Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub Yeni nəşrlər, Bolus, Cənubi Azərbaycan 9 декабря 2018 Xalq şairi Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Güney Azərbaycanın mədəni mərkəzi Təbriz şəhərinin “Əxtar” nəşriyyatında əski əlifba ilə işıq üzü görüb. Bu barədə məlumatı redaksiyamıza Təbriz səfərindən yenicə qayıtmış Azərbaycan Aşıqlar Birliyinin katibi, Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu verib. O, deyib:– Nəfis tərtibatlı kitabı nəşrə Təbriz şəhəri üzrə Hünəri-hövzənin dəstəyi ilə İran Aşıqlar Birliyinin sədri, aşıq Səlcuq Şahbazi hazırlayıb. Bu il noyabrın 24-dən 27-dək Təbrizdə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan aşıqlarının da iştirak etdiyi I Beynəlxalq Aşıqlar Festivalının birinci günü məhz bu kitabın təqdimatına həsr olundu. Təbrizin mərkəzindəki böyük mədəniyyət ocaqlarından birində keçirilən təntənəli mərasimdə İranın Güney Azərbaycan Vilayətinin və Təbriz Şəhər Bələdiyyəsinin rəhbərliyi, İran Parlamentinin üzvləri ilə yanaşı, Azərbaycandan dəvət olunmuş qonaqlar da iştirak edirdilər. Təqdimatda Güney Azərbaycan Vilayəti valisinin müavini Bədri Şükuhi, Təbriz Bələdiyyəsinin sədri İrəc Şahin Baher, İran Parlamentinin üzvü Rza Beygi və digər çıxış edənlər Zəlimxan Yaqub yaradıcılığının İslam Şərqi aləmi üçün doğmalaşdıran mövzu və ideyalardan, şairin yüksək mənəvi dəyərlərə sıx bağlılığından və bütün bunlara görə Arazın o tayında da çox sevildiyindən söz açdılar. Natiqlər Zəlimxan yaradığılığının zirvələrindən biri olan “Peyğəmbər” poemasının Təbrizdə çap olunmasını ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıran,insanları yüksək inanca və mənəvi həmrəyliyə yönləndirən hadisə adlandırdılar, belə tədbirlərin davamlı olmasını arzu etdilər.Kitabın nəşrində və onun yüksək səviyyəli təqdimatının keçirilməsində böyük zəhməti olan Təbriz şəhəri üzrə Hünəri-hövzənin rəisi Seyyid Bəlaği “Peyğəmbər”in Güney Azərbaycanda nəşrinin dini bir, dili bir qardaş-bacılar, ortaq ədəbiyyatımızın oxucuları üçün qiymətli töhfə olduğunu vurğuladı və ümumi maraq doğuran belə əsərlərin nəşrinin gələcəkdə də davam etdiriləcəyini söylədi.Heyətimizin üzvləri və Zəlimxan Yaqubun qardaşı Çingiz Yaqubov unudulmaz xalq şairinin irsinə olan diqqətə, onun xatirəsinə göstərilən ehtirama görə təbrizli soydaşlara minnətdarlıqlarını bildirdilər. Aygül ÇOBANOVA,AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.