AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib AzTU-nun MƏZUNLARI, AzTU 24 февраля 2017 2017-ci il fevralın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.Əvvəlcə faciə qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan AzTU-nun rektor əvəzi Xalıq Yahudov XX əsrin faciəsi olan Xocalı soyqırımının heç vaxt unudulmadığını və dünyanın bir çox ölkəsində bu faciənin soyqırım kimi tanındığını bildirib. Rektor həmin faciədə Xocalı Aeroportunun müdafiəsində həlak olan Milli Qəhrəmanlar Hikmət Nəzərli və Elçin Quliyevin AzTU-nun məzunları olduğunu vurğulayıb.Çıxışının sonunda Xalıq Yahudov tələbələrə bu faciənin gələcək nəsillərə çatdırılmasını tövsiyə edib.Sonra AzTU-nun kafedra müdiri, Millət vəkili Astan Şahverdiyev çıxış edib, Xocalı faiəsinin acılarından danışıb, gənclərə öz tövsiyyələrini söyləyib.Daha sonra AzTU-nun “İctimai fənlər” kafedrasının baş müəllimi Arif İbrahimli faciənin tarixi faktlarına nəzər salaraq bildirib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni cəlladları Sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayının tabor və bölmələrinin hərbi yardımı, 100-ə yaxın zirehli texnikasının və şəxsi heyətlərinin bilavasitə iştirakı ilə Əskəran və Xankəndi arasındakı Xocalı şəhərini yerlə yeksan etdilər. Bu soyqırım nəticəsində 613 nəfər Xocalı sakini öldürülmüş, 76 nəfəri uşaq olmaqla 487 nəfər əlil olmuş, 1275 nəfər girov götürülmüşdür. Ölənlər arasında 63 uşaq, 106 qadın, 70 nəfər qoca var idi. 8 ailə tamamilə məhv edilmiş, 23 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi isə bu günə qədər də məlum deyil.Tədbirdə Xocalı sakini, hazırda Xəzər rayonunda məskunlaşmış İcra nümayəndəsi İman Allahverdiyev və faciənin canlı şahidi Nazim Hüseynov da iştirak ediblər. İman Allahverdiyev həmin günlərdə baş verən qanlı faciələri bir-bir yada salaraq qeyd edib ki, düşmən tanklarının altında qalıb məhv edilən qocaların, erməni süngüsünə keçirilən südəmər körpələrin, əsirlikdə döyülən, söyülən, təhqir edilən azərbaycanlıların fəryadı cavabsız qalmayacaqdır.AzTU-nun tələbəsi maşınqayırma fakültəsinin tələbəsi Ziya Bayramov çıxışında bildirib ki, onun yaşıdları bu bəşəri cinayətin şahidi olmasalar da, qətliamın miqyası və dəhşəti Xocalı haqqında tam məlumatın əldə olunmasına, soyqırımı olaraq qəbul edilməsinə birmənalı şəkildə imkan verir. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş sənədli film və tələbələrin hazırladığı Xocalı hadisələrinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub.Qeyd edək ki, AzTU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə universitetin foyesində tələbələrın Xocalı soyqırımına həsr olunmuş rəsmlərindən ibarət sərgi də təşkil olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.