Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında Telman Şamil oğlu Budaqlı Azərbaycan poeziyasında son dövrlərdə görünsə də, poeziyasevərlərin rəğbətini yetərincə qazanmış şairlərimizdəndir. Qədim türk yurdu Borçalıda doğulub, həm orta, həm də ali təhsilini rus dilində alıb, amma dili şirindən-şirin olan Azərbaycan dilinin Qərb şivələrində açılıb, yüksək intellektli, geniş erudisiyalı söz adamıdır…

Telman Budaqlının 2016-cı ildə çap olunmuş «Mən unutsam…» şeirlər kitabı barədə bir-iki kəlmə yazı yazmağı xeyli vaxt idi ki, düşünürdüm. Açığını deyim ki, onun mənim haqqımda yazdığı «Dur sən də gəl» şeiri çap olunduqdan sonra bu coşqun təbiətli şairin «Mən unutsam…» şeirlər kitabı barədə söz demək üçün onu bir də vərəqləməli oldum və ilk təəssüratlarım belə oldu: Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun, Şəhriyar kimi klassiklərimizin şeirləri Telman Budaqlının mənəvi dünyasına hopub, onun şeirləri mənəvi qidasını daha çox məhz bu mənbələrdən alır; hər bir şeirində şifahi ədəbiyyatımızdan bəhrələnmə qabarıq şəkildə görünür; vətənpərvərlik, yurd sevgisi, təbiətə vurğunluq, eşqin tərənnümü kimi rəngarəng mövzular diqqət çəkəndir; şeirlərində dünyaya təkcə Borçalıdan yox, o taylı, bu taylı Azərbaycandan, bütün türk dünyasından boylanmağı bacarır…

Telman Budaqlı mənə hədiyyə etdiyi «Mən unutsam…» şeirlər kitabına belə bir avtoqraf yazıb: «Bu kitabımın bircə misrası duyğularınızı oyadarsa çox məmnun olardım…». Burada təkcə onu qeyd edək ki, şairin kitabındakı nəinki hər misra, hətta hər söz, səs belə duyğuları oyatmaq gücündədir. Bu da onun poetik təfəkkürünün, obrazlı dilinin zənginliyini işarələndirir.

Şairin poeziyasında vətənpərvərlik mövzusu qabarıq şəkildə görünür. Onun «Dur ayağa Azərbaycan», «Azərbaycan ordusu», «İgidlərim, hardasız?», «Qələbə çağırışı» kimi şeirlərinin hər birində ictimai motiv, mübarizə əhvali-ruhiyyəsi xüsusi olaraq vurğulanır. Şair nikbindir. Ona görə də təkidlə deyir ki, erməni

tapdağı altında inildəyən Qarabağımızı Azərbaycan ordusu Şah İsmayılın cəngisini, Babəkləri, Koroğluları, Həziləri yada sala-sala azad edəcəkdir.

Şah İsmayıl cəngi çalınsın bu gün,
Babək, Həzi yada salınsın bu gün.
Ağdərə, Xocavənd…alınsın bu gün
Marş irəli, Azərbaycan ordusu!


Bu motiv onun digər şeirlərində də qabarıqlığı ilə seçilir. Şair nər biləkli igidləri haraylayır ki, Vətən sizi gözləyir, çünki Laçının, Şuşanın gözü yoldadır, «Cıdır düzü» sahibsiz qalıbdır:

Nə vaxtdır ki, Vətən gözləyir sizi,
Laçının, Şuşanı yoldadır gözü.
Sahibsiz qalıbdır o «Cıdır düzü»,
Nər biləkli igidlərim, hardasız?


Şairin Qarabağa həsr etdiyi şeirlər sırasında Şuşa mövzusu o qədər təsirlidir ki, onların heç birini həyəcansız oxumaq olmur. Çünki onun yaratdığı bəndlərin hər birinin ümumi semantik yükü çox dərindir: həsrət çəkən də, yol gözləyən də, qışı, yayı dözən də, ayı, ili gözləyən də uca dağ başındakı Şuşadır:

Şuşa uca dağ başında,
Həsrət çəkir, yol gözləyir.
Dözür qışı, dözür yayı,
Ay gözləyir, il gözləyir.


«Gedib yenə o yerləri görəydim!» şeirində ayrılıq, həsrət motivi çox qüvətlidir: doğma diyarı, canından artıq sevdiyi Borçalı şairin qəlbindən hər an keçir; Borçalının əzəmətli dağlarını Budaqlılar (şairin mənsub olduğu nəslin adı) yaylağı hesab edir; nənəsinin köksünü oxşaması, qıjıltılı Xram çayında qızıl balıqların şütüşməsi, dördnallı çapan kəhər atların kişnəməsi, buz bulaqlar, bir də Qarabulaq yadına düşəndə için-için qovrulur…Məhz bunun nəticəsidir ki, şair təqdim etdiyi 15 bəndlik şeirdə hər bir bəndinin sonunda «Gedib yenə o yerləri görəydim!» misrasını eynilə təkrarlamaqla poetik semantikanı bir az da qüvvətləndirib:

Kövrəlirəm, yada düşür «Buz bulaq»,
Dağ ətəyi, «Qarabulaq»– o yaylaq.
Öz yurdundan, öz elindən al soraq,
Gedib yenə o yerləri görəydim!

Nənəm bizi oyadardı o başdan,
Könlümüzü oxşayardı o başdan.
Oxu, öyrən tarixini hər daşdan,
Gedib yenə o yerləri görəydim!


«Mən unutsam…» şeirlər kitabından dağ mövzusu bir leytmotiv kimi keçir. Bu da təsadüfi deyil. Belə ki, dağvüqarlı şair gözlərini dünyaya məhz dağlarda açıb, dağların təmiz havasını udub, saf sularından doyunca içib. Şair üçün belə dağlardan biri və birincisi Başkeçiddəki «Əyriqar»dır. Elə buna görə də şair bu dağın zirvəsində hopub qalan buzları da, çəni, dumanı da, binələri də, onun qonaq-qaralı günlərini də sevə-sevə, həm də obrazlı bir dillə təqdim edir:

Dağların dağıdır bizim Əyriqar,
Gələnlərə ətəyində yer də var.
Qışda, yayda zirvəsində qalar qar,
Ayna-bəyaz sinələri gözəldir.


Dağ mövzusu ilə bağlı diqqətçəkən məqamlardan biri də budur ki, şairin lirik «mən»i dünyalar qədər sevdiyi yarı ilə bağlı sevincini də, kədərini də dağla bölüşür, ondan kömək istəyir. Bu isə onu deməyə əsas verir ki, şairin yaratdığı dağ obrazı təkcə rasional yox, həm də kultlaşmış bir obraz kimi çıxış edir:

Gözləyirəm bulaq üstə,
Yar görüşə gələ, dağlar.
Həsrət çəkən gözlərimdən
Göz yaşımı silə, dağlar.


Burada o da xüsusi olaraq vurğulanmalıdır ki, Telman Budaqlı Mehralı bəy, Səməd ağa kimi mərd igidlərini vəsf edərkən onları dağ kontekstində təqdim edir,

daha doğrusu, ucalardan uca olan dağa bənzədir, eyni zamanda assosiativ olaraq Borçalının Qarabağa olan dəstəyini də yaddan çıxartmır:

Mehralı bəy, Səməd ağa,
Bənzəyirlər uca dağa.
Hər dəstək var Qarabağa,
Bizim doğma Borçalıda.


«Mən unutsam…» şeirlər kitabında Dədə Əmrah, Xan Kamandar, Aşıq Hüseyn kimi ustad aşıqlarımızın, azman sənətkarlamızın obrazlı şəkildə, həm də Borçalı aşıq mühiti kontekstində təqdimi olduqca təbii qarşılanır. Heç şübhəsiz ki, bu, birbaşa şairin saza-sözə vurğurluğu, həmin aşıqların yaradıcılığına dərindən bələdliyi ilə bağlıdır:

Dədə Əmrah, xan Kamandar,
Aşıq Söyün böyük sərkər.
Sənətkara çox hörmət var
Bizim doğma Borçalıda.


Təqdim olunmuş şeirlər kitabında türk mənşəli bir sıra şəxs adlarının motivləşmə meyarları, yaranma əsasları, advermə ənənələri obrazlı şəkildə canlandırılır ki, bu da təkcə poeziyamız deyil, həm də etnoqrafiya və poetik onomastikamız baxımından dəyirlidir:

Biri dedi Aya bənzər,
Qoyun adı Nuray olsun.
Biri dedi günə bənzər,
Qoyun adı Günay olsun.


«Selcanım mənim» şeirində şair öz nəvəsi Selcanın obrazını yaradır: Selcan şairin ağzında dilidir; dini-imanı, gözünün işığıdır; könlünün nuru, sazının «cəngisi», tarının «şuru»dur; onun şirin-şəkər nəvəsi güldən ətirli, saf sudan durudur, bədirlənmiş Aya bənzəri çoxdur, babasının incisidir və bir qadın adı kimi «Dədə Qorqud» eposundan süzülüb gəlib… Şairin ustalığı ondadır ki, onun yaratdığı Selcan obrazı bir nəvə obrazı kimi tam ümumiləşmiş obraz kimi çıxış edir:

Ağzımda dilimsən, dinim–imanım,
Nəvə sevincisən, Selcanım mənim!
Güləndə Günəşsən, susanda Cahan,
Baba incisisən, Selcanım mənim!


Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Dünyamalı Kərəmin şairin «Mən unutsam…» şeirlər kitabına yazdığı «Ön söz»də xüsusi olaraq vurğulanır ki, lirik, sevgi-məhəbbət şeirləri də Telmanın yaradıcılığında mühüm yer tutur. Müəllif haqlıdır. Belə ki, şairin «Çağır məni», «Sənsiz mənə dünya dardı», «Unut məni, sevgilim!», «Yadıma sən düşəndə», «İlk sevgilim» kimi şeirləri məhz məhəbbət mövzusundadır. Bu şeirlərin hər birində ilahi deyil, real eşqin tərənnümü açıq-aydın şəkildə görünür. Şairin lirik «mən»i yanağında gül açılan, dodağında qənd əzilən, buxağında gözü qalan yarından bir an belə ayrılmaq istəmir, yarı üçün ahu-zar çəkir, göz yaşı tökür, «Sənsiz dünya nəyə gərək?!»–deyərək bütün dünyaya car çəkir ki, «sənsiz ölləm»:

Sevinc nədi bilməm sənsiz,
Sənsiz dünya nəyə gərək?!
Sən olmasan ölləm sənsiz,
Sənsiz dünya nəyə gərək?!

Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında
«Mən unutsam…» kitabı təkcə struktural, estetik tənqid yox, həm də linqvistik tənqid müstəvisində zəngin görünür.

Sinəsi sözlə dolu, yazıb-yaratmaq eşqi tükənməyən
Telman Budaqlıya yeni-yeni yaradıcılıq uğurları diləyirik!


Əzizxan Tanrıverdi.
ADPU-nun kafedra müdiri,
filologiya üzrə elmlər doktoru, professor
2017


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TELMAN BUDAQLInın 70 yaşı tamam olur

TELMAN BUDAQLInın 70 yaşı tamam olur

Poeziya, Ağbulaq, Təbriklər
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
Qürbət elin yanğısı!

Qürbət elin yanğısı!

Sumqayıt, Ədəbi tənqid
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Yeni nəşrlər
Borçalı ətirli misralar VƏ YA

Borçalı ətirli misralar VƏ YA "DÜNYANI DOLAŞAN SAZ HAVASIYAM"

Ədəbi tənqid, Rustavi, Başkeçid
GÜLXANİ PƏNAHIN ŞEİRLƏRİNDƏN  BOYLANAN VƏTƏN

GÜLXANİ PƏNAHIN ŞEİRLƏRİNDƏN BOYLANAN VƏTƏN

Humanitar elmlər, Elmi Məqalələr
Borçalıda Ozanlar ozanı TƏHLƏLİ NOVRUZun  xatirəsi anılıb

Borçalıda Ozanlar ozanı TƏHLƏLİ NOVRUZun xatirəsi anılıb

Borçalı, Qarayazı
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
Hamı xəbərdardı - Xəbərin olsun...

Hamı xəbərdardı - Xəbərin olsun...

Knyaz Aslan, Ədəbiyyatşunaslıq, Başkeçid
Xalq şairi  Məmməd Araz:  “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət  axta ...

Xalq şairi Məmməd Araz: “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axta ...

Ramiz Abdullayev

"SİNƏMDƏ DƏNİZTƏK FİKİR ÇAĞLAYIR" - Telli Sənəm BORÇALI

Yeni nəşrlər, Ədəbi tənqid, Başkeçid
Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Qaraçöp
AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU
Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Naxçıvan, Elm
AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid
Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Ədəbi tənqid, Köşə yazılar
İki Vətənin şair övladı

İki Vətənin şair övladı

"Varlıq", Bolus

"Sərhədləri aşan şair..." - ƏSƏD CAHANGİR yazır...

Başkeçid
Rəy yazın: