Gəncləri döyüşə, qələbəyə səsləyən kitab Yeni nəşrlər 4 марта 2017 Yazıçı-publisist Camal Zeynaloğlunun “Snayper qız” kitabı haqqındaYazıçı, publisist, gözəl insan Camal Zeynaloğlu haqqında söz demək, məqalə yazmaq mənim üçün çox böyük bir şərəfdir. Çünki biz belə yazarlara həmişə yüksək qiymət verməliyik, belə insanları vaxtında qiymətləndirməliyik.Böyük şairimiz Cabir Novruz da yaxşı deyib: “Sağlığında qiymət verin insanlara...”Camal müəllim yüksək mədəniyyəti, ziyalılığı və sadəliyi ilə Azərbaycan insanının timsalıdır. Gözəl ailə başçısı, gözəl ata, sədaqətli həyat yoldaşı və təəssübkeş el oğlu, vətənini canından artıq sevən bir insan kimi mənim üçün çox əzizdir.Qayaları, sal daşları və qara münbit torpaqdan ucalan təpələri yarıb özünə yol açan bulaqlar birdən-birə üzə çıxmır. Su damlaları illərcə öz yatağına yığılır, üzə çıxmağa can atır, sərt daşları belə əridib özünə yol açır, bulağa çevrilir. İnsanlara həyat bəxş edir, ruh verir. Yaradıcılığa müdrik çağlarında başlayan qələm insanları da belədir. Tanrının onlara bəxş etdiyi istedad illərin təcrübəsi, ağrı-acısı ilə cilalanır, sakit, sanki yuxuya getmiş yazıb-yaratmaq hissi birdən baş qaldırır və məcrasından çıxır. Bədii əsərlərə, publisistik qeydlərə çevrilir. Camal Zeynaloğlunun yaradıcılığı da illərlə biri-birinin davamı kimi nəşr olunan, istiqamət və məzmunca fərqli, ictimai əhəmiyyət daşıyan kitabları uzun illər «öz sakit məcrasında mürgüləyən» yaradıcılıq enerjisinin göstəricisidir. Demək olar ki, onun hər kitabının ilk oxucularından olmuşam və bu barədə rəy bildirmək mənim üçün çətin deyil.Camal Zeynaloğlunun yaradıcılığında diqqətimi ən çox çəkən onun saf Azərbaycan türkcəsində fikrini dəqiq ifadə etməsi, dil şirinliyi, yorucu olmayan təhkiyəsi və klassik türklərin zəngin danışıq koloritinin mətndə qorunub saxlanılmasıdır.Onun povest, hekayələr və esselərində hadisələrin başvermə məqamları onun yaradıcılığında yeni bir elementin - dərin müşahidə qabiliyyətinin olmasını göstərir. Zahirən diqqəti çəkməyən detallara toxunmaq, hərbi terminlərdən mahircəsinə istifadə etməklə oxuculara çatdırmaq onun müşahidə qabiliyyətinin genişliyinə dəlalət edir ki, bu da C.Zeynaloğlunun publisist kimi uğurudur.Kitab əsasən, Qarabağ savaşında vətəni, torpağı, dövləti uğrunda döyüşən Azərbaycanın cəsur, mərd, qəhrəman oğullarına həsr edilmiş povest, hekayə və esselərdən ibarətdir. Sevindirici haldır ki, bu kitabın gənc nəsildə vətənpərvərlik hissinin aşılanmasında böyük xidməti olacaq. Ədəbi yaradıcılıqla məşğul olan Camal müəllim həm də ic¬timai vəkil kimi cəmiyyətin maariflənməsinə, inkişafına, vətəndaş hüquqlarının və azadlıqlarının təmininə öz töhfələrini verməkdədir. Fərəhli haldır ki, o, vətənini sevən bir yazar kimi Azərbaycanda kitab mədəniyyətinin təbliği ilə məşğuldur. Onun kitabları bütün kitabxanalarda var. Onun “Apokalipsis yaxud Qiyamətin premyerası”, “Ölüm düşərgəsindən qaçış” və “Snayper qız” hekayələri mənim çox xoşuma gəldi. Qarabağ savaşında ermənilərə qənim kəsilmiş, onların ölüm kabusuna çevrilmiş cəsur snayper qız Orucova Rəhilə Əli qızının əziz xatirəsinə həsr etdiyi “Snayper qız” hekayəsinin sonu çox acınacaqlı vəziyyətdə qurtarır. Ermənilərə qənim kəsilən azərbaycanlı qız Rəhilənin meyiti döyüş meydanında qalır və onu götürmək üçün on şəhid verilir. Komandir qızın ciblərini yoxlayarkən ordan bir məktub çıxır. O, əvvəlcə məktubu ürəyində, sonra da döyüşçülərə ucadan oxuyur. Bu, Azadın cəbhəyə yola düşməzdən öncə Rəhiləyə verdiyi məktubdu. Məktubda yazılmışdı:...“Əzizim, döyünən ürəyin olmaq və səni həmişə yanımda hiss edə bilmək üçün bu məktubu yazıram. İnsan qarşı-qarşıya olanda nədənsə ürəyindəkilərini sevdiyinə deməyə cürət eləmir. Mənim də Səninlə olduğum zamanlarda qəlbimdəkilərini dilimə gətirmək cəsarətim çatmırdı...” Bu məktub uzundur. Mən sadəcə bir parçanı yada saldım. Görün amansız müharibə bizim nə qədər qızlarımızı ailəsiz qoydu, nə qədər oğlanlarımızı ailə qurmaqdan, nəsil artırmaqdan, övlad böyütməkdən, həyatdan kam almaqdan məhrum elədi....Həyatda bəzən biz yaxından tanıdığımız gözəl insan, bir sənətkar haqqında layiq olduğu xoş sözləri deməyə, yazmağa xəsislik edirik. Yaxud da bunun üçün müəyyən məqamları, əlamətdar günləri, yubiley tədbirlərini gözləyirik. Düşünürəm ki, xalqın gözündə-könlündə olan hansısa bir sənətkarın, yazıçının qələmə aldığı kiçik yazısından, hekayəsindən, yaxud da böyük bir romanından duyduğumuz səmimiyyəti, hikməti, təəssüratları qeydlər şəklində də olsa da, müəllifə ünvanlamaqla onu daha şövqlə və məhsuldar işləməyə ruhlandırmış olarıq. Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Camal Zeynaloğlunun sənət dünyası haqqında təəssüratlarımı qələmə almağı qərarlaşdıranda ürəyimdən keçirdim. Ümumiyyətlə, C.Zeynaloğlu çoxçeşidli mövzuları ilə ədəbi mühitdə özünü-sözünü tanıdan, təsdiq edən tanınmış yazarlarımızdandır. O, yaradıcılığın bir sıra janrlarında əsərlər yazmışdır. Bu əsərlərdə yazıçının öz aləmi, bu aləmin də içərisində formalaşmış xarakteri aydın görünür. Məni də hər zaman məhz onun xarakteri, həyat haqqında düşüncələri, insanlara münasibəti, dünyanın mizanında olduqca fərqli, özünəxas müşahidələri, həyatın bir-birindən seçimli, təzadlı hadisələrinə milli-ictimai baxışları cəlb edib. Və bu səbəbdən də yazıçının yaradıcılığını imkanım olduğu qədər izləməyə və onlara həssaslıqla yanaşmağa cəhd etmişəm. Yazıçını ruhən və xaraktercə tanımağa çalışmışam. Belə düşünürəm ki, cəhdlərim uğurlu olub. Çünki onun sənət dünyası xalqın dərdlərinə, ağrılarına yanan, eləcə də mübarizlik səhifələrinə çoxlu sayda irili-xırdalı əsərləri ilə rövnəq gətirən, yaradıcılığı ilə özünəməxsusluq kəsb edir. Onun əsərlərində kiçik süjetlərdən tutmuş çarpaz xətlər boyunca inkişaf edən böyük mətləblər bu yaradıcılıq yolunun bədii axtarışları, ideya və hadisələrin inkişafı, çeşidli obrazları ilə zəngindir. O, sözə qiymət verən, toxunduğu mətləblərə həssaslıqla yanaşan, fərqli, həm də yaddaqalan xarakterlər yaratmağı bacaran qələm sahibidir. Biz bunları onun “Tanrı cəzası”, “Baş tutmayan intihar”, “Uğursuz nikah”, “Gecikmiş sevgi”, “Ölüm doğmalığı”, “Tövbə”, “Tində dayanmış qadın”, “Quru çörək”, “Böhtan”, “Paxıllıq”, “Qanlı məktub”, “Nakam məhəbbət”, “Ölüm düşərgəsindən qaçış”, “Qəfil döyülən qapı” və s. əsərlərində aydın görürük. Bunlar müəllifin ən çox yaddaqalan əsərləridir.Camal müəllim, yaradıcılığınızla tanışlığım, ünsiyyətim qarşımda son dərəcə yorulmaz tədqiqatçı, ziyalı, ləyaqətli, şəfqətli bir yazar gördüm. Yaradıcılığınızı işıqlandıran yazıları oxudum. O kəlmələr mənim də ürəyimdən gələn səmimi sözlər olduğuna görə təkrarlamıram. Camal müəllim, yaradıcılığınız olduqca zəngindir. Ədəbiyyatşünas kimi yaradıcılığınızda mətnşünaslıq, toplayıcılıq, tədqiqatçılıq birləşir.Məni Sizə ən çox bağlayan Qarabağ müharibəsinə həsr olunmuş silsilə hekayə və esselərinizdir. Belə ki, vətən, yurd sevgisi, son nəfəsinə qədər vuruşan qəhrəman igid övladların qələbə əldə edəcəyinə inamı, məkrli düşmənə hədsiz nifrət hissi çox təsirli, yaddaqalan hadisələrlə əks olunur, oxucunu ovsunlayır, bizi qələbəyə səsləyir, mətin, mübariz olmağa çağırır.Ömrün rəqəmlərlə ifadəsi üçün deyil, mənsub olduğu millətə xidmətlə ölçüldüyü düsturunu əsas həyat amalı kimi qəbul edən yazıçı Camal Zeynaloğluna bu yolda cansağlığı, tükənməz yaradıcılıq enerjisi arzulayıram. Arzu edirəm ki, sizin növbəti kitablarınızın prezidentasiyası Qarabağda keçirilsin! Amin!Hörmətlə, Fəxri Müslüm, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru, şair-publisist, Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.