AzTU-da IV Beynəlxalq elmi konfrans ADNSU, AzTU 17 сентября 2015 Sentyabrın 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) Almaniyanın Rostok Universiteti və Türkiyənin 9 Eylul Universiteti ilə birlikdə təşkil etdiyi “Texniki vacib materialların istilik-fiziki və mexaniki xassələri” mövzusuna həsr edilmiş IV Beynəlxalq elmi konfrans işə başlayıb. Konfransda dünyanın 13 ölkəsindən 100-dən çox nümayəndə iştirak edir.Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə tər çiçək dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.AzTU-nun rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib, müzakirə olunan mövzunun əhəmiyyətindən danışıb.Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Türkiyənin 9 Eylul Universitetinin professoru İsmail Tavman və başqaları müzakirə olunan məsələnin bu gün üçün xüsusi dəyər daşıdığını bildirib, texniki vacib materialların istilik-fiziki və mexaniki xassələrinin tədqiqi sahəsində aparılan elmi işlərin perspektivli olduğunu söyləyiblər.Konfransda ABŞ-ın Merlend Universitetinin professoru Mixail Anisimovun “Soyuq suyun xassələri”, Almaniyanın Rostok Universitetinin professoru Eqon Hasselin “Daxiliyanma mühərriklərinin termodinamik xassələrinin yaxşılaşdırılması” mövzusunda məruzələri dinlənilib.Qeyd edilib ki, texniki vacib materialların istilik-fiziki və mexaniki xassələrinin öyrənilməsi sahəsində son illər bir çox tədqiqatlar aparılıb və müsbət nəticələr əldə edilib. AzTU-da bu sahədə aparılan genişmiqyaslı araşdırmalar da maraqlı nəticələr əldə etməyə imkan verir. Universitetin “İstilik və soyuqluq texnikası”, “Konstruksiya və kompozisiya materiallarının texnologiyası”, “Metallurgiya və metalşünaslıq” kafedralarında müxtəlif elmi işlər aparılır, texniki vacib materialların istilik-fiziki və mexaniki xassələrinin tədqiqi ilə bağlı universitetin alimləri dünyanın məşhur elm mərkəzləri ilə sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlığın nəticəsi olaraq alifatik spirtlərin, elektrolitlərin sulu və qeyri sulu məhlulların, alternativ enerji mənbələrinin, dəniz, geotermal və çay sularının, yanacaqların və s. geniş hal parametrlərində dünyada ilk dəfə istilik-fiziki xassələri öyrənilib.Son illər alimlər tərəfindən yeni tərkibli kompozisiya materialları işlənib, onların struktur və xassələri öyrənilib. Tərkibində olan nikeli xrom və molibdenlə əvəz etməklə yeni bişirilmiş yüksək sıxlıqlı ovuntu poladları alınmış və strukturu, xassələri tədqiq edilib. Həmin materialların digər xassələri AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrası tərəfindən tədqiq edilərək perspektivli nəticələr əldə edilib. Hazırda bu istiqamətdə tədqiqatlar müxtəlif elm mərkəzləri ilə əməkdaşlıq şəraitində davam etdirilir.Konfrans sentyabrın 18-də öz işini davam etdirmişdir. Beş bölmə üzrə keçirilən iclaslarda 100-dən artıq mühazirə və çıxış dinlənilmişdir. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.