BƏLLƏBUR QALASI

        BƏLLƏBUR  QALASI Qədim və zəngin tarixə malik olan Azərbaycan ərazisində çoxlu sayda tarixi abidə vardır. Tariximizin müəyyən dövürlərini özündə yaşadan bu abidələrə respublikamızın hər bir bölgəsində rast gəlmək mümkündür. Təkcə, Lənkəran rayonunda 86 tarixi abidə (rayonda 210-dan çox tarix və memarlıq abidəsi qeydə alınmışdır) qeydə alınmışdır ki, onlardan biri də məşhur Bəlləbur qalasıdır. Bəlləbur qalası Lənkəran şəhərindən 9 km cənub-qərbdə,Bəlləbur kəndinin ərazisində,meşəlikdə yerləşir. Müdafiə, istehkam xarakteri daşıyan qala Lənkərançayın sol sahilində, dağın zirvəsində inşa edilmişdir. Qalanın tikilmə tarixi ilə bağlı müxtəlif fikirlər vardır.

Mirhaşım Talışlı, Etibar Əhədov “LƏNKƏRAN: ensiklopedik məlumat” kitabında (Bakı-2014, səh.79) və tanınmış jurnalist Azad Zülaloğlu “Bir qalanın tarixi” başlıqlı məqaləsində (“Azad Azərbaycan” qəzeti,06 mart 2007) Bəlləbur qalasının romalılardan,xəzərlərdən,köçəri hun tayfalarından qorunmaq üçün eramızın IV əsrində Sasani hökmdarı II Şapurun (309-379) əmri ilə İranın (Sasani-İ.Ş) Talışdakı canişini Hilal Baburun inşa etdirdiyini qeyd edirlər. Vikipediya-saytında qala haqqında verilmiş ensiklopedik məlumatda onun VII əsrdə tikildiyi yazılır. “Uğur reklam”qəzetinin 19 iyun 2013-cü il tarixli sayında işıq üzü görmüş “Bəlləbur qalası” başlıqlı məqalədə qalanın VIII-IX əsrlərdə tikildiyini oxuyuruq.Böyükağa Hüseynbalaoğlu,Mirhaşım Talışlı “Lənkəran” kitabında qalanın ilkin orta əsr (V-XI əsrlər-İ.Ş) abidəsi olduğunu yazırlar (Bakı-1990, səh.19). Tarix elmləri doktoru,professor Tufan Axundov və tarix üzrə fəlsəfə doktoru Bəhmən Kərimovun fikrincə isə, qala orta əsrlər dövründə deyil, ondan 1500-2000 il qabaq tikilmişdir (Bəlləbur-Azərbaycan tarixinin möhtəşəm abidəsi, “Cənub xəbərləri” qəzeti,20 aprel 2012).
Qalanın ərazisi 1 hektardır.Hündürlüyü 4-5 metr,eni 1,5- 2 metr olan qala divarları kvadrat formada olan qırmızı kərpicdən və çay daşından hörülmüşdür.Qalanın tikintisi zamanı istifadə olunan kərpiclərin tərkibi və onların ölçüləri haqqında Həşim Kəlbiyev və Elnur Kəlbizadə yazırlar: “Kərpiclərin daha çox gil tərkibli olması söyləməyə imkan verir ki, kərpiclər digər yerlərdən deyil. Çox ehtimal ki, kərpiclər qala ətrafındakı gilli torpaqlardan kəsilmişdir.Tikinti kərpiclərinin ölçüləri 22 x 22 x 6 santimetr həcmindədir.Divar hörgüsü zamanı ocaq külü qatışıqlı əhəng məhlulundan istifadə edilmişdir” (Ərəb müəllifləri Talış haqqında. Bakı-2007,səh.65). Səidəli Kazımbəyoğlu 1869-cu ildə qələmə aldığı “Cavahirnameyi-Lənkəran” kitabında qala haqqında yazır: “Bəlləbur qalası-Lənkəranın yarım fərsəxliyində (1 fərsəx təqribən 6-8 kilometrdir-İ.Ş) olan Vazərud çayının (Lənkərançayın qolu-İ.Ş) kənarındakı dağın başında yerləşir. Bu qala bişmiş kərpicdən və daşdan enli divarlara malikdir. Hal-hazırda bu məkanda böyük meşəlik vardır. Bu qalanın divarları üstündə iri gövdəli ağaclar bitmişdir.”(“Cavahirnameyi-Lənkəran”ın “Səidiyyə” adı ilə çap olunan variantı, Bakı-2005, səh.120). Arxeoloq İsa Əzimbəyov 1926-cı ildə “Azərbaycan arxeoloji komitəsinin xəbərləri” jurnalının ikinci buraxılışında dərc etdirdiyi “Drevnosti Lenkoranskoqo kraya” məqaləsində isə qeyd edir: “Bəlləbur qalası dağda zirvədə yerləşir. Qalanın yüksək hissəsində üç dairəli qüllədə otaqlar yerləşdirilmişdir. Birinci dairənin divarında ağ daşdan yonulmuş qoç fiquru vardır. İkinci dairənin divarında relyef formasında kaman, ox, siyirə qılınc, xəncər şəkilləri çəkilmişdir. Yuxarı dairənin sonunda dağıdılmış otaq, divarlarda gipsdən düzəldilmiş quş və gül-çiçək fiqurları diqqəti cəlb edir. Bundan başqa orada əlavə otaqlar da vardır: onlar tünd qırmızı və açıq qırmızı kərpicdən tikilmişdir. Qalanın tapıntıları orta əsr şirli saxsı məmulatı, mis və qızıl Bizans numizmatikasından ibarətdir.”(Sərraf Mirsəfəroğlu. Bəlləbur qalası-Vətən daşı, “Yaşıl çay” jurnalı, aprel 2013). Qala ərazisində Bizansa məxsus mis və qızıl sikkələrin tapılması IX-XI əsrlərdə Bəlləburla Bizans və digər qonşu dövlətlər arasında ticarət əlaqələrinin olduğunu göstərir.
Bəlləbur qalası eyni zamanda yerli sakinlər tərəfindən Babək qalası kimi də tanınır. Qala Xürrəmilər hərəkatının rəhbəri kimi 22 il (816-838) ərəblərə qarşı vuruşmuş Babəkin və onun tərəfdarlarının sığınacaq yerlərindən biri olduğu üçün bu adı almışdır. Dünya şöhrətli rəssam, SSRİ xalq rəssamı Mikayıl Abdullayevin “Bəlləbur qalasında döyüş” portreti hazırda Lənkəran tarix-diyarşünaslıq muzeyinin ən qiymətli eksponatlarından biri hesab olunur.
Haqqında çox yazılsa və danışılsa da, böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, məşhur və əzəmətli Bəlləbur qalasının əvvəlki durumundan heç bir əsər-əlamət qalmamış, qala ərazisində yalnız və yalnız onun xarabalıqlarına, kərpic, çay daşları və uçmaqda olan bəzi divar səddlərinə rast gəlmək olur.Bu qala ərazisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən asılmış lövhədə də öz əksini tapmışdır. Beləki, lövhədə Bəlləbur qalasının qalıqlarının orta əsrlərə aid yerli əhəmiyyətli memarlıq abidəsi olduğu qeyd edilmişdir.(İnv.N-4807) Qalanın qalıqları qaldığından əfsuslar olsun ki, onu bərpa etmək qeyri-mümkündür.

Bəlləbur qalasının yerləşdiyi Bəlləbur kəndinin ərazisi 87 hektar, əhalisi 800 nəfərə yaxındır (2013). Kənd ərazi və əhalisinin sayına görə Lənkəran rayonunun balaca kəndlərindən olsa da, tarixinə görə bölgənin ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Bəlləbur qalasının və 3000-3500 ilə qədər tarixi olan Sığon qəbiristanlığının (Sığon qəbristanlığı Bəlləbur və Lüvəsər kəndləri arasında yerləşir) burada yerləşməsi, 1869 və 1882-ci illərdə yazılmış “Cavahirnameyi-Lənkəran” (müəllif Səidəli Kazımbəyoğlu) və “Əxbarnamə” (müəllif Mirzə Əhməd Mirzə Xudaverdi oğlu) kitablarında kəndin adının bir neçə dəfə qeyd edilməsi və Səidəli Kazımbəyoğlunun “Cavahirnameyi-Lənkəran” kitabında IX əsrdə Lənkəran şəhərinin Bəlləbur qalasının yerində və onun ətrafında yerləşməsi barədə məlumat verməsi bunun bariz nümunəsidir. Son olaraq qeyd etmək istəyirəm ki, fitotoponim olan Bəlləbur talış dilində Bəlləbır (“bəllə”-palıd, “bır”- tikan) sözündən yaranaraq Azərbaycan dilinə tərcümədə “palıdlı tikanlıq” mənasını verir.

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi


.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: