AzTU-da III Respublika İnnovasiya müsabiqəsinin maarifləndirici tədbiri keçirilib Təhsil » AzTU 25 сентября 2019 2019-cu il sentyabrın 25-də Azərbaycan Texniki Universitetində (AzTU) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə III Respublika İnnovasiya müsabiqəsinin maarifləndirici tədbiri keçirilib.Tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev innovativ inkişafda və ideyaların meydana çıxarılmasında Texniki Universitetin önəmli rol oynadığını bildirib. Strateji Yol Xəritələrinin həyata keçirilməsində AzTU-nun fəal olacağını deyən professor V.Vəliyev xatırladıb ki, innovasiyaların reallaşmasında əsas faktor mühəndislərdir. Sənayenin elə bir sahəsi yoxdur ki, mühəndis kadrlara ehtiyac olmasın. Rektor vurğulayıb ki, bu müsabiqədə iqtisadi cəhətdən səmərəli ideyalar daha çox diqqətdə olacaq. Professor V.Vəliyev tələbələri əmək bazarı ilə bağlı ideyaların gerçəkləşməsində fəal olmağa çağırıb və bu yolda onlara həmişə dəstək olacağını bildirib.Tədbirdə iştirak edən İqtisadiyyat Nazirliyinin Sosial İnnovasiya Laboratoriyasının nümayəndələri müsabiqənin məqsəd və qaydalarını iştirakçıların diqqətinə çatdırıb.Müsabiqəyə innovativ ideyaları əks etdirən, iqtisadi səmərəli və həyata keçirilməsi mümkün olan layihələr qəbul olunur.Sonra III Respublika İnnovasiya müsabiqəsinin mərhələləri ilə bağlı videoçarx nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb.Müsabiqənin keçirilməsində məqsəd BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək verməkdir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.