kəşməkəşli həyat yolunu xatırladıb səni qəhərləndirəcək. Kaş ki, sevinəsən.Zaman sonsuz olduğu qədər Söz də əbədidir. Biz olmayacağıq, sözün isə qalacaq, yanında da adın - Gülabatın! ALLAH RƏHMƏT ELƏSİN...Biz də redaksiya heyətimiz adından dəyərli ziyalımız, “Xalq qəzeti”nin baş redaktoru, sabiq Millət vəkili Əflatun Amaşovun bacısı, şairə Gülabatın Məsimovanın Gürcüstanda - Borçalının Faxralı kəndində vəfatındankədərləndiyimizi bildirir,mərhumun ailəsinə, bütün yaxınlarına və doğmalarına, xüsusilə də, Əflatun Amaşova dərin hüznlə başsağlığı verir,Güləbatın xanıma Allah rəhmət diləyirvə aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Müşfiq BORÇALI,ZiM.Az GÜLƏBATINBir İlahi sevgi bəhər gətirdi, Doğuldu dünyaya gül Güləbatın. Qaranlıq gecəyə səhər gətirdi, İşıqlandı oba, el, Güləbatın.Baxıb varlığına güldü könüllər, Bir göz qırpımında ötüşdü illər, Gözü götürmədi, qarğadı güllər, Vurdu çiçəyini yel, Güləbatın.Bilmirəm canına nə vərəm düşdü, Bəxtinə nə Məcnun, nə Kərəm düşdü, Oba parçalandı, el pərən düşdü, Oldu ocaqların kül, Güləbatın.Bəxtini tapmadı, gəzdi çıraqla, Ahının odundan əridi dağlar, Dünyaya yazığın gəlsin, az ağla, Apardı aləmi sel, Güləbatın.Yadlara doğmadı, doğmalara yad, Üzündə təbəssüm, içində fəryad, Cəzanə gətirib bu acı həyat, Acıya oğrunca gül, Güləbatın.YOX İMİŞCənnət dünya dedikləri nağılmış, Bəxti qışın heç baharı yox imiş. Çiçəyiylə azdırdı bu dağılmış, Qəm bağının bir nübarı yox imiş.Dərd çəkənin dirəndiyi sıldırım, Bel sınıbdı, ömrü necə qaldırım, Necə əyir qayaları ildırım, Dağların da dağ vüqarı yox imiş.Əyildikcə haray salar öz qarı, Axıb gedər zirvəsindən ilqarı, Hər çiçəyə gedib qonmaz hər arı, Hər aşiqin öz nigarı var imiş.Şişib qalır, yeyəmmirsən dərdini, Xeyrə-şərə geyəmmirsən dərdini Bir kimsəyə deyəmmirsən dərdini, Ürək dostu, könül yarı yox imiş.Güləbatın, laylalar da uyutmur, Yanır qəlbi, dərya olsa soyutmur, Gələn gedir, gedənləri qayıtmır, Bu dünyanın etibarı yox imiş...TUTMUŞAMÜrəyimi duya bilməz hər adam, Bu ürəyi min bir ahdan tutmuşam. Mayamızda halallıq var binadan, Nə haramdan, nə günahdan tutmuşam.Nə olsun ki, gün doğmayıb gün mənə, Dar olsa da, dünyam gəlir gen mənə, Nifrət qorxur, neyləyəcək kin mənə, Sevgi adlı bir silahdan tutmuşam.Bar gətirib barlanmışam bağ kimi, Ərimişəm el yolunda yağ kimi, Bu günümə söykənmişəm dağ kimi, Nə axşamdan, nə sabahdan tutmuşam.Ömrü günü ovlamışam içimdə, Dərdlərimi tovlamışam içimdə, Şər-şeytanı qovlamışam içimdən, Lənət deyib bismillahdan tutmuşam.AYIRDILARAyrılıq düşdü araya, Əli əldən ayırdılar. Baxan olmadı haraya, Gülü güldən ayırdılar.Günü sabahdan aldılar, Amanı ahdan aldılar, Sevgini ruhdan aldılar, Sözü dildən ayırdılar.Əyiltdi əyrilər düzü, Gecələr uddu gündüzü, Tüstüdən kor oldu gözü, Közü küldən ayırdılar.Eşidən yoxdu səsimi, Belə ağrımaz Nəsimi Qopardılar sarı simi, Sazı teldən ayırdılar.Yollar qaldı boz atlara, Ürək dözmür bu çatlara, Günü satıb saatlara, Ayı ildən ayırdılar.Güləbatın yatır xəstə, Gözü yolda, qulaq səsdə, Ağı deyir son nəfəsdə, - Eli eldən ayırdılar.NƏ FAYDABir ömrün var, yaşayası, güləsi, Dərd içində keçsə hədər, nə fayda. Ovçu bəxtin yan keçmirsə gülləsi, Cənnət yazsın qəza-qədər, nə fayda?Bağçamızdan çiçək yolub, gül dərib, El-obanı üstümüzə güldürüb, Son ümiddə son gümanı öldürüb, Tərk eləyib getsə kədər, nə fayda?Batıb günü gözümdə nəm dünyanın, Üstü bəzək, içi ələm dünyanın, Əzabı bol, sevinci kəm dünyanın, - Kölgə kimi gələr, gedər, nə fayda?Az döy göyün qapısını, laxlayıb, Açılmırsa, bil ki, Allah bağlayıb, Zər qədrini bilməyənlər ağlayıb, Saçın yolar, üzün didər, nə fayda?Güləbatın sevinc nədi bilmədi, Dərdlərini bütöv çəkdi, bölmədi, Gələn getdi, gedənləri gəlmədi, Gecə-gündüz fəryad edər, nə fayda?..ÇİNARMənim doqqazımda bir çinar vardı, Həmdəmim olmuşdu bu uca çinar. Sirrimi, sözümü ona deyərdim, Gəlib yaşa doldu bu qoca çinar.O körpə olanda mən xoşbəxt idim, Boy atdı, böyüdü, qəlbim yuxaldı. Quşlar budağında yuva bağladı, Quşlar uçub getdi, dərdim çoxaldı.O, axşama qədər layla çalaraq, Astaca-astaca mani duyardı. Gecəli-gündüzlü qalaraq oyaq. Dərdimi obaya, elə yayardı.Harda olsam onu xatırlayaram, Ən uca heykəli durur könlümdə. Bir həzin nəğmətək onu duyaram, Nəbzi nəbzimlə bir vurur qəlbimdə.Yayda çadır kimi kölgə salardı, Köksünü cızardı dəli cavanlar. Bir nəhəng, pəhləvan gövdəsi vardı, Onu qorxutmazdı ən sərt tufanlar.Mamam kölgəsində dua edərdi: "İlahi, balamın bəxti yar olsun! Səndən bu dünyada bir diləyim var, Arzusu, murazı qoy çinar olsun!"Bilmədi qarğışdı, yoxsa da alqış, Bilmədi ucalar tez qırılandı. Çinarı kökündən qopardı bir qış, Bir ömür beləcə qırıldı, sındı.Nəhəng ucalıqdan, de, nə qaldı ki, Dolu yuvaların boş günahları. Ətrafa tökülən xatirələrin, Gecələr sızlayan qərib ahları...Bütün ucaların enməsidi görk, Sən ömür bildiyin aniymiş, adam! Allahına bağlan, imanına çök, Bütün yaranmışlar faniymiş, adam!NƏ OLARPayız fəsli yarpaq-yarpaq tökülür, Ötən günlər, tökülməyin, nə olar. Bir ilim də kərpiç-kərpiç sökülür, Ümidlərim, sökülməyin, nə olar.Qismət məni saçlarımdan sürüyüb, Qara bulud həyatımı bürüyüb. Bostanımda gör neçə bar çürüyüb, Torpağıma əkilməyin, nə olar.Tarixin təkəri fırlanır, gedir, Nə özüm ölürəm, nə hicran bitir. Amma yıxılmışam, gəl, yerdən götür, Gendən baxıb çəkilməyin, nə olar.Güləbatın, yuxun ərşə çəkilib, Saçların ağarıb, dişin tökülüb, Yükün ağır olub, belin bükülüb, Arzularım, bükülməyin, nə olar.ÇƏKDİMDeyirlər ki, dərdin dağdan ağırdır, Dərddən ağır olan yaranı çəkdim. Ruzimiz bol oldu, taleyimiz kəm, Yar öldü, başıma qaranı çəkdim.Qaldı qucağımda körpə balalar, Bir gözüm səbr idi, biri laylalar, Analar sübhəcən bala haraylar, Başıma dağları, aranı çəkdim.Göyərdi ayrılıq dodaqlarımda, Ürəyim üşüdü buz dağlarında, Bahar həyatımın gül çağlarında, Ayazı, sazağı, boranı çəkdim.Bilmirəm necədir açılan sabah, Bir daha dolarmı boşalan tabaq, Məni sevdiyimlə sınadı Allah, Qarşıma müqəddəs Quranı çəkdim...GÖRÜB1975-ci il yanvarın 13-də həyat yoldaşım Məmmədəli məktəbdən evə gülə-gülə gəldi, anasının qucağına yıxıldı. Artıq onun ürəyi dayanmışdı.Gözlərim, eh, nələr görməyib mənim, Ərşə sığmayanı sıxılan görüb. Özü dərd içində olan ananı Bir qərib dərdinə yıxılan görüb.Balasın uzadıb qara mafəyə, Səsi bülənd olub səmaya, göyə. Naləsi bənzəyib yanıqlı neyə, Özünü yandıqca yaxılan görüb.Sağaltmaq olmurmuş adi zədəni, Nə ruhu unudur, nə də bədəni, Özünü qurbantək fəda edəni, Şam kimi əriyib yox olan görüb.HEÇ KƏS İNCİTMƏSİN YARI ÖLƏNİYarı ölən yaman küsəyən olur, Hər söz ürəyinə tez dəyən olur, Heç nədən inciyən, göynəyən olur, Heç kəs incitməsin yarı öləni.Qaçır yuxuları, açıqdır gözü, Ağı söyləməkdən tükənib sözü. Hər gecə yataqda qovrulur özü, Heç kəs incitməsin yarı öləni.Ürəyi yaralı, könlü qübardı, Yer tapmır özünə, gen dünya dardı, Onsuz da bir olan candan bezardı, Heç kəs incitməsin yarı öləni.Zülmət, kor etmişlər gündən gün dilər, Qatil gecələrə canı bənd elər. Ay yardan yarıyan xoşbəxt bəndələr, Barı, incitməyin yarı öləni.AĞLAMAGecə-gündüz ah-fəğanla dolanıb, Sözlər çələngini düzüb ağlama. Körpə balaların şirin yuxuda, Əlini hər yerdən üzüb, ağlama.Hicran alovusan ta başdan-başa, Körpələr qoynunda böyüyür qoşa. Bir daha sən düşmə borana, qışa, Dərdini balışa süzüb, ağlama.Bircə baxışımla başa salaram, Ağrını çəkərəm, qadan alaram. Payız gülləritək vaxtsız solaram, Solmuş çiçəkləri əzib, ağlama.Ocaqsız odlanıb alış, nə fayda, Özünü üzməyə çalış, nə fayda, Dərdini dərdsizə danış, nə fayda, Özün öz dərdini çözüb, ağlama.Qoyma doğma dərdə ögeylər baxsı, Sonra qaxınc edib başına qaxsın, Dərdini dişində sıx, canı çıxsın, Sonra dodağını büzüb, ağlama...Güləbatın MƏSİMOVAZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.