Nailə MİRZƏYEVA: "Darısqallıq" (HEKAYƏ)

Nailə MİRZƏYEVA: "Darısqallıq" (HEKAYƏ)
Nailə MİRZƏYEVA,
AzTU-nun müəllimi,
filologiya elmləri namizədi.



Yuxudan gecəyarı ayıldı. İlk işi mətbəxə keçib su içmək oldu həmişəki kimi. Əvvəllər bu iş 12-dən keçmirdi. Artıq illər idi bu adətlə gedirdi. Amma gecəyarı yuxudan ayılması son aylar başlamışdı. Arvadı ikinci uşağa hamilə qalandan. Otağa dönüb çarpayıda oturdu. Sağ tərəfinin üstə yatmış yoldaşına baxdı. Belə yatmağı həkim tapşırmışdı. Öz-özünə “boş böyür” sözünü bir neçə dəfə təkrarladı. Sonra da “bunlar da söz tapıb”,-dedi. Elə bütün boş sözlər arvadlardan çıxır,-düşündü, “boş böyür, yox dolu böyür”. Yenə dönüb arvadına baxdı. Ürəyində: bu zalımın qızı da vaxt tapdı,-dedi. Hələ səhərə xeyli vardı. Demək, yatmağa çalışmalıydı. Eh, bacarsa...
Uşaq səsinə oyandı. Qızı kiçik otaqda “meydan sulayırdı”. Hərgünkü vəziyyət yenə təkrarlanırdı: onlar ana-bala qışqırışır, yatmaqdan doymayan ataya-Polada mane olurdular. Heç yerindən durmaq istəmirdi. Amma necə? Sonra düşündü ki, axı, bu uşaqda, qadında nə günah var? Əgər ev balacadırsa, kiçik bir səs belə otaqda oturmağa mane olursa, buna uşaq neyləsin? Düzdür, əvvəllər arvadını qınamırdı. Ancaq o da başa düşməli idi vəziyyəti. Heç doğmaq vaxtıdı?
-Az, bu uşağın səsini kəs da. Səhər açılandan başım getdi. Ə, sən öl, adam evdən qaçmaq istəyir.
Gülyaz ərinin səsini eşitcək, uşağı da götürüb mətbəxə keçdi. Əgər ona mətbəx demək olarsa. Uşağı sakitləşdirməyə çalışırdı.
-Yaxşı da, Nərmin. Qoy ata işə getsin, sonra oynayarıq. Dayan, dayan....
Arvadına acıdı birdən. Amma yenə kürəyini yerə vermədi: ona demişdim ki, hələ vaxtı deyil,-düşündü özlüyündə. Bir stəkan çay içib evdən çıxmağa tələsdi. Ona görə yox ki, işi çox idi, ona görə ki, bu darısqallıqdan qaçmaq istəyirdi. Sağollaşdı.
Dayanacaqda adam az idi. Həmişə belə vəziyyətlə qarşılaşanda, avtobus da bir az yubananda rahat olurdu. Ona elə gəlirdi ki, kiçik evin rütubət qoxusu üzərinə qonub və bunu hamı hiss edir. Amma avtobus gec gələndə bu qoxu bir az dağılır. İndi də sevinməyinin səbəbi bu idi. Vəssalam.
İşə çatdı. Yenə hamıdan tez gəlmişdi. “Gərək bir az akademiyanın bağında gəzəydim”,- düşündü. İndi hərə bir avazla gələcək. Əlini cibinin üstündə gəzdirdi. Pulu az qalmışdı.
-Bu zəmanədə ailə saxlamaq it zülmüdü. Borcmu alım?-deyindi . Bu da doğmağa vaxt tapdı. Heç olmasa evlərin plana düşməsini gözləyəydi. Kimə deyəsən dərdini?
Jurnalist idi. Redaksiyada son vaxtlar iş də az idi. Heç olmasa iş çox olanda bu qədər düşünməyə vaxtı olmurdu. Elə bil iş də qəsdən az idi. Qapının səsinə döndü. Biləndər idi gələn, redaksiyanın klonu. Onu öz aralarında belə adlandırırdılar. Hər şeyə lağ edirdi. Elə bil bunun dərdi-səri yoxdu. “Hə indi Kuzka da gələr, işlər lap düzələr”. Kamilə də belə deyirdilər. Hamının işinə qarışır, qadınlara ev işləri haqda məsləhət verir. Hətta qadınlardan biri zarafatla “bəlkə gəlinim doğanda Kuzka ilə məsləhət edim” demişdi. “Cəhənnəmə ki, məsləhət verir. Mənim dərdim özümə bəsdi.”-düşündü.
-Salam, kolleqa. Nə tez gəlmisən? Yenə evdə yatmağa yer yoxdu? Ə, sat da oranı. Bir rahat yerə köç-danışan o idi, Kuzka.
-Satacam, satacam.
Arvadının doğmasına dörd aydan az qalırdı. Bu haqda heç düşünmək istəmirdi. Onun sıxıntı çəkdiyini qohumlar da, iş yoldaşları da bilirdi. Ancaq nə etsinlər, gücləri nəyə çatır. Onun dərdi 100-200 manatla həll olunacaq bir iş deyildi. Öz-özünə
-Başa gələn çəkilər. Dözəcəyik,-deyirdi.
“Kaş redaktor məni bir yerə göndəsin”-düşündü. Qayğılardan başını götürüb qaçmaq istəyirdi. Elə də oldu. Qəzet üçün müsahibə almalı idi bir akademikdən. Ünvanı öyrənib yola çıxdı. İlk qarşılaşdığı bir hamilə qadın oldu.
-Lənətə gələsən, kor şeytan. Ə, elə bil qəsdən qabağıma çıxır bunlar. Bunlar bizi başa düşmür da. Az, məcburdu? Bir qoyun əlimizi başımıza yığaq da.. Bir beş manat qazanaq da... Nə isə...
Küçəni keçib dayanacağa adladı. Burda piyadaların və “Taxi” maşınlarının əlindən tərpənmək olmurdu. Sonra “bəlkə metroya düşüm?”-fikirləşdi. Hə, bu hamısından yaxşıdı, həm də tez. Nərimanov metrosunda çıxacaqdı.
15 dəqiqə sonra vədələşdikləri yerdə idi. Əl telefonu ilə zəng çaldı. Dəstəyin o başındakı səs ona “Arçelik” dükanının üstündəki evə gəlməsini tövsiyə etdi.
“Ev belə olar. Lap başım hərləndi. Görəsən neçəyə alıb? Təmiri də ki, pəh.. Amma bizimkinə söz təsir etmir ki. Bir az gözləmək ölümdü”,-düşünürdü. Yenə dərdi təzələnmişdi. Pul da taparam, sağ-salamat doğar da. Bəs harda saxlayacağıq? Uşağın beşiyini hara qoyacağıq? Bu nə işdi düşdük?
Ev sahibinin səsi xəyallardan ayırdı onu. Çay gətirmişdilər. Ancaq onun əhvalı çaylıq deyildi. Bunu qocaman akademik də hiss etmişdi.
-Deyəsən, əhvalın yaxşı deyil, cənab jurnalist?
-Yox, narahat olmayın. Hər şey yaxşıdı. İndi başlarıq.
“Kaş, heç olmasa, ikicə rahat otağımız olaydı. İkicə.Qarnı da o qədər böyükdü ki. Onsuz da evdə hərlənməyə yer yoxdu. Bu da burdan”-düşünür və ürəyində deyinirdi. Axır ki, söhbətə başladılar.
Özü də hiss edirdi ki, yoldaşı son zamanlarda çox susqun olub. Heç özü də şən deyildi. Həm də baxışları sərtləşmişdi yazıq qadına qarşı. Özünü qınamırdı. Düşünürdü ki, mən ona demişdim, söz dinləmir ki. Öz valideynləri də, qayınatasıgil də kömək edəcəklərinə söz verirdilər. Ancaq o, 4 yaşı olan Nərmini heç kimin qapısına göndərmək istəmirdi. Bu vəziyyətdə birtəhər dolanırdılar. Rahatlıqları Gülyazın hamiləliyindən sonra pozulmuşdu. Bir də ki, bu darısqallıqda gəlinin qarnı da çox böyük görünürdü. Ona elə gəlirdi ki, evin hansı tərəfindən baxsa, arvadının qarnından başqa bir şey görməyəcək.
Saat altı idi. Hamı evə tələsirdi. Ən çox da qadınlar. “Yenə o nəmli, iyli-qoxulu, darısqal otağa gedirəm”-düşündü. Yenə mətbəxin bütün yemək qoxusu üstümüzdə olacaq. Yenə fikir məni gecəyarı oyadacaq. Axı ona demişdim ki, ev balacadı.
Avtobusda ayaqüstə dayanmış hamilə qadına yer verəndə düşünürdü ki, görəsən, onların evi nə ölçüdədir? Onun yanında duran yoldaşı da arvadını qınayırmı hamilə olduğu üçün?
Sonra özünə söz verdi ki, daha bu barədə düşünməsin. Evə çatmışdı. Qaynanası gəlibmiş. Salamlaşdı. Qadın getməyə hazırlaşırmış kimi davranırdı. Polad ürəyində Gülyazı yamanladı:”Üzü ağ olsun qızının. Söz eşitmir ki. Budu yazıq arvada oturmağa yer çatmır. Mən nə edim? Öz qızı günahkardı”. Nərmin atasına yaxınlaşıb təzə oyuncağını göstərir, nə isə izah edirdi. Gülyaz çay gətirmək üçün mətbəxə keçdi. Ancaq bu hərəkəti sıxıla-sıxıla, sanki qarnını ərindən gizlədərək etmək istədi. Qadın da bunu hiss edirdi. Onların bu halına acıyırdı. Ancaq o, Poladı yamanlayırdı vəziyyətin belə olmasında:
-Kişidi, zəhmət çəksin, bit çarə tapsın. İndi də doğmasa, nə vaxt doğar bu qız?
Nəhayət, qaynanası getdi. Yenə dördü qaldı evdə: Polad, Gülyaz, Nərmin, bir də evdə hamıdan “böyük” körpə.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: