AzTU-da 20 Yanvar faciəsi anılıb Təhsil » AzTU 19 января 2018 2018-ci il Yanvarın 19-da Azərbaycan Texniki Universitetində Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ZiM.Az xəbər verir ki,AzTU-nun rektor əvəzi Xalıq Yahudov20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların Sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm, hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq. Qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. İndi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib. Azərbaycan öz suverenliyini, müstəqilliyini qoruyub saxlamaq iqtidarında olan, güclü iqtisadiyyata sahib bir ölkədir. Daha sonra AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov çıxış edərək bu faciənin xalqımızın həyatında və yaddaşında dərin iz qoyduğunu deyib. C.Bəhramov Azərbaycana qarşı erməni təcavüzünün tarixi faktlarından danışıb. AzTU-nun Tələbə Gənclər Təşkilatının sədri Zərifə Əliyeva bugünkü gənclərin 20 Yanvar hadisəsinə faciə kimi yanaşmadığını deyib. Bildirib ki, Azərbaycan gəncləri bu tarixi qəhrəmanlıq və müstəqilliyimiz uğrunda mübarizə tarixi kimi yada salır. Sonda “Metallurgiya” fakültəsinin tələbəsi Nazan Babayeva, “Avtomatika və kompyuter texnikası” fakültəsinin tələbəsi Müzəffər Hüseynov və “Maşınqayırma” fakültəsinin tələbəsi Ziya Bayramovun söylədikləri 20 Yanvar şəhidlərinə həsr olunmuş şerlər tədbir iştirakçılarının qanlı faciəni bir daha yaşamasına səbəb olub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.