Nümunəvi həkimlər

Nümunəvi həkimlər Qarabağ müharibəsi başlayarkən Bakı Kamvol Kombinatında gənc mütəxəssis olaraq texniki nəzarət şöbəsinin rəisi vəzifəsində işləyirdim. Hərbiçilər üçün parça, vatin, sap istehsal edirdik. Tez-tez yaşadığımız doğma Ağdama gedər, valideynlərimlə, qardaşlarımla əlaqə saxlayırdım. Bir gün atama zəng edib dedim:
- Bəlkə gəlim sənin əlyazmalarından təhlükəsiz yerə çıxardım?
Böyük Vətən müharibəsi əlili olmuş tanınmış jurnalist, şair-publisist, zabit İlyas Allahverdiyev əsəbi halda dilləndi:
- Bu evi mən tikdirmişəm, iki qardaşın burda döyüşür, torpağı qoruyur, sən isə qalmısan Bakıda. Gəl, Vətəni qoru, evimiz dağılsa da olar, amma torpaq, vətən müqəddəsdir. Canından qorxma, gəl.
İsti kabinetimi, hər cür şəraitimi səngərlə, od-alovla dəyişərək cəbhəyə yollandım. Nə qədər dəhşətlər, acılar, ağrılar, haqsızlıqlar, iztirabları yaşadım.
1993-cü ilin iyul ayının 23-də doğulub boya-başa çatdığım Ağdam şəhərimiz erməni quldurları tərəfindən işğal olundu. Elə bil şah damarım qırıldı. Həmin anlarda ürəyimdən infarkt keçirdim. Soyuq səngərlərdə gözləməkdən, Ağdamda yaralıları təhlükəsiz yerlərə daşımaqdan, biləklərimdə küt ağrı və şişlər əmələ gəldi. Atəşkəs olsa da, bir ilə yaxın müalicə olundum.
Qrad səsləri qulağımdan getmirdi. İki mərtəbəli, yaraşıqlı evimizin yanına top mərmiləri düşərkən anamın cikkə çəkirək: - ay İlyas, gəlin çıxaq, uşaqlar qırılar deyə - həyəcanlanması bu gün də yadımdan çıxmır.
Sonradan qaçqın, didərgin düşərək çadırlarda məskunlaşan valideynlərim nələr çəkmədi?
Anamın iflic olaraq xəstə yatması ürəyimə xal saldı. Dəhşətlisi o idi ki, dolu ev-eşiyimiz düşmən əlində qala, buz kimi soyuq çadır düşərgəsində müalicəyə pulun olmaya.
Anam bunu hiss edib barmağından qızıl üzüyünü çıxardaraq oğluna uzadaraq qırıq-qırıq səslə: - Vaqif, bala, bu nişan üzüyünü sat, dərman al, evə də xərcləyin, ac qalmayın - deməsi bu gün də yadıma düşəndə qəlbim sızlayır.
Nə atam var, nə anam, nə də polis sistemində işləyən və Kəlbəcər, Mardakert, Ağdam və digər rayonlarımızın müdafiəsində ön cəbhələrdə düşmənlə üz-üzə gələn, döyüşən, nəticədə sarsıntı keçirən, böyrəklərini soyuğa verən, - ata, yanına hamıdan tez gələcəyəm - deyən, dəfələrlə Azərbaycan və Zaqafqaziya çempionu olmuş sonbeşik mərhum qardaşım Namiq.
O illərdən 26 il vaxt keçib. 26 ildir ki, Bakının Nərimanov rayonunda yaşayıram.
Səhiyyə Nazirliyinin 18 saylı şəhər poliklinikasında qeydiyyatdayam. İlin çox aylarını bu poliklinikada müalicə olunuram. Həkimlər sağalmaz dərdimə əlac edə bilməsələr də, dərmanlarla, şirin dilləri ilə, xoş rəftarları ilə ağrılarıma məlhəm qoyurlar.
Revmatoloid-poliartrit xəstəliyindən 26 ildir ki, əziyyət çəkirəm. Biləklərim, topuğum, dizlərim gah şişir, gah ağrıyır, gah da hərəkətim məhdudlaşır.
Gecələr ağrıma ömür-gün yoldaşım çox həyacanlanır. Bu uzun illərdə kəskin ağrılarım olanda, huşumu itirəndə yenə də ömür yoldaşım Mətanət xanım mənə həyan olur. Bilir ki, “diklofenant”damarıma vurularkən qismən də olsa məni sakitləşdirir, sahə həkimindən çox mənə qayğı göstərərək məni həyata qaytarır.
Revmatoloq həkimim uzun illər Ağdamda məhkəmənin sədri olmuş və o vaxtlar atamla da dost olmuş Hüseynovun qızı Nəsibə həkim olmuşdur. 20 ilə yaxındır ki, II qrup əliləm. Yaradıcılığımı isə davam etdirirəm.
Revmatoloq həkimim Nəsibə Hüseynova 2017-ci ildə yaşla əlaqədar (65 yaşda) təqaüdə göndərildi. Allah can sağlığı versin. Səhhətində problemlər var idi.
Bir ilə yaxındır ki, Xəyalə həkimi revmatoloq təyin ediblər. İlahi necə sadə, qayğıkeş mehriban həkimdir. Hər dəfə mənə diqqət və qayğı göstərir, dəyərli məsləhətlər verir.
Onu da qeyd edim ki, vaxtilə bu poliklinikada baş həkim işləmiş Rəna xanım da çox mehriban, qayğıkeş həkimlərdən olmuşdur.
Bu poliklinika mənə doğma və əzizdir. Dəfələrlə qəzetlərdə, kitabımda bu mehriban kollektiv haqda yazmışam.
Vaxtilə şöbə müdiri işləmiş əməkdar həkim Tariyel Eyvazovla bu gün də sıx əlaqə sağlayıb ondan dəyərli məsləhətlər alıram.
Baş həkimin müavini poeziya vurğunu Mənsur Hümbətovla dostam. Hər dəfə “Həkəri” qəzetini ona təqdim edərkən yurd həsrətli yazılarımı oxuyaraq sözə, şeirə, sənətə qiymət verən, 40 ildən çox həkim işləyən Mənsur həkim hər cür alqışlara layiqdir.
Poliklinikanın baş həkimi Şəhla xanım Məmmədova uzun illər həmin poliklinikada həkim işləyib. Kollektivin dərin hörmətini qazanıb. Bu gün də baş həkim vəzifəsində ləyaqətlə işləyir, çox sadə, mehriban, qayğıkeş anadır. Hər bir xəstəni diqqətlə dinləyir, köməklik edir. Belə həkimlərdən yazarkən necə də sevinirəm.
Çünki poliklinikada işləyən həkim və tibb işçiləri 180-200 manat civarında əmək haqqı alsalar da, öz qürurlarını saxlayır, xəstələrə vicdanla qulluq edirlər.
Bu günlərdə yenə revmatoloq həkimimə qollarımdan, diz ağrılarımdan şikayət edirdim. Xəyalə həkim məni diqqətlə dinlədi, təzyiqimi ölçdü. 160-ın 90-na olan nisbəti. Bu yaşda əlbəttə ki, çox idi. Elə bu vaxt kabinetə Səhiyyə Nazirliyinin məsul işçiləri daxil oldular. Baş həkimin müavini Mənsur Hümbətov məni nazirliyin işçilərinə təqdim etdi. Rauf İlyasoğlu şair-publisistdir. “Respublika” qəzetində işləyir. “Həkəri” qəzetinin baş redaktorudur.
Bizim xəstəmizdir. Uzun illərdir ki, revmatizmadan əziyyət çəkir. Həkimlər biləyimdə olan şişləri gördülər və revmatoloq həkimimlə söhbət etdilər, mənalı, dəyərli məsləhətlər verdilər. Əsasən də qorxu və stressdən uzaq olmağımı arzuladılar.
Adlarını bilmədiyim nazirliyin məsul işçilərinə “Həkəri” qəzetinin bir nüsxəsini təqdim etdim. Çox sevindilər.
Səhiyyə Nazirliyi tərəfindən poliklinikalara tez-tez baxış keçirilir. Əsasən nizam-intizam, sanitar-epitomoloji vəziyyət, sənədləşdirmə işlərinin aparılmasının qanunauyğunluqları, səliqə-səhman yoxlanılır. Həqiqətən də 18 saylı şəhər poliklinikası nümunəvi müəssisələrdəndir. Bu poliklinikada həm də seçki məntəqəsi fəaliyyət göstərir. Gəray həkim seçki məntəqəsinin sədri, mən isə seçki məntəqəsinin üzvü olmuşam. Millət vəkili Adil Əliyevin təbliğatçısı, vəkili olaraq dəfələrləbu məntəqəni yollamışıq.
Heç bir xoşagəlməz hallarla rastlaşmamışıq. İldə iki dəfə bu poliklinika xəstələri pulsuz dərmanla təmin edirlər.
Poliklinikanın həkimlərinin yazdıqları reseptlər əsasında 4 nömrəli şəhər xəstəxanasından elektron sağlamlıq kartını göstərməklə Səhiyyə Nazirliyi biz xəstələri pulsuz dərmanla təmin edir.
Respublikada nümunəvi poliklinika olan 18 saylı Şəhər Poliklinikasının baş həkimi Şəhla xanım Məmmədova başda olmaqla bütün həkim və tibb bacılarına təşəkkürümü bildirir, şərəfli və məsuliyyətli işlərində onlara can sağlığı arzulayıram.
Yeganə arzumuz isə budur ki, Qarabağımızı yağı düşmənlərdən azad edək, biz əlillərin ağrısı-acısı köhnə illər də qalsın.


Rauf İlyasoğlu,
II qrup əlil, şair-jurnalist

ZiM.Az



.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: