AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu Təhsil » AzTU 31 марта 2016 Martın 31-də Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan Texniki Universitetində (AzTU) anım mərasimi keçirilib. Tədbir soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanıb.ZiM.Az bildirir ki, toplantını AzTU-nun rektoru, Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Havar Məmmədov açaraq qeyd edib ki, son iki əsrdə xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə dolu hadisələr soydaşlarımızın xatirəsindən heç vaxt silinməyəcək. Rektor bildirib ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş verən hadisələrə, törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmayıb.Yalnız müstəqillik dövründə, 1998-ci il martın 26-da Azərbaycan prezidenti ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə 31 Mart Azərbayacanlıların Soyqırımı Günü elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib.Daha sonra Universitetin İctimai elmlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov çıxış edib və tarixi faktları söyləyərək bildirib ki, XX əsrin əvvəllərində ermənilər ilk dəfə Azərbaycanın tarixi torpaqlarında yerli əhalini sıxışdırıb çıxarmağa başlayıb.Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törədilib. 1905-ci ilin fevralında Bakıda başlayan qırğınlar 1906-cı ilə qədər davam etmişdir. Bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmışdı. Təkcə Qarabağ və Zəngəzurda iki yüzdən artıq kənd yandırılıb məhv edilmişdi.Ermənilərin azərbaycanlılara qarşı soyqırımı sonrakı illərdə də davam etmiş və 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnaq erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım cinayətlərini törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.AzTU-nun THİK-nin sədri Elvin Bəxtiyarlı tələbələr adından çıxış edərək bildirib ki, biz gənclərin vəzifəsi xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarətdir. Bu qırğın xalqımızın tarixindən silinməyəcək.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.