Qaysaq bağlamayan yaralar Yeni nəşrlər 31 января 2018 İstedadlı jurnalist, döyüşçü-kəşfiyyatçı Rey Kərimoğlunun “Kod adı: “Rey” (kəşfiyyatçının xatirələri) adlı kitabını (Bakı, “Qanun” nəşriyyatı, 2017, 252 səh.) bir nəfəsə oxudum. Oxudum demək olmaz, öldüm-dirildim. Psixoloji sarsıntı keçirdim. Sanki hadisələrin içindəydim. Faktlar o qədər dəqiq, canlı, inandırıcı təsvir edilmişdir ki, o məkanlar, o yerlərdə və o zamanda baş vermiş olaylar kino lemti kimi insanın beyninə həkk olunurdu. Xatirədən: “Növbəti addımı atanda sağ ayağımın altında bir ağac budağı qaldığını hiss etdim. Fikir vermədim, amma qəfil çıqqıltı məni ayıltdı. Mina!... Gözümə ayaqlarım göründü! Ürəyimdə dedim, vəssəlam!” Ölümün bircə anlığında insan fikrinin sürəti və son çıxardığı nəticə “Vəssəlam”. Son məqamın son akkordu. “...Partlayışın dalğası məni göyə qaldırıb haradasa 8-10 metr kənara bir ağaca çırpmışdı. Ayaqlarımı yerində görəndə sevindim ki...” İlahi, bu sətirləri oxuyanda, qəlpələrdən dəlik-deşik olmuş, yaralarından qan şoralanan insanın ayaqlarının yerində olmasının sevincinin hüdudsuzluğuna təəccüb etməyə bilmirsən. İnsan necə heyrətamiz varlıqmış. Dəhşətli ağrı-acılara baxmayaraq ölüm ayağında da əzalarının yerində olmasına sevinir. Kitabda əsasən əfsanəvi qəhrəman Şirin Vəli oğlu Mirzəyevin (Milli ordumuzun ilk qaranquşlarından) yaratdığı batalyonun döyüş yolundan bəhs etsə də, ümumilikdə Qarabağ uğrunda gedən döyüşlərin və o dövrdəki siyasi proseslərin mənzərəsinə ətraflı əksini tapmışdır. İstedadlı komandir polkovnik-leytenant Ş.Mirzəyevin hazırladığı hər bir döyüş əməliyyatı uğurla başa yetmiş, bu uğurlara nail olmaqda kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, Elbrus Səmədov, Əliabbas İskəndərov, Həsən Mehdiyev, Rafiq Kərimov, Sənan Rüstəmov və digər kəşfiyyatçıların yüzlərlə döyüşçü, ər-igid oğullarımızın fədakarlığı əvəz edilməz olmuşdur. Qarabağın igid oğlu 67 yaşlı İdris Hümbətovun əzmkarlığı, bacarığı və qorxmazlığı nəticəsində ən çətin məqamlarda kəşfiyyatçılar tapşırıqları lazımi qaydada yerinə yetirmişlər. R.Kərimoğlunun xatirələrindən oxuyuruq: “Elə bil 1941-1945-ci illərin Böyük Vətən müharibəsindən çəkilmiş kinoya baxırdıq. Ermənilər beş-altı cərgə düzülərək PDM-lərin arxası ilə irəliləyirdi. Lap öndə 3 PDM gəlirdi... İdris kişi dedi ki, axıra qədər dayanmalıyıq! Əvvəlcə avtomatlarla müqavimət göstərməyə başladıq. Amma bu az idi... ...Gecə ermənilər tamam geri çəkildi. Batalyondan da kömək gəlmişdi. O gün ermənilər Qaralara girə bilmədi...” Şirin Mirzəyevin ölümündən sonra batalyona komandirlik etmək Kolanı dərəsinin igid, qorxmaz, cəsarətli oğlu Allahverdi Qəmbərova həvqalə olunmuşdur. Milli Qəhrəman Ş.Mirzəyevin ən yaxın silahdaşı və sirdaşlarından olan A.Qəmbərovu hamı sevir, ona böyük etiram və hörmət edirdilər. “Şəmistanın kədərli səsi” başlıqlı xatirə yazıda: “...Həkimlər otağının qapısı açıq idi. İçəridəki radiodan Azərbaycan Levitanı Şəmistan Əlizamanlının səsi gəlirdi. Cəbhə xəbərləri oxuyurdu. Xəbərin axırı idi. Alimin adını eşitdim və bir də yalnız sonu qulağıma gəldi: ...qəhrəmancasına həlak oldular! Ürəyimin döyüntüsü artdı. Nədənsə mənə elə gəldi ki, bu bizim batalyonun uşaqları idi. Amma kim?.. ...Rusca xəbəri oxumağa başladı, Şəmistan Əlizamanlının səsi indi daha hüzünlü idi: Bu gün Ağdərə rayonunun Qazançı kəndi uğrunda gedən döyüşdə batalyon komandiri Allahverdi Qəmbərov, döyüşçülər Fəxrəddin Məmmədov, Amil Rəhimov... qəhrəmancasına həlak olublar... ...Əvvəlcə ürəyim sancdı... Sonra beynimin düz ortasından və dabanımdan elə bil eyni vaxtda iynə batırdılar. 19 gündən sonra ilk dəfə ayağa durdum...”Mətin kəşfiyyatçı R.Kərimoğlu yazır: “...1992-ci ilin oktyabrın axırında fərrux istiqamətində ağır bir döyüşdə iştirak etdim. Çox ağır bir döyüş oldu. Elə məqam oldu ki, ermənilərlə əlbəyaxa olduq...” Xatirə-kitabda bir məqam xüsusi vurğulamaq istəyirəm. Beyləqan rayonu İsmət Qayıbov adına orta məktəbin 10 (b) sinif şagirdinin məktubunu: “Bu mürəbbəni anamın köməkliyi ilə özüm bişirmişəm. Milli ordumuzun ön cəbhədə erməni ilə üzbəüz dayanan səgərləri üçün. Əgər bunu başqa birisi açıb yeyərsə, burnundan gəlsin, haramı olsun.”Bu məktubu oxuyarkən 1992-ci ildə biz Çıldıranda olarkən ana-bacılarımızın, qız-gəlinlərin göndərdikləri bağlamaların içərisindən isti əlcək, corab və sairə toxunma əşyaların olduğu yadıma düşdü. Onlardan bir cüt isti corabı indi də yadigar kimi saxlayıram. Hər dəfə onlara toxunanda namuslu, qeyrətli ana-bacılarımızın əvvəlinin hərarətini hiss edirəm. Kitabda yazılan məktubu II Cahan Müharibəsi iştirakçısı, 94 yaşlı atam Tahir İsmayıloğluna oxuduqda: -Bizə də o vaxtlar ana-bacılarımız belə sovqatlar göndərərdilər – dedi, kövrəldi və qəhərləndi... Kitabın sonunda “Üç köşə” də, “Başınızı dik tutun!”, “Vaqifin ölümü”, “Müharibə və fotoları” adlı yazılar səmimiliyi və dolğunluğu ilə oxucunu təsirləndirir. Son söz əvəzi “Məni bağşlayın...” adlı hissədə; -...Bu, bizim hamımızın müharibəsi, hamımızın ağrısı və hamımızın kitabıdı...”...Ona görə də bu kitabı qapatmağa tələsməyin. Nə qədər ki, qisasımız, davamız yarıçmıq qalıb, sona çatmayıb, bu kitab da açıq qalır. Bu son söz deyil, - deyir Rey Kərimoğlu. Aqillər demiş: Son qərarı Misri qılınc deyəcək! Son fərmanı Baş Komandan verəcək! Biz də sənə qoşulub qaysaqlamayan yaralarımıza məlhəm qoymaq üçün, -Qəzamız mübarək! – deyirik. İsmayıl Həkimoğlu (Padaroğlu),Azərbaycan Müharibəsi Veteranı, ehtiyatda olan zabitZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.