Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin istedadlı şagirdləri

Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin istedadlı şagirdləri Qumralın nurlu gələcəyi var

Qızılı torpaqdan, biliyi isə kitabdan alırlar.
Azərbaycan atalar sözü.

Qumralın özü kiçik. qəlbi genişdir
Nizam-intizamlı, çalışqan, ağıllı və dərrakəli qızdır.

Sinif müəlliminə və yoldaşlarına böyük hörmət və məhəbbət bəsləyir. Oxumağa, öyrənməyə, verilən tapşırıqlara məsuliyyətlə yanaşır. Gələcəyə, inamla baxır. Ən böyük arzusu böyüdüyü, pərvazlandığı Vətəninə, torpağına, valideynlərinə layiqli övlad olmaqdır.


Quluzadə Qumral Şaiq qızı
2014-cü il mayın 30-da Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası - Quliyev Şaiq Mirələm oğlu ali təhsilli mütəxəssis kimi öz sahəsində, anası- Quliyeva Nahidə Qənimət qızı isə hazırda ali təhsilli neftçi kimi ixtisası üzrə çalışır. Ailədə iki övladdırlar.
Qumral hazırda Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin II-A sinifində təhsil alır. Əlaçıdır, keçilən fənləri böyük həvəslə öyrənir. Çünki hər bir fənn öz növbəsində bizə yeni bilgilər verir. Qumral həm də çox fəal şagirddir. Sinifdə, məktəbdə keçirilən bütün - mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir. Onun özündən böyük bacısı Quliyeva Nazlı da bu məktəbdə V-sinifdə təhsil alan əlaçı şagirdlərdən biridir. Əlbəttə ki, istedadlı, əlaçı şagirdlərin hamısı təhsil aldıqları məktəbin fəxridirlər.

İbtidai sinif müəllimi İradə xanım Muradova şagirdini belə dəyərləndirdi:
“Qumral çox ağıllı, istedadlı, nizam-intizamlı, yoldaşlarından fərqlənən, hər kəsi özünə cəlb etməyi bacaran bir qızdır. Əlaçıdır, daim öz üzərində çalışandır, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirəndir. Qabrama qabliyyəti yüksəkdir, hazırcavabdır, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirir. O, daim valideynlərinin diqqət və qayğısı ilə əhatə olunur. Asudə vaxtlarında ata-anası ilə birlikdə Əyləncə Mərkəzinə, kitab sərgisinə gedir, əsasən də, maraqlandığı verilişlərdən biri kimi televiziyada keçirilən “yeddi şüşə” verilişində iştirak edir. Qumral xüsusi təfəkkürə yaradıcılıq və intonasiya qabiliyyətinə, eləcə də məntiqli danışıq tərzinə malikdir. Mən onu gələcəyin söz adamı, peşəkar jurnalist, televiziya verilişlərinin mahir aparıcısı kimi təsəvvür edirəm. Onun seçəcəyi peşəyə bütün varlığı ilə bağlı olacağına indidən inanıram. Sevimili şagirdimə təhsildə bə həyatda böyük uğurlar diləyirəm.!”
Qumralın söylədiklərindən:
Biz İradə müəlliməni çox sevirik. Mehriban və səmimidir. Yaxşı oxumağımız, öyrənməyimiz üçün daim narahatlıq keçirir. Əlavə nağıllar, hekayələr oxumağa həvəsimiz böyükdür. Bu baxımdan “Dünya xalqlarının (Toplayanı-Tarık Demirkan, ullüstrator-Feridun Oral) nağılları” kitabından sinifdə hər gün yeni bir nağıl oxuyuruq. Azərbaycan dili dərsində hamımız yeni nağıl haqqındakı fikirlərimizi müəllimimizə çatdırırıq. Ana dilimizi çox sevirik. Müəllimimiz deyir ki, dilimiz müqəddəsdir, onu daim qorumalıyıq. “24 fevral Beynəlxalq Ana Dili günü”-dür. Bu təqvimi yaddaşımıza həmişəlik həkk etmişik. inif yoldaşlarımı çox sevirəm. Onlardan Miray, Zəhra, İlahə, Fəridə, Aydan, Ayan və Afaq ilə daha yaxından dostluq edirəm.
Qumralın ata babası Quliyev Mirələm Lətif oğlu və ata nənəsi Quliyeva Nazlı xanım uzun illər Pirallahı rayonu 168 nömrəli tam orta məktəbdə müəllim işləyiblər. Hazırda Nazlı müəllim təqaüdçü ömrü yaşayır. Söz adamı olaraq 7 şeir kitabının müəllifi olan Mirələm müəllim isə artıq 11 ildir ki, dünyasını dəyişibdir. Övladları sonradan onun bir neçə şeir kitablarını da çap etdiriblər.
Qumralın arzuları böyükdür, nurludur. O, gələcəkdə babasının davamçısı kimi yaradıcı adam olmaq arzusundadır.

Biz də öz növbəmizdə gələcəyin istedadına təhsildə və həyatda böyük uğurlar arzulayırıq!


Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin istedadlı şagirdləri
Təhsil aldığı məktəbin fəxridir

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.

Nizami Gəncəvi


“Elm işıqdır, elmsizlik qaranlıq”. Bu sözlər S.Ə.Şirvaninin hikmətli kəlamıdır. Hamımız yaxşı bilirik ki, elmsiz insanın üzünə hər qapı açıq ola bilməz. Ona görə də, bəşər övladı Tanrının ona bəxş etdiyi ömür payından səmərəli istifadə etməli, elmini, biliyini daim artırmağa çalışmalıdır. Haqqında söz açdığımız məktəbli qız da, qızıl kimi vaxtını elmə, təhsilə sərf edənlərdən biridir.

Babazadə Miray Zaur qızı
- 2014-cü il fevralın 25-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Hazırda Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin II-A sinfində təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Təbiət etibarı ilə sakitdir, ağıllı, istedadlı və dünyagörüşlüdür. Verilən suallara düşünüb cavab verəndir. Dəqiq fənlərə, riyazi hesablamalara maraq dairəsi yüksəkdir.
Onun özündən böyük bacısı Babazadə Aysel Zaur qızı da, bu məktəbdə III-A sinfində təhsil alır. Qardaşları Eminin isə hələ bir yaşı tamam olmayıb.
Mirayın ibtidai sinif müəllimi İradə xanım Muradova şagirdi haqqında çox yüksək rəydədir:
- Miray dərin düşüncəli, həssas, məsuliyyətli, məntiqli danışan bir qızdır. Ən çox sevdiyi fənn riyaziyyatdır. Dərk edir ki, bu fənn digərlərindən çox fərqlidir, zehni qabiliyyət tələb edir. Kənardan müşahidə edəndə məktəbli qız sakit təbiətli şagird təsəvvürü yaradır. Ancaq onunla ünsiyyətə girərkən, görürsən ki, müxtəlif mövzularda bilgisi var. Qavrama qabiliyyəti yüksəkdir. Hətta III-IV siniflərin tapşırıqlarını da yerinə yetirmək istedadına malikdir. Dərslərindən ən yüksək bal ala bilir. Yaxşı əl işləri var. Rəngarəng şəkillər çəkir. Keçirilən tədbirlərdə fəaldır. Asudə vaxtlarında məktəbin kitabxanasından kitab götürməklə əlavə nağıllar, hekayələr oxuyur, riyazi məsələ-misal həll edir. Mətni üzündən intonasiya ilə ifadəli şəkildə oxuyur. Bildiklərini ehtiyatda saxlamağı, məqamında dinləməyi-danışmağı, fikrini əhatəli şəkildə izah etməyi dərin düşüncəsi ilə məharətlə bacarır. Özünəməxsusluğu odur ki, enerjisini-biliyini yersiz şəkildə sərf etmir, yalnız lazım olan hallarda xərcləyir və istədiyi bilgini toplayır. Mirayın gələcək arzularına çatmaq üçün böyük imkanları var. Mən sevimli şagirdimə təhsildə və həyatda yalnız uğurlar arzulatıram.
Onu da qeyd etməliyik ki, II-A sinfi Şəhid Xudayar Yusifzadənin adını daşıyır. Onun adı dərslərdə həmişə hörmətlə anılır.
Miray müəllimini çox sevir. Söyləyir ki:
Müəllimimiz biliklidir, təmkinlidir. Dərsimizi yaxşı başa salır. Mehribandır, xeyirxahdır, bizi doğma övladları kimi istəyir.
Yeri gəlmişkən: - II-A sinfində təhsil alan şagirdlərdən biri müəlliminə sevgisini belə ifadə edir:
- Sevimli müəllimim mən Sizi çox istəyirəm. Siz mənim atam, qardaşım, dayım, əmim və babamsınız. Eləcə də anam, bacım, bibim və nənəmsiniz. Hər səhər məktəbə gəlməyə,Sizi görməyə tələsirəm...
...Əlbəttə ki... Hər birimiz illərlə bizə elm öyrədən, düzgün istiqamət verən, cəmiyyətə faydalı vətəndaş kimi yetişdirən sevimli müəllimlərimizə ömrümüz boyu borcluyuq...
Mirayın riyaziyyata, dəqiq hesablamalar aparmağa maraq dairəsi genişdir. Kim bilir, bəlkə də, qarşıdakı illərdə gələcəyin tanınmış riyaziyyatçılarının sırasında Mirayın da adını eşidəcəyik. Eyni zamanda o, gələcəkdə sevimili müəlliminin davamçısı olmaq arzusu ilə də yaşayır.
Biz də,öz növbəmizdə fitri istedadı ilə seçilən Miraya təhsildə yeni-yeni uğurlar və parlaq gələcək arzulayırıq!


Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin istedadlı şagirdləri
Gələcəyin pols işçisi

Siz ata-babalarımızın müqəddəs yerlərinə o zaman Vətən deyə bilərsiniz ki, onun sahibi olasınız.
N.Nərimanov

Gələcəyimiz olan uşaqların dünyaya baxışları müxtəlifdir.Biz çalışmalıyıq ki, elmə, biliyə həvəsli, həyata məhəbbət,Vətənə sevgi hissi ilə böyüdək övladlarımızı. Gələcəyimiz inamlı və etibarlı əllərdə olsun.
Haqqında yazdığımız qəhrəmanımızın adı Ömərdir.


Aslanov Ömər Ruslan oğlu,
2013-cü il martın 5-də Ağstafa şəhərində ziyalı ailəsində dünyaya gəlib. Hazırda Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin III-A sinfində təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Keçilən fənləri böyük həvəslə öyrənən məktəbli oğlan- riyaziyyatı və ingilis dilini daha çox sevir.
İbtidai sinif müəllimi Əmirova Xırdaxanım şagirdi haqqında yüksək rəydədir.
- “Ömər ağıllı, bacarıqlı, dərrakəli, hazırcavab, əsasən də oxumağa-öyrənməyə böyük məsuliyyətlə yanaşan bir şagirddir. Əlaçıdır, verilən tapşırıqları sərbəst yerinə yetirir. Testləri, tapşırıqları yoxlamağa başlayanda birinci onun cavablarını yoxlayıram. Yaşıdlarından fərqlənən əhatəli və düşüncəli təhlili müəyyən qədər yuxarı sinif şagirdlərinin izahına, cavabına bənzəyir. Gördüklərindən, eşitdiklərindən özü üçün nəticə çıxarmağı bacarır. Məktəbdə və sinifdə keçirilən tədbirlərdə yüksək fəallıq göstərir. Dərslərdə müəllimlərinə düşündürücü suallar verir. Yalnız birinciliyi sevir. Anası Pərvanə xanım övladlarının əla qiymətlərlə oxumaları üçün müəllimləri ilə sıx ünsiyyət yaradır. Mən Ömərin fitri istedadına, azyaşlı olmasına baxmayaraq, dərin zəkasına, uğurlu gələcəyinə indidən inanıram”.
Ömər ilə söhbətimizdən: - Mən bir məktəbli kimi özümə qarşı tələbkaram. Dərsdənkənar vaxtlarımdan düzgün və səmərəli istifadə etməyə çalışıram. Məktəbimizin kitabxanasından kitab götürüb, əlavə nağıllar, hekayələr oxuyuram. Uşaq ədəbiyyatı ilə də maraqlanıram, testlə işləyirəm, çətin məsələ-misalın həllini tapıram. Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, memarlığı haqqında da bilgilər toplamağa çalışıram. Yoldaşlarımla yaxından dostluq edirəm. Zəif oxuyan yoldaşlarıma da kömək etməyə çalışıram. Verilən tapşırığın və yaxud da, məsələ-misalın cavabını birbaşa demirəm, digər məsələ-misalın üzərində başa salmağa üstünlük verirəm. İstəyirəm ki, onlar da, dərslərindən əla və yaxşı qiymətlər alsınlar. Müəllimlərimi çox sevirəm. İdealım kimi böyük hörmət bəsləyirəm. Xırdaxanım müəllim mehribandır, mədənidir, xeyirxahdır. Onun nəcib dəyərlərini saymaqla bitməz. Keçirilən dərsləri dönə-dönə başa salır, dərindən izah edir. Yalnız yaxşı oxumağımıza çalışır.
Məktəbli oğlanın uğurları da çoxdur. O, özündən böyük qardaşı Elmir ilə birlikdə ayrı-ayrı vaxtlarda rayon və şəhər üzrə keçirilən bilik yarışmasında, fənn olimpiadasında yüksək bal qazanıblar. Hər iki qardaş məktəbin direktoruna və sinif rəhbərinə təşəkkürnamələr qazandırıblar.
Sevindirici haldır ki, Ömər 2022-ci ilin yanvar ayında BPAİN EDUCATIOH Akademiyasının keçirdiyi rəngli PAVEN sınağında I yeri tutduğuna görə sertifikat alıbdır. 2022-ci ilin mart ayında isə Bakı şəhərində I yarım il üzrə təşkil olunan fənn imtahanlarında fəxri fərmanla, eləcə də, bu ilin may ayında şəhər üzrə keçirilən riyaziyyat və məntiq olimpiadasında 700 bal toplayaraq yüksək nəticə qazanıb, fəxri fərmanlarla təltif olunubdur.
Ömər gələcəkdə polis işçisi olmaq arzusundadır. Asayişin keşikçisi kimi xalqımıza xidmət etmək ən böyük istəyidir.
Biz də, öz növbəmizdə inanırıq ki, Ömər həyatda öz məqsədinə çatacaqdır. O, xalqına və doğma yurduna layiqli, yararlı bir vətəndaş kimi yetişəcəkdir.
Ataların hikmətli bir kəlamı var: - “Niyyətin hara, mənzilin ora”... Arzuların, amalların çin olsun Ömər bala!


Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin istedadlı şagirdləri Arzusu hüquqşünas olmaqdır

Elm və kamalı əldə etməyi hər şeydən daha əziz tut. Çünki hər şeyi onların vasitəsilə əldə edirlər.
A.Bakıxanov

Tanrının ailələrə bəxş etdiyi ən ülvi varlıq uşaqlardır. Hər bir ailənin körpə nəfəsinə, uşaq sevincinə ehtiyacı var. Övlad ailənin təməl daşıdır, ata-ananın barı-bəhrəsidir. Haqqında söz açacağımız Elmir də Tanrının Aslanovlar ailəsinə bəxş etdiyi ən əziz varlıqdır. Yeri gəlmişkən, bir incə məqamı da qeyd etməliyik ki, məktəblərin, universitetlərin, pansionların olmasına baxmayaraq, atalarsız-analarsız nə rahat həyat, yaxşı təlim-tərbiyə nə də ki, yüksək təhsil yoxdur... Bunu əziz varlıq saydığımız övladlarımız dərindən dərk etməlidirlər.
Aslanov Elmir Ruslan oğlu,
2011-ci il aprelin 5-də Gəncə şəhərində ziyalı ailəsində dünyaya gəlib. Hazırda o, Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbdə V-c sinfində təhsil alır. Elmirin valideynləri ali təhsillidir. Atası Ruslan Anatoli oğlu Gəncə Kənd Təsərrüfatı Universitetini, anası Aslanova Pərvanə isə Gəncə Texnologiya Universitetini bitiribdir. Elmirin özündən kiçik qardaşı Ömər də bu məktəbdə III-A sinfində təhsil alır. Hər ikisi dərs əlaçısıdır.
Adilova Yeganə müəllimin yetirməsi haqqında söylədikləri:
- “Mən ibtidai sinifdə dörd il Elmirə dərs demişəm.O, çox istedadlı, məsuliyyətli, çalışqan və düşüncəli şagirddir. Müəllimlərini heç vaxt incitməyibdir. Nümunəvi davranışı, dərslərinə yanaşma tərzilə yaşıdlarından fərqlənirdi. Bütün fənləri əla qiymətlərlə oxuyubdur. Verilən tapşırıqları müstəqil və düzgün yerinə yetirirdi. Keçirilən tədbirlərdə yüksək fəallıq göstəribdir. Daim birincilik uğrunda çalışıbdır. Onun gələcəyi parlaqdır. Düşünürəm ki, Elmir gələcəkdə seçdiyi peşənin ən yüksək zirvəsini fəth edəcəkdir”.
Elmir keçilən fənlər arasında tarixi, riyaziyyatı və ingilis dilini daha çox sevir. Söyləyir ki: - tarix fənni vasitəsilə qədim dövrləri, əsasən də Azərbaycan tarixini öyrənmək istəyirəm. Riyaziyyatı elmlərin açarı kimi sevirəm. İngilis dilinə isə dövrümüzün ünsiyyət dili kimi həvəs göstərirəm.
Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Günel xanım Hüseynova da şagirdi haqqında böyük fərəh hissilə danışdı: -“Elmir ən sevimli şagirdlərimdən biridir. Dərslərindən əla qiymətlər alır. İstedadlı, verilən tapşırıqlara hazırlıqlı, məsuliyyətli və nizam-intizamlıdır. Fikrini səlist, aydın və əhatəli şəkildə izah etməyi bacarır. Əgər səhvə yol verərsə, dərhal düzəltməyə çalışır. Məktəbdə və sinifdə keçirilən tədbirlərdə yüksək fəallıq göstərir. Fənn müəllimlərinin dərin rəğbətini qazandığına görə hamısı ondan razılıq edirlər. İnanıram ki, Elmir bu cür fitri istedadı, dərin düşüncəsi, çalışqanlığı ilə gələcəkdə yüksək nailiyyətlər əldə edəcəkdir”.
Elmir asudə vaxtlarında məktəbin kitabxanasından bədii kitab götürüb oxuyur. Biliyini təzələyir, riyazi məsələ-misal həll edir, dostları ilə gəzintiyə çıxır. Maraq dairəsi geniş olduğundan ətrafda baş verən hər şeylə maraqlanır. O, gələcəkdə hüquqşünas olmaq arzusundadır. Hüquq müdafiəçisi kimi xalqına xidmət etmək ən böyük amalıdır. Valideynləri də onu özünün sevib-seçdiyi sahədə görmək istəyilə övladlarına sonadək dəstək olmağa hazırdırlar.
Bİz də öz növbəmizdə Elmirə təhsildə və seçdiyi sahədə ən yüksək zirvələrə catmağı arzulayırıq!



Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin istedadlı şagirdləri Ayselin parlaq gələcəyi var!

İnsan istedadının hər bir sahəsi Azərbaycan uşaqlarında var. Bu günün kiçik istedadları gələcəyin qönçələridir. Bu qönçələr açılacaq və Azərbaycan gülzarlığa çevriləcəkdir.
Heydər Əliyev


Hər kəsin arzu və istəyi olur. Və o, çalışır ki, qarşısına qoyduğu məqsədinə çatsın, arzusu həqiqətə çevrilsin. Belə istəklə oxuyan-öyrənən uşaqlardan biri də, Babazadə Aysel Zaur qızıdır. O, 2012-ci il dekabrın 11-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Hazırda Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin III-A sinfində təhsil alır. Dərs əlaçısıdır.

Ayselin özündən kiçik bacısı Babazadə Miray da bu məktəbdə II-A sinfində təhsil alır.
Ayselin ibtidai sinif müəllimi Xırdaxanım Əmirova sevimli şagirdi haqqında yüksək fikirdədir:
-“Aysel ağıllı, istedadlı, çalışqan, hazırcavab və sinfin nizan-intizam qaydalarına məsuliyyətlə yanaşan şagirdlərdən biridir. Bu qızda özünəməxsusluq, yüksək mədəniyyət və xanım-xatınlıq hiss olunur. Yüksəkdən danışmaq, etik qaydalara riayət etməmək onun xasiyyətinə uyğun deyil. Əlbəttə ki, belə gözəl keyfiyyətləri onun necə ailədə, hansı bir mühitdə böyüməsini, təlim-tərbiyə almasını göstərir. Əlaçıdır, xətti gözəldir, mütaliəni sevəndir. Yaxşı natiqlik qabiliyyətinə malik olduğuna görə hiss olunur ki, gələcəkdə çalışdığı sahədə lazım gələn informasiyanı da düzgün ötürə biləcəkdir. Ən çox sevdiyi fənn riyaziyyatdır. Çünki bu fənn digərlərindən çox fərqlidir və zehni qabiliyyət tələb edir. Verilən tapşırıqları böyük həvəslə və düzgün yerinə yetirir. Keçirilən tədbirlərdə yüksək fəallıq göstərir. Yaxşı əl qabiliyyəti, maraq doğuran təxəyyülü, rəngarəng rəsmləri var. Aysel yalnız birinciliyi, liderliyi sevir. O, ayrı-ayrı vaxtlarda keçirilən sınaq imtahanlarında, eləcə də rayon üzrə keçirilən tədbirlərdə yüksək nəticə göztərmişdir. Bir müəllim kimi çəkdiyim zəhmət hədər getmədiyinə görə Aysel kimi yetirmələrimlə fəxr edirəm. Sevimli şagirdimə yalnız parlaq gələcək arzulayıram”!
Aysel asudə vaxtlarında əlavə kitablar oxuyur, testlə işləyir, məktəbə, təhsilə aid verilişlərə baxır, rəsm çəkir, bir sözlə hərtərəfli inkişaf etmək istəyir.
Ən böyük arzusu gələcəkdə proqramist olmaqdır. Məktəbli qızın müqəddəs peşəyə, ilk müəllimi Xırdaxanım Əmirovanın davamçısı olmağa da istəyi böyükdür.
İnanırıq ki, Ayselin istedadı, mükəmməl elmi biliklərə yiyələmnək istəyi onu daim zirvələrə aparacaqdır.

Biz də öz növbəmizdə gələcəyin istedadının valideynlərinə var olun deyirik! Şübhəsiz ki, onlar fəxr ediləsi ailələr sırasındadırlar. Və bu cür hisslərlə də Ayselə gələcəkdə ən böyük zirvələri fəth etməsini diləyirik!

Xanım Bilalqızı
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: