"Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemləri" Tv, "Borçalı" Cəmiyyəti 28 ноября 2016 Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Borçalı” İctimai Birliyi "Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemləri" mövzusunda geniş tədbir keçirilib. Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi, milli-mənəvi problemlərini daim diqqət mərkəzində saxlayır. Dövlətimizlə bərabər ictimai qurumlar da soydaşlarımızın qayğıları ilə maraqlanır. “Borçalı” İctimai Birliyi də mütəmadi olaraq bu problemlərin müxtəlif səviyyələrdə qaldırılmasına və onların müsbət həllinə yardımçı olur. ZiM.Az xəbər verir ki, 2016-cı il Noyabrın 28-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən növbəti belə tədbir Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemlərinə həsr olunub. Problemlə əlaqədar olaraq “Borçalı” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Milli Məclisi, Nazirlər Kabineti, Təhsil Nazirliyi, ali məktəb rəhbərləri, tanınmış elm və təhsil işçiləri və digər aidiyyəti qurumlar məlumatlandırılıb. Tədbirdə birliyin təsisçiləri ilə yanaşı bu qurumların nümayəndələri, eləcə də respublikamızın tanınınmış ziyalıları, alimləri, ali məktəblərin professor-müəllimləri və dəvət olunmuş qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə Birliyin sədr müavini Şərif Kərimli açıb. O, əvvəlcə iştirakçıları “Borçalı” İctimai Birliyinin bəyanatı ilə tanış edib. Həmin bəyanatda bildirilib ki, Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) təsisçilərinin təşəbbüsü ilə 25 iyun 2016-cı ildə keçirilən növbədənkənar ümumi yığıncağının qərarı ilə cəmiyyətin əvvəlki rəhbərliyinin buraxdığı kobud səhvlərə görə sədr və idarə heyəti yenilənmiş və Ədliyyə Nazirliyində keçirilən növbədənkənar ümumi yığıncaq, yeni seçilmiş sədr və idarə heyəti üzvlərinin legitimliyi təsdiq olunub."Lakin köhnə sədr və onun ətrafındakı bir qrup şəxs ali dövlət qurumunun qərarına məhəl qoymur və Cəmiyyət adından qeyri-qanuni manipulyasiyalar etməkdə davam edirlər. Məhz elə bu cür separatçı hərəkətlərinə görə Gürcüstan hökuməti keçmiş sədrin bu ölkəyə girişinə qadağa qoyub.Biz "Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) təsisçiləri bir daha bu hərəkətləri qətiyyətlə pisləyir və qanunun aliliyi, elimizin bütövlüyü, xalqımızın birliyi naminə belə özbaşınalığa son qoymağa çağırırıq".Sonra tədbirin əsas mövzusu olan "Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemləri" ilə bağlı "Borçalı " İctimai Birliyinin sədri Kərəm Məmmədov ətraflı çıxış edib. O, bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi, milli-mənəvi problemlərini Azərbaycan dövləti daim diqqət mərkəzində saxlasa da bir sıra ictimai cəmiyyətlər, o cümlədən "Borçalı” İctimai Birliyi də mütəmadi olaraq bu problemlərin müxtəlif səviyyələrdə qaldırılmasına və onların müsbət həllinə yardımçı olur. ""Borçalı” İctimai Birliyi gürcü dilinin cəngində boğulan zəngin koloritli Borçalı ləhcəsinin, demək olar ki, türk dilinin bütün lüğət tərkibini özündə ehtiva edən, Dədəm Qorqudun şirin dastan dilini ellərimizdə, obalarımızda, ən azı ailələrimizdə qoruyub yaşadan dialektlərimizi, şivələrimizi yad təsirlərdən müdafiə etməklə milli kimliyimizin və eyni zamanda milli birliyimizin varlığına çalışır."Tədbirdə vurğulanıb ki, hazırda Gürcüstanın azərbaycandilli məktəblərində çalışan və Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən müəllimlərin yaşı 65-70 arasındadır: “Bu müəllimlərin savadına bizim şübhəmiz yoxdur. Lakin zamanın danılmaz dialektikası var: canlı aləm cavanlaşmasa, həyat cansıxıcı olar! Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: həyat dəyişir - insanların dəyişən mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir. Yeni insanın fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər yeni ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni insanlarda yeni-yeni təfəkkür tərzi, yeni dünyagörüş, həyata yeni yanaşma incəlikləri formalaşdırır. Və bütün bunları cəmiyyətə məhz müəllim çatdırır”.Toplantıda qeyd olunub ki, bir vaxtlar Gürcüstanda soydaşlarımızın dövləti vəzifələrə irəli çəkilməməsinin əsas səbəbi kimi onların gürcü dilini pis bilmələri göstərilirdi. "Bu gün həmin problem aradan qaldırılıb. Lakin yüzlərlə gənc ziyalımız yenə də idarəetmə strukturlarına yaxın buraxılmır. İndi isə başqa bir problem yaranıb – dilimizin assimilyasiyası!"Cürcü dilini öyrənmək vacibdir, hətta o dildə təhsil almaq da olar, lakin ana dilimiz həmişə başımız üzərində dayanmalı və onu bütün dillərdən uca tutmalıyıq! Bu isə təkcə borçalıların problemi olmamalıdır. Bu, birinci növbədə Azərbaycan dövlətinin, sonra isə Gürcüstan dövlətinin konstitusion vəzifəsidir! Gürcüstandan olan soydaşlarımız güzəştli şərtlərlə Azərbaycanın dövlət universitetlərinə qəbul edilməli, hətta onların Gürcüstanda işlə təmin olunma və əmək haqqı məsələləri barədə düşünülməlidir. Unudulmamalıdır ki, biz Gürcüstanda beş-on şəxsə kömək etmirik, biz böyük Azərbaycan dünyasının arteriyalarını genetik qanımızla təchiz edirik!”. Tədbirdə keçmiş təhsil naziri, professor Firidun Ağasıoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev, Azərbaycan Pedaqoji Universitetin prorektoru Məlikməmməd Cabrayılov, Azərbaycan-Gürcüstan əlaqələri Cəmiyyətinin sədri Əli Xəlilli, araşdırmaçı-jurnalist Ənvər Börüsoy, politoloqlar Natiq Miri, Volkan Şeker, hüquqşünas İsmayıl Həkimov, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədov, "Borçalı" İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə mavini Kamran Xəlilov, "Dünyaxəbər" qəzetinin baş redaktoru Aygün Paşayeva və başqaları mövzu ətrafında çıxış edərək, dəyərli təkliflərini veriblər.Tədbirdə həmçinin "Borçalı" İctimai Birliyinin həmtəsisçisi, Əməkdar mədəniyyət işçisi, şair Eyvaz Borçalı, BDU-nun "Beynəlxalq jurnalistika" kafedrasının müdiri, professor Həmid Vəliyev, BDU-nun "Ümumi və Qeyri-üzvi kimya" kafedrasının müdiri Teymur İlyaslı, ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdi, ADPU-nun tədris şöbəsinin müdiri, dosent Razim Məmmədli, "Borçalı" İctimai Birliyinin sədr müavinləri Firudin İsmayılov, Müşfiq Borçalı, İcra Aparatının rəhbəri Asif Bayramov, İdarə heyətinin üzvlərindən Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, "QafqazMedia" İctimai Birliyinin sədri Azadə Hüseynova, "Hüriyyət" qəzetinin redaktoru Anar Həsənli, dosent Nazim Poluxov, Nizami Əlizadə, Dəyanət Osmanlı, Arzuman Nəbiyev, Elmar Həsənli, eləcə də Əməkdar jurnalist İlyas Adıgözəlli, Turaninfo.az saytının baş redaktoru Daşqın Nuriyev, yazıçılardan Sabir Sadaxlı, Adil İrşadoğlu, Günay Novruz, İsaxan İlyas, Sona Abbasəliqızı, Elida Laçın Muxayeva, Aşıq Aidə Gülzar, Sərdar Əliyev və başqaları iştirak ediblər.Tədbirdə o da xüsusi olaraq vurğulanıb ki, Borçalıda və ona bitişik ərazilərdə kompakt yaşayan soydaşlarımızın bu qəbildən olan problemləri ilə bağlı ölkəmizin görkəmli ziyalıları bu gün həyəcan təbili çalmasalar, 5-10 ildən sonra borçalıların ana dilini unutmaları təhlükəsi ilə üz-üzə qalacağıq.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.