AzTU-da Fransa mədəniyyəti və təhsili günü keçirilib AzTU, Avropa 18 декабря 2017 2017-ci il Dekabrın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) Fransa mədəniyyəti və təhsili günü keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində tələbələrin Fransanı əks etdirən rəsmləri ilə tanış olublar. Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi tədbir Azərbaycan və Fransa dövlətlərinin himnləri ilə başlayıb.AzTU-nun prorektoru, professor İsa Xəlilov Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, Azərbaycan Fransız İnstitutunun direktoru Yohan Şitterer və səfirliyin attaşesi Aurelia Bouchezi salamlayaraq tələbələrə təqdim edib. Çıxışında prorektor Fransa dövləti, təhsili və mədəniyyəti haqqında iştirakçılara qısa məlumat verərək bildirib ki, AzTU Fransanın 10 universiteti ilə əməkdaşlıq edir və hal-hazırda bu əməkdaşlığın genişləndirilməsi üçün müəyyən tədbirlər keçirilir.Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, Azərbaycan Fransız İnstitutunun direktoru Yohan Şitterer Azərbaycanın dünyada qabaqcıl ölkələr sırasında olduğunu bildirib və Fransa gənclərinin Azərbaycanda təhsilinin genişləndirilməsi ilə əlaqəli işlər görüldüyünü vurğulayıb. Daha sonra qonaq Azərbaycan Fransız İnstitutunun yaradılması və fəaliyyəti haqqında danışıb. Yohan Şitterer sonda AzTU-da Fransa gününün keçirilməsinə görə universitetin rəhbərliyinə və fəal iştiraklarına görə Tələbə Gənclər Təşkilatına təşəkkür edib. Fransanın Azərbaycandakı səfirliyinin attaşesi Aurelia Bouchezi Fransa təhsilindən və Erasmus+ layihəsi çərçivəsində azərbaycanlı tələbələrin təhsillərini Fransada davam etdirmək imkanlarından danışıb.Tədbirdə AzTU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Zərifə Əliyevanın “Fransa mədəniyyəti” və “Radiotexnika və rabitə” fakültəsinin tələbəsi Məsud Hüseynovun fransız dilində “Azərbaycan və Fransa təhsil sistemi” mövzularında çıxışları maraqla dinlənilib.Sonda tələbələrin ifasında Azərbaycan - Fransa milli mahnı və rəqsləri nümayiş olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.