Ömür insanın sənət əsəridir

Ömür insanın sənət əsəridir Deyirlər ki, ömür insandan çox böyük bilik, bacarıq, tələb edən sənət əsəridir. İnsanın ən böyük qələbəsi Allahın ona bəxş etdiyi ömür payını şərəflə, ləyaqətlə yaşamaq, hansı peşə sahibi olmasından asılı olmayaraq işi ilə, əməli ilə insanlara gərəkli olmaq, Vətənə yaxşı vətəndaş olmaqdır.
Haqqında söz açdığımız müsahibimiz də,
şəfqətli peşəsi ilə insanlara gərəklidir.


Yeri gəlmişkən:

-Həkimlər hisslərin, gözlərin, ürəklərin dili ilə danışan
incə peşə sahibləridir. Xilaskar mələklərdir.

Yaxşı deyiblər:

Neçə ömrə dayaqdır,
Arzulara çıraqdır.
Qəlbə ümid daşıyır,
Əməlləri yaşayır.

Bu mənalı sətirlərdən Rəfiqə həkimə də, pay düşür. O, düz 35 ildir ki, bu şərəfli peşənin yolçusudur. Və ötən müddət ərzində sağaltdığı, sevincinə şərik olduğu insanların hörmətini, məhəbbtini qazanmışdır.

Gəlin onun həyatında iz qoyan illərə birlikdə səyahət edək.

Rəfiqə Süleyman qızı Salahova -
1959-cu il dekabrın 26-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1982-ci ildə müvəffəqiyyətlə ADTİ-nun müalicə-profilaktika fakültəsini bitirib. İlk əmək fəaliyyətinə 1984-cü ildə Bakı şəhəri Nərimanov rayonu 17 saylı şəhər poliklinikasında başlayıb. 1985-ci ildən 2016-cı ilə qədər isə 8 saylı şəhər poliklinikasında həkim-kordioloq işləyib. Hazırda Darıdağ Özəl Tibb Mərkəzində çalışır.

Bir haşiyə:
Bizim Rəfiqə həkimlə ilk tanışlığımız 2000-ci ilə təsadüf edir. Deyirlər ki, bəzən... bir görüş, yüz görüşə cığır açır. İllər ötsə də... O, səmimiyyəti, şəfqətli baxışları və nəcibliyi ilə yaddaşımızda qalmışdır.
Yaxşı deyiblər:

Gözəl üz nur səpir baxdığı yerə,
Gözəl üz günəşin doğan yeridi.
Bahar sığal çəkir gözəl üzlərə,
Gözəl üz Tanrının şah əsəridi...

Həkimə ilk sualımız belə oldu:
-Rəfiqə xanım, bildiyimizə görə nəcib nəsildənsiniz. Mümkünsə, böyüdüyünüz ailə ocağınız, valideynləriniz haqqında qısaca, məlumat verin...
-Əslimiz əsasən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindəndir. Atam Süleyman Əsgər oğlu Abbasov ixtisasca iqtisadçı idi. Uzun illər ticarət sistemində çalışıbdır. Anam Sürəyya İlyas qızı isə evdar qadın kimi övladlarının təlim-tərbiyəsi, tədrisi ilə məşğul olubdur. Ailəmizdə 6 - uşaq - 4 bacı, 2 qardaş olmuşuq. Qardaşlarım Nazim, Nəsimi ixtisasca iqtisadçıdırlar. Bacılarım - Lətifə, Rəsmiyyə və mən həkimliyi, Fəxridə bacım isə pedaqoji sahəni seçibdir. Halal, zəhmətkeş ailə ocağında böyümüşük. Ağlımız kəsəndən valideynlərimizi xeyirxah, qohuma-qonşuya can yandıran, hörmətlə yanaşan insanlar kimi görmüşük. Yadımdadır... Onlar bir kimsə haqqında pis sözlər danışmazdılar, yıxılanın qolundan qaldırardılar. Ata-anamız ömürlərini başdan-başa övladlarının xoşbəxtliyinə həsr etdilər. İndi onlar həyatda yoxdurlar. Qeyd edim ki, biz bu işıqlı insanlardan yalnız ali dəyərləri, nəcib keyfiyyətləri görüb-götürmüşük. Dünyasını dəyişən bütün valideynlərə Allahdan rəhmət diləyirik, yerləri behişt olsun, - deyirik.
Onu da qeyd edim ki, anam bizim həkim olmağımızı arzulayırdı. Arzusunu yerinə yetirdiyimizə görə qəlbimiz indi də, rahatdır.

-Ananızın arzusunu yerinə yetirməyiniz öz yerində... Bəs, özünüzdə necə, bu peşəyə sevgi var idimi, bu sahəni sevərək seçmisinizmi?
-Deyərdim ki, bizdə bu peşəyə marağı da, elə anam yaratmışdı. Əvvəl sevdik, sonra seçdik. Mən işimdən çox razıyam.

-İlk xəstəni müayinə etdiyiniz günü necə xatırlayırsınız, həmin vaxtda hansı hissləri keçirdiniz?
-İlk xəstəni 1984-cü il avqustun 4-də müayinə etmişəm. Kəskin miokart infaktı ilə ağır vəziyyətdə xəstəxanaya göndərdim. Əlbəttə ki, həmin vaxtda böyük məsuliyyət hissi ilə yanaşı həyacan da keçirdim. Eyni zamanda xəstəyə həmin anda düzgün diaqnoz təyin etdiyimə görə sevdindim də... Sonradan iş prosesində, insanlarla ünsiyyətdə, müayinə və müalicə fonunda günbəgün təcrübə topladım, mütaliə etdim, vaxt ötdükcə təkmilləşdim. O gündən... bu günədək... Şəfa bəxş etdiyim insanların sevincinə şərik oldum. Bu gün də beləyəm...

-İnsanlar həkimin biliyi ilə yanaşı, mənəvi keyfiyyətlərinə də, dəyər verirlər. Bu baxımdan sağlam həyat bəxş etdikləriniz Sizin insanlığınızı necə qiymətləndiriblər?
-İnsanların təbəssümü, sevinci, minnətdarlığı, etdikləri duaları qəlbimə həmişə rahatlıq, günümə təzə-tərlik gətirib. Zənnimcə, hələ məndən bu günədək narazı qalan xəstəm olmayıb. Hərdən özlüyümdə düşünürəm: “Nə yaxşı ki, həkiməm, insanlara gərəyəm...”

-Son illərdə insanlarda ürək-damar xəstəliklərinin kəskin artması səbəblərini necə izah edərdiniz?
-Əlbəttə ki, səbəblər müxtəlifdir. Xəstəliyin yaranmasında - ekologiyanın, qida məhsullarının, tütün məmulatı və spirtli içkilərin, oturaq həyat tərzinin, insanların sosial vəziyyətinin və digər xəstəliklərdə olduğu kimi sinir sisteminin də, əhəmiyyəti az deyildir. Qeyd edim ki, bu gün 25-35-45 yaşlarında insanların arasında ürək-damar xəstəliyinin kəskin artması həkimləri çox narahat edir.

-Söylədiniz ki, uşaqlığınız Ordubadda keçib. O yer... o məkan necə qalıb yaddaşınızda?
-Vətənimizin dilbər güşələrindən biri olan Ordubad mənim üçün həmişə müqəddəsdir. Deyərdim ki, qəhqəhəsindən, şıltaqlığından, nəvazişindən doymadığım, qayğısız uşaqlıq çağlarımın, atalı-analı şən, xoşbəxt aylarımın, illərimin ən şirin, ən həsrətli xatirəsi bütünlüklə o yerlə... o məkanla bağlıdır. Ordubad mənim üçün həmişə cənnətməkandır.

-Valideynlərinizi itirməyiniz Sizə nələri öyrətdi?
-Mən də, çoxları kimi valideynlərimi itirməklə arxamı, dayağımı itirmişəm. Ata-anamızın yoxluğu bizə hər bir sahədə müstəqil, düzgün qərar verməyi öyrətdi. İndi biz hər bir hərəkətimizi yüz ölçüb, bir biçirik ki, onların ruhları bizdən inciməsin... (kövrəlir... ata-ana həsrəti hamımızı odsuz, ocaqsız yandırır...)

-Sizin özünüzəməxsus xüsusiyyətləriniz, xüsusən də, sözübütövlüyünüz diqqətdən yayınmır. Maraq doğurur. Özünüz necə... Hansı xasiyyətinizi daha çox bəyənirsiniz?
-Bir həkim kimi məqsədim, məramım hamını sağlam, xoşbəxt görməkdir. İnsanlara imkanımız çatdığı qədər kömək etməyi, əl tutmağı, Tanrı dərgahında savab qazanmağı çox bəyənirəm. Deyildiyi kimi: “Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır”. Etiraf edək ki, bu gün biz ətrafımızda ən çox - xeyirxahlığa, insansevərliyə, yaxşılıq etməyə, ədalətli olmağa, qədirbilənliyə, paklığa və bağışlamağı bacarmaq kimi mənəvi dəyərlərə böyük ehtiyac duyuruq. Soyuqqanlılıq, biganəlik, bəzilərinin mədəni səviyyəsinin aşağı olması qəlbimizi incidir, hamımıza ağırlıq gətirir.

-Rəfiqə xanım, biz Sizinlə daha çox insanlıqdan və insani dəyərlərdən danışdıq. Elə isə deyin... Ətrafınızda yaxşılar çoxdu, yoxsa...
-Mənə belə gəlir ki, həyatda humanist hisslərlə yaşayan insanlara hər tərəfdən yanaşmaq mümkündür. Bu baxımdan qeyd edim ki, ətrafımda yaxşılar daha çoxdur. Şükr edirəm Tanrıma.

-Həyatda nələri müqəddəs sayırsınız? Qəlbinizdəki Allah sevgisini necə izah edərdiniz?
-Vətənimizi, torpağımızı, valideynlərimin məzarını, ailəmi, övladlarımı, peşəmi, insanlığa sevgimi müqəddəs sayıram. Qəlbimdəki Allah sevgisi, daxilimdəki inam hissindən yaranır. Mən müayinə və müalicəyə də, Allahın adı ilə başlayıram. Hər kəsin daxilində bir Tanrı sevgisi olmalıdır.

-İnsanın tale yolu ilə birgə peşə taleyi də olur. Hansı daha çox gülüb üzünüzə? Ümumiyyətlə, taleyinizlə dostluq edə bilmisinizmi?
-Şükrlər olsun ki, hər ikisi gülüb üzümə. Alın yazımla, qismətimlə razılaşmışam.

-Dünəninizə, bu gününüzə, eləcə də, nail olduqlarınıza görə özünüzü kimlərə borclu sayırsınız?
-Həyatda nələrə nail olmuşamsa, nələri qazanmışamsa - hamısına görə valideynlərimə borcluyam. Onlar haqq dünyasına qovuşsalar da - hər gün onların - sakit, ağıllı, nəvazişli nəzərlərini, bəzən də, zəhmli baxışlarını üzərimdə hiss edirəm.

-Təqvim sadəcə, quru, cansız rəqəmlərdən ibarət deyildir. Bu rəqəmlərin hər biri insan ömrü ilə bərabər artmaqda davam edir. Sevincli-kədərli, acılı-şirinli xatirələri öz yaddaşında qoruyub saxlayır. Arxada qalan illərdə ürəyinizcə olanlar varmı? Nələrə təssüflənir, kədərlənirsiniz? Ömrünüzün yaddaşında hansı parlaq səhifələr var?
-Yaşadığım ömür payımı Tanrı yazıb, bəxş edibdir mənə. Ömrümün hər səhifəsi - istər asan, istər çətin, hamısı mənim üçün əzizdir. Amma elə həsrət dolu günlər var ki, həmişə unudulmazdır. Dönüb geriyə baxanda, ötənləri - keçənləri xatırlayanda - dünənimdə sağlam gəncliyim, atalı-analı xoşbəxt, həsrətsiz günlərim, doğmalarım - əzizlərim, və bir də, 58 illik zəhmət dolu bir ömrüm qalıb. Amma sevinirəm ki, bu ömrü quru, mənasız yaşamamışam. İnsanların dərdinə-sərinə şərik olmuşam. Onların sevincindən mənə də, pay düşüb. Ürəyimdə Tanrı sevgisi yaşatmışam. Nəyi səhv, nəyi düz etməyim haqqında hər gün özüm-özümə hesabat vermişəm. Düşünürəm ki... Biz çox xoşbəxt övladlarıq. Ata-anamızın davamçıları kimi onların xeyirxah işlərini, yaxşı əməllərini layiqincə yaşatmağa çalışmışıq. Tanıyanlardan atamız haqqında yalnız xoş sözlər, xoş xatirələr eşitmişik. Əlbəttə ki, barəsində eşitdiklərimiz özündən sonra atamızın övladlarına qoyduğu ən böyük sərvətdir, sərmayədir.

-Ömrünüzün kamil, müdrik çağlarını yaşayırsınız. Müdrikləri həmişə böyük insanlar kimi dəyərləndiririk. Şübhəsiz ki, əminliklə deyə bilərsiniz: yaşanan ömürdə insanın ən böyük sərmayəsi nədir?
-Şərəfli, təmiz, namuslu ömür və bir də, ləyaqətli övladlar. Bu nəcib dəyərləri bir ömürdə inci kimi toplamaq, xərcləmək, alnıaçıq, üzüağ yaşamaq, insanın ən böyük sərvətidir. Sadə bir həqiqət də var ki... hərə öz taleyinin qurucusudur. Amma baxır ki, Taleyini kim necə qurur. Onsuz da, bu işıqlı dünyaya bir gün gələn... Bir gün də, köçməlidir... Budur həyatın qanunu. Yaddaşlardan silinməyən isə yalnız təmiz adımız və bir də, yaxşı əməllərimiz olacaqdır.

-Belə bir deyim var: “Xoşbəxt o insandır ki, evində, ailəsində də, xoşbəxtdir”. Peşənizdən hər zaman qürurla söz açırsınız. Bizə elə gəlir ki, eyni hisslərlə ailəniz, övladlarınız haqqında da, danışa bilərsiniz...
-Şübhəsiz ki, hər bir qadının ailəsi, övladları həyatının mənasıdır, ömrünün bəzəyi, ən zərif naxışlarıdır. Ömür-gün yoldaşım Sadıx Bəhmən oğlu Salahov ixtisasca iqtisadçıdır. Biz də, ailə ocağımızda birlikdə iki övlad böyüdüb, ərsəyə çatdırmışıq. Oğlum Ramin Azərbacan Bədən Tərbiyəsi və İdman Akademiyasını, qızım Nərmin isə Azərbaycan Dövlət Dillər Universitetini bitirib. Övladlarımdan özüm qədər razıyam. Zənnimcə, onlar bizdən insanlığa gərəkli keyfiyyətləri görüb-götürə biliblər.

-Bir həkim, qadın və ana kimi insanlara arzu və diləkləriniz...
-Həyatda bütün insanları, eləcə də, qadınları xoşbəxt görmək istəyirəm. Arzu edirəm ki, ilk ayını yaşadığımız 2018-ci ildə hər kəsin ailəsində səadət çırağı yansın, anaların bitib-tükənməyən sevgiləri ailə ocaqlarını daim isitsin. Yer üzərindəki bütün körpələr atalı-analı böyüsünlər. Deyildiyi kimi: “Qadın, Ana-Yer üzündə insaniyyətin məşəl aparanıdır”... Həkimlər həmişə sülh carçısı olublar. Təki, bundan sonra analarımız övlad, igidlərimiz Vətən qübarı yaşamasınlar. Deyərdim ki, insanın xoşbəxt yaşaması, çalışması onun millətinin azadlığında, firavanlığında və ən əsası isə Vətəninin bütövlüyündədir. Tanrıdan diləyimiz budur ki, bəşər övladları hər zaman aydın səma, və sülh şəraitində yaşasınlar.

Son olaraq:
Sətirlər həmişə bəlli ünvana, məkana üz tutur.
Dahilərin dediyi kimi: “Biz dəyərli insanlar haqqında yaza-yaza özümüz haqqında da, danışırıq”... Gözəl deyimdir...
Söhbətimiz boyu bizə elə gəlirdi ki, Rəfiqə xanımın böyüklüyü sanki... onun sadəliyində səmimiliyində, gilə-gilə əriyirdi.
Təbiidir... Çünki bizlər əsl böyük insanları belə görüb, belə tanımışıq...

Onu da, yaxşı deyiblər ki, dünya yaxşılarındır. Xeyir-şərə həmişə qalib gəlir. Həyatımızı ağır bəlalardan qorumaq özü də, şərə qalib gəlməkdir. Bu baxımdan Rəfiqə xanımın gərəkli peşəsi ilə insanlara bəxş etdiyi şəfası həmişə könül xoşluğu ilə qarşılanır. O, nurlu həkim ömrü ilə birlikdə böyük insan ömrü də, yaşayır... Biz bu müqəddəs yolda Rəfiqə xanıma möhkəm cansağlığı, yorulmazlıq və yeni-yeni uğurlar arzulayırıq.

Xanım Bilalqızı,
"Şərqin səsi" qəzeti,

07 mart, 2018-ci il, N: 35 (335), səh.12.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ümid  işığı  - Dr. Fatimə Hacıyeva

Ümid işığı - Dr. Fatimə Hacıyeva

Səhiyyə, Borçalı

"OT KÖKÜ ÜSTƏ BİTƏR…" - deyib ata-babalarımız... (Müqəddəs Sadıqova)

Səhiyyə, "Şərqin səsi", Qaraçöp
“Həyatımı körpələrin sağlamlığına  həsr etmək, ən böyük arzum idi...”

“Həyatımı körpələrin sağlamlığına həsr etmək, ən böyük arzum idi...”

Səhiyyə, "Elm və Təhsil"
Ömrünün ən yüksək qayəsi şəfadır, şəfqətdir, işıqdır... (Mahirə Əmir qızı N ...

Ömrünün ən yüksək qayəsi şəfadır, şəfqətdir, işıqdır... (Mahirə Əmir qızı N ...

Səhiyyə, "Elm və Təhsil"
Təbrik edirik, Rəşad həkim!..

Təbrik edirik, Rəşad həkim!..

Səhiyyə, Təbriklər
Məhəbbətin və şəfqətin fövqündə

Məhəbbətin və şəfqətin fövqündə

Səhiyyə, Borçalı
YADDAŞLARDA YAŞAYACAQ...

YADDAŞLARDA YAŞAYACAQ...

Darvaz

"Ot kökü üstə bitər" - hüquq müdafiəçisi Samirə Məmmədzadə

"Şərqin səsi", Müsabiqə, Hüquq
KÖNÜL İŞIĞINDA...

KÖNÜL İŞIĞINDA...

"Şərqin səsi"
Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”

Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”

Səhiyyə
ÖMÜRLƏRƏ SÜZÜLƏN İŞIQ

ÖMÜRLƏRƏ SÜZÜLƏN İŞIQ

"Şərqin səsi"
Ömrünü adı kimi yaşayan müəllim

Ömrünü adı kimi yaşayan müəllim

Məktəblər, "Elm və Təhsil"
Atasız dünyam

Atasız dünyam

Bolus, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
AZƏR HƏKİM, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!..

AZƏR HƏKİM, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!..

"SALDO"
Əsl ziyalı, alim, şəxsiyyət

Əsl ziyalı, alim, şəxsiyyət

Sağlamlıq, Səhiyyə, "Şərqin səsi", Qərbi Azərbaycan
Ləyaqətli nümunə: RƏNA ƏLİYEVA

Ləyaqətli nümunə: RƏNA ƏLİYEVA

TDPİ-nin Azərbaycan bölməsi, Kolleclər, "Şərqin səsi", Qarayazı
Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Poeziya, Borçalı, "Borçalı" Cəmiyyəti
Böyük insan, böyük alim

Böyük insan, böyük alim

BDU, Hüquq, Təbriklər
Yaxşıliq kövrəkdi bir duyğu kimi...

Yaxşıliq kövrəkdi bir duyğu kimi...

"Şərqin səsi"
Qaranlığa işıq saçan müəllim ailəsi

Qaranlığa işıq saçan müəllim ailəsi

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları"
Rəy yazın: