YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!.. BDU, Təbriklər 19 октября 2017 31 Oktyabr - Bakı Dövlət Universitetinin Filologiya fakültəsindəki "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasının professoru, tanınmış ədəbiyyatşünas-folklorşünas alim, filologiya üzrə elmlər doktoru Yeganə xanım İsmayılovanın doğum günüdür!.. Daha doğrusu, Yubileyidir!.. YEGANƏ NƏHMƏTULLA qızı İSMAYILOVA - 1962-ci il oktyabrın 31-də Lənkəran şəhərində anadan olub. 1969-1979-cu illərdə Lənkəran şəhəri 2 saylı orta məktəbdə təhsil alıb. 1979-1983-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ailəlidir, 2 övladı var.O. 1999-2002-ci illərdə BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dissertantı olub. 2002-ci ildə «Koroğlu» dastanında obrazlar sistemi» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2010-cu ildə dosent elmi adını alıb. 2014-cü ildə «Kitabi-Dədə Qorqud» dastanları və yazılı ədəbiyyat» mövzusunda doktorluq disssertasiyası müdafiə edib və filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.2015-ci ildə professor elmi adını alıb. Y.İsmayılova 1989-1993-cü illərdə Bakı şəhəri 14 saylı tam orta məktəbdə müəllim. 1993-1999-cu illərdə Bakı şəhəri 286 saylı tam orta məktəbdə müəllim. 1999-2005-ci illərdə BDU-nun «Dədə Qorqud» ETL-də elmi işçi. 2005-2010-cu illərdə BDU-nun Azərbayсan ədəbiyyatı tarixi kafedrasında baş müəllim. 2010-2015-ci illərdə BDU-nun Azərbayсan ədəbiyyatı tarixi kafedrasında dosent vəzifəsində çalışıb. 2015-ci ildən BDU-nun Azərbayсan ədəbiyyatı tarixi kafedrasının professorudur. Professor Y.İsmayılova "Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatşünaslığa giriş", "XIX əsr Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatşünaslığın əsasları", "Ədəbiyyat nəzəriyyəsi", "XX əsr Azərbaycan ədəbiyyatı" və "Divan ədəbiyyatı" fənlərini tədris edir.O, «Dədə Qorqud» dastanları və yazılı ədəbiyyat, «Dədə Qorqud» dastanlarında türk oğuz millətinin etnopsixologiyası, «Dədə Qorqud» dastanları və müasir ədəbiyyat və s. mövzularda tədqiqat işini davam etdirir. Bakı Dövlət Universiteti Filologiya fakültəsi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, tanınmış ədəbiyyatşünas-folklorşünas alim, filologiya üzrə elmlər doktoru Yeganə xanım İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xuluflu nəşri işıqüzü görüb. BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İsmayılova bildirib ki, kitab bu sahədə tədqiqat aparan alimlər, folklorşünaslar, magistrlər, tələbələr və orta məktəb şagirdləri üçün nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanda “Koroğlu” dastanının özünəməxsus söylənmə, toplanma, nəşr və tədqiq tarixi var. 1920-ci illərin əvvəllərindən “Azərbaycanı Öyrənmə Cəmiyyəti” də “Koroğlu”nun toplanmasına təşəbbüs göstərib. Müxtəlif mətbu orqanlarında eposdan nümunələr, seçmələr, yeni yazıya alınmış parçalar çap olunub. Həmin illərdə bu sahədə ən səmərəli fəaliyyət göstərənlərdən biri isə folklorşünas alim, professor Vəli Xuluflu idi. 1927-ci ildə V.Xuluflu “Koroğlu”nun iki qolunu – “Toqat səfəri” və “Bağdad səfəri”ni, 1929-cu ildə isə latın qrafikasında Hənəfi Zeynallının redaktorluğu ilə “Koroğlu”nun on qolunun yenidən nəşr etdirib. “Koroğlu” dastanının 1929-cu il nəşrinin önəmli məqamlarından biri “Gürcüstanda yaşayan Ahıska türklərindən Koroğlu” dastanıdır. Bu, müstəqil və çox dəyərli bir variantdır. “Ahıska türklərində Koroğlu” aşığın söylədiyi mətndir, o dəyişdirilməyib, işlənməyib və redaktə olunmayıb. “Gürcüstan-Ahıska türklərindən Koroğlu” variantını Məhəmməd Bidzinov V.Xulufluya təqdim edib.Fürsətdən istifadə edərək, biz də dəyərli alimimiz, çox hörmətli professor Yeganə xanım İsmayılovanı həm doğum günü - həm Yubileyi, həm də yeni və dəyərli elmi tədqiqat işının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!.. Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.