AzMİU-da Aprel şəhidlərinin xatirəsi yad olunub Təhsil » Digər ali məktəblər 16 ноября 2018 2018-ci il noyabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə millət vəkilləri, tanınmış ziyalılar, şəhid ailələri, qazilər, KİV nümayəndələri iştirak edib.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbiri açaraq, gələn qonaqları salamlayıb. Rektor işğal altında olan torpaqlarımızın kiçik bir hissəsini bizə qaytarmaqla xalqımıza qələbə sevincini yaşadan qəhrəman oğullarımızın - Aprel şəhidlərinin xatirəsinin daima qəlbimizdə yaşadığını vurğulayıb. Eyni zamanda, G.Məmmədova bildirib ki, Aprel şəhidlərinin hər birinin tanıdılmasında, gənc nəslə vətənpərvərlik hislərinin aşılanmasında bu cür tədbirlərin böyük rolu var. “Qoy gənclərimiz bu qəhrəmanlardan örnək götürsünlər, onlara bənzəməyə çalışsınlar. Aprel şəhidləri bizim qürur mənbəyimiz, and yerimizdir.” AzMİU-nun Mətbuat xidmətindən Nəcibə xanım Mirzəyeva ZiM.Az-a bildirib ki, Rektorun geniş və əhatəli çıxışından sonra tədbirin təşəbbüskarı və təşkilatçısı “Zəfər” Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə çıxış edib. O, tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə AzMİU-nun rəhbərliyinə təşəkkürünü bildirib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün bu cür tədbirləri ölkənin bir çox təhsil müəssisələrində keçirdiklərini deyən Sevinc Alızadə gənclərin vətənpərvər ruhda yetişməsində bu aksiyaların önəmini xüsusi qeyd edib. Şəhid xanımının çıxışından sonra 2016-cı ilin aprel hadisələrinə həsr olunmuş videoçarx nümayiş olunub.Aprel qazisi Əhliyyət Mehdiyev çıxışında Aprel döyüşlərini hər zaman həm qürur, həm də hüznlə xatırlayacağını bildirib. Bu döyüşlərdə dostlarını itirdiyini kədərlə xatırlayan qazimiz, eyni zamanda, illərdir həsrətlə gözlədiyimiz zəfər sevincini yaşadığımız Aprel döyüşlərinin tarixə yazıldığını söyləyib. “Aprel döyüşləri sübut etdi ki, bizim xalqımız və Ordumuz lazım olan vaxt, çətinə düşdüyümüz zaman bir olmağı, Vətən uğrunda döyüşməyi, dost yolunda canından keçməyi bacarır”. Tədbirdə iştirak edən millət vəkilləri – Qənirə Paşayeva, Flora Sadıqova, Aqil Abbas çıxışlarında gəncləri qəhrəmanlarımızı daha yaxşı tanımağa, onları tanıtmağa səsləyib, yaxın keçmişimizdə baş verən hadisələri unutmamağa çağırıb. AzMİU tələbələri də tədbirdə aktiv iştirak edib, vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyublar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.