Xəyalə Söhbətovanın şeirləri

Xəyalə Söhbətovanın şeirləri Xəyalə Söhbətova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Sabah qruplarının IV kurs tələbəsi




Ana

Toxunar ruhumun dərinliyinə,
Laylan, şirin sözün,ay əziz ana.
Sanki donub zaman yaşanmır artıq,
Dünyadan getdiyin o vaxtdan yana.

Necə əziz idi kövrək baxışın,
Mən səndə tapmışdım isti nəfəsi.
İndi mən gəzirəm hər saat,hər an,
Mənə balam deyən o əziz səsi.

Sözlər inci kimi vərəqə dolur,
Çəməndə çiçəklər yaman tez solur.
İndi anlamışam ana həsrəti,
Açan çiçəkləri çox tez soldurur.

Gəzmirəm heç kəsdə doğma baxışı,
Sən idin ömrümün baharı,qışı.
Güman ki,taleyə yazılan yazı,
Apardı evimdən səninlə yazı.


Qarabağım

İllərdir həsrətin çəkdim,yoruldum,
Zəfər sevincini qəlbimdə qurdum.
Ey mənim ürəyim,ey doğma yurdum!
Xoş gəldin vətənə, ey Qarabağım!

Hər daşın,hər qayan bir xəzinədi,
Bu qədər ayrılıq səbəbi nədi ?
Daim yaşadacaq bu millət səni!
Xoş gəldin vətənə,ey Qarabağım!

Zaman yolumuzu yaman kəsmişdi,
Ürək ayrılıqdan çoxdan bezmişdi.
İgidlər haraya tez yetişmişdi,
Xoş gəldin vətənə, ey Qarabağım!

Alındı torpağım,alındı yurdum,
Ucaldı şərəflə şanlı bayrağım,
Çalınsın kamanım, çalınsın tarım!
Xoş gəldin vətənə, ey Qarabağım!


Ömrümün payızı

Elə bil ömrümün payız fəslidi,
Tökülür qəlbimə qəm xəzəl kimi.
Kövrəkcə boylanır könlüm keçmişə,
Baxır xatirəyə bir nəzər kimi.

Niyə ömrümə tez gəldi payız ?
Açan çiçəklərim yaman tez soldu.
Sevincim bir anda kədərə dönüb,
Dumanlı keçmişin izində qaldı.

Hələ yaşayacam bu payızı mən,
Ömrün baharına yaman tələsdim.
Mənimçün “baharın gəldi” kəlməsi,
Hələ eşitmədiyim qəribə səsdi.

Beləcə yaşadım ömrü tən yarı,
Ötdü hər payızın nakam sevdası.
Həyatın silinməz hər günü,ayı,
Verdi xatirəyə bir ömür payı.


Sonuncu bahar

Sonuncu baharım əbədi gedir,
Yağışla, sellərlə tərk edir məni.
Bir də dönməyəcəm vida sözüylə,
Ömürlük,əbədi gedirəm deyir.

Gözümdə göz yaşı,ürəyimdə qəm,
Nədənsə arxaya baxıram hərdən.
Bəlkə sonuncu kəs qayıdar birdən,
Əlvida söyləyib ayrılar məndən.

Gedənin yolunu gözləmə heç vaxt,
Gedən nə zamandan qayıdıb geri?
Ümidlə,arzuyla qəlbimdə yeri,
Yaşayır könlümdə illərdən bəri.

Göz yaşı sel kimi yuyub aparır,
Bütün arzuları puça çıxarır.
Sonuncu ümidi səndən qoparır,
Dərd ilə,qəm ilə tənha buraxır.



Sən

Gəldin bu röyama qonaq yenə də ,
Tapıldı yüz dərdin dərmanı səndə.
Axtardım mən səni,tapmadım mən də,
Getmə bu dünyamdan uzağa bir də.

Oxşar tellərini səbanın mehi,
Hopar bu zehnimə sənsizlik qəmi.
Yüz gözəl yığıla olmaz sən təni,
Sən oldun şairin şeir dilbəri.

Gəzdim mən cahanı başdan,sərasər,
Görmədim dünyada tay,sənə bənzər.
Bəzər camalını ay,sənəbənzər,
Vüsal xəyalınla yuxumda gəzər.

Hər doğma baxışda,yad oldum inan,
Gəlmədi kimsəyə inam,ya güman.
Bəzənsə kimdənsə bir şəfqət uman,
Dönüb bir şairə,oldum bir ümman.

Danış bu sükutun içində bir dəm,
Mənsə duman olub,çəkilim birdən.
Alıb sən əqlimi,huşumu məndən,
Gedəsən uzağa kölgə tək hərdən.


Ürəyim mənim

Gətirdin ömrümə bahar ətrini,
Yaratdın şeirimin hər bir sətrini.
İstəmir unutmaq bu əqlim səni,
Var ol sən könlümdə ürəyim mənim.

Sanmıram sənsizlik mənə xoş gələ,
Közərmiş bu eşqə bir az su ələ.
Yaşayaq ömürü sənlə beləcə,
Olma məndən ayrı ürəyim mənim.

Sevgi gülə bənzər,bülbülü sənsən,
Yalnız sən qəlbimə şəfa,məlhəmsən.
Bir zaman həyata yenidən gəlsən,
Qayıt sən yanıma ürəyim mənim.

Deyirlər məhəbbət qüruru sevməz,
Gedən gedibdirsə,bir daha gəlməz.
Cismim sənsiz yansa,ruhumda bilməz,
Bil ki,günahkarsan ürəyim mənim.

Əgər xəstə olsam,təbibim sən ol,
Getməz ürəyimdən başqa qəlbə yol.
Gəl toxun yarama,qoy sən dərman ol,
Sağalsın əlinlə ürəyim mənim.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: