Professor Əjdər Ağayevlə görüş Təhsil » ADPU 24 ноября 2016 Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kiçik akt zalında Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin təşəbbüsü ilə noyabr ayının 24-də Azərbaycan Respublikası Təhsil Şurasının sədri, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, şair, nasir, publisist, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əjdər Ağayevlə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov, Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə iştirak ediblər.Görüşü giriş sözü ilə açan Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva bildirib ki, bu görüş tələbə-gənclərin professor Əjdər Ağayevi daha yaxşı tanımaları məqsədilə keçirilir. Dekan Şəhla Əliyeva çıxışında xalqımızın tanınmış pedaqoq-alimi, görkəmli ziyalısı Əjdər Ağayevin gənclər üçün layiqli nümunə olan həyat yolu və elmi-pedaqoji fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Əjdər Əbdülhüseyn oğlu Ağayev 1937-ci il oktyabr ayının 10-da Salyan rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. 1954-cü ildə Salyan şəhər 2 nömrəli tam orta məktəbi bitirmişdir. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix-filologiya fakültəsində təhsil almışdır. 1960-1965-ci illərdə Salyan rayonunda dil, ədəbiyyat, tarix müəllimi və tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1966-1969-cu illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Təhsil İnstitutunun) aspiranturasında təhsilini davam etdirmişdir. 1970-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Pedaqoji elmlər doktoru, professor, 2000-ci ildən Əməkdar müəllimdir. 2006-cı ildən Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Çoxsaylı beynəlxalq və respublika elmi konfranslarında və digər toplantılarda iştirak etmişdir.1975-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1997-ci ildə “Araz” ali ədəbi mükafatına, 1998-ci ildə akademik Mehdi Mehdizadə adına pedaqoji mükafata layiq görülüb. “Təhsil və zaman”qəzetinin baş redaktorudur.Professor Əjdər Ağayev 500-dən çox elmi əsərin, 40 kitabın, monoqrafiya və dərsliyin, proqram və metodik tövsiyənin, 600-dən çox elmi-kütləvi, publisistik məqalənin müəllifidir. 10 bədii kitabı nəşr olunmuşdur. Uşaqlar üçün yazdığı 100-dən artıq şeirinə bəstəkarlar tərəfindən mahnı bəstələnmişdir. Əsərləri rus, ingilis, ukrayn, belarus, başqırd dillərində çap olunmuşdur. Azərbaycanda pedaqoji jurnalistikanın, xüsusilə, pedaqoji televiziya jurnalistikanın yaradıcılarındandır. Pedaqogikanın nəzəriyyəsi və tarixi problemləri üzrə fundamental tədqiqatların müəllifidir. Vətəndaşlıq tərbiyəsi, şəxsiyyətin formalaşması, sahiblik hissi tərbiyəsi kimi problem mövzuların pedaqoji aspektdə ilkin tədiqiqi sahəsində xidmətləri vardır. 1974-1981-ci illərdə “Azərbaycan məktəbi” jurnalının və ona metodik əlavələrin baş redaktoru olmuşdur. Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. Tədqiqatlarla yanaşı, elmi-pedaqoji kadr hazırlığında müstəsna rolu olmuşdur. O, eyni zamanda, ADPİ-də, BDU-da, keçmiş AMİ-də, ixtisasartırma institutlarında pedaqogikadan mühazirələr oxumuşdur. 1997-1999-cu illərdə Müdafiə Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Ekspert Şurasının üzvü, Azərbaycan Respublikasında Təhsil Sahəsində İslahat Proqramını və “Təhsil haqqında” Qanun layihəsini hazırlayan işçi qrupların üzvü olmuşdur.Hazırda Azərbaycan Təhsil Şurasının, Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Pedaqogika və Psixologiya” bölməsinin sədri, Dissertasiya Şurasının, “Ən yaxşı məktəb”, “Ən yaxşı müəllim” müsabiqə komissiyalarının təşkilat komitələrinin, bir sıra elmi jurnalların redaksiya heyətlərinin üzvü, ATİ-nin baş elmi işçisi, Qafqaz Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası bölümünün rəhbəri – Pedaqogika kafedrasının müdiridir. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.Görüşdə Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Müseyib İlyasov “Vətəndaş təhsil və tərbiyəsinə müasir yanaşma Əjdər Ağayevin tədqiqatlarında”, həmin kafedranın dosenti Zenfira Vəliyeva “Azərbaycan pedaqogika elmində Əjdər Ağayevin yeri”, baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Pərişan Həsənova “Əjdər Ağayev və uşaq ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış etmişlər. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin III tədris ilinin 312-ci qrup tələbəsi Nigar Alıyeva Əjdər Ağayevin “Ana yurdum Azərbaycan” şeirini, IV tədris ilinin 404-cü qrup tələbəsi Jalə Hüseynova “Qalx ayağa, Azərbaycan!” şeirini, III tədris ilinin 301-ci qrup tələbəsi Gülaf Cəfərova Əjdər Ağayevin “Təhsil illəri”, III tədris ilinin 301-ci qrup tələbəsi Lalə Alışova “Müəllim ömrü” şeirlərini ifa ediblər.Tədris işləri üzrə prorektor, professor Malik Cəbrayılov çıxış edərək professor Əjdər Ağayevi xeyirxah və nəcib insan, istedadlı və tanınmış alim, böyük ziyalı, ləyaqətli vətəndaş kimi səciyyələndirib və ona uğurlar arzulayıb.Professor Əjdər Ağayev çıxış edərək görüşün keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, həyat və fəaliyyəti ilə bağlı məqamları tələbələrlə bölüşüb. O, gənclərə yaxşı oxumağı, elmi biliklərə dərindən yiyələnməyi, əsl vətəndaş olmağı, xalqa və dövlətə sədaqətlə xidmət etməyi tövsiyə edib.Görüşün sonunda xatirə şəkli çəkdirilib.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.