AzTU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə əlaqəli anma tədbiri keçirilib Təhsil » AzTU 29 марта 2018 Azərbaycan Texniki Universitetində (AzTU) 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə əlaqədar anma tədbiri keçirilib.Tədbirdə əvvəlcə 1918-ci ilin mart-aprel aylarında və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov 31 Mart soyqırımı barədə məlumat verib, ermənilər tərəfindən törədilən bu qətliamın insanlığa sığmayan vəhşilik olduğunu söyləyib. Xalıq Yahudov qeyd edib ki, uzun illər gizlədilən bu qətliama ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, 26 mart 1998-ci ildə hüquqi-siyasi qiymət verilərək 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilib.Millət vəkili, professor Fəzail İbrahimli soyqırımından əvvəlki və sonrakı tarixi proseslərə diqqət çəkərək bildirib ki, 1918-ci ilin mart soyqırımları qan yaddaşımızın ən ağrılı səhifələrindəndir. O, çıxışında “Böyük Ermənistan” xülyasını reallaşdırmaq istəyən ermənilərin Bakıda və regionlarda kütləvi qırğınlar törətdiklərini söyləyib.AzTU-nun “Mühəndis biznesi və menecment” fakültəsinin dekanı, professor İlham Aslanzadə həmin tarixi proseslər zamanı Anadolu türklərinin xalqımıza köməyindən danışıb, Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun qəhrəmanlıqlarını xüsusi qeyd edib.Daha sonra “Avtomatika və kompüter texnikası” fakültəsinin I kurs tələbəsi Nəzakət Hüseynova tələbələr adından çıxış edərək bildirib ki, bu gün gənclərin vəzifəsi xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaqdan, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarətdir.Digər çıxış edənlər də ermənilərin xalqımıza qarşı hər zaman təcavüzkar və riyakar siyasət yürütdüklərini, 31 mart soyqırımında on minlərlə insanın qətlə yetirildiyini söyləyiblər. Qeyd edilib ki, tariximizin öyrənilməsi, gənclərin maarifləndirilməsi və gələcəkdə bu cür vəhşiliklərin qarşısının alınması üçün güclü gənclik formalaşdırılmalıdır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.