AzTU-da “Thomson Reuters” beynəlxalq agentliyinin təqdimatı olub Təhsil » AzTU 18 февраля 2016 Fevralın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) “Thomson Reuters” beynəlxalq agentliyinin təqdimatı keçirilib.Universitetdən "Ziya" qəzetinin Baş redaktoru Müşfiq Borçalı ZiM.Az -a bildirib ki, tədbirdə AzTU-nun rektoru, Əməkdar elm xadimi, professor Havar Məmmədov elmi yaradıcılıqla məşğul olan alimlərin əsər və məqalələrinin beynəlxalq miqyasda tanınmış jurnal və nəşrlərdə dərc edilməsinin, təbliğ olunmasının və dünya elmi ictimaiyyətinə tanıdılmasının əhəmiyyətindən danışıb.Qeyd edilib ki, nüfuzlu elmi nəşrlər arasında “Thomson Reuters” beynəlxalq agentliyi xüsusi yer tutur. Ötən il AzTU-nun alimlərinin 229 məqaləsi xarici ölkələrin mətbuatında dərc olunub, onların 124-ü impakt faktorlu jurnallarda yerləşdirilib.Vurğulanıb ki, ötən il Təhsil Nazirliyi ilə dünyada elmi tədqiqatlar üçün məlumatların təqdim olunması və təhlili sahəsində beynəlxalq lider olan “Thomson Reuters” agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Tədbirdə “Thomson Reuters” agentliyinin MDB ölkələri üzrə nümayəndəsi Valentin Boqorov deyib ki, təmsil etdiyi agentlik 100-dən çox ölkədə fəaliyyət göstərən və 60 mindən çox işçisi olan beynəlxalq korporasiyadır. Hazırda dünyanın yeddi mindən çox aparıcı universiteti, elmi-tədqiqat institutları, hökumət təşkilatları, habelə, özəl şirkətləri bu korporasiyanın xidmətlərindən faydalanır.Bildirilib ki, Türkiyə, Rusiya, Qazaxıstan və başqa ölkələrin korporasiyanın xidmətlərindən istifadəsi sayəsində bu dövlətlərin elmtutumlu nəşrlərinin sayı və elm sahəsində raqabətədavamlılıq qabiliyyəti əsaslı şəkildə yüksəlib. İmpakt faktorlu jurnalların sayı son beş ildə on dəfə çoxalıb. Bütün bunlar “Thomson Reuters” ilə əməkdaşlığın səmərəliliyini təsdiqləyir.Agentliklə əməkdaşlıq ölkəmizin 40 ali təhsil müəssisəsinə abunə olmaq, korporasiyanın məhsul və xidmətlərinə çıxış imkanı yaradacaqdır. Beləliklə, Azərbaycanın elmi ictimaiyyəti, alimləri korporasiyanın məlumatlar bazası ilə işləmək, analitik təhlillər aparmaq, tədqiqatçıların və elmi jurnalların obyektiv qiymətləndirilməsini həyata keçirmək, nəşrlərini yerləşdirmək imkanı əldə edəcəklər.Sonra V.Boqorov iştirakçıların suallarını cavablandırıb.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.