DUMANİS BƏLƏDİYYƏSİ

DUMANİS BƏLƏDİYYƏSİ DUMANİS BƏLƏDİYYƏSİ DUMANİS BƏLƏDİYYƏSİ DUMANİS BƏLƏDİYYƏSİ Tarixi Borçalı mahalına daxil olan Dmanisi (1947–ci ilə qədər Başkeçid adlanırdı) bələdiyyəsi indiki Gürcüstan Respublikasının cənub – qərbində yerləşir. Şimalda Zalqa (Barmaqsız), şimal-şərqdə Tetriskaro (Ağbulaq), şərqdə Bolnis (Lüksemburq, ondan əvvəl isə Çörük Qəmərli), qərbdə tarixi Ahıska vilayətinə daxil olan Ninosminda bələdiyyəlikləri, cənubda isə Ermənistan Respublikasının Taşır vilayəti ilə həmsərhəddir.
Gürcü mənbələrində Dumanis adına IX yüzilliyə qədər rast gəlinməsə də, bu şəhər haqqında “Kitabi Dədə Qorqud dastanları”nda məlumat verilir. Dastanda şəhərin adı Dumanın qalası formasında çəkilir. Şəhər V-VI əsrlərdə tərəqqi etməyə başlamışdır. Bunu Dumanis ərazisindən aşkar edilən, üzərində Bizans imperatoru I Yustinanın (527-565) adı zərb olunmuş qızıl sikkə sübut edir.

VI yüzilliyin əvvəllərinə aid edilən Dmanisi (Başkeçid) və onun qonşuluğunda yerləşən Bolnisidə (Çörük Qəmərli) xristian məbədləri K.Treverin fikrincə və tikinti üslubuna görə alban xristian məbədləri ilə tam eyniyyət təşkil edir və gürcü-erməni kilsələrindən səkkizguşəli rəsmləri ilə seçilirlər. Gürcü tədqiqatçısı A.Şanidzenin fikrincə V-VI əsrlərdə indi Gürcüstan ərazisində olan tarixi Albaniya torpaqlarında inşa olunmuş xristian məbədlərindən tapılan yazılar gürcülərin şərq qonşuları olan və Albaniya dövlətinə daxil olan “xerami” adlı xalqın dilində yazılmışdır. Dmanisi məbədi bir neçə dəfə “təmirə” məruz qalmış, XIII yüzillikdə onun yanına üzərində Georgi Laşanın (1214-1222) adı yazılmış yeni talvar əlavə olunmuşdur. 1702-ci ildə inşa edilmiş xristian “məbədi isə daha “əsaslı şəkildə” tikilmişdir. Belə ki bu məbədin döşəməsi alban yazılarından ibarət olan sinə daşlarından, divarları müsəlmanların baş daşlarından inşa olunmuşdur. Məbəd yaxınlığında “Turandan gəlmiş əsilzadə Orbelianilərin ” nəsli məzarlığı yerləşir.

Dumanis azərbaycanlılarının soykökündə iştirak etmiş ən qədim türk tayfaları iskitlər və kimmerlər olmuşdur. Kimmerlərlə bağlı olan toponim indiki Qəmərli kəndi hesab oluna bilər. Buntürklərin qədim qalalarından və onların əsas iqamətgahı olan Sarkinet adı indiki Sarkineti toponimində qorunub saxlanılmışdır. Dumanis azərbaycanlılarının soykökündə iştirak etmiş digər türk tayfası isə xəzərlərdir. Bu etnonim də Dumanis yaxınlığındakı “Xazar+eti” (Kazreti) qəsəbəsinin adında qorunub saxlanılmışdır. “Xəzər” etnonimi gürcü tarixşünaslığında çox qədim dövrlərlə - miladdan əvvəl VIII yüzillikdə baş vermiş hadisələrlə bağlı çəkilir. VII yüzillikdə Xilafət tərkibinə qatılan Dumanisdə IX yüzillikdə müstəqil müsəlman əmirliyi yarandı. 1125-ci ildə gürcü-abxaz çarı David Aqmaşanabeli tərəfindən müvəqətti işğal olunsa da XIX yüzilliyin əvvəllərinə qədər Dumanis müsəlman-türk Azərbaycan dövlətlərinin tərkibində olmuşdur.
Çar Rusiyası tərəfindən işğalı ərəfəsində Dumanis Borçalı sultanlığınn tərkibində olmuşdur. 1801-1917-ci illərdə rayonun ərazisi Tiflis quberniyasının Borçalı mahalına , 1917-1921-cu illərdə birbaşa Tiflis quberniyasına, 1930-1933-cü illərdə Zalqa rayonuna daxil olmuş, bundan sonra müstəqil rayon olaraq təsis edilmişdir.

Dmanisi rayonu Borçalının ən hündür dağlıq rayonu hesab olunur. Gürcü dilində bölgənin adı “Dmanisi” adlandırılsa da qədim Dmanisi şəhəri ərazisində kompleks arxeoloji qazıntılar aparmış gürcü arxeoloqu L.Musxelişvili onun “türk deyiliş forması olan Dumanis” kimi səslənməsini daha düzgün sayır.
Ərazisi təqribən dəniz səviyyəsindən 1000 metr yüksəklikdən başlayır, Qaraxaç yaylasında hündüylüyü 3196 metrə çatan Ağçala dağınadək yüksəlir.
Digər hündür zirvələri Leyli dağı (3154 m.), Yemlikli dağı (3055 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.), Şindi dağıdır (1897 m.).
Ən hündür kəndi dəniz səviyyəsindən 1600-1650 metr yuxarı olan Yırğançaydır.

Rayonun ümumi sahəsi 1199 km² - dir. 1 şəhər və 58 kənddən ibarət olan Dmanisi rayonunda 1 şəhər bələdiyyəsi (Dmanisi), 13 icma bələdiyyəsi (Hamamlı, Qantiadi (Qələmçi), Qomareti, Ququti (Muğanlı), Didi Dmanisi, Qəmərli, Kirovis, Maşavera, Sarıkənd,
Aşağı Oruzman, Qarabulaq və Qızılkilsə (Dəmirçi Həsənli)) və 2 kənd (Yırğançay və Səfərli) bələdiyyəsi fəaliyyət göstərir.

Bu bələdiyyələrin tərkibinə əhalisi Azərbaycan türklərindən ibarət Hamamlı, Əngirəvan, Bağçalar, Bəzəkli, Gödək dağ, Dağ Arıxlı, Dəllər, Dunus, Aşağı Qarabulaq, Yuxarı Qarabulaq, Yaqublu, Yırğançay, Gəyliyən, Qəmərli, Qamışlı, Aşağı Oruzman, Yuxarı Oruzman, Qızılhacılı, Qızılkilsə (Dəmirçi Həsənli), Kirovisi, Lök Candar, Məmişlər, Məmişli, Muğanlı, Urmuşən, Pantiani (Armudlu), Saatlı, Saca, Salamməlik, Səfərli, Söyüdlü, Hüseynçay, Şahmarlı və Yayla kəndləri daxildir.

Bələdiyyəyə daxil olan kəndlərin əksəriyyətində azərbaycanlılar (67%), bəzilərində gürcülər və gürcüləşmiş ermənilər (31%), az sayda yunanlar (0,7 %), ruslar (0,6 %), ermənilər (0,5 %) yaşayırlar. Çar Rusiyası dövründə Dmanisiyə köçürülən almanlar II Dünya müharibəsi illərində, rus bidətçi və təriqətçi kəndlilər – duxoborlar və molokanların əksəriyyəti isə SSRİ dağılandan sonra Dmanisini tərk etmişlər.1989-cu ildə Z.Qamsaxurdiya rejimi tərəfindən Dmanisi şəhər mərkəzindən sıxışdırılıb azərbaycanlıların və rusların evlərinə svanlar yerləşdirilməsi bölgənin etnik tərkibinin dəyişməsinə səbəb olmuşdur.

Kərəm MƏMMƏDOV


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: