Gülnarə Əhmədova: "Şərəfli ömrün salnaməsi" BDU, Köşə yazılar 5 мая 2023 2656 100 1 2 3 4 5 Hər bir xalqın, millətin tarixində əvəzsiz xidmətləri olan, misli-bərabəri olmayan son dərəcə yüksək keyfiyyətləri ilə xüsusilə seçilən dahi şəxsiyyətlər olur. Həmin bu dahi insanlar öz peşəkarlığı, əzmkarlığı və ən əsası vətənpərvərliyi ilə hər zaman öz xalqının arxasında qollu-budaqlı bir çinar kimi dayanmağı bacarmışlar. Azərbaycan xalqının da qismətinə bu cür fenomen şəxsiyyət olan Heydər Əliyev kimi düha yazılmışdır. Ulu öndər Azərbaycanın müasir tarixində öz qeyri-adi zəkası, fitri istedadı və zəngin dünyagörüşü ilə silinməz izlər qoymağı bacarmışdır.Heydər Əliyevin keçmiş olduğu şərəfli və bir o qədər ağır, məsuliyyətli, yəni heç də hamıya qismət olmayan keşməkeşli və rəngarəng həyat yolu bu gün hər kəsə örnəkdir, bir ibrət məktəbidir. Heydər Əliyev sadə bir ailədə dünyaya gəlməsinə baxmayaraq (1923) artıq gənc yaşlarından mühüm vəzifələrdə çalışmağa başlamışdır. Heydər Əliyev 1941-1944-cü illərdə bir sıra məsul vəzifələrdə işlədikdən sonra o, 1944-cü ildə Dövlət Təhlükəsizliyi orqanlarında işə başlamışdır. Dövlət Təhlükəsizliyi orqanlarında pillə-pillə qalxaraq irəliləyən Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunur və ona elə həmin ildə general-mayor rütbəsi verilir.Nəhayət 1969-cu il 14 iyul tarixində Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir. Elə həmin tarixdən də Azərbaycan, sözün əsl mənasında, çiçəklənmə dövrünə qədəm qoyur. Bu müddət ərzində ölkənin sosial, iqtisadi və mədəni həyatının inkişafında ciddi irəliləyiş baş verir. Azərbaycanın keçmiş SSRİ-nin tərkibindəki müttəfiq respublikalardan ən zəif inkişaf edən aqrar respublika siması da məhz bu dövrdə dəyişilir, ölkəmiz aqrar sənaye respublikasına çevrilir, neft sənayesi inkişaf edir, Azərbaycanın xalq təsərrüfatına milyardlarla manat investisiya qoyulur. Elmə, təhsilə, mədəniyyət və incəsənətə xüsusi qayğı ilə yanaşılır. Təsadüfi deyildir ki, savadlı, gənc kadrların müxtəlif sahələr üzrə təhsil almaları üçün respublika hüdudlarından kənara göndərilməsinin əsası da məhz həmin illərdə qoyulur.Ulu öndər sovet hakimiyyəti illərində 22 il Azərbaycan SSRİ Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Bu illər ərzində sovet hökumətində xalq təsərrüfatının bir çox sahələri, o cümlədən dəmiryolu, avtomobil, hava və dəniz nəqliyyatı, bütövlükdə sosial sfera, təhsil, elm, mədəniyyət kimi vacib sahələr məhz Heydər Əliyevin kurasiyasında idi. Lakin ölkəmizə olan kənar müdaxilələrə, xüsusilə də ermənipərəst Mixail Qorbaçovun yeritdiyi antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Heydər Əliyev 1987-ci ilin oktyabr ayında tutduğu vəzifədən istefa vermişdir. 1990-cı il iyulun 20-də Azərbaycana qayıdan Heydər Əliyev 1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə Azərbaycan SSR və Naxçıvan MSSR Ali sovetlərinin deputatı, 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri seçilmişdir. Ulu öndərin təşəbbüsü və müəllifliyi ilə bu dövrdə Naxçıvanda atılan addımlar lokal xarakter daşımayıb, bütövlükdə Azərbaycanın müstəqilliyinə doğru istiqamətlənmişdi. Bu baxımdan, 1990-cı il noyabrında Naxçıvan MSSR Ali Sovetinin ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli, ay-ulduzlu bayrağının dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan MSSR adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Ali Sovetin “Ali Məclis” adlandırılması, 20 yanvar faciəsinə siyasi qiymətin verilməsi bu istiqamətdəki ilk qətiyyətli addımlar idi. Müasir Azərbaycan siyasi mühitinin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası məhz bu dövrdə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Heydər Əliyevin liderliyində yaradılmış, ömrünün sonunadək məhz ulu öndərimizin başçılığı altında fəaliyyət göstərərək Azərbaycanda dövlət quruculuğu prosesinə mühüm töhfə vermişdir.1993-cü il iyunun 4-də Gəncədə baş verim qiyamdan sonra ölkədə yaranmış vətəndaş qarşıdurmasının və dövlət müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını almaq məqsədilə Azərbaycan xalqı vahid mövqedə birləşərək, Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdikdə, bu böyük şəxsiyyət vətənin və dövlətin taleyi naminə Azərbaycan dövlətinin başına keçərək, ilahi xilaskarlıq missiyasını həyata keçirməyə başladı. Beləliklə, müstəqilliyinin ilk iki ilini ictimai xaos və siyasi anarxiyada, ağır sosial-iqtisadi fəlakətin məngənəsində, ermənilərin torpaqlarımıza qarşı hücumu nəticəsində üzləşdiyi ardıcıl hərbi məğlubiyyətlər və bunun yaratdığı psixoloji böhran şəraitində itirən Azərbaycan Respublikası məhz ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə bütün bu problemlərin öhdəsindən gəlməyi, tənəzzüldən qurtularaq davamlı inkişaf yoluna qədəm qoymağı, beynəlxalq arenada adının yüksək tribunalardan hörmətlə çəkilməsini təmin etməyi bacardı. Bu müddətdə Azərbaycanda sosial-iqtisadi geriləmənin qarşısı alındı – 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adını almış məşhur neft sazişi imzalandı, ölkəmiz 1996-cı ildən öz iqtisadi inkişaf tempini bərpa etdi; qanunsuz silahlı dəstələr tədricən ləğv olundu – 1993-cü ilin noyabrından nizami ordu quruculuğu başlandı, 1994-cü ilin mayında davamlı inkişafın təmini üçün zəmin yaradan atəşkəs sazişi imzalandı; 1994-cü ilin oktyabr və 1995-ci ilin mart silahlı dövlət çevrilişi cəhdlərinin qarşısı alındı – Azərbaycanda antikonstitusion yolla hakimiyyətə gəlmək ənənəsinə son qoyuldu; 1995-ci ildə ilk milli Konstitusiyanın qəbul edilməsi və ilk demokratik parlament seçkiləri ilə demokratik və hüquqi dövlət quruculuğu prosesi başlandı, 1998-ci ildə Azərbaycanda ölüm hökmü və mətbuat üzərində senzura birdəfəlik ləğv edildi, inkişaf etmiş müasir dövlətlərin əsas əlamətlərindən biri olan azad, plüralist siyasi mühitin və vətəndaş cəmiyyəti institutlarının yaradılmasına başlandı. Yeni beynəlxalq təşkilatlara üzv olunması prosesi sürətləndi, üzv olduğumuz bütün beynəlxalq qurumlarda məqsədyönlü fəallıq artdı, ölkəmiz ətrafında erməni lobbisinin formalaşdırdığı antiazərbaycan şəbəkənin yaratdığı informasiya blokadası yarıldı. Bütün ömrünü xalqının və Vətəninin taleyi üçün şam kimi əridən, ömrünün sonunadək qəlbi Azərbaycanla bir döyünən ulu öndər Azərbaycan dövlətçiliyinin gələcəyi üçün son dərəcə vacib bir siyasi problemi də həll etdi. Ölkəmizin ardıcıl tərəqqisi və təkamülü naminə siyasi varislik məsələsinin uğurlu həllinə nail oldu. Səhhəti 2003-cü ildə keçirilən prezident seçkilərində imkan vermədiyindən öz namizədliyini siyasi varisi elan etdiyi İlham Əliyevin xeyrinə geri götürərək həmin il oktyabrın 1-də xalqımıza son taleyüklü müraciətini etdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Onun bu dünyadan cismən ayrılması nə qədər kədərli olsa da, adı Azərbaycanla daim qoşa çəkilən bu böyük şəxsiyyətin ölkəmizin hər bir qarışında imzası vardır. Bu bir tərəfdən ona görədir ki, müasir tariximizin XX əsrinin son qərinəsi və XXI əsrin ilk üç ili bilavasitə bu böyük şəxsiyyətin ölkəsinə bəxş etdiyi misilsiz quruculuq nümunələri ilə zəngindir. Digər tərəfdən möhtərəm Prezidentimiz cənab İlham Əliyev prezident kimi hələ ilk dəfə and içərkən demişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Beləliklə, artıq 20 ildir ki, Azərbaycan Respublikasına Heydər Əliyev irsinin layiqli davamçısı olan İlham Əliyev rəhbərlik edir. Azərbaycan Prezidenti Heydər Əliyevin başa çatdıra bilmədiyi məsələləri xalqın sevgisinə, dəstəyinə və gücünə arxalanaraq başa çatdırmaqdadır. Prezident İlham Əliyev ümummilli liderimizdən özünə miras qalan siyasi irsdən istifadə edərək, ulu öndərin nümunəsində bütün xalq qarşısında verdiyi vədləri reallaşdırmağı bacaran böyük bir dövlət xadimidir. Birmənalı olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqının ən ağır dərdi olan Qarabağ problemi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində öz həllini tapdı. İkinci Qarabağ müharibəsini müstəqil Azərbaycan tarixinin ən parlaq səhifəsi hesab etsək yanılmarıq. Çünki ulu öndər Heydər Əliyevin başa çatdırmağa ömrünün yetmədiyi ən ümdə məsələ torpaqlarımızın düşmən tapdağından azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi idi. Bu problemin həllini – “ata vəsiyyəti”ni – möhtəşəm Zəfəri xalqımıza Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu bəxş etdi. Məhz dövlət başçısı İlham Əliyevin təkrarsız hərbi-siyasi və diplomatik fəaliyyəti nəticəsində beynəlxalq aləmdə əsl həqiqət və ədalət öz təsdiqini tapdı: Qarabağ Azərbaycandır!Xalqımız bundan sonra da öz yenilməz liderinin ətrafında sıx birləşərək, bünövrəsi əbədiyaşar şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş müasir və müstəqil Azərbaycan dövlətini daha da inkişaf edərək, ən güclü, ən qüdrətli, ən inkişaf etmiş ölkələr sırasında dayanması naminə mühüm fəaliyyətində Prezidentimizə daim dəstək olacaq.Bu gün ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğu günlərdə öz xalqı və qibləgahı saydığı doğma Azərbaycanı naminə göstərdiyi misilsiz xidmətlərə görə xalqımız dahi rəhbərinin gördüyü işləri böyük qədirbilənliklə xatırlayır, hər bir azərbaycanlı Ona qəlbində olan sonsuz sevgisini və dərin ehtiramını ifadə edir.Gülnarə Baratxan qızı Əhmədova, Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin “Fiziki coğrafiya” kafedrasının müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.