13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib Nazirlik, AzTU 10 октября 2019 2019-cu il Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisinin açılış mərasimi keçirilib.Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.ZiM.Az xəbər verir ki, mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, builki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir. Nazir qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin, müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub.Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun sərgidə iştirakına toxunan Ceyhun Bayramov deyib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri təhsil sahəsində də öz əksini tapmalı, bir millət olan bu iki dövlətin təhsil mütəxəssisləri arasında sıx əməkdaşlıq qurulmalıdır. Nazir qeyd edib ki, sərgi Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın bir qədər də dərinləşməsi və zənginləşməsinə xidmət edəcək.Ceyhun Bayramov bildirib ki, nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar və əldə olunan nailiyyətlər sərgidə ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb. Təhsil naziri sərginin gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyini əlavə edib.Nazir çıxışının sonunda sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib və uğurlar arzulayıb.Daha sonra çıxış edən Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk Azərbaycan və Türkiyə arasında səmimi, dost və qardaş münasibətlərinin mövcudluğundan söz açıb. Ziya Selçuk təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu səfərin mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını söyləyib. Bildirib ki, hazırda iki ölkə arasında təhsil sahəsində çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur.Türkiyə Respublikasının Milli təhsil naziri Ziya Selçuk çıxışının sonunda bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyinə inamını ifadə edib.Avropa Komissiyasında “NEAR” Baş direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos da öz növbəsində builki sərgidə Avropa İttifaqının birləşmiş stendinin debüt etdiyini qeyd edib. O bildirib ki, Avropa İttifaqının stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa və Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur.“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun da artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib.Sərginin ilk günündə "Təhsil TV" Media Mərkəzində "STEAM", "Rəqəmsal bacarıqlar" layihələri və müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri ilə bağlı təqdimatlar keçirilib.* * *Azərbaycan Texniki Universiteti (AzTU) də sərgidə texnika sahəsində son illərdə əldə etdiyi nailiyyətləri ilə təmsil olunur. Stenddə universitetin professor-müəllim heyətinin mühəndislik, informasiya texnologiyalarına aid elmi əsərləri, dərs vəsaitləri nümayiş edilir. Bundan əlavə, sərgi iştirakçıları AzTU-nun stendində universitet haqqında videoçarx, Azərbaycan, ingilis və rus dilində prospektlər, bukletlər və jurnallar vasitəsilə universitetin təqdim etdiyi tədris imkanları və yeniliklərlə tanış olurlar.Sərginin açılışında Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev, Tədris işləri üzrə prorektoru, professor Xalıq Yahudov, Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov, Tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov, Beynəlxalq əlaqələr üzrə müşavir Nigar Sultanova və digər nümayəndələri iştirak ediblər.* * *Qeyd edək ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır.Üç gün davam edəcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə giriş 9-11-ci sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.