Azərbaycanın ən yeni tarixini yazan dahi

Azərbaycanın ən yeni tarixini yazan dahi “Azərbaycan hər birimizin vətənidir. Hər bir kəs, hər bir vətəndaş Vətənimizin keşiyində durmalıdır.”

Azərbaycanın ümummilli lideri Heydər Əliyev


Hər dəfə Heydər Əliyev haqqında söhbət açılanda çox illər bundan əvvəl, mənfur qonşularımızın Qarabağı zəbt etdiyi və azərbaycanlıları hər yerdə bacarıqsız bir millət kimi tanıtmağa çalışdığı bir vaxtda Yakuboviçin Rosiyyanın ORT kanalında apardığı “Pole çudes” verlişi yadıma düşür. “Pole çudes” verlişində iştirakçılardan başqa tamaşaçılar üçün sual qoyulur, cavablandıranlar hədiyyə qazanırdılar. Həmin verilişlərin birində qoyulmuş “Tanınmış dövlət xadimi və siyasətçi kimdir?” sualına Ermənistandan zəng vuran bir erməni qadını düşünmədən birbaşa “Heydər Əliyev” deyə cavab verdi və avtomobilə sahib oldu. Onun belə asanıqla və inamla cavab verməyi Azərbaycan-Ermənistan münaqişəsindən çox yaxşı xəbərdar olan Yakuboviçi çaşdırdı. Onun “Siz buna əminsinizmi?” sualına “Əlbəttə, belə siyasətçilər dünyaya tək-tək gəlir.” – deyə cavab verdi.

Əlbəttə, mənfur qonşularımız Azərbaycanın milli lideri, böyük dövlət xadimi, mükəmməl strateq, qeyri-adi bir şəxsiyyət olan ulu öndər Heydər Əliyevin əlinin duzunu görmüşdülər və onu çox yaxşı tanıyırdılar. XX əsrin 60-cı illərində Qarabağ məsələsi məkrli bir plan əsasında yenidən ortaya atılsa da ulu öndərin uzaqgörənliyi və prinsipiallığı nəticəsində qarşısı alınmışdır. Belə ki, “60-70-ci illərdə də erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər... bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam” söyləyən Heydər Əliyevin qətiyyəti nəticəsində yalan və iftiraçı erməni iddiaları iflasa uğramışdır.
Ulu Öndər Qarabağın geosiyasi tarixini, geoiqtisadiyyatı və mədəni-mənəvi həyat tərzini, orada tarixən yaşayan azərbaycanlı, eləcə də məskunlaşan erməni ailələrin keçmişini, birgə yaşayış münasibətlərini akademik səviyyədə bilir və Qarabağın inkişafı, abadlaşdırılması istiqamətində bütün sahələr üzrə işlər aparırdı. Heydər Əliyev hələ Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu zaman ermənilər 1967-ci il iyun ayının 24-də Xankəndidə küçələrə ermənicə 300-dək vərəqə yaymışdılar. Saxta və uydurma sovinizmə söykənən, yalan erməni tarixini əks etdirən bu vərəqələrdə Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə verilməsi təbliğatı gedirdi. Təbii ki, mükəmməl kəşfiyyatçılıq keyfiyyətləri olan Azərbaycan DTK-sının milli təfəkkürlü generalı Heydər Əliyev həmin vərəqələrin müəlliflərini tapdırıb, ciddi cəza verdirmişdi.
Digər bir fakt isə ondan ibarət idi ki, 1967-ci ildə erməni millətçiləri bir ermənini öldürmüş və bu cinayəti iki azərbaycanlının üzərinə atmışdılar. Onların məhkəməsində isə həmin azərbaycanlıları öldürmüşdülər. Məqsəd milli münasibətləri qızışdırmaq, qarşıdurma yaratmaqla yerli əhalini köçürüb, Qarabağın Ermənistana birləşdirilməsinin bünövrəsini yaratmaqdan ibarət idi. Və... nə yaxşı ki, qismət böyük Heydər Əliyevi Azərbaycanın taleyinə yazmışdı. Ulu öndər şəxsən Xankəndinə gedərək, on beş günə bu prosesin qarşısını öz məharətli çevik müdaxiləsi ilə almışdı.
Tarixində hər hansı bir vətəndaşın öz dövlətinin timsalına çevrilməsi nadir hadisədir. Heydər Əliyev nəinki bunu etməyi bacardı, hətta o öz biliyi, uzaqgörənliyi, iradəsi, bacarığı və vətənsevərliyi ilə azərbaycanın yeni tarixini yaratdı. 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində adi bir dəmiryolçu ailəsində dünyaya gəlmiş Heydər Əliyev çox qısa bir zamanda irəliyə gedə bildi: 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edildi və 1969-cu ilə qədər bu orqanda müxtəlif vəzifələrdə çalışdı. O, 1949–1950-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqrad şəhərində yerləşən Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alıb, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunub. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub və həmin ildə ona general-mayor rütbəsi verilib. Bu onun nə qədər iradə və bacarığa malik olmasının ən bariz nümunəsidir.
Heydər Əliyev bu pillədədə dayanmayıb. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib və SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz onun adı ilə bağlıdır. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbini qoyub. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
Heydər Əliyev Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin əsasını qoyan dühadır. 1992-ci ildə bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı.
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu. Heydər Əliyev Azərbaycanın zəngin neft və qaz resurslarından səmərəli şəkildə istifadə edərək çox güclü siyasi hakimiyyət qura bilmişdi və ölkədəki digər siyasi güclər onunla rəqabət apara bilmirdi.
1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.

Heydər Əliyev Şuşanın ölkəmiz, Vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulayaraq bildirmişdi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Məhz onun bu siyasətinin davamı olaraq görülən tədbirlər nəticəsində Azərbaycan gücləndi və 2020-ci ildə erməni qəspkarların Qarabağ torpağından qovulub çıxarılmasının bünövrəsi qoyuldu.

Ümummilli liderimiz Heydər Əliyev ömrünü dövlətçiliyin inkişafı, Azərbaycanın tərəqqisi üçün şam kimi əritdi. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Və onun bu arzusu gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir.

Azərbaycanın ən yeni tarixini yazan dahiTahir MƏMMƏDOV,
I və II Qarabağ müharibəsi iştirakçısı,
Azərbaycan Respublikası "Şəhid Ailələri,Əlillər Və Müharibə Veteranlarının Müdafiəsi" İctimai Birliyinin Bakı şəhəri Baş idarəsinin sədri


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: