BUTALAR BUTASI SƏADƏT BUTA

BUTALAR BUTASI SƏADƏT BUTA BORÇALI

Məkkəm, Mədinəmdi, ziyarətimdi,
A qardaş, imanım-dinim Borçalı.
Dolana bilmirəm yad dolayları,
Qabardı deməkdən dilim Borçalı!..

Qürbət desəm, çəkən bilər ağrını,
Qərib desəm, bölləm qərib bağrını,
Sənnən ayrı itirərəm ağlımı,
Başına dolanım, dönüm Borçalı.

Sapanda qoy, Başkeçidə at məni,
Yada qıyma, yalan ağlar, yad məni,
Ölüm-qalım torpağına qat məni,
Sənsən inan, ömrüm-günüm, Borçalı.

Qəm karvanı düzüm-düzüm köçümdə,
Sən ayrı dünyamsan, dünyam içində,
Kərəm yanğısında, alov biçimdə,
Butayam, Vətəndi ünüm Borçalı!..


* * *

Çörək kəsib dost dediyin, a qardaş,
Borçalısa, kimliyini soruşma.
Sözün varsa, de üzünə mərdanə,
Dözə bilməz, arxasınca danışma.

Görən çaşar hörmətindən bu elin,
Şöhrət yağar qeyrətindən bu elin.
Söhbət düşsə hikmətindən bu elin,
Uduzarsan,vallah-bilah, yarışma.

Bəy Saraclım asta-asta danışa,
Kamandarım Dəli Kürnən yarışa.
Şamdüyədə lilpar gülə qarışa,
Yolun düşsə Başkeçiddən, yan aşma.

Min boz ata, qalx «Yurd yeri» yaylağa,
Yoldan səni çizək vura, nur yağa.
Səhər tezdən balı qat ye qaymağa,
Sonrasından işin yoxdu, qarışma.

Köçən köçüb, ər kişilər burdadır,
Əyilməyən nər kişilər burdadır.
Buta deyər, pir kişilər burdadır,
Borçalı de, dağı-daşı dolaşma.


Şindi Dağim

Ocağından qor aldığım,
Zirvəsindən qar aldığım.
Həsrətindən saraldığım,
Odum, közüm, Şindi dağım.

Meh olum eşqin xətrinə,
Bələnəm güllər ətrinə.
Qonasan şeirim sətrinə,
Şirin sözüm Şindi dağım.

Gülü solub gül Butanın,
Dərdi çoxdu, bil, Butanın.
Sən yaşını sil Butanın
İki gözüm Şindi dağım!..


Başkeçid ba­yatı­ları

Zoğalın çox, ay Dunus,
Bizə də çıx pay, Dunus.
Sularından içəndə,
Yada düşməz çay, Dunus!

Əzizinəm, Yaqublu,
Oba ulu, el ulu.
Başkeçidə həyandır,
Ürək dolu, qəlb dolu.

Oruzman-Oğuzmandı,
Ellərə şöhrət-şandı.
Var elə bir məktəbi,
O, dillərdə dastandı.

Hamamlı, nə Hamamlı,
Çörəyi, duzu tamlı.
Aşıq Sona yurdudu,
Oğlu-qızı ilhamlı.

Bu kəndsə Səfərlidi,
Xoş məkan, xoş yerlidi.
Tanmazsan, adamlar,
Kəndli, ya şəhərlidi.

Bu oba Muğanlıdı,
Nəğməli, muğamlıdı.
Ata-baba adəti,
Burda yenə canlıdı.

Havası, suyu sərin,
Dərələri dərin-dərin.
Kamanıdır, sazıdır,
Keçid çayı Dəllərin.

Əzizim, Şindilərdi,
Hamısı da igid-ərdi.
Şindinin ətəyində,
Çoxalıb indi dərdi.

Əzizim, Gəylidəndi,
Saysızdı bəy-əfəndi.
Ordadı dayım evi,
Bizə pay əyliyəndi.

Əzizim, Ormeşəndi,
Hər yanı gül-gülşəndi.
Ora da Buta üçün,
Sevimli bir vətəndi.

Qəmərli, Şahmarlıdı,
Namuslu, çox arlıdı.
Dağlara çıxış ordan,
Qonaqlı, dost-yarlıdı.

Arıxlı göz önündə,
Get dincəl yay günündə.
Yerləşib çox qədimdən,
Şindinin quzeyində.


Ay nə­nə

Əriş, arğac əyir, işlət cəhrəni,
Ay nənə, xalçana, zilinə qurban.
As ala çatıdan - çalxa nehrəni,
Əppəyə yaxma çək, əlinə qurban.

Şəhərdən gəlmişəm, yaylağa köçək,
Alaçıq qurmağa gözəl yurd seçək.
Soyuq bulaqların gözündən içək,
Çəməninə qurban, çölünə qurban.

Bürün yapıncıya, girim qoynuna,
İcazə ver, qoy sarılım boynuna.
Başım qarışıqdı «beş daş» oynuna,
Çağır ocaqdakı külünə qurban.

Oturum ocağın ac qırağında,
Yeyim fəsəlini sac qırağında.
Şorbasını bişir quzqulağın da,
Hər ləçəyə dərman gülünə qurban.

Xəlbiri aparım, ələyə göndər,
Pendiri gətirim, çörəyə göndər.
Buzovu bağlayım, inəyə göndər,
Yol məni yorarmı, yoluna qurban.

Əvəlikdən yığın, sərin, qurudun,
Baldan şirin olur dadı qurdun,
Şenlənsin həmişə şən olsun yurdun,
Didərgin obana, elinə qurban.

Dingə kəmərbəstən baxçada qaldı,
Sərnicin tərəkdə, taxçada qaldı.
Gözün xəzan vurdu, baxçada qaldı,
O, keçən ömrünə, ilənə qurban.

Ay nənə, tükənməz intizarım var,
Qəlbimi göynədər kimsəsiz dağlar.
Alıb zirvələri duman, boran, qar,
Sonaları uçmuş gölünə qurban.

Butaya haq olan Qurandan danış,
Nuhun gəmisindən - tufandan danış.
Cin-şeytana dönən insandan danış,
Danış, durma belə, dilinə qurban!


Ay dədə Camal!..

Taninmış filosof-alim, xeyirxah in­san,
sə­mimi yurddaşımız, fəlsəfə elmləri dok­to­ru,
professor Camal Mustafayevə


Yenə köçüm gedir, ay dədə Camal,
Bəxtim ağ axtarır qara yazıda.
Ünüm Başkeçiddə göylərə dirək,
Harayım haylarda Qarayazıda.

Yenə köçüm gedir, ay dədə Camal,
Kərəm Ərzurumda düşüb borana.
Bağdaddan gəlməyir durnanın teli,
Araz sərhəd olub keçib arama.

Yenə köçüm gedir, ay dədə Camal,
Göyçəgöl ağlayır, göy ağı deyir,
Düşüb soraqlara itkin İmanım,
Haray… Ələsgərim, hay… Alı deyir.

Yenə köçüm gedir, ay dədə Camal,
Könlüm qərib-qərib boylanır yurda.
Anam köç yolunda doğubdu məni,
Nənəm qundaqlayıb boranda, qarda.

Yenə köçüm gedir, ay dədə Camal,
O köçə bənzəmir, yol o yoldusa.
Öz dünyamı tapdım dünyam içində,
Köçənin köçdüsə, olan oldusa.

Yenə köçüm gedir, ay dədə Camal,
Göz yaşım boğulur hıçqırığımdan.
Bu köç birliyimdə dayanmalıdı,
Yoxsa zaman karxar qışqırığımdan.

Yenə köçüm gedir, ay dədə Camal,
Butayam, odlanan bu can mənimdi.
Nə vaxtsa dünyanı bir qan tutacaq,
Şəhidəm, əminəm bu qan mənimdi.


AY MƏ­DƏD MÜƏL­LİM!..

Nyu-York Elm­lər Aka­de­miyasının aka­demiki,
görkəmli dilçi, tür­ko­loq-alim, filologiya elmləri dok­to­ru,
pro­fessor Mədəd Ço­banova


Mehralı bəy yurdu, Darvaz elində,
Sən nurdan yarandın, ay Mədəd müəllim!
Uymadın dünyada şöhrətə - şana,
Bir haqqa inandın, ay Mədəd müəllim!

Deyirlər dünyada baş olan başdı,
Hər sözün - söhbətin canlı yaddaşdı.
Qələmin qüdrəti zirvələr aşdı,
Dünyanı dolandın, ay Mədəd müəllim.

Səpdin dən - dən oldu bitirdiklərin,
Alim - aqil oldu yetirdiklərin...
Damladan göl oldu götürdüklərin
Elmə arxalandın, ay Mədəd müəllim!

Öyündün, fəxr etdin, müəllim adınnan,
Yandı sevən qəlbin eşqin oduynan,
Yaxşılar heç kəsin çıxmaz yadınnan,
Yaxşılıq qalandı, ay Mədəd müəllim!

Kimin el yanında ucadır başı,
Qocalmaz doxsanı ötsə də yaşı.
Qoy var olsun, oğlun - Müşfiq qardaşı,
Alınmaz qaladı, ay Mədəd müəllim!


Əlişir Loğman

Görkəmli həkim-alim, tibb elm­ləri dok­toru,
professor Əlişir Musayevə


Bir düzlük görmədim, ömr oldu yarı,
Təbibsən, qövr edən yaramı sarı,
Arxa-dayaq bilib bizim dağları,
İnan sənin andım, Əlişir Loğman.

İbn-Sina bağından meyvələr dərdin,
Neçə xəstələrin şəfasın verdin.
Təbabət elminə çox işlər gördün,
Sənə arxalandıq, Əlişir Loğman.

Qurbanam adına, şöhrət-tacına,
Xəstələr şəfası elm-əlacına.
Elə şəfəq saldın Buta bacına,
Səni günəş sandı, Əlişir Loğman.


Yur­dun həs­rəti

Göy­­çə şairi Eldar İsmayıla


Ay Eldar İsmayıl, dərdinə qurban,
El köçür, dözmürəm, naşıyam - naşı.
Əyriqarın qarı, Səfdərə suyu,
Dumanlı Şindimin başıyam - başı.

Elə sığışmayan elin dərdinə,
Bülbülü öldürən gülün dərdinə,
Başkeçiddə Göyçə gölün dərdinə
Ağlar gözləriyin yaşıyam - yaşı…

Yoxdu bu dünyaya bir də gəlməyim,
Ruhum yorğun olar, qərib ölməyim,
Kor olsun gözlərim, Allah, görməyim,
Borçalıdan ayrı yaşıyam - yaşı.

Butayam, həsrəti çəkməyən qanmaz,
Ayrılıq oduna yanmayan yanmaz,
Könlüm quş qonmayan dağlara qonmaz,
Qızılkilsəm, üzük qaşıyam - qaşı.


MÜŞFİQ

Əziz qardaşım Müşfiq Borçalıya
Başkeçiddən namə


Yurdun divanəsi Dağlar qızından,
Apar badi-səba salam Müşfiqə.
Ürəyində Vətən boyda sevgisi,
Qardaşım Müşfiqə, balam Müşfiqə.

Alimdən dərs alıb qiyməti beşdir,
El deyib yaxşılar həmişə başdır.
Tarixə yazılıb dillərə düşdü,
Oxşadı ürəkdə qalan Müşfiqə.

Əla bağban oldu sevgi bağına,
Səpdi diləyini yurd torpağına,
Adaşı Müşfiq tək, sənət dağına,
Qələm külüngünü çalan Müşfiqə.

Aqilin, nadanın dilini bildi,
Böyüyün, kiçiyin yerini bildi,
Ay Buta, obasını, elini bildi,
Alqış qüdrətinə, varam Müşfiqə.


VƏTƏNOĞLU

Borçalının balası
Sahil Vətənoğluna


Yurd möhnəti sinən üstə od oldu,
Alovlanıb dil açdı, Vətənoğlu.
Sənin qəlbin param-parça yurd oldu,
Yaradana əl açdı, Vətənoğlu.

Nə vəzifə, nə də şöhrət, mal dedin,
Haqqa qurban, nahaq qana qan dedin.
“Ellərin yolunda can qurban!”,-dedin,
Duyğuların gül açdı, Vətənoğlu.

Bu gənc yaşda ürəyində ağrı nə?
Buta qurban Vətən adlı ağrına,
İz salmışdır Təbriz, Dərbənd bağrına,
Ol Qarabağ yol açdı Vətənoğlu.


Aşıq Şenlik

Aşıq Şenlik, eşit, ruhun şad olsun,
Gətirdim dağlardan qar, salam deyim.
Ayaq Sınıq körpü, başı Başkeçid,
Gəzdiyin göylərdən var salam, deyim.

İllərdir tükənmir söhbətin-sözün,
Sönmür ürəklərdə atəşin, gözün.
Canın Borçalıda, Çıldırda gözün
Sənə Dədəm Qorqud, yar salam deyim.

Şairsən, önündə başımı əyim,
Gedim Faxralıya səndən nə deyim?
Öldü Şair Nəbi, yox Səməd bəyim,
Yandırır canımı nar, salam deyim.

Lələyəm, yadıma Kəərəm düşübdü,
Həsrətdən bağrıma vərəm düşübdü.
Oğular yurdundan pərən düşübdü,
Çəkirəm intizar, zar, salam deyim.

Hər yağan qar olmaz qarsa da deyim,
Xəbərdən xəbərin varsa da deyim,
Butayam, dərdimi Qarsa da deyim,
Dünya mənə olub dar, salam deyim.


Sazınla, sözünlə yaşa, Tərmeyxan!..

Hələ gənclik çağlarından özünə
us­tad hörməti qazanmış Aşıq Tərmeyxana


Dədəm Əmrah kimi dindirdin sazı,
Səda düşdü dağa-daşa, Tərmeyxan!
Yadıma sarf dərə, o Sərxan gəldi,
Od-alov ələndi başa, Tərmeyxan!

Dağlara köç etdi ellər yeridi,
Köhlən ayağında nallar yeridi,
Gözümdən yaş axıb sellər yeridi,
Könül döndü qərib quşa, Tərmeyxan!

Zilin möcüzədi, pəsin şirindi,
Xalların, güllərin, bəsin şirindi,
Avazın gözəldi, səsin şirindi,
Sazınla, sözünlə yaşa, Tərmeyxan!

Əmin Nurəddindi, Sədidi atan,
Sənət meydanında söz, söz atan.
Siz olun könüldə körpülər çatan,
Bacın Telli ilə qoşa, Tərmeyxan!

Butayam, deyirəm qədir bilənsən,
Dərdli bəndələrlə dərdi bölənsən,
Sən ağır oturub batman gələnsən,
Qurbanam ağıla, huşa, Tərmeyxan!


Yurd-yuva yadlara qıyılmaz qar­daş!..

Ziyəddin oğlu Səfərli Ta­vada


Ey Ziyəddin oğlu Səfərli Tavad,
Yaman pərişandı halı dağların,
Ellər köç eyləyib, kimsəsiz qalıb,
Yamacı dağların, yalı dağların.

Yaşıl biçənəklər sarı görünür,
Hər evdə bir qoca qarı görünür,
Güldə nə kəpənək, arı görünür,
Dönüb zəhrimara balı dağların.

Əzəldən yağıdır mərdinə dünya,
Yaxşını bələdi dərdinə dünya,
Bizi zər eylədi nərdinə dünya,
Otlanıb cığırı, yolu dağların.

Dərdi saymaqla, sayılmaz qardaş,
Nadan elə yatıb ayılmaz qardaş,
Yurd-yuva yadlara qıyılmaz qardaş,
Qeyrətdi, qüdrətdi varı dağların.

Yollarda qalıbdı Butanın gözü,
Gəl gedək o ellər, gözləyir bizi,
Sən dindir aşığı, mən deyim sözü,
Açılsın qanadı-qolu dağların.


Soruş

“Sorma özgələrdən hardanam, qardaş,
Ürəyi dörd para bu candan soruş.
Viranə Göyçədən, hicran Arazdan,
Borçalı deyilən məkandan soruş.

Qara papaqların boz qurd yuvası,
Aləmə bəllidi "Boru çalası";
Canlara dərmandır suyu, havası,
Dindir o dağları, arandan soruş.

Ayaq Qarayazı, Başkeçid başı,
Canlı bir tarixdi, torpağı, daşı.
Qaraçöp mahalı elin yaddaşı,
Sən bədoy atları yorandan soruş.

Keç Sınıq körpünü, el Muğanlıdı,
Sorsan Ağacanı Qaçağanlıdı.
Qasımlıda Səməd bəy nişanlıdı,
Dolan Babəkəri Sənandan soruş.

Mirzə Şəfi, Şaiq, Nəriman yurdu,
Ömər, Emin ağa alınmaz ordu.
Abdallı İsmayıl düşməni yordu, -
O, nələr eylədi, dövrandan soruş.

Qızıl Hacılıdı, Çandar həyanı,
Gorarxı deyəndə Rəşid meydanı.
General Mursaqulov dürlü dastanı,
Əylə o karvanı, sarvandan soruş.

Aşıq Kamandarla kim girər bəhsə?
Əmrah saz çalanda dağ düşüb səsə.
Saraclı söhbəti bəlli hər kəsə,
Təhlədə Novruz tək solandan soruş.

Xındının yurdunda Gülabı çıraq,
Nurəddin bir ağac, Həvəskar budaq.
Tərmeyxan dağ çayı, Telli gur bulaq,
Laylamı ürəkdən çalandan soruş.

Səngərli dağların Əli Səngəri,
Borçalı şeirinin Zəlimxan zəri.
Şair Nəbi kimi sinədəftəri,
Rəşid Hacallı pirandan soruş.

Saralda Arifim, dərdimənd Əlim,
Yetim Mahmudludu, Sadaxlı - elim.
Kürdlərdə Süleyman imanım, dinim,
Keşəlidə Dərviş Osmandan soruş.

Dəllər Kövrək Murad - sazı bir alay,
Tapdıq söz mülkinə salıb hay-haray.
Dindir, Çoban Rəşid bir sahilsiz çay,
Hasan-Xocalıda Bəhramdan soruş.

Nizami Saraclı şeirdə tufan,
Şahvələd könlümdə ülvi bir ümman.
Şurəddin Məmmədli tarixi yazan,
Dünyanın işini sən ondan soruş.

Dayaznan işi yox, üzər dərində,
Hər zaman ürəyi ocaq yerində.
Möcüzə yaradar "Sarı tel”ində,
Aşıq sənətini Elxandan soruş.

Kəbə ziyarətgah, pirdi bu torpaq,
İncidi, gövhərdi, dürdü bu torpaq,
Vallah, möcüzəli, sirdi bu torpaq,
Dəllək Səməd kimi loğmandan soruş.

Dön Cəlaloğlundan, Gözəl dərədən,
Kəsilən aradan, bənddən-bərədən.
Ərzurumda qara düşən Lələdən,
Şennik tək peymanı dolandan soruş.

Şirin ləhcəsindən bizə "can" deyən,
Ocaq qırağında min dastan deyən,
O bizim elləri, bizə xan deyən,
Xanım-xatın nənəm Sultandan soruş.

Şamdüyə yaylağı, o Şindi dağı,
Leyləkuçan meşə, İmir bulağı,
Barlı-bərəkətli, bağçalı-bağlı
Ormeşəni şair Mehmandan soruş.

Darvazın çəməni, gülü necədi,
Şamdüyə yarpızı, gülü necədi?
Oxuyan quşların dili necədi,
Müşfiq Çobanov tək cavandan soruş.

Sona Hamamlının saznan həyanı,
Pəhləvan Kamandar şöhrəti-şanı.
Qalıb Başkeçiddə kimlərin canı,
Gəzib Əyriqarı Sərxandan soruş.

Mədəd şeir desin, Namaz çağlasın,
Murtuz qələminnən düşmən dağlasın.
Seyfəddin dinəndə karvan saxlasın,
Köçən köç eyləyib, qalandan soruş.

Uzaq gedəmmərəm, uzundu yollar,
Həsrət düşgünüyəm, yol məni yorar.
Ağbulaq elidi gözəl Kosalar,
Onu Anar kimi balamdan soruş.

Qızılkilsəm şair Ömər məkanı,
Yaddan çıxmaz Mədəd, Kazım, Aslanı.
Əlişir alimi, Namaz loğmanı, -
Hər dəfə giriftar olandan soruş.

Ayrılıq təbilin kimlər çalıbdı,
Kim bizi ayırıb, uzaq salıbdı?
Torpağı kim satıb, kimlər alıbdı,
Mən deyə bilmərəm, zamandan soruş.

Faxralı gözəli Güllər Pərisi,
Mətindi, dağ aşar Mayqanın səsi,
Qəm-hicran Butası, haqqın dəlisi,
Mənim tək can evi virandan soruş.


Bütövük - ulu silahım, Türk oğlu, türk Seyfullahım!

İstanbulda görüşüydü,
Bu birliyə yürüşüydü.
Türklüyə dönüşüydü.
Sənə yar olsun Allahım.
Türk oğlu, türk Seyfullahım.

Babam qərib, anam qərib.
Həp boylandım qərib- qərib.
Qovlamaqdan oldum həlik.
Ayrılıq oldu günahım.
Türk oğlu, türk Seyfullahım.

Din içində din bəslədim,
Dil içində dil bəslədim.
Oba dedim, el səslədim.
Dağı- daşı yardı ahım.
Türk oğlu, türk Seyfullahım.

Yurdumda yurdsuz dedilər,
Qovruldum odsuz dedilər,
Qolsuz- qanadsız dedilər.
Uzaq yolu etdin yaxın.
Türk oğlu, türk Seyfullahım.

Köküm- soyum Qarapapaq,
Aç tarixi varaq- varaq.
Türk qızıyam, şərəfə bax.
Əzəl, axır türk pənahım.
Türk oğlu, türk Seyfullahım.

Bu birliyin amalı nur,
Yolu aydın, təməli nur,
Özü günəş, camalı nur.
Vətən mənim qibləgahım.
Türk oğlu, türk Seyfullahım.

Can Türkiyəm, Azərbaycan.
İkisi də oldu bir can,
Qoşa bayrağıma qurban.
Altaylardan gələn şahım.
Türk oğlu, türk Seyfullahım.

İstanbulda qurultayım,
Bursadakı bayram payım.
Borçalıda hay- harayım.
Çox şükür çin oldu yuxum.
Türk oğlu, türk Seyfullahım.

Haqq göndərən zaman oğlu,
Atam oğlu, anam oğlu.
Ey Mustafa Kamal oğlu.
Dolan azadlıq səyyahım.
Türk oğlu, türk Seyfullahım.

Buta qurban amalına,
Dərin dərya kamalına,
Fateh kimi Cəlalına.
Açılan nurlu sabahım.
Türk oğlu, türk Seyfullahım.

UZUB KÖNLÜM SƏNƏ SARI…

NARINC XATUN və SƏADƏT BUTA


NARINC XATUN:
Şeyda bülbül kimi pilgir olmuşam,
Uçub könlüm sənə sarı, ay Buta.
Əslisən, Leylisən yoxsa Şahsənəm,
Görəydim bir səni barı, ay Buta.

SƏADƏT BUTA:
Nəğməli könlümə bir səda oldun,
Aldın məndən ixtiyar, ay Xatun.
Leyliyəm, Əsliyəm eşqi cəfada,
İtirmişəm könül yarı, ay Xatun.

NARINC XATUN:
Bir dağam üstümdən çəkilməz duman,
Dil açıb könlümdə min arzu, güman,
Əslim Şirvanlıdı, mahalım Muğan,
Sorsan mən tək möhnətdarı, ay Buta.

SƏADƏT BUTA:
Mahalım Borçalı, məskənim dağlar,
Yağar yağışlarım, sellərim çağlar,
Nanəli, yarpızlı, buzlu bulaqlar,
Gəlsən gəzək yaylaqları, ay Xatun.

NARINC XATUN:
Xatunu soldurur aman xar dərdi,
Bütün aşiqlərin yəqin var dərdi.
Çətin ki, sağala, bacı, yar dərdi,
Gəl onu nəğmənlə sarı, ay Buta.

SƏADƏT BUTA:
Qəmlər sirdaşıyam səndən nə danım,
Yarın həsrətilə alışıb canım.
Butayam, bax belə gəldi dövranım,
Təki sən bəxtindən yarı, ay Buta.

HƏSRƏT YAŞI SELƏ DÖNƏR

NARINC XATUN və SƏADƏT BUTA


NARINC XATUN:
Aman etmə dərd əlindən,
Çəkmə məni dara, Buta.
Yar həsrəti yaman olar,
Döz bu ahu-zara, Buta.

SƏADƏT BUTA:
Ömrümü etməmiş yarı,
Həsrət qaldım yara, Xatun.
Bu qəmimi, möhnətimi,
De, bir yazım hara, Xatun.

NARINC XATUN:
Düşünmə ki, bəxtiyaram,
Qövr eyləyir hələ yaram.
Nə olsun ki, sənətkaram,
Ömür keçdi xara, Buta.

SƏADƏT BUTA:
Yol uçurum, olsa çətin,
Keçəcəyik mətin-mətin,
Vurğunuyuq şeriyyətin,
Aldanmarq vara, Xatun.

NARINC XATUN:
Yandı canım öz eşqimdən,
Heyrət etdi göz eşqimdən.
Nəğmələndi söz eşqimdən
Ha yandıqca nara, Buta.

SƏADƏT BUTA:
Yaslı könlüm bir də gülməz,
Göz yaşlarım kimsə silməz.
Abbas dərdi məndən getməz,
Döndüm bülbül, zara, Xatun.

NARNC XATUN:
Gəl ağlama, bilər Xatun,
Göz yaşların silər Xatun.
Sənə xoş gün dilər Xatun,
Demə bəxti qara Buta.

SƏADƏT BUTA:
Buta odlu dilə dönər,
Səsi bəmə, zilə dönər.
Həsrət yaşı selə dönər,
Gəl bir eylə çarə, Xatun.

KÖNLÜM GECƏ-GÜNDÜZ
ODA QALANIR

SƏADƏT BUTA və NARINC XATUN


SƏADƏT BUTA:
Səndən bir xəbər alım, a Narınc Xatun,
Varlığın içində viranə nədir?
Ağlı-səri yerindədir yerində,
Özü də özündən divanə nədir?

NARINC XATUN:
Mən sənə deyim, Səadət Buta,
Könül varlığımda bir viranədir.
Eşq əhliyəm ağlım-sərim yerində,
Məcnun öz eşqində bir divanədir.

SƏADƏT BUTA:
Elə bil üstündə qada dolanır,
Yaşamaq eşqində ada dolanır.
O da pərvanə tək oda dolanır,
Bu oddan qorxmayan pərvanə nədir?

NARINC XATUN:
O candır, üstündə qada dolanır,
Pərvanə eşqilə oda dolanır,
Könlüm gecə-gündüz oda qalanır,
Hər aşiq eşqində bir pərvanədir.

SƏADƏT BUTA:
Sarvanı yorulmaz, karvanlar yorar,
Şərbəti gah ağı, gah zəhər olar.
Özünü qoruyan özünnən qalar,
Özü-özü boyda nişanə nədir?

NARINC XATUN:
Dünya tükənməzdir karvanlar yorar,
Taleh gah şirindi, gah zəhər olar.
Mərd köçər dünyadan, mərd adı qalar,
Hər insan ömründə bir nişanədir.

SƏADƏT BUTA:
Həftə tamam olar, sayı yeddidə,
Qurulub binası, sayı yeddidə,
Oxunar yasini, sayı yeddidə,
Buta kandan qalan məkanə nədir?

NARINC XATUN:
Aləm haqq olubdu yeddi içində,
Yeddi sirr yaranıb, yeddi içində,
Axirət yaranıb, yeddi içində,
Xatunam, o dünya son məkanədir.


Səadət BUTA,
“Şərəf” ordenli şairə,
“Abdulla Şaiq” və “Qızıl Qələm”
mükafatları laureatı.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: